Yusif Qarabaği (1570-1645)
Fəlsəfə, məntiq, fiqh elmləri və poeziya sahəsində məşhur olan Yusif Məhəmmədcan oğlu Qarabaği 1570-ci ildə Bərdə şəhərinin yaxınlığında, Tərtər çayının sağ sahilində yerləşən Mehribanlı kəndində anadan olmuşdur. O, ilkin çağlarda şeirlə maraqlanmış, şeirlərini Yusif Mehribani təxəllüsü ilə yazmışdır.
Onun yaşadığı dövrdə hakimiyyət Səfəvilər dövlətinə mənsub idi. Azərbaycanı inzibati ərazi bölmələri ilə adlandırırdılar. Arazdan ta Gəncəbasar tərəflərə qədər Qarabağ bəylərbəyliyi adlandırılırdı.
Yusif Qarabağinin atası Məhəmmədcan dövrünün tanınmış ilahiyyatçısı idi. O, Yusifin təhsili ilə özü məşğul olduqdan sonra oğlunu İranaaparmış, orada dövrünün böyük alimi olan Həbibulla Mirzəcan Şirazinin məktəbinə qoymuşdu.
Lakin alim İranda çox qala bilməyib müəllimi ilə birgə Orta Asiyanın şəhərlərinə mühacirət etmişdir. O, əvvəlcə Şərqin mühüm elm mərkəzlərindən biri olan Səmərqənddə yaşadıqdan sonra Buxara şəhərinə köçür. Bu şəhərdə orijinal əsərlər və təsvirlər yazır.
Yusif Qarabağinin elmi və fəlsəfi əsərləri orta Asiyada Mövlana Yusif Qarabaği adı ilə nəşr edilirdi.
Bu zaman Buxara əmiri İmamqulu Bahadur xan idi. Bahadur xan yüksək şeir təbinə malik şəxsiyyət olduğundan bizim alim Yusif Qarabağini də hörmətlə qarşılamış, onunla dostluq etmişdir.
Yusif Qarabaği şeir deməkdə yüksək təbə və istedada malik idi. Onun qəsidələri bədii sənətkarlıqla dolu olmuş və əvvəldən axıra kimi nadir və məzmunlu qafiyələrlə bitmişdi.
Alimin əsərlər külliyatından Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda əsas aşağıdakılar qorunub saxlanılır:
1950-1951-ci ildə ərəb dilində yazılmış “Xanəngah haşiyəsi” əsəri;
Buxara şəhərində yazılmış “Anlaşılmayan məsələləri birtərəf haqqında tamamlayıcı təsvirləri” əsəri;
Ərəb dilində yazılmış “Vaqifin (zərurətin) sübutu haqqında” traktatın şərhi;
“Nur saraylarının şərhi olan nur mənzəhələrinə haşiyə”;
Ərəb dilində yazılmış “Tənzib” kitabının şərhinə haşiyəi;
“Varlıq fəlsəfəsi” kitabına haşiyəi.
Göstərilən əsərlərdən əlavə, alimin 10 mükəmməl əsəri də var ki, Özbəkistan EA-nın Əlyazmalar Fondunda saxlanılır. Bu əsərlər həm ərəb, həm də fars dilində olduğundan gənc alimlərimiz onların tədqiqatı ilə məşğul olmaqda çətinlik çəkirlər.
Yusif Qarabaği 1645-ci ildə vəfat etmişdir. Qarabağinin qəbri Buxara şəhərinin cənubundakı Sefid Muy adlı kənddə Baba Şoqi Pərəluz darvazası yaxınlığındadır.
Gün o gün olsun ki, Yusif Qarabağinin əsərləri Azərbaycana gətirilib tərcümə olunsun, xalqımız bu mənbələrdən bəhrələnsin.
* * *
Mənbə:
Əliyev Ə. “Bərdə” qəzeti, 1991, 2 noyabr.
“Bərdə və bərdəlilər” (Bibliоqrafik məlumat kitabı, tərtib edəni Xuraman Ismayılоva) – Bakı, «Nərgiz» nəşriyyatı, 2010, – 448 səh.