“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 18:15
1774

Sarı Aşıq (XVII əsr)

A- A+

Sarı Aşıq XVII əsrdə yaşamış ustad aşıqlarımızdandır. Daha çox yüksək poetik formada yazılmış cinas qafiyələri bayatıları ilə məşhurdur. XVI əsrdə yaşaması haqqında da fikirlər mövcuddur.

Əsl adı, doğulduğu və yaşadığı yer haqqında fikir birliyi yoxdur. XIX əsrin təzkirəçisi Qaradağinin mülahizəsinə görə, şair əslən Qarabağın Zəngəzur mahalında, Həkəri çayının sahilində - Güləbird kəndində yaşamışdır. Təzkirədə adı çəkilən Güləbird kəndi indiki Laçın rayonunun ərazisindədir.

Ən məşhur ustad aşıqlardan biri kimi, Sarı Aşıq haqqında da dastan vardır.

* * *

Sarı Aşığın bayatı dünyası

Azərbaycan aşıq ədəbiyyatında qüdrətli söz sərrafı, bayatı ustası kimi adını tarixin yaddaşına yazan Sarı Aşıq o sənətkarlardandır ki, hər bayatısı söz xəzinəmizin qızıl kərpiclərindəndir və onun zəngin irsi ilə hər xalq, hər millət öyünə bilər.

İllərin, əsrlərin o üzündə Sarı Aşıq adlı bir haqq aşığı yaşardı. O da bütün bəndələr kimi Allahın verdiyinə şükür edər, sabahdan ümid dilərdi.

Ancaq Yaradan onu ilahi məhəbbətlə imtahana çəkdi, aşıq nakam məhəbbətdən kərpic-kərpic söz sarayı tikdi.   

   Mən aşığam hasarı,

   Sınıq könlüm hasarı.

   Aşıq dərddən ev tikmiş,

   Qəmdən çəkmiş hasarı.    

Günümüzə və gün üzünə gəlib çıxan rəvayətlərə görə, qüdrətli el sənətkarı, saf məhəbbət, zərif duyğular ustadı Sarı Aşıq XVII əsrdə Laçının Güləbird kəndi yaxınlığında yaşamış, bayatıları yaranmış, elə o torpağa da qovuşmuşdur. Sarı Aşığın o yerdə yaşamasını bayatıları da təsdiq edir:   

   Aşiqəm Güləbirdə,

   Şeh qonub gülə bir də.

   Bir quş olub uçaydım

   Düşəydim Güləbirdə.      

Sarı Aşıqdan söz açan ilk yazılı qaynaq isə Əndəlib Qaracadağinin “Təzkirəyi-Qaradaği” əsəridir.

Bir sıra əsərlərdə Aşıq Qərib, Yetim, Qurbanəli, Abdulla, Nəbi adı ilə tanınan Sarı Aşığın əsl adı Sarı olmuş, Yaxşı adlı bir qıza aşiq olandan sonra “Aşiq” təxəllüsü ilə tanınmış, bayatı janrının ləlini, gövhərini, incilərini yaratmışdır. Dünyanın ən nizamlı, ən kövrək, ən sərrast, ən ustad bayatıları məhz Sarı Aşığın adı ilə bağlıdır.   

   Aşığındır Sarı qız,

   Sarı köynək, sarı qız,

   Sinən tabutum olsun,

   Saçın ilə sarı qız.   

Bugünümüzə gəlib çatan rəvayətlərə görə, Sarı Aşıq gözəl saz çalar, yanıqlı səsi könüllərə od salar, ocaq çatar, qəlbindən qopan bayatıları könülləri yerindən oynadar, eldən-elə, obadan-obaya yayılarmış.

Vaxt, vədə yetişəndə ağlı, istedadı ilə tay-tuşları arasında sayılıb-seçilən haqq aşığı Maqsudlu şenliyinin qənirsiz gözəli Yaxşıya aşıq olur. Nə biləydi ki, eşq böyük bəlasız, qurbansız ötüşmür.    

   Mən Aşiq o yar mənim,

   Qəm bağrım oyar mənim.

   Məkkəmdir, Mədinəmdir,

   Kəbəmdir o yar mənim.   

Sarı Aşıqla Yaxşının ilahi sevgisinin sorağı tezliklə hər tərəfə yayılır, dildə-dodaqda gəzir.    

   Aşıq birinnən gərək,

   Sədəf dürünnən gərək.

   Dünyada gözəl çoxdu,

   İlqar birinnən gərək.   

Sarı Aşığın atası Qaramanlı tayfasından olan Qara İbrahimlə Yaxşının atası Maqsudlu Salman bəy arasında örüş üstə dava düşür, Yaxşının qardaşı Fərman Sarı Aşığın atası Qara İbrahimin xəncərinə tuş gəlir.

İki ailə arasında qan düşmənçiliyi yaranır. Bu hadisə sevgililəri bir-birindən ayırır. Yaxşının qardaşı Yaman qan-qan deyib, Aşığa qənim kəsilir:   

   Aşıq yamana gələ,

   Dərdin yamana gələ.

   Yaxşı yaxşıya gedə,

   Yaman yamana gələ.   

Yaxşı bu sitəmə, bu ayrılığa dözmür. Onun ölümü Sarı Aşığın bütün dünyasını dağıdır.     

   Mən aşiq ağla barı,

   Gözlərim, ağla barı.

   Ayrılıq yəqin oldu,

   Yar, döşən, ağla barı.   

Deyilənlərə görə, saf, pak bir eşq sahibi olduğu üçün Yaxşı öləndə onu uşaq qəbiristanlığında dəfn edirlər. Yaxşının məzarı önündə Sarı Aşıq diz çökür, məzarı başında pərvanələr kimi dolanır. Yaxşının ölümündən sonra Aşıq çox yaşamır.

Rəvayətə görə, Sarı Aşıq vəsiyyət edir ki, öləndə onu atına sarısınlar, at gedib harada dayansa, onu orada dəfn etsinlər. Belə də olur, at gedib dağın döşündə elə yerdə dayanır ki, Həkərinin sağ sahilində Sarı Aşığın məzarı, sol tərəfində Yaxşının məzarı üz-üzə dayanır.   

   Mən aşıq tərsinə qoy,

   Tər təni tərsinə qoy.

   Yaxşını qibləsinə,

   Aşığı tərsinə qoy.   

Sarı Aşığın ilham pərisi Yaxşı olsa da, təbiət lövhələri, vətənə, torpağa, yurda sonsuz sevgisi bəşəri və əzəlidir. Sənətkar kimi xoşbəxtliyi ondadır ki, onun bayatıları insan hisslərinin, təbiət lövhələrinin canlı heykəlidir.     

   Bu dağlar qoşa dağlar,

   Verib baş-başa dağlar.

   Yarım səndə gəzibdir,

   Səni min yaşa dağlar!   

Tarixin daş yaddaşı zaman-zaman insanların yaddaşına köçür. Sarı Aşıq böyük bir xalqın ədəbiyyatında qüdrətli söz sərrafı, bayatı ustası kimi yaşayır. Ancaq yenə də yamanlar aşığın müqəddəs ruhunu rahat buraxmır. Sarı Aşığın məqbərəsi, sevgilisi Yaxşının qəbri düşmən əlində inləyir. Sarı Aşığın narahat ruhu bizi səsləyir:   

   Aşıq, vətən yaxşıdı,

   Köynək kətan yaxşıdı.

   Qəriblik cənnət olsa,

   Yenə vətən yaxşıdır.   

Vaxtından və zamanından asılı olmayaraq Sarı Aşığın kövrək, həzin, zərif bayatıları dilinin gözəlliyi, sözünün qüdrəti, duyğularının saflığı, müqəddəsliyi ilə bizi zaman-zaman heyrətləndirəcək.    

Təranə Vahid,

“Mədəniyyət” qəzeti, 01.04.2011

* * *

Qoşmalar

 

Şikar edib tutdum bir şahi tərlan,

Sən etdin ağlımı zail, a Yaxşı!

Səni sevən keçər canü-sərindən,

Olar camalına mail, a Yaxşı!

 

Məhəbbəti olan istər sazını,

Mən çəkərəm hər dəm sənin nazını.

Şəmsü-Qəmər kimi görkəz üzünü,

Gün təki aləmə yayıl, a Yaxşı!

 

Qaşların bir oxdu, kirpiyin almaz,

Haramdan oxlasan, oram sağalmaz.

Gedər bu gözəllik, sənə də qalmaz,

Əgərçi sərxoşsan, ayıl, a Yaxşı!

 

Məni sənə aşiq etdi yaradan,

Seyraqubu haqq götürsün aradan.

İstəyirsən xəbər tutgil Saradan,

Yollarında mənəm sail, a Yaxşı!

* * *

Bir namə yazmışdı gözəllər şahı,

Gəldi məni-mübtəlaya yetişdi.

Guşeyi-külahım fəxri-namədən,

Çərxə dəyib, Məsihaya yetişdi.

 

Şəhbazi-aləmdən istərəm səni,

Xudanı sevərsən, unutma məni,

Guya ki, Yusifin gül pirəhəni,

Gəldi Yəqub binəvaya yetişdi.

 

Sən qərib aşiqin qibləgahısan,

Məlamət mülkünün padişahısan,

Aşiqi-sadiqin sən pənahısan,

Səadətin Sürəyyaya yetişdi.

* * *

Gəldi qasid, dedi mən biqərara,

Şuxi-dilrübanın iztirabı var,

Şöleyi-ah Sürəyyadan keçibdi,

Gündüz nə arami, nə şəb xabı var.

 

Bu xəbər ki, yetdi mən dili-zara,

Xalqdan mən özümü çəkdim kənara,

Ağlayıb yalvardım pərvərdigara,

Dərdimin nə həddi, nə hesabı var.

 

Nə xoş çəkib səni nəqqaşi-əzəl,

Qəza şövkətinə vermisən xələl,

Gözəllikdə sənsən şəxsi-bibədəl,

Hərçəndi-fələkin afitabı var.

 

Xəm qılıb qamətin fələk aşikar,

Rüyəti camalın çəkər intizar,

Dolanır başına hər leylü nahar,

Əlində təsəddüq1 mahi-tabı var.

* * *

Bayatılar

 

Mən Aşıq, yara bağlar,

Yar meylin yara bağlar.

Yaramı yar bağlasın,

Yar yaxşı yara bağlar.

 

Bu bulud yağın eylər,

Şam yanar, yağın eylər,

Bir çıraq haqdan yansa,

O çıraq yağı neylər?

 

Mən Aşığam, gündə mən,

Kölgədə sən, gündə mən.

Qurban ildə bir olar,

Sənə qurban gündə mən.

 

Aşıq bir buğda gördü,

Buğdanı dağda gördü,

Gözəli Çanaqlıda,

İgidi Tuğda gördü.

 

Mən Aşıq, ağzındayam,

Aləmin ağzındayam.

Əslim Qarabağlıdır,

Məzməzək ağzındayam.

 

Mən Aşıq, ay qır ağı,

Heç olmaz ay qırağı.

Açıldı bulud zülfün,

Göründü ay qırağı.

 

Aşıq naşı əlindən,

Ağlar naşı əlindən.

Yastıq şikayət eylər

Gözüm yaşı əlindən.

 

Mən Aşıq qaşı-qaşı,

Bişirər qaşıq aşı.

Aşığı yoldan eylər,

Yaxşının qara qaşı.

 

Aşığam, Yaxşı qala,

Ocağı yaxşı qala.

İstərəm bu dünyada,

Pis ölə, yaxşı qala.

 

Mən Aşıq Mirov səndən,

Heç getməz qırov səndən.

Yüz il ovçuluq etdim,

Vurmadım bir ov səndən.

 

Aşıq min ayə gələ,

Qurban Min ayə gələ,

Sənsiz qərarım gəlməz,

Göydən min ayə gələ.

 

Mən Aşığam, lələ mən,

Qəflətdəyəm hələ mən.

Dərddən, qəmdən, hicrandan

Bağlamışam şələ mən.

 

Mən aşıq, zarı canım,

Saralıb sarı canım.

Səndən ayrı düşəli

Qalmayıb yarı canım.

 

Şirvanda Qəbələ var,

Şəki var, Qəbələ var.

Hicran düşkünü Aşıq,

Əlində qəbalə var.

 

Aşıq ilahi neylər,

Gərdən sürahi neylər.

Sən orda dur, mən burda,

Görək ilahi neylər.

 

Mən Aşıq, qara baxtım,

Ağ baxtım, qara baxtım.

Sinən yadıma düşdü,

Dağlarda qara baxdım.

* * *

Mənbə:

Azərbaycan klassik ədəbiyyatından seçmələr. Üç cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005, 456 səh.

 

Xəbərlər
Redaktorun seçimi