“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.01.2010, 21:13
442

Prezidentlərin Soçi görüşündə anlaşma əldə olunub

Tərəflər onlar üçün qəbuledilməz olan bəndlərə düzəliş etməyə razılıq veriblər
A- A+

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar raundu yanvarın 25-də Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində gerçəkləşdi. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçidəki “Krasnaya polyana” qəbul evində bir araya gəliblər. Görüş iki saat yarım davam edib. 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti danışıqlar raundu yanvarın 25-də Rusiyanın Qara dəniz sahilindəki Soçi şəhərində gerçəkləşdi. Prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiya prezidenti Dmitri Medvedevin iştirakı ilə Soçidəki “Krasnaya polyana” qəbul evində bir araya gəliblər. Görüş iki saat yarım davam edib.

Görüşdə prezidentlərlə yanaşı, Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun, eləcə də Rusiya prezidentinin köməkçisi Sergey Prixodko və Ermənistan Prezidenti Administrasiyası rəhbərinin müavini Vigen Sərkisyanın iştirak etdiyi xəbər verilib.

Xatırladaq ki, bu, Azərbaycan və Ermənistan dövlət başçılarının Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda keçirdikləri sayca 5-ci görüş idi. İlk belə görüş 2008-ci ilin noyabrın 2-də Moskvada keçirilmiş və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Birgə Bəyannamənin imzalanması ilə başa çatmışdı. Prezidentlərin növbəti üçtərəfli görüşləri 2009-cu ilin iyununda Sankt-Peterburqda, iyul ayında Moskvada və oktyabrda Kişinyovda MDB dövlət başçılarının sammiti çərçivəsində keçirilib.

Bundan əlavə, ötən il Azərbaycan və Ermənistan prezidentləri yanvarda Sürixdə (İsveçrə), may ayında Praqada (Çexiya), noyabrda isə Münxendə (Almaniya) görüşüblər. Ümumilikdə prezidentlər İlham Əliyev və Serj Sarkisyan 2008-ci ilin iyunundan bu yana (dünənki Soçi görüşü də daxil olmaqla) 9 dəfə bir araya gəliblər.

Bu görüşlərdən 6-nın Rusiyanın evsahibliyi ilə, 5-nin isə Rusiya prezidentinin bilavasitə iştirakı ilə gerçəkləşməsi rəsmi Moskvanın Qarabağ nizamlanması prosesində vasitəçilik təşəbbüsünü ciddi şəkildə ələ aldığını göstərir. Görünən odur ki, Rusiya 2008-ci ildə Gürcüstanla müharibədən sonra regional müstəvidə məruz qaldığı nüfuz itkisini (sülhməramlı qüvvə olaraq) Qarabağ nizamlanmasında aktiv iştirakla bərpa etmək istəyir.

Digər yandan, Qarabağ münaqişəsi başlayandan bu yana Rusiyanın bu prosesdə həlledici rola malik olduğu (özəlliklə Ermənistana təsir imkanları nöqteyi-nəzərindən) dəfələrlə ən müxtəlif səviyyələrdə vurğulanıb.

Soçi görüşündən sonra mətbut üçün bəyanatla çıxış edən Rusiya XİN rəhbəri müzakirələrin anlaşma içində keçdiyini və müəyyən nailliyyətin əldə olundunu vurğulayıb. Lavrov görüşünün məhsuldar olduğunu və Qarabağ nizamlanmasına dair bütün tərəfləri qane edən variantın axtarışına dair Minsk Qrupu həmsədrlərinin səylərini möhkəmləndirdiyini bildirib:

«Danışıqlar çox səmərəli oldu, tərəflər həmsədrlərin təqdim etdiyi konkret təklifləri nəzərdən keçirdilər. Ümumi anlaşma var və bütün bunlar sənədlərin preambula hissəsində təsdiqini tapıb. Tərəflər belə bir sənədin mövcudluğunu müsbət qiymətləndiriblər, çünki bu, danışıqları abstrakt formada deyil, konkret formullar əsasında aparmağa imkan verir».

Nəticəyə gəldikdə isə, Sergey Lavrovun sözlərinə görə, görüşün əsas nailiyyəti o olub ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllində onlar üçün qəbuledilməz olan bəndlərə yenidən baxmağa və həmin bəndləri redaktə etməyə razılıq veriblər:

«Danışıqların ən mühüm nəticəsi ondan ibarət oldu ki, tərəflər razılaşdırılmayan məsələlərlə bağlı öz formullarını hazırlayacaq və sonra bu formullar sənədə daxil ediləcək. Tərəflər çox açıq söhbət etdilər, əminik ki, bu, həmsədrlərə gələcək işlərində yardımçı olacaq. Danışıqlar səmərəli oldu və prezidentlər dialoq prosesini davam etdirməyi razılaşdırdılar».
Xatırladaq ki, hələ ötən həftə vasitəçilər prezidentlərin Soçi görüşündə Qarabağ nizamlanmasının baza prinsiplərinə dair layihənin yenilənmiş variantının müzakirə ediləcəyini bildirmişdilər. Lavrovun açıqlamasından belə qənaətə gəlmək olar ki, tərəflər vasitəçilərin son təkliflərini ümumən qəbul ediblər və onların əsasında öz mövqelərini yenidən gözdən keçirməyə razılaşıblar.

Qeyd etmək lazımdır ki, rusiyalı nazirin bu açıqlaması Qarabağ sülh prosesinin mahiyyəti baxımdan əlamətdar sayıla bilər. İndiyədək Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda tərəflərin əsas etibarilə ilə bir məsələdə - Dağlıq Qarabağın gələcək statusu ilə bağlı ortaq məxrəcə heç cür gələ bilmədikləri vurğulanıb.

Çünki Azərbaycan münaqişənin nizamlamasını özünün ərazi bütövlüyü əsasında görür, erməni tərəf isə Dağlıq Qarabağın Bakıya hər hansı tabeçiliyini rədd edərək problemin həllini bölgə əhalisinin öz müqəddəratını təyin etməsi müstəvisində görür. Məhz bu iki prinsip - dövlətlərin ərazi bütövlüyü və xalqların öz müddəddəratını təyin etməsi məsələsi - Qarabağ sülh prosesi başlayandan bu yana danışıqların əsas düyün nöqtəsidir.

Bu baxımdan rusiyalı nazirin Soçi görüşünün yekunu olaraq tərəflərin indiyədək onlar üçün qəbuledilməz olan bəndlərə yenidən baxmağa və redaktə etməyə razılıq verdiklərini bildirməsi maraq doğurur.

Bu o deməkdir ki, Azərbaycan tərəfi ərazi bütövlüyü şərtindən geri addım atmasa da, ən azı bu mövqeyi qarşı tərəfin (Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi) iddiaları ilə uzlaşdırmağa, erməni tərəf isə, öz növbəsində, status məsələsində isranını Azərbaycanın mövqeyi ilə uzlaşdırmağa razılıq verib. Bunun hansı nəticəyə varacağı və tərəflər üçün «olmazsa, olmaz» sayılan məqamların hansı ölçüdə redaktə və düzəlişə məruz qalacağı sülh prosesinin növbəti mərhələlərində üzə çıxacaq.

Xatırladaq ki, Rusiya XİN başçısı ötən həftə verdiyi açıqlama da sülh prosesinin həlledici məqamının məhz beynəlxalq hüququn iki prinsipi - ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə - prinsipləri üzərində düyünləndiyini nəzərə çatdırmışdı: “Beynəlxalq hüququn təməl prinsipləri arasında dəqiq müəyyənləşmiş iyerarxiya yoxdur. Dövlətin ərazi bütövlüyünə hörmət özündə həmin dövlətin hakimiyyətinin ölkə ərazisində yaşayan bütün xalqların hüquqlarını, o cümlədən müqəddəratını təyinetmə hüququnu təmin etməyi ehtiva edir. Lakin dövlət bunun üçün sərt hərbi güc tətbiq edərsə, o zaman ərazi bütövlüyü prinsipi sual altına düşür».

Əslində Rusiya XİN başçısı bu açıqlama ilə erməni tərəfə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsindəki israrçı mövqeyinə yenidən baxmağa, Azərbaycan tərəfə isə münaqişəni güc yolu ilə həll etmək ideyasından birdəfəlik əl çəkməyə işarə vurmuşdu.

Onu da qeyd edək ki, bundan öncə bir dəfə beynəlxalq vasitəçilər tərəfindən Dağlıq Qarabağın statusunu (öz müqqədəratını təyin etməsini) Azərbaycanın ərazi bütövlüyü ilə formal olaraq uzlaşdırmaq cəhdi olub. 1998-ci ildə Minsk Qrupu həmsədrlərinin tərəflərə təqdim etdikləri «ümumi dövlət» layihəsi bunu ehtiva edirdi.

Lakin həmin layihədə Azərbaycanın ərazi bütövlüyünə, sadəcə, sözdə ehyam vurulur, Dağlıq Qarabağa isə Bakı ilə heç bir faktiki bağlılığı olmayan müstəqillik verilirdi. O vaxt Azərbaycan rəhbərliyi bu təklifdən qəti imtina etmişdi.

Rusiyanın təşəbbüsü ələ aldığı budəfəki vasitəçilik cəhdlərinin nəticəsi olaraq ortaya hansı uzlaşdırıcı formulun çıxacağını isə gözləmək lazımdır. Hələliksə münaqişə tərəfləri danışıqları davam etdirməyə və ziddiyyət doğuran mövqelərə yenidən baxmağa razılaşıblır.

Qeyd edək ki, dünən Soçidəki danışıqlardan sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birlikdə qar katamarında gəzintiyə çıxıblar. Qısa istirahət və birgə nahardan sonra ölkələrinə geri dönən Azərbaycan və Ermənistan prezidentləri Adler hava limanında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

Dövlət başçıları vasitəçilərə danışıqların davam etdirilməsi və nizamlamanın baza prinsipləri arasında ziddiyyət doğuran bəndlərin yenidən işlənməsi ilə bağlı prosesi davam etdirməyi tapşırıblar.

Vüqar Orxan, “525-ci qəzet”, 26.01.2010

Xəbərlər
Redaktorun seçimi