“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.09.2010, 18:47
357

Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxış edib

A- A+

“Qarabağ münaqişəsi beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir”

"Azərbaycan davamlı inkişaf, dünyada fundamental azadlıqların, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin mərkəzi rolunu tanıyır". Bunu Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 23-də Nyu-Yorkda sBMT Baş Assambleyasının 65-ci iclasındakı çıxışı zamanı deyib.

BMT-nin rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan prezidenti çıxışında Birləşmiş Millətlərin beynəlxalq sülh və təhlükəsizliyin təminatı ilə bağlı riluna toxunub. O vurğulayıb ki, BMT güclü və dünyanın istənilən hissəsindəki mürəkkəb qlobal problemləri həll etməyə qadir olmalıdır.


"Azərbaycan dağıdıcı müharibələr və işğaldan əziyyət çəkən ölkə kimi hesab edir ki, beynəlxalq norma və mehriban qonşuluq, dostluq və əməkdaşlıq siyasətinə riayət etmək, BMT-yə üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır”, - deyə prezident vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir: "Beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirilməsini, ağır cinayətlərin əsas məsuliyyətini Ermənistanın üzərində olduğunu tanıyıb. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəkləyib və ərazi əldə etmək üçün gücdən istifadə etməyin yolverilməzliyini bəyan edib".

Dövlət başçısı BMT-nin Dağlıq Qarabağın Azərbaycan hissəsi kimi tanımasını və ölkənin bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını bəyan etdiyini diqqətə çatıdırıb: "BMT Baş Assambleyası, ATƏT və Avropa Şurası da daxil olmaqla digər beynəlxalq təşkilatlar, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı da buna oxşar qətnamələr qəbul ediblər. Təəssüf ki, beynəlxalq ictimaiyyətin öz mövqeyini bəyan etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altında qalmaqda davam edir".

Prezident İ. Əliyev deyib ki, Ermənistan vicdanla danışıqlar aparmaq əvəzinə, gözlənilməz nəticələri ilə təhlükəli olan daha böyük gərginlik yaratmaq siyasəti yolunu tutub.

Dövlət başçısı, həmçinin bildirib ki, Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini sübut edən tarixi və mədəniyyət abidələrini məhv etmək siyasəti aparır.

Prezident xüsusi olaraq vurğulayıb ki, Dağlıq Qarabağ və ətraf rayonlarda silahlı münaqişənin nizamlanması Azərbaycan üçün əsas problem olaraq qalır.

O, regionda sülh və sabitliyə nail olmaq üçün ATƏT-in Minsk qrupunun sülhməramlı missiyasının genişləndirilməsinə ümid etdiyini bildirib: "Münaqişənin həlli müəyyən vaxt çərçivəsində işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılması, bütün kommunikasiyaların bərpası, Dağlıq Qarabağ üçün bir keçid statusun verilməsi, beynəlxalq təhlükəsizlik zəmanətlərin tətbiq olunması, bütün qaçqınların və məcburi köçkünlərin geri qayıtmasından ibarətdir. Biz Azərbaycanın tərkibində Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi üçün danışıqları davam etməyə hazırıq”.

 * * *

Sentyabrın 23-də ABŞ Prezidenti Barak Obamanın və xanımı Mişel Obamanın adından BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə qəbul təşkil olunub.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib. 

* * *

►Bax həmçinin: 

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı (tam mətn) 

- Cənab sədr!
Xanımlar və cənablar!

Əvvəlki natiqlərə qoşularaq cənab Cozef Deysin Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 65-ci sessiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə onu təbrik etmək, bu cür olduqca məsuliyyətli işdə böyük uğurlar arzulamaqdan şərəf duyduğumu və apardığı məhsuldar işə görə onun sələfi doktor Əli Abdussalam Trekiyə təşəkkürümü bildirmək istəyirəm.

Mən, həmçinin Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin canlandırılmasında nümayiş etdirdiyi rəhbərlik məharətinə və işə sadiqliyinə görə Birləşmiş Millətlər Təşkilatının baş katibi, zati-aliləri cənab Pan Gi Muna dərin hörmət və minnətdarlığımı bildirirəm.

Cənab sədr,
Azərbaycan dünya xalqları üçün beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, davamlı inkişafın təşviq edilməsi və fundamental azadlıqların irəliyə doğru aparılması sahəsində Birləşmiş Millətlər Təşkilatının oynadığı əsas rolu qiymətləndirir.
Azərbaycan hesab edir ki, Birləşmiş Millətlər Təşkilatı dünyanın hər bir yerində bir çox qlobal məsələlərdə, eləcə də hər bir üzv dövlətin istəklərinin nəzərə alınması və narahatlıqların aradan qaldırılmasında daha güclü və bacarıqlı olmalıdır.
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan qəti şəkildə inanır ki, dövlətlər arasında yaxşı qonşuluq, dost münasibətləri və əməkdaşlığa aid beynəlxalq səviyyədə qəbul olunmuş beynəlxalq hüququn norma və prinsiplərinə düzgün qaydada riayət edilməsi, eləcə də dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin xoş iradə ilə yerinə yetirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında çox böyük əhəmiyyətə malikdir.

Ermənistan ilə Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə böyük təhlükədir. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi işğal edilmiş, ölkəmizin təxminən hər doqquz nəfərindən biri məcburi köçkün və ya qaçqın vəziyyətinə düşmüşdür.

Ermənistan Respublikasının münaqişə zamanı çox ciddi beynəlxalq cinayətlər törədərək, etnik təmizləmə siyasətini həyata keçirərək və işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışaraq, Azərbaycan ərazilərinin işğalına görə əsas məsuliyyət daşıması beynəlxalq səviyyədə etiraf edilmişdir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə tam dəstəyini vermiş və torpaqların gücdən istifadə edərək ələ keçirilməsinin qəbuledilməzliyini vurğulamışdır. BMT, həmçinin Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmasına çağırmışdır. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi və digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı eyni mövqeni tutmuşlar. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyinə baxmayaraq, Azərbaycan əraziləri işğal altında qalmaqda davam edir.

Bu günə qədər münaqişənin mümkün qədər tez və davamlı həll variantını tapmaq məqsədi ilə vicdanla danışıqlar aparmaq əvəzinə, Ermənistan vəziyyətin ağırlaşmasına üstünlük verir ki, bu da öz növbəsində gözlənilməz nəticələrə gətirə bilər.
Münaqişənin tezliklə həll olunması istiqamətində göstərilən hazırkı səylərə baxmayaraq, Azərbaycanın işğal edilmiş ərazilərində aparılan işlər beynəlxalq hüququ kobud surətdə pozur və işğalın cari status-kvosunun daha da möhkəmləndirilməsinə, etnik təmizləmənin nəticələrinin saxlanmasına, zəbt olunmuş ərazilərdə məskunlaşmanın aparılmasına xidmət edir, o cümlədən münaqişənin dinc yolla həllinə ciddi maneə yaradır.

Belə ki, münaqişənin başladığı andan ötən dövr ərzində çoxlu sayda insanlar azərbaycanlıların qovulduğu işğal altındakı bölgələrə köçməyə həvəsləndirilmişdir. 2005-ci ildə ATƏT Azərbaycanın işğal edilmiş ərazilərinə faktaraşdırıcı missiyasını göndərmiş və həmin missiya orada insanların məskunlaşması faktını müəyyən etmiş, “Azərbaycanın işğal edilmiş ərazisində hər hansı digər məskunlaşmaqdan çəkinməyə” çağırmışdır.

Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini nümayiş etdirən maddi sübutları yox etməyə çalışaraq, həmin yerlərin tarixi və mədəni simasını dəyişmək məqsədi ilə ardıcıl tədbirlər görməkdədir. Nəticədə, işğal olunmuş ərazilərdə Azərbaycanın elə bir tarixi və ya mədəni abidəsi, elə bir müqəddəs yeri qalmamışdır ki, ona zərər dəyməsin, yaxud orada vandalizm aktları törədilməsin.

İşğal edilmiş ərazilərə insanların köçürülməsi, eləcə də tarixi və mədəni irsin məhv edilməsi, mənimsənilməsi orada aparılan qeyri-qanuni fəaliyyətin müxtəlif formaları ilə yanaşı, məcburi köçkünlərin mülkiyyət hüquqlarına da birbaşa zərər vurur.

Siyasi məsələlərə dair razılaşmanın olmaması, münaqişənin dondurulmuş vəziyyətdə qalması və uzun müddət davam edən danışıqlar münaqişə ilə bağlı beynəlxalq hüquqa və insan hüquqları sahəsində beynəlxalq qanunlara davamlı şəkildə bilərəkdən riayət edilməməsindən irəli gələn digər problemlərə diqqətin yetirilməməsi üçün bəhanə kimi istifadə edilməli deyildir.

Cənab sədr,
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında silahlı münaqişənin tezliklə həll edilməsi bizim üçün başlıca vəzifə olaraq qalır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri regiona sülh və sabitliyin gətirilməsində səylərini göstərirlər. Münaqişənin həlli erməni hərbi qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən müəyyən edilmiş müddət ərzində çıxarılmasını, bütün kommunikasiyaların bərpasını, bütün qaçqın və məcburi köçkünlərin doğma yerlərinə qayıtmasını, beynəlxalq təhlükəsizlik zəmanətlərini, o cümlədən sülhməramlı qüvvələri, Dağlıq Qarabağın müvəqqəti statusunu nəzərdə tutur. Biz Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində statusunun yekunlaşdırılması üçün xoş məramla danışıqları davam etdirməyə hazırıq.

ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən 2009-cu ilin dekabr ayında Ermənistan ilə Azərbaycana təqdim edilmiş mərhələli variant prinsip etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaqda əsas kimi Azərbaycan tərəfindən qəbul edilmişdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi həmsədrlərin təklifinə aydın cavabını hələ də uzadır.

Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü baxımından həyati əhəmiyyət kəsb edən məsələlər üzrə üzv dövlətlərin prinsipial mövqeyini yüksək qiymətləndirir. Biz beynəlxalq ictimaiyyətin Azərbaycanın ədalətli mövqeyi ilə davamlı şəkildə həmrəy olmasına və mövcud çətinliklərin qərəzsiz, açıq və əhatəli şəkildə həllinə yönəlmiş Birləşmiş Millətlər Təşkilatı çərçivəsində irəli sürdüyümüz təşəbbüslərə mühüm dəstəyə arxalanırıq.

Xanımlar və cənablar!

Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsinə nail olmuşdur. Bu gün, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Yalnız son beş il ərzində Azərbaycan ümumi daxili məhsulunu təxminən üç dəfə artırmışdır.

Formalaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi ölkənin enerji və infrastruktur qovşağına çevrilməsində mühüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir.

Azərbaycanda karbohidrogenlərin beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii qazın təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon kubmetr və hətta ondan da artıq həcmdə ehtiyatlara malik olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır. Azərbaycanın olduqca fəal qaydada qonşuları ilə işlədiyi digər qlobal səviyyədə mühüm layihə regional dəmir yolu xəttinin çəkilməsini və inkişafını nəzərdə tutur. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında bütün növ malların daşınması üçün böyük imkanlar yaradacaqdır.

Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün çox fəal üzvü kimi Azərbaycan enerji gəlirlərini açıq və şəffaf şəkildə ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaşdırılması və yoxsulluğun aradan qaldırılması üçün istifadə edir. Beləliklə, biz yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən 2009-cu ildə 11 faizə qədər azaltmağa nail olduq. Mən qətiyyətlə inanıram ki, qarşıdan gələn illərdə Azərbaycan davamlı inkişaf sayəsində bu sahədə daha böyük nailiyyətlər əldə edəcəkdir.

Cənab sədr, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur. Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir.

Planetin istənilən guşəsinə təsir göstərə biləcək ən ciddi və uzunmüddətli çətinliklərdən biri iqlim dəyişikliyidir. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etmişik və ətraf mühitin qorunması sahəsində müxtəlif xüsusi proqramlar qəbul etmişik.

Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması və zəruri ehtiyacların təmin edilməsinə xüsusi diqqət yetirərək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir, dayanmadan səylər göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfəsini davam etdirəcəkdir.

Sağ olun.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi