“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.03.2010, 19:49
471

«Erməni tamaşası» İsveç parlamentində də səhnəyə qoyuldu

A- A+

Vaxtilə faşistlərə sığınacaq verən ölkənin siyasiləri indi Türkiyəyə humanizm dərsi keçirlər

Amerika Konqresindəki məlum qərardan bir həftə sonra Avropanın demokratik ölkələrindən sayılan İsveçin parlamenti də «erməni tamaşası»na səhnə oldu.

İsveç parlamenti (Riksdaq) martın 11-də axşam beş saat sürən gərgin müzakirələrdən sonra 131 səs lehinə, 130 əleyhinə olmaqla «erməni soyqırımı»nı tanıyan qətnamə qəbul edib. Riksdaqın 349 deputatından 88-i səsvermədə iştirak etməyib.

Beləliklə, ABŞ Konqresi Nümayəndələr Palatasının komitəsindəki səsvermədə (23-22-yə) olduğu kimi, İsveç parlamentində erməni təəssübkeşliyi bir səs çoxluğu ilə özünü göstərib. Hərçənd burada erməni təəssübkeşliyindən ziyadə isveçli parlamentarların qarşıdakı seçki kampaniyasına hazırlığından söz etmək doğru olardı.

Sentyabrda Riksdaqa növbəti seçkilər keçiriləcək və parlamentdə müxalifəti təşkil edən sol təmayüllü qüvvələr bu qətnamə vasitəsilə seçki yarışında əlavə səslərə ümid bəsləyirlər. Buraya, İsveçdə yaşayan ermənilərlə yanaşı, vaxtilə Osmanlı imperiyasının təbəəliyində olmuş digər millətlərin təmsilçiləri - suriyalı, yunan və digər icmalar da daxildir.

Təsadüfi deyil ki, İsveç parlamentində qəbul olunan qətnamədə «erməni soyqırımı» ilə bərabər, 1915-ci ildə və sonrakı illərdə Osmanlı imperiyasında süryanilər (assiriyalılar), haldeylər, yunanlar və digər xristian azlıqlara qarşı edilən qırğınlardan da söz edilir.

«Biz əminik ki, İsveç 1915-ci il olaylarının soyqırımı olaraq tanınması üçün Avropa Birliyi və BMT çərçivəsində fəaliyyətini genişləndirəcək. Bu, eyni zamanda, hazırda Türkiyədə yaşayan etnik azlıqlar üçün özünəməxsus təzminat olacaq və Türkiyənin demokratik inkişafına yardım edəcək. Nə qədər ki, Türkiyə keçmişin real mənzərəsini inkar edir, demokratik ölkə sayıla bilməz», - deyə qətnamədə bildirilir.

Tarixdə eşələnən, 1-ci Dünya müharibəsinin qırğınlı olayları ilə bağlı Türkiyəni suçlu tutub ona demokratiya və humanizm dərsi keçməyə çalışan isveçli parlamentarlar, yəqin ki, öz ölkələrinin tarixindən bixəbərdirlər. Daha doğrusu, onu xatırlamaq istəmirlər.

Erməni və digər seçicilərin beş-on əlavə səsinə sahib çıxmaq üçün bu oyuna gedən isveçli siyasilər yəqin unudublar ki, onların ölkəsi 2-ci Dünya müharibəsindən sonra Almaniyadan qaçmış bir çox faşist canilərinə gizli sığınacaq olub. Milyonlarla insanı qırmış nasistlər müharibədən sonra neytral dövlətlər sayılan İsveçrə, İsveç kimi ölkələrdə gizlənib, sonra dünyanın müxtəlif yerlərinə dağılmışdılar. Bir neçə il öncə İsveçrə «erməni soyqırımı» tanımışdı, indi bu sıraya İsveç də qoşuldu.

Xatırladaq ki, «soyqırımı» qətnaməsi hələ 2008-ci ildən İsveç parlamentinin gündəmində idi. Layihə parlamentin üç fraksiyası - Solçu Partiya, Sosial-Demokrat və Yaşıllar partiyaları tərəfindən gündəmə gətirilmişdi. Ötən dövrdə fraksiyalar layihəni müzakirəyə çıxarmağa çalışsalar da, hökumət koalisiyasını təşkil edən sağ mərkəzçi qüvvələr buna mane olmuşdu.

2009-cu ilin iyununda İsveçin xarici işlər naziri Karl Bildt layihəyə dəstək verən deputatların sorğusuna cavab olaraq bildirmişdi ki, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş olayların araşdırılması siyasətçilərin deyil, tarixçilərin işidir. Nazir qeyd etmişdi ki, əgər 1915-ci ildə hansısa qırğınlar baş vermişdirsə, bu gün Türkiyə uzaq keçmişə görə məsuliyyət daşımır və “soyqırımı” məsələsinin hüquqi əsası yoxdur.

Qeyd edək ki, hazırda İsveç parlamentində 349 deputat yerindən 178-i iqtidar koalisiyasına, 171-i isə sol təmayüllü müxalifətə məxsusdur. Yəni normal şərtlərdə bu layihənin parlamentdən keçməməli idi. Üstəlik martın 2-də parlamentin xarici əlaqələr komissiyası layihənin müzakirə çıxarmamağı tövsiyə etmişdi. Bununla belə, parlamentin daxili qaydalarına görə, layihə ümumi müzakirələrə təqdim olunmuşdu.

Bu arada layihəyə qarşı kampaniya aparan İsveçdəki türk və azərbaycanlı diasporu parlamentarlara yüzlərlə məktub göndərmiş, imzalar toplamışdı. İsveçdəki türk və azərbaycanlı diasporunun fəalları parlamentdəki müzakirələri da izləyiblər.

Qətnamənin parlamentdən keçməsinin başlıca səbəbi isə iqtidar cəbhəsindən dörd deputatın sənədə dəstək verməsi olub. Onlardan biri əslən türkiyəli olan, kürd mənşəli Gilan Avcıdır. Onun üzvü olduğu Xalq Partiyası layihənin əleyhinə çıxsa da, xanım Avcı buna rəğmən sənədin lehinə səs verib. Məhz onun səsi sonda qətnamənin 1 səs çoxluğu ilə qəbulunu təmin edib.

Səsvermədən sonra PKK-ya bağlı «Firat» agentliyinə müsahibə verən kürd deputat partiyasının qərarının əleyhinə gedərək bu layihə səs verdiyini bildirib. Onun iddiasına görə, bu gün Türkiyədə kürdlərə qarşı təqiblər var, bu ölkə öz keçmişinə baxmalıdır.

Bundan əlavə, İsveç parlamentində təmsil edilən əslən türkiyəli, mənşəcə isə xristian süryani (assuriyalı) olan daha iki deputat da “soyqırımı qətnaməsi”nin lehinə səs verib. Bunlar İsveç Sosial-Demokrat Partiyasının baş katibi İbrahim Baylan və həmin partiya üzvü Yılmaz Kerimodur.

Yeri gəlmişkən, İsveç parlamentində təmsil olunan əslən türkiyəli digər deputat, özü də türk mənşəli olan Mehmet Kaplan da dolayısı ilə layihənin qəbuluna yardım etmiş olub. Onun üzvü olduğu Yaşıllar Partiyası öncə layihəyə dəstək versə də, sonda səsverməyə qatılmamaq qərarı alıb. Mehmet Kaplan isə parlamentdəki çıxışında layihəyə qarşı olduğunu desə də, partiyasının qərarına uyaraq səsvermədə iştirak etməyib. Halbuki o, layihənin əleyhinə səs verməklə ən azı səslərdə tarazlıq yarada bilərdi.

Beləliklə, indiyədək bir sıra ölkələrdə daxili siyasət aləti olmuş «erməni tamaşası» İsveç parlamentində də səhnəyə qoyuldu. Bununla «erməni soyqırımı» parlament olaraq tanımış ölkələrin sayı 17-yə çatdı.

Xatırladaq ki, erməni soyqırımı»nı ilk dəfə 1965-ci ildə Uruqvay, sonra Argentina tanıyıb. 1987-ci ildə Avropa Parlamenti, ardınca Avropa Şurası eyni qətnamələr qəbul edib. Bundan sonra “erməni soyqırımı”nı tanıyanlar sırasına Kipr (yunan) Respublikası və Yunanıstan, Belçika, Niderland, İtaliya, Fransa, İsveçrə, Slovakiya, Polşa, Almaniya, Kanada, Livan, Kanada parlamentləri, eləcə də Rusiya Dövlət Duması (1995) qoşulub.

Türkiyə hökuməti İsveç parlamentinin qərarına sərt təpki verib. Türkiyənin Stokholmdakı səfiri Zergün Korutürk geri çağırılıb. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan martın 17-də İsveçə nəzərdə tutulan rəsmi səfərini təxirə salıb.

Türkiyə Nazirlər Kabinetinin yaydığı bəyanatda deyilir:

“İsveç parlamentinin Osmanlı imperiyasının son illərində bəzi xalqlara qarşı soyqırımı törədildiyinə dair qərarını kəskin şəkildə qınayırıq. Xalqımız və hökumətimiz əsası olmayan, böyük yanlışlıqlara yol açan bu qərarı rədd edir. Bu qərar sentyabrda İsveçdə keçiriləcək seçkilərlə bağlı bəzi siyasi dividendlər naminə qəbul olunub. Yerli siyasi məqsədlər üçün qəbul olunan bu sənəd Türkiyə-İsveç münasibətlərinə, xalqlarımız arasındakı əməkdaşlıq və dostluğa uyğun gəlmir. Hamını tarixlə dürüst şəkildə üzləşmə üçün çağıran Türkiyədir. Tarixlə üzləşməkdən qaçanlar isə iddialarını qarşılıqlı olaraq müzakirə etməkdən və elmi şəkildə aşkara çıxarmaqdan qorxanlardır. Bu qorxunu daşıyanlar kiçik siyasi mənfəətlər güdən əcnəbi parlamentləri istismar edir və onlar tərəfindən istismar olunurlar».

İsveç hökuməti də parlamentin qərarından dərhal sonra ona qarşı olduğunu bildirən açıqlama yayıb. İsveç XİN başçısı Karl Bildt təəssüflə bəyan edib ki, ölkə parlamentdə 1 səs çoxluğu ilə qəbul edilən qərar tarixin siyasiləşdirilməsinə xidmət edir. XİN rəhbəri bildirib ki, İsveç hökuməti bu qərarın əleyhinə olub və onun qəbulunu önləmək üçün çalışıb. Nazir İsveçin Türkiyə ilə sıx tərəfdaşlığı, bu ölkənin AB üzvlüyünə dəstəyini bundan sonra davam etdirəcəyini deyib.

İsveçin erməni diasporu isə parlamentdə qəbul olunan tövsiyə qərarından məmnun qalsa da, onun hökumət tərəfindən icra ediləcəyinə şübhə ilə yanaşır. İsveç Erməni Assosiasiyasının katibi Vahan Avedyan bildirib ki, indi hər şey İsveç hökumətinin bu qətnaməyə uyğun xarici siyasət yeridib-yeritməyəcəyindən asılıdır.

Vüqar Orxan,
“525-ci qəzet”, 13.03.2010.

Xəbərlər
Redaktorun seçimi