Məhəmməd Qarabaği (? - 1535)
Məhəmməd Qarabaği filosof və ilahiyyatçı olub. XV əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, “hənəfi” adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstanbulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib.
Məhəmməd Qarabağinin fəlsəfəyə dair “Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat”ı və digər şərhləri Qahirənin “Xədiviyyə” kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur.
Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (XII əsr) ilahiyyata dair “İmamların başlanğıcı” əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Qarabağinin “Mühazirələr” kitabı onun haqqında söhbət açan bütün müəllifləri özünə cəlb edib. Əsərdə 23 dini, fəlsəfi, etik, siyasi məsələdən bəhs olunur. Dünyanın müxtəlif şəhərlərində “Mühazirələr” kitabının on beşdən çox əlyazması nüsxəsi saxlanılır. Onlardan ən qədim nüsxə 1571-ci ilə aiddir və Türkiyədə saxlanılır. “Filosofların təkzibi” əsəri Əl Qəzali ilə İbn Rüşdün eyni adlı deyişməsinə xitabən yazılıb. Onun mübahisə etmək qaydalarına dair əsəri 1907-ci ildə Temirxan Şurada nəşr edilib.
* * *
Fəlsəfəsi: Gah peripatetikləri, gah mütəkəllimləri tənqid etmiş, hər iki tərəfə haqq qazandırmış, nəticə etibarilə, barışdırıcı mövqü tutmuşdur. Qarabağinin ontoloji görüşləri varlığın vacib və mümkün qisimlərə bölünməsi, Vacib Varlığın isbatı kimi məsələlərin şərhində ortaya çıxır.
Qarabaği “Filosofların təkzibi” əsərində Fərabi, İbn Sina, Bəhmənyar və s. peripatetiklərin, Ə.Qəzali, Fəxrəddin Razi, Əzüdəddin İci və digər filosofların ideyaları zəminində maraqlı fəlsəfi ümumiləşdirmələr aparıb. Qarabaği peripatetiklərlə mütəkəllimlər arasında fikir yaxınlığı yaratmağa çalışır. O, Allahın fəaliyyətində hikmət, məsləhət, iradə, üstünlük olduğunu geniş izah edib. Peripatetik müddəaları sxolastların əqidəsinə uyğunlaşdırmağa çalışıb.
Filosof aləmin əzəliliyini Yaradıcının öz-özlüyündə vacib etməsinə görə deyil, azad iradə ilə fəaliyyət göstərməsinə görə inkar edir: “Aləmin yaradıcısının aləmin yaradılması ilə əlaqədar bütün şərtləri əzəldə toplamış olması aləmin qədim olmasını lazım bilməz...”.
İlahiyyatçı mövqe ilə təbiətçi mövqeyi barışdırmağa cəhd edən Qarabaği mütəkəllimlərin fiosoflara qarşı qərəzini də qeyd etməklə ideologiyada belə münasibəti məqbul saymayıb, tədqiqatda obyektivliyi üstün sayıb.
* * *
Mənbə:
Закир Мамедов. «Азербайджанские философы и мыслители Средневековья». – Баку, 1993.