“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:38
3741

XIII-XVI əsrlərdə Azərbaycan şeiri (ümumi icmal)

A- A+

XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı çətin və mürəkkəb bir ictimaiiqtisadi şəraitdə inkişaf etmişdir. XIII əsrin əvvəllərindən başlayan ağır monqol əsarəti bir müddət ədəbiyyat, incəsənət və elmin inkişafını ləngitdi. Lakin işğalçılar da tarixi zərurətlə hesablaşmaya bilməzdilər. Yerli əhali ilə müqayisədə maddi və mənəvi inkişaf səviyyəsi xeyli aşağı olan monqollar azərbaycanlıları dövlət idarələrinə cəlb etməyə, onların mədəniyyət və həyat tərzini qəbul etməyə məcbur oldular. Beləliklə, monqollar nəinki Azərbaycan mədəniyyətinə və dilinə təsir göstərə bilmədilər, əksinə özləri tezliklə assimilyasiyaya uğrayıb, yerli əhaliyə qarışdılar. Şəraitin çətinliyinə baxmayaraq, xalq öz mədəniyyətinin inkişafını davam etdirirdi. Monqol əsarəti dövründə belə Azərbaycan Şərqin ən mühüm mədəni mərkəzlərindən biri olaraq qalmaqda idi.

Nəsirəddin Tusi (1201-1274) tərəfindən əsası qoyulan və bütün orta əsrlər Şərqində geniş şöhrət tapan Marağa rəsədxanası, Təbrizdə tikilən “Rəbi-Rəşidi” adlı böyük elm şəhərciyi Şərqin intibah mədəniyyəti mərkəzinə çevrilmişdi. Bu müəssisələrdə azərbaycanlılarla yanaşı başqa ölkələrdən gələn tələbələr də təhsil alır, Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət edilmiş alim və müəllimlər çalışırdılar. Təbrizdə elmi məqsədlə yaradılmış kitabxanada Şərqin bir çox ölkələrindən gətirilmiş qiymətli əlyazmaları saxlanılırdı.

Tarixçilərdən Fəzlullah Rəşidəddin, Məhəmməd Hinduşah Naxçıvani, musiqi nəzəriyyəçilərindən Məhəmməd Əbubəkr oğlu Şirvani və Xacə Əbdülqadir Marağalı, riyaziyyatçı Übeyd Təbrizi, fəlsəfə sahəsində isə Mahmud Şəbüstəri dövrün məşhur alimləri kimi tanınmışdılar. Ədəbiyyatşünaslıq sahəsində yaranan əsərlər içərisində Nəsirəddin Tusinin “Əsas ül-iqtibas” və “Meyar üş-şeir” kitabları, Şərəfəddin Rami Təbrizinin “Ənis ül-üşşaq” və “Hədayiq ül-həqayiq” əsərləri xüsusilə böyük maraq doğurur.

XIII əsr Azərbaycan bədii ədəbiyyatının inkişafında da bir sıra ciddi dəyişikliklər baş verir. Saray ədəbiyyatı, qəsidə şeri nisbətən zəifləyir. Monqol əsarəti və daxili feodal müharibələri poeziyada bədbinlik motivləri doğurur. Bu isə, öz növbəsində, sufi dəbiyyatının, xüsusilə də onun mövcud quruluşdan mistik formada narazılıq ifadə edən panteist cərəyanlarının güclənməsinə səbəb olur. Dövrün ən mühüm ədəbi hadisəsi isə, sözsüz ki, türkdilli Azərbaycan yazılı ədəbiyyatının yaranması sayılmalıdır.

Məlum olduğu kimi, XI-XII əsrlər Azərbaycan yazılı ədəbiyyatı əsasən fars, qismən də ərəb dilində yaranmışdır. XII əsrdə farsdilli ədəbiyyat ideyabədii dəyəri baxımından son dərəcə yüksək zirvəyə qalxsa da, təbiidir ki, savadsız və fars dilini bilməyən geniş xalq kütlələri onun nailiyyətlərindən bəhrələnə bilməzdi. Bu ədəbiyyatdan ancaq fars dilini bilən feodal hakimləri və əyanları, həmçinin şəhər əhalisinin bəzi təbəqələri (tacirlər, ruhanilər, sənətkarlar, məmurlar və b.) istifadə edə bilərdilər.

Təsadüfi deyil ki, şahlara baş əyməyən bəzi böyük şairlər istisna olmaqla, farsca yazan müəlliflərin əksəriyyəti özlərini ədəbiyyat və incəsənətin hamisi sayan feodal hakimlərinin saraylarında yaşayırdılar. Saraya yol tapmayan şairlər çox çətinliklə yaşamaq üçün vəsait qazana bilirdilər. Buna görə də XI-XII əsrlərdə yaranan farsdilli ədəbiyyatın böyük bir hissəsini saray ədəbiyyatı, şahları, sultanları tərifləyən mədhiyyələr təşkil edirdi. Mədəniyyət sahəsində iranpərəst siyasət yeridən yerli feodal sülalələrinin süqutundan sonra farsdilli Azərbaycan ədəbiyyatı tədricən tənəzzülə uğrayır. Çingiz xandan başlayaraq ilk monqol hakimləri İran ədiblərinin təmtəraqlı və qəliz üslubunu xoşlamırdılar. Buna görə də öz himayəçilərini itirən və farsca bilməyən yerli əhali tərəfindən qiymətləndirilməyən farsdilli ədəbiyyat monqol istilasından sonra tədricən öz mövqeyini türkdilli ədəbiyyata verməyə başlayır.

Qeyd etmək lazımdır ki, anadilli yazılı ədəbiyyatımızın yaranması heç də birdən-birə baş verməmiş, uzunmüddətli və təkamüllü bir inkişaf yolu keçmişdir. Bu ədəbiyyatın formalaşmasının səciyyəvi xüsusiyyətləri və ərəb-fars poeziyasının ona təsiri məsələləri ədəbiyyatşünaslığımızda ətraflı tədqiq olunmadığından bu barədə bir qədər ətraflı danışmalı olacağıq.

Y.E.Bertels ədəbi təsir məsələsi haqqında yazırdı: “Ədəbiyyat hadisələrinin bir xalqdan başqasına keçməsi faktının özü yox, onun səbəbləri, xüsusilə də alınmış materialın yeni mühitdə uğradığı dəyişikliklər maraq doğurur” (Е.Э.Бертельс. К вопросу о филологической основе восточных памятников. “Советское востоковедение”, №3, 1955, сящ. 15).

Azərbaycan dilində yaranan yazılı ədəbiyyat istər məfkurə, mövzu baxımından, istərsə də janr, forma və vəzn nöqteyi-nəzərindən iki mənbə ilə - bir tərəfdən zəngin Azərbaycan folklor ədəbiyyatı və qədim ümumtürk yazılı abidələri ilə, digər tərəfdən isə artıq farsdilli Azərbaycan ədəbiyyatında sabitləşmiş ərəb-fars ədəbi qanun-qaydaları ilə bağlı idi. Yazılı ədəbiyyatdan əvvəl Azərbaycan dilində çox zəngin şifahi xalq ədəbiyyatı nümunələri yaranması faktı təkzibedilməzdir. Bunu həm “Kitabi Dədə Qorqud” dastanı, həm də görkəmli türk filoloqu Mahmud Kaşğarinin 1072-1074-cü illərdə yazdığı və bütün türk xalqlarının ümumi abidəsi sayılan “Divani-lüğət it-türk” əsərindəki çoxlu misra və beytlər, nəğmələr, epik məzmunlu parçalar təsdiq edir. Sözsüz ki, bu qüvvətli folklor ədəbiyyatı türkdilli yazılı poeziyamızın yaranmasına və formalaşmasına təsir göstərməyə bilməzdi.

Bunu da qeyd etmək lazımdır ki, mövzu, ideya və süjet baxımından qədim türkdilli abidələrin, həm də Azərbaycan dastan və nağıllarının XI-XII əsrlərdə yaranmış farsdilli ədəbiyyatımıza da böyük təsiri olmuşdur. Məsələn, qədim türk abidələri üçün səciyyəvi olan bir çox bədii təsvir üsullarına, o cümlədən xaqanın öz xalqının qeydinə qalması, hərbi istedada malik olması, dünyagörmüş qocalarla məsləhətləşməsi, yürüşdən zəfərlə qayıtması, qəhrəmanın öz ulu babalarının adət-ənənələrinə sadiq qalması, qadına müsbət münasibət, yeddi rəqəminin dini-mifoloji təsəvvürlər üzündən təşrifati mənalarda işlədilməsi və s. kimi hallara Nizami Gəncəvinin əsərlərində də rast gəlinir. Lakin türkdilli yazılı ədəbiyyatımızda yaranan epik əsərlərdə şifahi ədəbiyyatın ideya-tematik təsiri daha qabarıq şəkildə nəzərə çarpır. Doğma Azərbaycan dilində yazan şairlər folklor materiallarından daha geniş istifadə edir, xalq dastan və nağıllarından gələn motivlər onların şerinə yeni xüsusiyyətlər aşılayırdı.

Yaxın Şərq xalqları ədəbiyyatlarının mövzusu və süjet baxımından Azərbaycan yazılı poeziyasına təsir məsələsinə gəlincə, bu haqda geniş ədəbiyyat mövcud olduğundan bunun üzərində dayanmağı lazım bilmirik. Vəzn, forma və janr baxımından türkdilli yazılı poeziyamıza ərəb-fars şerinin təsiri daha güclü olmuşdur. Bu, hər şeydən qabaq, klassik dövr şerimizin vəznində özünü göstərir. Məlumdur ki, zəngin el ədəbiyyatımız misralardakı hecaların sayının bərabərliyini nəzərdə tutan heca vəzni əsasında yüksəlmişdir. Yalnız qədim türkdilli kitabələrdə və “Kitabi-Dədə Qorqud” dastanında poeziyanın yeganə poetik vasitəsi kimi hələlik sabitləşməmiş vəzni və qafiyəni əvəz edən alliterasiyadan istifadə olunmuşdur.

Ərəb şerinin milli forması olan, sonralar fars poeziyasına, ondan da Azərbaycan və başqa Şərq xalqlarının ədəbiyyatına keçən əruz vəzni isə misralardakı uzun və qısa hecaların müvafiq şəkildə əvəzlənməsinə əsaslanır. Uzun və qısa hecalar isə, öz növbəsində, onların yaranmasında iştirak edən saitlərin keyfiyyətcə uzun və qısa olmasını, həmçinin açıq və ya qapalı hecada yerləşməsini nəzərdə tutur. Öz mahiyyəti etibarilə əruz Azərbaycan dilinin quruluşuna, xüsusilə fonetikasına yabançı idi, çünki Azərbaycan dilində saitlər uzunluq və qısalıq baxımından bir-birindən fərqlənmirlər. Buradan da ilk dəfə Azərbaycan dilində əruz vəzni ilə şeir yazmağa başlayan şairlərin bir sıra ciddi maneələr və çətinliklərlə qarşılaşması aydın olur.

Azərbaycan şeirində dəqiq qafiyə sisteminin yaranmasında da ərəb-fars şeirinin təsiri az olmamışdır. Qədim türk yazılarında, yuxarıda deyildiyi kimi, qafiyəni misralar daxilində eyni samit səslərin təkrarından yaranan alliterasiya, həmçinin sait səslərin təkrarını nəzərdə tutan assonas hadisələri əvəz edirdi. Bununla yanaşı, həmin abidələrdə sətirlərin axırında qafiyə yaratmaq meylləri də get-gedə güclənirdi. Bunu “Kitabi-Dədə Qorqud” dastanında aydın görmək olur. Ancaq dəqiq qafiyə sisteminə əsaslanan ərəb-fars poeziyasının təsiri Azərbaycan şerinin dəqiq qafiyəyə keçməsi prosesini xeyli sürətləndirdi.

Əgər əruz vəzni folklor şeirimizə çox az sirayət etmişsə, dəqiq qafiyə növlərindən Azərbaycan şifahi xalq şerində də çox geniş, lakin yaradıcı surətdə istifadə olunurdu. Bununla belə, hərfi qafiyə nəzəriyyəsi alliterasiya və assonas kimi poetik formaları nəinki şifahi, hətta yazılı ədəbiyyatımızdan belə tam şəkildə sıxışdırıb çıxara bilmədi. İstedadlı şairlər bu poetik formalardan şeirin ahəngini, musiqililiyini və bədii təsir qüvvəsini artırmaq üçün məharətlə istifadə edirdilər. Nəsiminin aşağıdakı beyti buna gözəl misal ola bilər:

Al ilə ala gözlərin aldadı aldı könlümü

Alini gör nə al edər, kimsə alışmaz alinə.

Klassik dövr poeziyamızın əsasını şifahi xalq ədəbiyyatında alan məcaz və bədii ifadə vasitələri sistemi də ərəb-fars poetik fiqurları ilə daha da zənginləşdi. Janr baxımından isə türkdilli yazılı ədəbiyyatımız ərəb-fars şerindən məsnəvi, qəsidə, qəzəl, rübai, qitə və s. şeir şəkillərini mənimsəmişdir.

Göründüyü kimi, mürəkkəb ədəbi-estetik bir kompleks təşkil edən türkdilli yazılı ədəbiyyatımızın yaranması müəyyən tarixi inkişaf mərhələsində qarşı-qarşıya dayanan iki şeir sisteminin qarşılıqlı əlaqəsi və uzun müddət davam edən mübarizəsinin nəticəsi kimi meydana gəlmişdir. Bu mübarizədə yerli feodal hakimləri, islam dini və müsəlman mədəniyyəti tərəfindən himayə olunan ərəb-fars poetikası üstün gəlsə də, bu poetikanın qanun-qaydalarının Azərbaycan şerinə tətbiq olunması heç də asan bir proses olmamışdır. Məsələn, əruz vəznində şeir yazan klassiklərimiz nəinki əruzun Azərbaycan dilinin qanun-qaydalarına daha çox uyğun gələn bəhrlərindən istifadə etmək zərurəti qarşısında qalırdılar, həm də öz şeirlərində tərkibində uzun və qısa saitlər olan çoxlu Azərbaycan şerinin qafiyə imkanlarını genişləndirmək məqsədilə də istifadə olunurdu.

Bu baxımdan ilk Azərbaycan yazılı abidələrinin dilinin klassik Azərbaycan poeziyasının ən yüksək zirvəsi olan XVI əsr şerinin dili ilə müqayisəsi çox  səciyyəvidir. Əgər Həsənoğlunun

Necəsən, gəl, ey yüzü ağım bənim!

Sən əritdin odlara yağım bənim.

- beytinin leksikasını yalnız doğma Azərbaycan sözləri təşkil edirsə, Füzulinin aşağıdakı misralarında bunun əksini görürük:

Mey nəfyini eyləyib şü’ar, ey vaiz,

Tutdun rəhi-tə’ni-eşqi-yar, ey vaiz!

Göründüyü kimi, burada “tutdun” felindən başqa, beytdə işlədilən leksik vahidlərin hamısı ərəb-fars sözlərindən ibarətdir. Şeirin poetik xüsusiyyətlərinə heç bir xələl gətirmədən ərəb və fars sözlərinin işlənmə dairəsini minimum səviyyəyə endirmək Həsənoğlunun yüksək ustalığının və şairlik məharətinin nəticəsidir. Belə bir çətin vəzifənin öhdəsindən gəlmək hər bir şairə müyəssər olmurdu. Bunu da qeyd etmək lazımdır ki, XIII-XIV əsrlərdə əruz və dəqiq qafiyə sisteminin Azərbaycan dilinin quruluşuna uyğunlaşdırılması prosesi hələlik başa çatdırılmamışdı.

Bütün bunların nəticəsidir ki, XIII-XIV əsrlərdə Azərbaycan dilində yazılmış bir sıra əsərlərdə tez-tez vəzn və qafiyə pozğunluqlarına rast gəlinir. Bu haqda “Dastani-Əhməd Hərami” poemasının tədqiqatçıları yazırlar: “Dastani Əhməd Hərami” dil və üslubca əski abidələrlə, daha çox isə “Kitabi-Dədə Qorqud” ilə yaxından səsləşir. Məsnəvi əruzun həzəc bəhrindədir. Şeirlər on bir hecalı (4-4-3) şeri xatırladır. Habelə vəzndən məqsədəuyğun şəkildə istifadə olunmur. Ara-sıra şeirdə vəznə uyaraq hecaların tələffüzünü qısaltma və ya uzatma da vardır. Bu da təsadüfi deyildir. Belə ki, anadilli poeziyamızın ilk çağlarında əruzla heca arasında kəskin ayrılıqlar görünmürdü. Əruz hələlik türkləşməmiş, milli şeir ölçüsü kimi yer tuta bilməmişdi. Bundan başqa, qafiyələr içərisində də tam qafiyələrlə, yarımqafiyələrlə yanaşı, bəzən də qafiyəsiz misra və qoşa misralarla qarşılaşırıq”.

Azərbaycan dilində yazılmış və bizim dövrümüzədək saxlanılmış ilk qəzəllər İzzəddin Həsənoğluya məxsusdur. XIII əsrin ikinci yarısında Əsfəraində yazıb-yaratmış bu görkəmli sənətkarın hələlik üç qəzəli üzə çıxarılmışdır. Onlardan ikisi Azərbaycan dilində, digəri isə farsca yazılmışdır. Şairin Nizami qəzəllərindən birinə nəzirə yazdığı və məzmun dərinliyi, forma kamilliyi ilə seçilən

Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,

Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər

- mətləli qəzəlində açıq-aşkar iki bədii mənbənin - klassik farsdilli poeziyamızın və türkdilli şifahi xalq yaradıcılığının təsiri hiss olunur. Bununla yanaşı, Həsənoğlu yaradıcılığında az da olsa mistik-panteist əhvali-ruhiyyəsinin də təsiri görünməkdədir:

Əzəldən canım içində yazıldı surəti-mə’ni,

Nə mə’ni? Mə’niyi-surət. Nə surət? Surəti-dəftər.

Şairin mistik-panteist məhəbbət fəlsəfəsində real insani sevgi ilə mücərrəd fəlsəfi sevgi birləşir. Bununla da müəllif real insani məhəbbətə geniş fəlsəfi məna verib, onu ilahi sevgi qədər güclü, pak və uca görmək istəyir. Həsənoğlunun azərbaycanca yazdığı qəzəlləri bədii xüsusiyyətləri, ahəngdarlığı və səmimiyyəti ilə seçilir.

XIII əsrdə Azərbaycan dilində yaranmış qiymətli abidələrdən biri də “Dastani-Əhməd Hərami” poemasıdır. Bu poema Azərbaycan dilində yazılmış ilk məsnəvidir. Əsərin süjet xətti şər qüvvələrin timsalı olan Əhməd Hərami ilə xeyir qüvvələrin rəmzi kimi təsvir olunan Güləndam arasındakı konflikt üzərində qurulmuşdur. Gizli və açıq mübarizə şəklində davam edən konflikt Güləndamın qələbəsi ilə nəticələnir. Əsərdə zülmə, ədalətsizliyə qarşı dərin bir nifrət, nəcib, layiqli, humanist insanlara qarşı isə yüksək məhəbbət vardır. Poema məzmunu, ideya və dil-üslub xüsusiyyətləri ilə xalq ruhunu ifadə edir, nağıl və dastan ənənələri ilə səsləşir. Bu baxımdan poema müəyyən mənada öz orijinallığı ilə seçilsə də, onun müəllifi surət və xarakter yaratmaq təcrübəsini böyük Nizamidən öyrənmiş, onun humanist ideyalarından ilham almışdır (Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı, 1982, səh.152). Bu, poemada geniş yer verilən qadına müsbət münasibət məsələsində də öz bədii ifadəsini tapmışdır. Poema həmçinin bədii təsvir vasitələrinin təbiiliyi, xəlqiliyi, dilinin sadəliyi və canlılığı ilə fərqlənir.

* * *

XIII əsrin sonlarından ölkədə başlayan nisbi sakitlik Azərbaycan xalqının ictimai-iqtisadi həyatında olduğu kimi, ədəbiyyatında da canlanmaya və onun daha sürətli inkişafına səbəb oldu. XIV əsr Azərbaycan ədəbiyyatı tarixində həyatı daha geniş əks etdirən epik janrın çiçəklənməsi dövrüdür. Bununla yanaşı, mövcud həyatdan narazılıq, məyusluq və ümidsizlik meyllərinin güclənməsi dövrün ədəbiyyatında da öz əksini tapır, bəzi şair və alimlərin sufipanteist və hürufilik ideyalarına meyl etməsinə səbəb olur. Bəzi sufi ideoloqlar hakim siniflərin və islam dininin tələblərinə uyğunlaşaraq xalqa zidd, mürtəce mövqe tutsalar da, bir çox sufi təriqətləri geniş xalq kütlələrinin mənafeyini müdafiə edir, dolaşıq bir formada onun əhvali-ruhiyyəsini əks etdirir, həmçinin şeri və musiqini yüksək qiymətləndirir, onlardan təbliğat vasitəsi kimi istifadə etməyə çalışırdı.

Məhz buna görədir ki, XVI əsr Azərbaycan şairlərinin əksəriyyətinin yaradıcılığında sufi və hürufilik fəlsəfi nəzəriyyələrinin bir çox mütərəqqi cəhətləri və ideyaları öz əksini tapmışdır. Bu dövr ədəbiyyatının ən mühüm xüsusiyyətlərindən və aparıcı istiqamətlərindən biri Nizami məktəbinin qiymətli ənənələrinin - humanizm, insana məhəbbət, cəmiyyətdəki eyiblərin tənqidi və b. motivlərin davam və inkişaf etdirilməsi idi. Lakin şeirdə nəsihətçilik, didaktik-tərbiyəvi motivlər siyasi-ictimai amillərin təsiri ilə fəlsəfi boyalarla tündləşir, sufi-panteistik formalarda təzahür edirdi.

Sufi poeziyanın ən görkəmli nümayəndələrindən biri Şeyx Mahmud Şəbüstəri (1287-1320) idi. Dövrünün təbiət elmlərini və panteist-fəlsəfi cərəyanlarını yaxşı öyrənmiş, bir çox Yaxın Şərq ölkələrinə səyahət etmiş bu mütəfəkkir alim şeirlə yazdığı “Gülşəni-raz” əsərində sadə və aydın bir dillə sufi terminlərinin şərhini vermişdir. Hüseyni Sadatın on beş sualına cavab olaraq yazılmış bu əsərdə müəllif verilmiş sualları dini-idealist baxımdan şərh etməyə çalışsa da, bir sıra dərin elmi mühakimələrə də yer verir, bəzi etik-əxlaqi məsələlərə toxunur. O, insanın böyük, uca, qadir olduğunu söyləyir və göstərir ki, əgər insan ruhən yüksəlmək, kamil olmaq istəyirsə, xudbin, lovğa olmamalı, özünə həqiqət, ədalət, mərdlik kimi insani keyfiyyətlər aşılamalı, elmi biliklərə yiyələnməlidir. Şairlikdən çox sufi alimi kimi tanınan Şeyx Mahmud Şəbüstəri “Gülşəni-raz” məsnəvisində, eləcə də nəsrlə yazdığı bir sıra başqa əsərlərində insana və kainata öz dövrünün qabaqcıl ziyalılarının baxışlarını əks etdirmişdir.

Şeyx Mahmud Şəbüstərinin elmi yolla ifadə etmək istədiyi fikirləri dövrünün ən böyük şairlərindən olan Marağalı Əvhədi (1272-1338) daha canlı və poetik dillə vermişdir. Nizami romantik şerinin ən yaxşı davamçılarından olan Əvhədinin yaradıcılığı çoxcəhətliliyi, mövzu kamilliyi və humanizmi ilə seçilir. O, ədəbiyyatımızı bir çox yeni ideyalar və yüksək sənətkarlıq xüsusiyyətləri ilə zənginləşdirmişdir. Şairin sufi şeri üslubunda yazılmış və panteist məzmun daşıyan əsərləri mövcud quruluşa, onun qanun-qaydalarına qarşı xalq etirazının ifadəsidir. Şair istər lirik şeirlərində, istərsə də iri həcmli “Dəhnamə” və “Cami-Cəm” adlı poemalarında yaşadığı cəmiyyətin həyatını əks etdirməyə çalışmışdır.

Romantik-lirik poema olan “Dəhnamə” əsərində iki gəncin eşq sərgüzəşti, təmiz məhəbbəti təsvir olunur. Şair göstərir ki, insan öz məqsədinə çatmaq üçün tələsməməli, ruhdan düşməməli, uzun müddət əzab-əziyyətlərə dözməlidir. Real insan sevgisini tərənnüm edən bu əsərin yığcam forması, lirik vüsəti və başqa bədii keyfiyyətləri “Dəhnamə” janrının sonrakı əsrlərdə də Şərq poeziyasında davam etdirilməsinə səbəb olmuşdur.

Əvhədi yaradıcılığının zirvəsi olan “Cami-Cəm” poeması isə Nizami humanist fikirləri ilə yaxından səsləşən, Yaxın və Orta Şərq ədəbiyyatında mühüm yer tutan didaktik poema janrını məzmun və formaca xeyli zənginləşdirən bir əsərdir. Müqəddimə və üç fəsildən ibarət olan bu poemada şairin altmış illik həyat təcrübəsinin yekunu - onun elmi, fəlsəfi, dini, etik görüşləri öz əksini tapmışdır. Bunların içərisində şairin pedaqoji görüşləri (insanlar haqqında mülahizələri, uşaqların tərbiyəsi, hakimlərin məzəmməti, şəhərlərin tikintisi və s.) xüsusilə böyük maraq doğurur, çünki bu məsələlərə heç bir şair onun qədər ciddi və dərindən yanaşmamışdır. O, uşaqları cəmiyyət üçün faydalı adamlar  kimi tərbiyə etməyi ata-ananın ən başlıca borcu hesab edir. Gözəllik və ədalətin təntənəsi üçün çirkinliklərin və eybəcərliklərin ifşası bu poemanın əsasını təşkil edir. Şair gah nəsihət vermək, gah da ictimai eyibləri tənqid etmək yolu ilə zülmkar hakimlərə, rüşvətxor məmurlara üz tutaraq, onları ədalətli və insaflı olmağa çağırır.

XIV əsrdə Nizami ədəbi məktəbinin humanizm, dostluq və məhəbbət ideyalarını yeni şəkildə davam və inkişaf etdirən ən görkəmli şairlərdən biri də Şəmsəddin Məhəmməd Əssar Təbrizi (1325-1390) olmuşdur. Gözəl astronom, görkəmli ədəbiyyatşünas və mahir bir şair olan Əssar lirik şeirlərində və bütün Yaxın Şərqdə tanınan “Mehr və Müştəri” poemasında irəli sürdüyü humanist ideyalar və demokratik fikirlər baxımından sələfi Nizamiyə və müasiri Əvhədiyə çox yaxındır. Mövzusu qədim xalq ədəbiyyatından alınmış “Mehr və Müştəri” poemasında sədaqət və qəhrəmanlıq motivləri, insanın mənəvi gözəlliyi, səmimiyyət və dostluğu, cəsarət və mərdlik kimi keyfiyyətləri öz əksini tapmışdır. Həmçinin şair qəhrəmanlarını ulduzlarla əlaqələndirməklə sanki insanın əməllərində, arzularında, mənəvi aləmində yerlə göyü birləşdirir. Əssarın bu poeması həyatiliyi və sənətkarlıq keyfiyyətləri ilə XIV əsr ədəbiyyatımızda əhəmiyyətli hadisədir.

Əgər Marağalı Əvhədi və Əssar Təbrizi öz əsərlərinin fikri-ruhi meylləri ilə Nizami ənənələrini davam etdirirdilərsə, XIV əsrin başqa bir tanınmış şairi Arif Ərdəbili “Fərhadnamə” poemasını bilavasitə Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri ilə yazmışdır. Bununla belə, Arif Ərdəbili “tamamilə orijinal bir əsər meydana çıxarmışdır”1. Arifin poemasında Fərhad və Şirin haqqında Azərbaycanda yayılmış şifahi xalq ədəbiyyatı motivləri üstünlük təşkil edir. Şirin və Xosrov surətləri isə burada Nizaminin poemasına nisbətən çox zəif verilmişdir. Arif həyatiliyə, reallığa daha çox meyl edir. Nizamidən fərqli olaraq, o, ciddi ictimai, fəlsəfi ümumiləşdirmələr yolu ilə getmir, əsərindəki surətləri adi insanlar səviyyəsinə endirir. Arif ayrı-ayrı epizodların təsvirində bəzən Nizamini təkrar etsə də, məzmun və süjet istiqamətibaxımından öz dövrünün ədəbi-ictimai həyatı ilə səsləşən yeni bir əsər yaratmışdır.

Poemada insanın nəcib duyğuları, məhəbbəti, əməyi, həyat eşqi realist bir tərzdə təsvir edilmiş, həyat və insanlar hərtərəfli və dolğun əks olunmuşlar. XIV əsr anadilli poeziyamızda yaranan epik əsərlər arasında Sulu Fəqihin “Yusif və Züleyxa”, Yusif Məddahın “Vərqa və Gülşah” poemaları xüsusi yer tutur. “Yusif və Züleyxa” poemasının mövzusu Tövrat və Qurandan alınsa da, əsərdəki bir sıra motivlər xalq ədəbiyyatı və folklorla səsləşir. Canlı xalq danışıq dilində yazılmış “Vərqa və Gülşah” romantik poemasında iki sevən gəncin nakam məhəbbəti qələmə alınmışdır. Mövzusu şifahi xalq ədəbiyyatından götürülmüş bu əsər də öz süjet xətti və ideyası ilə Nizaminin “Xosrov və Şirin” poeması ilə yaxından səsləşir. Poemada qəhrəmanların təmiz və saf məhəbbəti, arzu və ümidləri, sevinc və kədərləri olduqca həyati və canlı şəkildə verilmişdir. Bəzi səhnələrin təsvirində müəllif Nizaminin “Leyli və Məcnun” poemasından istifadə etmişdir. Yusif Məddah da Nizami kimi qəhrəmanların məhv olmasının səbəbini dövrün feodal-patriarxal qanunqaydalarında görür və köhnə adət-ənənələrə qarşı öz etirazını bildirirdi.

XIV əsr Azərbaycan poeziyasında lirika janrı da mühüm yer tutur. Bu janrda yaranmış əsərlər də bir tərəfdən XII-XIII əsrlər yazılı ədəbiyyatın, digər tərəfdən isə şifahi xalq yaradıcılığının təsiri altında inkişaf edirdi. Bununla yanaşı, bu dövrdə çox geniş yayılmış sufi-panteist cərəyanlar, xüsusilə hürufilik təriqəti lirik şeirlər yazan şairlərin də elmi-fəlsəfi görüşlərində silinməz izlər buraxmışdır. Ona görə də bu şairlərin fəlsəfi lirikasında feodal zülmünə, soyğunçu müharibələrə, ədalətsizliyə, etiraz motivləri öz bədii ifadəsini mistik formada tapır.

Hürufilik təriqətinin əsasını məşhur şair və mütəfəkkir Şah Fəzlullah Nəimi Təbrizi (1339-1396) qoymuşdur. Öz fəlsəfi mahiyyəti etibarilə sufizm ilə üzvi surətdə bağlı olan hürufilik də Allahı ilkin, yaradıcı və mütləq bir qüvvə kimi qəbul edirdi. Bununla belə, hürufilər feodal istismarına, Teymurilər despotizminə qarşı çıxır, həmçinin ədalət, xeyirxahlıq, humanist ideyaları təbliğ etməyə, cəmiyyətdəki nöqsanları əxlaqi-mənəvi təkamül yolu ilə aradan qaldırmağa çalışırdılar. Nəimi hürufilik haqqındakı təlimini “Cavidannamə” əsərində şərh etmişdir. Burada o “öz varlığını və ümumiyyətlə, kamil insanı müqəddəsləşdirir, özünü mal-dövlət əndişəsi ilə məşğul olan zülmkarlara, qaniçən hökmdarlara yaltaqcasına xidmət edən riyakar və fitnəkar şəriət xadimlərinə qarşı qoyur. Məhz buna görə də hakim ruhanifeodalzümrələr Fəzlullahı və onun ardınca gedən hürufiləri kafir, din düşməni elan etdilər” (Azərbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1960, səh. 217).

Nəiminin qəzəl, tərcibənd, qitə və rübailərindən ibarət olan divanında sufizm ideyalarının təsiri, “ilahi məhəbbətin” tərənnümü əsas yer tutur. Onun, eləcə də başqa sufi şairlərin dilində “aşiq”, “məşuq”, “hüsn”, “yar” kimi sözlər məcazi mənada - “hüsni-mütləq”, “ruhi-mütləq” mənalarında işlənir. Beləliklə, dini-mistik təmayüllərinə baxmayaraq, bu dövrdə hürufilik yadelli işğalının və feodal zülmünün güclü etirazına, insanı müdafiə edib Allahla eyniləşdirməyin əsas boyasına, təzahür formasına çevrilir.

Lirik janrda yazan sufi şairlər sırasında XIII əsrin axırı, XIV əsrin əvvəllərində yaşayan Nəcməddin Əbubəkr Zərkub Təbrizini və onun müasiri Hümam Təbrizini də göstərmək lazımdır. Əgər birinci şairin yaradıcılığının ideya mənbəyi Nizami lirikası ilə bağlı idisə, ikincisi böyük məharətlə Sədi qəzəllərini təqlid edirdi.

Farsca yazan şairlər arasında epik şeirdə olduğu kimi, lirika janrında da Marağalı Əvhədinin əsərləri öz xəlqiliyi və humanist ideyaları ilə seçilirdi. Onun qəzəl, qəsidə, rübai və tərcibəndlərdən ibarət olan lirik şeirlər divanında ictimai-fəlsəfi, əxlaqi fikirlər əsas yer tutur. Bu şeirlərdə dövrün ağrılarından, hakimlərin ədalətsizliyindən doğan dərin ictimai kədər, insanları gözəlliyə və səadətə çağırış sədaları hiss olunur, dünyəvi məhəbbət insanı həyata bağlayan nəcib bir hiss kimi təsvir edilir. Əvhədi Yaxın Şərq ədəbiyyatında qəzəl janrının ən böyük ustalarından biri kimi tanınmışdır. Görkəmli İran şairi və filoloqu Məlik üş-şüəra Baharın fikrincə, bu janrda o, məşhur Hafiz Şirazidən belə geri qalmamışdır.

XIV əsr Azərbaycan poeziyasında ikidillilik - yəni həm fars, həm də Azərbaycan dillərində şeir yazmaq ənənəsi də davam edir. Görkəmli şair və sufi filosof Şah Qasım Ənvar (1356-1434) bir sıra qəzəllərini həm Azərbaycan, həm də fars dillərindən istifadə etməklə yazaraq, sanki bu ədəbi hadisənin simvolik formasını yaratmaq istəmişdir. Ənvarın istər divanında toplanan fars və Azərbaycan dilində yazdığı şeirlər, istərsə də “Ənis-ül-arifin” əsəri mahiyyət etibarilə sırf ürfani-fəlsəfi məzmun daşıyır. Dövrünün sultanlarından qorxmayan şair öz şeirlərində, həmçinin sufi təlimində insanları qardaşlığa və bərabərliyə çağırırdı. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri xurafat və ehkamlara etinasız yanaşır və bərabərləşdirici cəmiyyət ideyaları yayırdılar.

XIV əsrdə doğma ana dilində yazıb-yaradan şairlər içərisində görkəmli ədib və dövlət xadimi Qazi Bürhanəddinin əsərləri xüsusi yer tutur. Qazi Bürhanəddinin əsərləri həm insanpərvərliyi, nikbinliyi, mənəvi əxlaqi keyfiyyətləri, həm də forma, bədii dil baxımından orta əsrlərin sxolastik şeir normalarına zidd idi. Onun ruhoxşayan cazibədar şeirlərində xalq yaradıcılığına məxsus bir gözəllik, səmimiyyət və təravət vardır. Şairin lirik qəhrəmanı öz mənəviyyatı, etibarı, sədaqəti, həyatı, gözəlliyi duyması, mənliyini, vüqarını yüksək tutması ilə seçilir. Sonrakı dövr türkdilli şerimizin güclənməsində, onun xəlqilik və dünyəvi ideyalarla zənginləşməsində Qazi Bürhanəddin yaradıcılığının müsbət rolu olmuşdur.

Anadilli yazılı ədəbiyyatımızın həqiqi banisi, onu Yaxın Şərqin ənənəvi ədəbi dilləri səviyyəsinə yüksəldən isə İmadəddin Nəsimi (1369-1417) olmuşdur. Bu ölməz sənətkarın ədəbi fəaliyyəti haqqında “Azərbaycan klassik ədəbiyyatı kitabxanası”nın müvafiq cildində ətraflı məlumat veriləcəkdir. Burada isə biz yalnız bunu deməklə kifayətlənirik ki, Nəsiminin yaradıcılığı ona qədər əsasən fars dilində inkişaf edən klassik ədəbiyyatımızın doğma Azərbaycan dilinə keçməsi prosesində dönüş nöqtəsi oldu. Nəsimidən sonra gələn Azərbaycan şairlərinin əksəriyyəti bu böyük sənətkarın zəngin təcrübəsinə arxalanaraq öz ana dilində yüksək sənət əsərləri yaratmağa başladılar.

* * *

XIV əsrin sonlarında Azərbaycan yeni bir dəhşətli istilaya - Teymurləng istilasına məruz qalır. Ancaq 1405-ci ildə, bu amansız fatehin ölümündən sonra, onun sağ qalan iki oğlu və on yeddi nəvəsi arasında hakimiyyət uğrunda gedən daxili müharibələr Azərbaycan feodallarına ölkənin istiqlaliyyətini bərpa edib, öz müstəqil hakimiyyətlərini yaratmağa imkan verdi. Azərbaycanın şimalında müstəqil Şirvanşahlar, cənubunda Qaraqoyunlular, daha sonra isə (1467-ci ildən) Ağqoyunlular dövlətləri yarandı. Yaranmış vəziyyət ölkənin iqtisadi cəhətdən bir qədər dinc inkişafına, təsərrüfatın bərpasına, elmin və mədəniyyətin yüksəlməsinə kömək etdi. İncəsənətin müxtəlif sahələrində, xüsusilə rəssamlıq və memarlıqda müəyyən nailiyyətlər qazanılır.

Böyük şəhərlərdə elmin müxtəlif sahələrində fəaliyyət göstərən yeni ziyalılar nəsli yetişir. XV əsr Azərbaycan ədəbiyyatı tarixində türkdilli poeziyanın daha da inkişafı və çiçəklənməsi dövrüdür. Yerli Azərbaycan feodal dövlətlərinin yaranması, bu dövlətlərin Azərbaycan dilinə əhəmiyyət verməsi ədəbiyyatda da öz əksini tapır. Poeziyada Şərq şerinin bütün növlərini əhatə edən bir çox lirik və epik əsərlər meydana çıxır. Məhz bu dövrdən etibarən Azərbaycan ədəbiyyatında məhəbbət lirikası üstünlük təşkil etməyə başlayır. Hamidi, Həqiqi, Xəlili, Bəsiri, Kişvəri, Hidayət kimi şairlər qəzəl janrında böyük şöhrət tapırlar.

Şirvanşahlar sarayında yaşayan və fars dilində yazan Bədr Şirvani və bəzi başqa şairlər öz şeirlərində feodal hakimlərinin tərifinə geniş yer versələr də, XV əsr şairlərinin çoxu əsərlərində şəhər sənətkarlarının və əhalinin başqa yoxsul təbəqələrinin görüşlərini, arzu və istəklərini ifadə edir, hakim sinifləri, riyakar zahid və vaizləri, ümumiyyətlə, ruhaniləri tənqid edirdilər. Belə fikirlərini onlar ötəri şəkildə məhəbbət mövzusunda yazdıqları şeirlərdə ifadə edirdilər. Məhəbbətdə bərabərlik fikrini irəli sürən, real insani sevgini, dostluq və sədaqəti tərənnüm edən bu şairlər məhəbbətə fəlsəfi məna verərək, dünyanın, həyat və təbiətin sirlərini eşq, sevgi ilə izah etməyə çalışırdılar. Məhəbbət məfhumundan hakim təbəqələrin mənafeyini müdafiə edən və feodal-ruhani görüşlü şairlər də geniş istifadə edirdilər. Lakin onlar bəşəri məhəbbəti ilahi məhəbbətlə, daha sonralar isə “dinə və din xadimlərinə olan məhəbbətlə” əvəz edirdilər.

Əsrin birinci yarısında lirik janrda yazıb-yaradan şairlərdən Cahanşah Həqiqinin, ikinci yarısında yaşayan şairlərdən isə Kişvərinin yaradıcılığı diqqəti daha çox cəlb edir. Qaraqoyunlular dövlətinin banisi Qara Yusifin oğlu Mirzə Cahanşah Həqiqi (1397-1467) bacarıqlı bir dövlət xadimi olduğu kimi, istedadlı şair kimi də şöhrət qazanmışdır. Onun divanı Azərbaycan və fars dillərində yazdığı qəzəl və rübailərdən ibarətdir. Şeirlərindən görünür ki, şairin dünyagörüşünün və sənətkarlıq  xüsusiyyətlərinin formalaşmasında Nəsimi şeirinin böyük təsiri olmuşdur. O, qəzəllərində Fəzlullah Nəiminin də adını hörmətlə çəkir, özünü onun müridi hesab edir. Həqiqi qəzəllərində “insani eşq, gözəlliyə pərəstiş, həyata bağlılıq, sədaqət humanizm və sair bu kimi ümumbəşəri hisslər öz əksini tapmışdır” (L.Hüseynzadə. Mirzə Cahanşah Həqiqi. “Şeirlər”, səh. 10).

Əsrin ən görkəmli şairi isə ədəbi irsi lazımınca öyrənilməyən Kişvəri olmuşdur. Kişvəri şeirlərində güclü azadlıq meylləri və həyat eşqi duyulur. O, insanları ömrü mənalı keçirməyə, həyatın gözəlliklərindən zövq almağa çağırır. Sadə xalq danışıq dilindən bacarıqla istifadə edərək yazdığı qəzəllərdə şair real, həyati məhəbbəti tərənnüm edir. Heç bir dini təriqətə qoşulmayan sənətkarın şeirlərində bədii, fəlsəfi ümumiləşdirmələrlə yanaşı həyatilik, gerçəkliyə bağlılıq var. Bəzən isə şair həyatdan, dövrün ədalətsizliklərindən şikayətlənir:

Məni ta ruzgari-səngdil ayırdı yarımdan,

Nə gördüm ruzi-xoş hərgiz, nə xoşluq ruzigarımdan.

Kişvəri şeirlərində məşhur özbək şairi Əlişir Nəvainin təsiri duyulmaqdadır. Bu isə onun nəinki özünə qədərki anadilli poeziyadan, həm də ümumi türkdilli ədəbiyyatın ən mütərəqqi və böyük şairlərindən də bəhrələnməsinin sübutudur.

Bu dövrdə epik əsərlər yaratmaq ənənəsi də davam edir. Nizami “Xəmsə” sinin təsiri ilə fars dilində yazılan poemalarla (Əşrəfin “Xəmsə”, Salim Təbrizinin “Leyli və Məcnun” əsərləri) yanaşı, Azərbaycan dilində də bir neçə epik əsərlər yaranır. Azərbaycan şairləri Şərqdə geniş yayılmış “Yusif və Züleyxa” mövzusuna daha çox müraciət edirlər. Bu mövzuda yazan şairlərdən Xətayi Təbrizi, Şəms, Xəlifə Təbrizi və Salim Təbrizini göstərmək olar. Bunların arasında öz ideyası və xarakterləri ilə Şəmsin “Yusif və Züleyxa” poeması xüsusi yer tutur. Burada müəllif ata və oğul məhəbbəti, aşiq sevgisinin qüdrəti, saf əxlaq kimi bir sıra həyati məsələlərdən bəhs edir, yaratdığı bir silsilə dolğun insan obrazlarının köməyi ilə bu məsələlərin həllinə çalışır. Əsərdə paxıllıq, tamahkarlıq, böhtan kimi mənfi keyfiyyətlərin tənqidinə də xüsusi fikir verilir.

Bütün bu deyilənlər göstərir ki, XV əsrdə Azərbaycan poeziyası keyfiyyət etibarilə yeni bir pilləyə qalxır, həm lirika, həm epik şeir sahəsində bir sıra gözəl sənət nümunələri yaranır. Bununla yanaşı, ölkənin daxilində hakimiyyət uğrunda gedən mübarizələr və başqa hadisələr poeziyanın inkişafına mənfi təsir göstərir, onun vüsətini məhdudlaşdırırdı.

* * *

XV əsrin ikinci yarısında Azərbaycanda feodal dövlətlərinin zəifləməsi, feodal pərakəndəliyinin və ara müharibələrinin güclənməsi müşahidə olunur. Xalq kütlələrinin antifeodal hərəkatı genişlənməkdə idi. Bu hərəkat obyektiv olaraq əhalinin daxili müharibələrdə və feodalların özbaşınalığına son qoymaq, mərkəzləşmiş qüvvətli dövlət yaratmaq tələbatını əks etdirirdi. XVI əsrin əvvəllərində ölkədə vahid Azərbaycan dövləti qurmaq üçün əlverişli şərait yaranmışdı. Bu şəraitdən bacarıqla istifadə edən Səfəvilər sülaləsi XVI əsrin əvvəllərindən hakimiyyəti öz əllərinə alıb, qüdrətli vahid Azərbaycan dövləti yaratmağa müvəffəq oldular.

Mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması ölkənin siyasi, iqtisadi vəziyyətində olduğu kimi, mədəni həyatında da yüksəlişə səbəb oldu. Elmin müxtəlif sahələrinə aid yeni əsərlər yaranır. Marağa rəsədxanası bərpa olunur. İncəsənətin inkişafında daha böyük nailiyyətlər qazanılır. “Şərqin Rəfaeli” kimi şöhrət tapmış Kəmaləddin Behzad (1455-1535) və dövrün digər görkəmli sənətkarlarından dərs alan bir dəstə istedadlı azərbaycanlı rəssam XVI əsrin ortalarında Təbrizdə orijinal və yüksək yaradıcılıq xüsusiyyətlərinə malik olan rəssamlıq məktəbi yaradır. Dövrün mühüm hadisələrini əks etdirən çoxlu tarix və təzkirə kitabları yazılır. Dövrün alim və sənətkarlarınınyaradıcılığı əhatə dairəsinin genişliyi və rəngarəngliyi ilə seçilir.

XVI əsr Azərbaycan poeziyası bundan qabaqkı əsr şerinin mütərəqqi ənənə və meyllərinin bilavasitə davamı və daha yüksək mərhələsi kimi meydana çıxır. Sənətkarlığın, xüsusilə şeir texnikasının son dərəcə güclənməsi, zəngin, çoxcəhətli obrazların yaranması, fəlsəfi fikrin, dünyəvi ideyaların və ictimai motivlərin daha da inkişafı bu dövr poeziyasının başlıca cəhətləridir. Səfəvilər dövlətinin Azərbaycan dilindən dövlət dili kimi istifadə etməsi, xüsusilə bu dövlətin banisi Şah İsmayılın öz ana dilində gözəl şeirlər yazması poeziya sahəsində də Azərbaycan dilinin hakim mövqe tutmasını təmin edir. Burada görkəmli şərqşünas İ.S.Braginskinin aşağıdakı fikrini də göstərmək sözsüz yerinə düşərdi: “Bizə belə gəlir ki, ərəb, fars və türk ədəbiyyatları əlaqələri sayəsində VII əsrdən XVI əsrədək ədəbi hegemonluğun özünəməxsus bir şəkildə ərəbdilli ədəbiyyatdan (VII-IX əsrlər) farsdilli (X-XIV əsrlər), sonra isə türkdilli (XV əsrdən etibarən: Nəvai, sonra Füzuli və b.) ədəbiyyata keçməsi baş vermişdir”.

Yeri gəlmişkən, bunu da qeyd etmək lazımdır ki, bəzi tədqiqatlarda XVI əsr Azərbaycan poeziyasının təqlidi xarakter daşıması haqqında rast gələn fikirlər düzgün deyil. Azərbaycan şairləri farsdilli klassik ədəbiyyatın təcrübəsindən yaradıcı surətdə istifadə edərək, onu milli xalq ədəbiyyatından gələn ideya, süjet və poetik ünsürlərlə zənginləşdirir, orijinal sənət əsərləri yaradırdılar. Xəzaninin aşıq qoşmalarını xatırladan və heca vəznində yaratdığı şeir parçaları, Şah İsmayılın məhəbbət mövzusunda yazdığı əsərləri buna gözəl misal ola bilər. Həmçinin Füzulinin nəinki Azərbaycan bədii fikir tarixinə, eləcə də türkdilli xalqların ədəbiyyatına bir çox yeni və gözəl keyfiyyətlər gətirməsi məlumdur.

XVI əsrdən başlayaraq klassik Azərbaycan ədəbiyyatında eyni zamanda həm Azərbaycan, həm də fars dilində (bəzən də həmçinin ərəb dilində) şeir yazmaq halı bir növ ədəbi normaya çevrilir. Bununla belə, bu dövrdə yazan şairlərin demək olar ki, hamısının yaradıcılığında ana dili üstünlük təşkil edir. Bu, hər şeydən əvvəl, Azərbaycan poeziyasında şeir texnikasının, poetika qanun-qaydalarının cilalanması və yüksək bir səviyyəyə çatmasının nəticəsi idi. Azərbaycanlı şairlərin eyni zamanda fars dilində də şeirlər yazmasının səbəbini isə bu halın artıq ənənə şəkli alması və XI-XIV əsrlər güclü farsdilli poeziyasının onlara təsiri ilə izah etmək lazımdır.

Əsrin ədəbiyyatının səciyyəvi xüsusiyyətlərindən biri də şeirə, sənətə olan marağın olduqca artması, poeziyanın təsir dairəsinin genişlənməsi idi. Hətta əmirlər, xırda şəhər sənətkarları, məmurlar və ruhanilər belə şeir yazmağa cəhd edir, ədəbiyyatla maraqlanırdılar. Aydındır ki, bunların heç də hamısı peşəkar şair olmayıb, əslində şeir həvəskarları idilər. Ancaq onların arasından görkəmli sənətkarlar da çıxırdı. Səfəvi hökmdarlarının şiə məzhəbini təbliğ etməsi ilə əlaqədar olaraq dövrün poeziyasında bəzən dini motivlər, sufi-şiə, həmçinin hürufilik ideyaları da öz əksini tapırdı. Ancaq istedadlı şairlər bu maneələri aradan qaldıraraq, müəyyən dərəcədə mistik formada olsa da dünyəvi hissləri, mənəvi-ruhani keyfiyyətləri tərənnüm edirdilər.

Mütərəqqi şairlərin yaradıcılığında məhəbbət lirikası və fəlsəfi şeir aparıcı rol oynayırdı. Həbibi, Süruri, Tüfeyli, Həqiri, Gülşəni, Xəlili, Şahi, Fəzli, Xəzani, Rəhməti kimi şairləri xalqın arzu və əməllərinə rəğbət, feodal-saray ədəbiyyatının təmtəraqlı mədhiyyəçilik üslubundan qaçmaq, ehkampərəstliyə etiraz səsi, xalq ədəbiyyatına yaxınlıq kimi ümumi keyfiyyətlər birləşdirirdi. Öz ana dilində yazan bu və bir çox başqa sənətkarlar ərəb və fars dilində yaranmış lirika səviyyəsində dayanan divanlar yaradır, azad fikirlilik, mənəvi ideyaları təbliğ edirdilər.

XVI əsrdə Azərbaycan xalqının başqa türk xalqları ilə ədəbi əlaqələri də xeyli genişlənir. Hələ XV əsrin ikinci yarısında özbək intibah mədəniyyətinin qüvvətli təzahürü və Nəvai ədəbi məktəbinin geniş şöhrət tapdığı zamanda Herata gələn azərbaycanlı şairlər Səfəvilər dövründə vətənə qayıtdıqdan sonra öz əsərlərində özbək mədəniyyətinin nailiyyətlərindən, Nəvai irsindən bacarıqla istifadə edirdilər. Belə şairlərdən Ziyayi, Xülqi, Allahi, Bəsirini göstərmək olar.

XVI əsrdə Süruri, Bidari, Səhabi, Pənahi, Xəlifə, Xəzani, Hafiz, Mir Qədri, Həsini, Qasimi, Gülşəni, Arifi, Matəmi kimi şairlər isə müxtəlif səbəblər üzündən Türkiyəyə köçməli və yaradıcılığının müəyyən bir hissəsini orada davam etdirməli olmuşlar. Bu şairlərdən çoxu hələ öz sağlığında böyük hörmət qazanmış və Türkiyə ədəbiyyatına, sənətinə təsir etmişlər (Azərbaycan ədəbiyyatı tarixi, I c., Bakı, 1960, səh. 300).

Dövrün ən görkəmli nümayəndələrindən biri - qəzəlləri uzun müddət Yaxın Şərq şairləri üçün nümunə olan, XV əsrin sonu XVI əsrin əvvəllərində yazıb-yaratmış Həbibi idi. Şairin əldə olan qəzəlləri içərisində dostluq və gözəlliyin tərənnümünə və aşiqanə duyğuların ifadəsinə həsr edilmiş şeirlər üstünlük təşkil edir. Füzuli kimi böyük bir şairin onun:

Gər səninçün qılmayam çak, ey büti-nazikbədən,

Gorum olsun bu qaba əynimdə pirahən-kəfən

- misraları ilə başlayan qəzəlinə nəzirə yazması Həbibinin orijinal poetik üslubunun, dərin həyati duyğularının və obrazlı ifadələrinin sonrakı dövr poeziyamıza təsir göstərməsinin aydın sübutudur.

Əsrin birinci rübündə yazıb-yaratmış ən görkəmli sənətkarlardan biri də Şah İsmayıl Xətayi idi. Xətayinin yaradıcılığında dini-siyasi motivlərə tez-tez rast gəlinsə də,  şairin belə əsərlərində mübariz bir ruh, əzəmət, qürur hissi vardır. Məhəbbət mövzusunda yazdığı qəzəllər şifahi xalq şerindən, həyatdan gələn meyllərin təsiri ilə yeni məzmun, yeni xüsusiyyət kəsb edir, sadəliyi və oynaqlığı ilə seçilir. Şair xalq şerinə rəğbətlə yanaşaraq qoşma, gəraylı, bayatı janrlarında da gözəl şeirlər yazmışdır.

Xətayinin yaradıcılığında epik əsərlər - “Nəsihətnamə” məsnəvisi və “Dəhnamə” poeması da mühüm yer tutur. Didaktik mahiyyət daşıyan bu əsərlərdə şair şiə görüşlərinin təbliği ilə yanaşı, oxucularına sədaqət, mübarizlik, iradəlik kimi keyfiyyətlər aşılamaq istəmişdir. Ədəbi irsinin mühüm bir hissəsini xalq ədəbiyyatı ənənələri əsasında - heca vəznində, xalq şeiri formasında yazan Xətayi şəxsiyyəti və yaradıcılığı ilə özündən sonrakı Azərbaycan mədəniyyəti üzərində dərin izlər buraxmışdır.

Ənənəvi mövzuda yazılmış, lakin həmin mövzuya müəyyən fikri və üslubi yeniliklər gətirmiş epik əsərlər sırasında Həqirinin və Zəmirinin “Leyli və Məcnun” poemalarını qeyd etmək lazımdır. Həqirinin əsəri Azərbaycan dilində “Leyli və Məcnun” mövzusunda yazılmış ilk poemadır. Poema Nizaminin, Əmir Xosrov Dəhləvinin, Hatifinin eyni adlı əsərlərinin təsiri altında nəzmə çəkilsə də, “qayəsi, ideya  istiqaməti, obrazlarının özünəməxsus səciyyəsi, ruhu, nəhayət, dili və üslubu etibarilə orijinal sayıla bilər”.

Hələ XIII əsrdən başlayaraq inkişaf etməkdə olan türkdilli Azərabyacan poeziyası ictimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub cəhətindən XVI əsrdə Füzuli (1494-1556) qələminin qüdrəti ilə özünün ən yüksək kamillik dərəcəsinə çatır. Azərbaycan, ərəb və fars dillərində klassik poeziyanın bütün forma və janrlarında ölməz əsərlər yaradan bu böyük şair öz dövrünün məsələlərinə demokratik mövqedən yanaşmış, yaradıcılığının sinfi və tarixi məhdudluğuna baxmayaraq, bütün Yaxın Şərq ədəbiyyatının XVI əsrdə dünya mədəniyyəti xəzinəsinə daxil olan ən mütərəqqi əsərlərini yaratmışdır. Azərbaycan ədəbi dilinin qəti şəkildə formalaşması bu böyük dahinin çoxcəhətli ədəbi fəaliyyətinin nəticəsi olduğu kimi, sonrakı əsrlər klassik ədəbiyyatımızın inkişafı da onun adı ilə bağlıdır.

* * *

Bütün bu yuxarıda deyilənlər aydın göstərir ki, XIII-XVI əsrlər Azərbaycan poeziyası özünəməxsus spesifik, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. Əgər farsdilli poeziyamız hələ XII əsrdə Nizami dühası ilə öz yüksək inkişaf zirvəsinə çatmışdırsa, anadilli şerimiz həmin səviyyəyə XVI əsrdə Füzuli sənətinin qudrəti ilə yüksəlmişdir. XIII-XV əsrlər Azərbaycan şeiri özünəməxsus bütün xüsusiyyətlərinə baxmayaraq, əsasən klassik farsdilli poeziyanın təcrübəsini mənimsədiyi halda, XVI əsrdən etibarən bu ədəbiyyat öz milli çərçivəsindən kənara çıxmağa və artıq Yaxın Şərq xalqlarının şeir sənətinə təsir göstərməyə başlayır.

Əgər bu ədəbiyyat öz genetik kökləri ilə qədim türk xalqlarının şifahi xalq yaradıcılığı ilə, rabitə əlaqəsi ilə isə Yaxın Şərq xalqları ədəbiyyatı ilə bağlı idisə, tipoloji baxımdan İntibah mədəniyyətinə uyğun gəlirdi. Axırıncı əlaqə forması klassik dövr poeziyamızın mahiyyətini və məfkurə istiqamətini müəyyənləşdirmək cəhətindən

başlıca şərtdir. Bu ədəbiyyat orta əsrlər şəraitində yaranıb inkişaf edən, lakin öz mahiyyətilə feodalizm cəmiyyətinin ruhuna zidd olan, xalqın arzu və azadlığını, insani ləyaqətini yüksəklərə qaldıran humanist poeziya idi. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Füzuli kimi öz dövrünün ən mütərəqqi və savadlı ziyalıları real həyatın gözəlliklərini, bəşəri məhəbbəti, azad fikirliliyi, dostluq və sədaqəti tərənnüm edirdilər. Məhz bu xüsusiyyətlərinə görədir ki, orta əsrlər Azərbaycan poeziyası bu gün belə öz ecazkar təsir qüvvəsini, gözəllik və təravətini itirməmişdir.

Cahangir Qəhrəmanov, Kamil Allahyarov 

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005, 408 səh.   

Xəbərlər
Redaktorun seçimi