“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.11.2012, 15:26
503

Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

A- A+

Rövşən Rzayev: “Beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyinin Latviya tərəfindən müdafiə olunması vacibdir”


Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun sədri Rövşən Rzayev başda olmaqla bir qrup millət vəkili Riqada səfərdədir. Noyabrın 5-də Azərbaycan deputatları Latviya Xarici İşlər Nazirliyində dövlət katibi Andris Teykmanislə görüşmüşlər. Görüşdə ölkəmizin Latviyadakı səfiri Elman Zeynalov da iştirak etmişdir.

Görüşdə Rövşən Rzayev qeyd etmişdir ki, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin Latviya tərəfindən müdafiə olunması vacibdir. Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfindən elan olunmamış müharibə şəraitində yaşayır və beynəlxalq hüquq çərçivəsində bu problemə Latviyanın münasibəti son dərəcə əhəmiyyətlidir. R.Rzayev Azərbaycan dövlətinin bu problemin dinc yolla nizama salınması tərəfdarı olduğunu qeyd edərək bildirmişdir ki, münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində öz həllini tapmır.

Rövşən Rzayev xahiş etmişdir ki, özəl turizm agentliklərinin nəzərinə çatdırılsın ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkili qeyri-qanunidir.

Andris Teykmanis qonaqları salamlayaraq demişdir ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas tərəfdaşlardan biridir. Noyabr ayında biznesmenlərin nüfuzlu nümayəndə heyəti ilə birlikdə Baş nazirin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin qaydaya salınmasına göstərilən marağı əks etdirir.

Latviya Avropa məkanında Azərbaycanla münasibətlərin gücləndirilməsinə maraq göstərir. 2015-ci ildə Latviya Avropa İttifaqında sədrlik edəcək və Avropa İttifaqının üzvü olmayan ölkələrlə dialoqun, tərəfdaşlığın inkişaf etdirilməsi onun fəaliyyətinin prioritetlərindən biri olacaqdır. A.Teykmanis Latviyada həyata keçirilən energetika layihələrindən danışarkən qeyd etmişdir ki, əsas məqsəd enerji nəqlinin şaxələndirilməsidir. Dövlət katibi bildirmişdir ki, Azərbaycan deputatlarının səfəri iki dövlətin parlamentləri arasında əməkdaşlığın yeni səhifəsini açır.

Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlət katibi qeyd etmişdir ki, Latviya danışıqlar prosesini, habelə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. A.Teykmanis bütün belə münaqişələrdə Latviya dövlətinin sərhədlərin sarsılmazlığı barədə ATƏT-in mövqeyində durduğunu bildirərək demişdir ki, problemin birtərəfli həlli çətin ki, münaqişənin sabit qaydada nizama salınmasına gətirib çıxarsın, sərhədlərin dəyişdirilməsi yolunda atılan birtərəfli addımlar legitim deyildir. Latviya münaqişənin tezliklə nizama salınacağına ümid edir.

Azərbaycan deputatları bildirmişlər ki, Ermənistanın qarşılıqlı razılıq olmadan Xocalı aeroportunu istismar etməsi danışıqlar prosesinə ziyan vurur və ermənilərin növbəti fitnəkarlığıdır.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin inkişafı, əlaqələrin Avropa-Atlantika istiqaməti, planlaşdırılmış enerji layihələri, qarşılıqlı səfərlərin əhəmiyyəti, Azərbaycan gənclərinin Latviyanın ali məktəblərində təhsili barədə də fikir mübadiləsi olmuşdur.

Xəbərlər
Redaktorun seçimi