1998-ci il - xronika
Yanvar ayında Qarabağ nizamlanması üzrə ciddi irəliləyiş gözləntiləri var idi. Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Levon Ter-Petrosyan Fransada görüşərək "Mərhələli həll" planını imzalamalı idilər. Lakin Ermənistandakı daxili vəziyyətin kəskinləşməsi, Ter-Petrosyana qarşı hakimiyyətdaxili təzyiqlərin artması bu gözləntiləri heçə endirdi.
Fevralın 3-də Ter-Petrosyan Ermənistan prezidenti postundan isrefa verməyə məcbur oldu.
Mart ayında ölkədə növbədənkənar seçkilər keçirildi və Robert Koçaryan (həmin vaxtadək baş nazir idi) iknci turda (30 mart 1998) Ermənistanın yeni prezidenti seçildi.
26 mart 1998 - Prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlindən ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib, 1905-1907, 1918-ci illərdə baş vermiş qətliamlar, 1948-1953-cü illərin deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub. Fərmana əsasən, 1918-ci il mart qırğınlarının tarixi - 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.
7 noyabr 1998 - ATƏT-in Minsk Qrupunun həmsədrləri “Dağlıq Qarabağ silahlı münaqişəsinin nizamlanması üzrə hərtərəfli sazişin prinsipləri haqqında” yeni layihəni - "Ümumi dövlət" planını - tərəflərə təqdim ediblər. Bundan öncəki planlardan ("paket həll", "mərhələli həll", 1997-ci il) fərqli olaraq, yeni layihə beynəlxalq hüquq normalarına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd idi, Dağlıq Qarabağın faktiki müstəqil dövlətə çevrilməsini ön görürdü. Ermənistan layihəni qəbul edib. Azərbaycan tərəfi isə bu layihəni müzakirə masasına yaxın buraxmayıb.
Noyabrın 9-da Minsk Qrupu həmsədrləri ilə görüşdə prezident Heydər Əliyev yeni təkliflərin Azərbaycanın suverenliyinə zidd olduğunu və Dağlıq Qarabağın faktiki müstəqilliyinə əsas verdiyini bildirərək layihəni rədd edib.