Hillari Klinton: “Sülh üçün əlimizdən gələni edirik”
"Qarabağ problemi çözülsə, çox problemlər həllini tapacaq"
ABŞ Dövlət Departamentinin hazırladığı «2009-cu il üzrə dünyada insan haqları hesabatı»nda Azərbaycanla bağlı tənqidi məqamlara dair sualı cavablandıran xanım Klinton deyib:
«Biz bilirik ki, Azərbaycanda da, Ermənistanda da problemlər mövcuddur. Hesab edirik ki, əgər Dağlıq Qarabağ münaqişəsi həllini tapsa, regionda insan haqları ilə bağlı çoxsaylı problemlər də həll olunacaq. Ona görə də ABŞ Qarabağ münaqişəsinin həll olunması üçün mümkün olan bütün səyləri göstərir».
Qeyd edək ki, ötən həftə ABŞ dövlət katibi Ermənistan prezidenti Serj Sarkisyana zəng edərək onunla Qarabağ münaqişəsinin nizamlanması və Türkiyə-Ermənistan münasibətlərini müzakirə edib. Xanım Klinton həmçinin Ermənistan rəhbərini apreldə Vaşinqtonda keçiriləcək “Beynəlxalq nüvə təhlükəsizliyi” sammitinə dəvət edib. Ermənistan prezidenti bu dəvəti qəbul edib.
Vaşinqtondakı sammitdə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın da qatılacağı gözlənilir. Sammitə Azərbaycan rəhbərinin gedəcəyi barədə rəsmi məlumat verilməsə də, Vaşinqtondan Bakıya da dəvət göndərildiyini təxmin etmək olar. Hər halda ABŞ administrasiyası nüvə təhlükəsizliyi sammitində dünyanın əksər ölkələrinin, ələlxüsus da İranla qonşu dövlətlərin təmsil olunmasında maraqlı olduğunu nəzərə çatdırıb.
Odur ki, əgər gələn ay Ermənistan və Azərbaycan rəhbərlərinin Vaşinqtona səfəri gerçəkləşərsə, o zaman Qarabağ üzrə danışıqların növbəti raundu da orada baş tuta bilər. Xanım Klintonun son açıqlamasını bir anlamda buna hazırlıq kimi yozmaq olar.
Yeri gəlmişkən, ABŞ dövlət katibinin Ermənistan prezidenti ilə telefon söhbəti və onun Vaşinqtona dəvət olunması Yerevanda ciddi müzakirələrə səbəb olub. Erməni müxalifəti hesab edir ki, Amerika Ermənistanı Qarabağ məsələsində güzəştlərə məcbur etmək istəyir və Sarkisyanın Vaşinqtona dəvət olunması da bununla bağlıdır.
Erməni tərəfin Qarabağ nizamlanmasında nə dərəcədə kompromisə meyli mövqe tutacağı isə ATƏT-in Minsk Qrupu həmsədrlərinin martın sonunda regiona gözlənilən səfərində bəlli olacaq. Məhz bu səfərdən sonra tərəflərin Qarabağ nizamlanmasının baza prinsiplərinin (Madrid prinsipləri) yenilənmiş variantına münasibəti, eləcə də Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün mümkünlüyü aydınlaşmalıdır.
Hərçənd Ermənistan XİN rəhbəri Edvard Nalbandyanın martın 16-da Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdən sonra verdiyi açıqlama erməni tərəfin ondan umulan güzəştlərə getməyəcəyini göstərir.
Ermənistan mətbuatının məlumatına görə, görüşdə Qarabağ nizamlanmasına dair danışıqların son durumu, həmsədrlərin yaxın zamanlarda regiona mümkün səfəri ilə bağlı məsələlər müzakirə olunub. Həmsədrlər martın 5-də Parisdə Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşün nəticələri barədə erməni naziri məlumatlandırıblar.
Nalbandyan həmsədrlərə bildirib ki, qondarma rejim danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanması mümkün deyil. Erməni nazir Azərbaycan tərəfini aparılan danışıqların mahiyyət və məzmunu barədə ictimaiyyəti yanlış məlumatlandırmaqda ittiham edib.
Azərbaycan XİN: “Ermənistan «Madrid təklifləri»ni qəbul edirsə, bunu açıq bəyan etsin”
Erməni tərəfin «Madrid prinsipləri»nin təftişi və Bakıya yönəlik təənqidləri ilə bağlı fikirlərinə Azərbaycan XİN münasibət bildirib. Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Ermənistan xarici işlər nazirinin vasitəçilərlə görüşdə dediyi “Azərbaycan danışıqların mahiyyəti və məzmunu barədə ictimaiyyətə yanlış məlumatlar verir” sözlərinin əsassız olduğunu deyib:
«Hər iki tərəfə eyni sənəd təklif olunub, yanlışlıqdan söhbət gedə bilməz. Nazir Elmar Məmmədyarov açıq-aydın bəyan edib ki, təklif olunan yazılı sənəd Azərbaycan tərəfindən bəzi istisnalarla qəbul edilir. Ermənistan da eyni sənədi qəbul edirsə, bunu açıq bəyan etsin».
Nalbandyanın “Dağlıq Qarabağ rejimi danışıqlar prosesinə qoşulmasa, münaqişənin nizamlanması mümkün deyil” fikirlərinə münasibət bildirən Poluxov deyib ki, Azərbaycan Dağlıq Qarabağın hər iki icmasının danışıqlar prosesində iştirakının müvafiq mərhələdə mümkünlüyünün istisna olmadığını dəfələrlə bəyan edib: “Lakin bu, ilkin addımlar atılandan sonra mümkün ola bilər”.
Ermənistan mərhələli həll planına getmək istəmir
Ermənistan tərəfdən səslənən son bəyanatlar bu ölkənin münaqişənin mərhələli həllinə qarşı olduğunu göstərir. Xatırladaq ki, Azərbaycan XİN rəhbəri bu günlərdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Madrid sənədi münaqişənin mərhələli həllini nəzərdə tutur.
Azərbaycan XİN başçısı qeyd edib ki, «Madrid layihəsi»nə görə, ilk növbədə, Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra kommunikasiyalar açılır, donor konfransı elan olunur, torpaqlar bərpa edilir, məcburi köçkünlər geri qayıdır, regionda sülhməramlı müşahidəçilər yerləşdirilir. Sonra erməni qoşunları Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, azərbaycanlı icmasının Dağlıq Qarabağa qayıdışı təmin olunur. Bundan sonra isə Dağlıq Qarabağın statusu erməni və azərbaycanlı əhalinin iştirakı ilə həllini tapmalıdır.
Nazir vurğulayıb ki, öz müqəddəratını təyin etmək beynəlxalq hüququn bir hissəsi olsa da, ərazi bütövlüyü prinsipinin pozulması demək deyil. Dağlıq Qarabağın statusu da Azərbaycanın ərazi bütövlüüyü çərçivəsində həllini tapmalıdır.
Bu açıqlama Yerevanda əks iddialarla qarşılanıb. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan bəyan edib ki, Madrid layihəsinin həyata keçməsi üçün öncə Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi məsələsinə aydınlıq gəlməlidir. Onun sözlərinə görə, əks təqdirdə nizamlamanın digər bəndlərinin yerinə yetirilməsi mümkünsüzdür.
Erməni nazir müavini həmçinin vurğulayıb ki, hazırda danışıqlar masasında yalnız 2007-ci ildə Madriddə qəbul olunmuş sənəd var, vasitəçilərin yeni təklifləri isə bu sənədi əvəz edə bilməz. Başqa sözlə, Yerevan «yenilənmiş Madrid prinsipləri» anlayışını qəbul etmədiyini açıqlayıb.
Ermənistanın hakim Respublikaçı Partiyasının rəsmisi Eduard Şarmazanov isə bir az da irəli gedib: «Əgər Bakı münaqişənin həllini istəyirsə, onda əvvəlcə Dağlıq Qarabağın işğal altındakı ərazilərini azad etməli və erməni qaçqınların həmin ərazilərə qayıtmasını təmin etməlidir».
Şarmazanov bu sırada Martuni (Xocavənd) rayonun Azərbaycanın nəzarətində olan hissəsini, habelə 1991-ci ildə ləğv olunmuş Şaumyan rayonunu, eləcə də Xanlar (Göygöl) rayonunun keçmiş erməni kəndlərini qeyd edib.
Oxşar fikri bir qədər əvvəl Ermənistan prezidentinin müşaviri Qarnik İsaqulyan da bəyan etmişdi. Onun sözlərinə görə, erməni tərəf danışıqların hazırkı mərhələsində keçmiş Şaumyan rayonunun bərpasını tələb etmək niyyətindədir.
Qeyd edək ki, ermənilər keçmiş Dağlıq Qarabağ muxtar vilayətinə heç bir dəxli olmayan Şaumyan rayonu məsələsini bundan öncə də dəfələrlə qaldırıblar. Şaumyan rayonu 1991-ci ilin yanvarında Azərbaycan parlamentinin qərarı ilə rayon ləğv edilib və ərazisi Goranboy rayonuna birləşdirilib. 1991-1992-ci illərdə erməni əhalisi bölgəni tərk edərək Ermənistana gedib.
«Azərbaycan, bir tərəfdən, Dağlıq Qarabağda öz müqəddəratını təyin etməkdən danışır, digər yandan isə, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən danışır. Əgər Dağlıq Qarabağ əhalisi öz müqəddəratını referendumla müəyyən edəcəksə, onda həmin əhaliyə hansısa çərçivəni necə sırımaq olar. Qarabağ məsələsi paket halında həll edilməlidir, münaqişənin komponentlərini bir-birindən ayırıb həll etmək mümkün olan şey deyil», - bunu isə Ermənistan parlamentinin müdafiə, mili təhlükəsizlik və daxili işlər üzrə komissiyasının sədri, «Daşnaksütyun» partiyasının rəhbərlərindən biri Qrayr Karapetyan bəyan edib.
Belə görünür ki, erməni tərəf münaqişənin mərhələli həllini nəzərdən tutan «Madrid layihəsi»ni pozmaq üçün iki variantı gözdən keçirir. Bunlardan biri məsələnin paket həlli və Dağlıq Qarabağın yekun stutusun bəri başdan layihədə əks olunması, digəri isə Dağlıq Qarabağa dəxli olmayan məsələlərin müzakirəyə çıxarılmasıdır.
Hər iki yol nəticədə danışıqların dalana dirənməsi deməkdir. Hərçənd danışıqlar, onsuz da illərdir ki, elə dalana girmiş vəziyyətdədir.
Vüqar Orxan, “525-ci qəzet”, 18.03.2010.