“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 19:17
2205

Aşıq Qurbani (XV-XVI əsrlər)

A- A+

XV əsrin sonları - XVI əsrin əvvəllərində yaşayıb-yaratmış Aşıq Qurbani indiki Cəbrayıl rayonunun Dirili kəndində anadan olmuşdur. Aşıq Qurbani Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır. Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.

* * *

Ustadlar ustadı Dirili Qurbani

 

Ehtimal olunur ki, “aşıq” sözü ərəb dilindəki “eşq”, “aşiq” sözündən yaranıb, vurulmaq, bənd olmaq, sevmək deməkdir. Orta əsrlərdə aşıq sözü “Haqq aşığı”, “Allah aşığı” mənasını verməklə yanaşı, həm də titul kimi işlənir, şifahi xalq yaradıcılığında və klassik ədəbiyyatda da “aşıq” sözü yenə eyni mənanı daşıyırdı.

Türk dilində isə aşıq sözü işıq mənasını verir. Övliya Çələbi “eşq” və “aşiq” sözlərinin türkcə “işıq” sözündən yarandığını söyləyirdi. “İşıq” və “aşiq” sözləri isə Allaha məhəbbətlə yanan mənasını verir.

Ehtimallar, yozumlar nə qədər olsa da, aşıq sözü əsrlərdir ki, yol gəlir. Elə bir zaman gəlib çatdı ki, ozanı aşıq, qopuzu saz əvəz etdi.

Bir yolun bitdiyi, bir yolun başlandığı XVI yüzillikdə Dirili Qurbani haqq yolunun - aşıq sənətinin, aşıq şeirinin ilk yolçusu oldu.  

  Əzizim Diri dağı,

   Duman, gəl, bürü dağı.

   Xudam bir körpü salıb,

   Arxası Diri dağı.   

500 ildən çoxdur ki, xalq ruhuna yaxın olan Qurbani irsini, Qurbani izlərini sevə-sevə yaddaşında yaşadır. 500 ildən çoxdur ki, Qurbani haqqında rəvayətlər, əfsanələr xalqın yaddaşında zaman-zaman cücərib boy atır.

Mirzəlixan oğlu Dirili Qurban XV əsrin 70-ci illərində, təqribən 1477-ci ildə Xudafərin körpüsünün yaxınlığında, Cəbrayıl rayonundakı Diri dağının döşündəki Diri kəndində anadan olmuş, bu kənddə böyümüş, sonralar şeirlərində dəfələrlə doğma yurdunu xatırlatmışdı.

“İsmim Qurbanidir, kəndim Diridir...”, - deyən el sənətkarı başqa bir şeirində kimliyini belə ifadə edir:

   “Dirili Qurbanın ərzi-halını

   Yalvara-yalvara yara deyərsən”.

Şairin əsl adı Qurban olmuş, Şah İsmayıl Xətai ilə tanışlığa qədər “Dirili Qurbani” kimi tanınsa da, saray mühitinə düşəndən sonra o dövrün ənənəsinə görə şair Qurbani təxəllüsünü qəbul etmişdir.

Nəzir-niyazla dünyaya gələn Qurbaniyə 17 yaşında Mazannənə pirində buta verilir. Gəncə xanının qızı Pəriyə aşiq olan Qurbaninin həyatı büsbütün dəyişir.    

   Qurbaninin dərdi olub ziyada,

   Allahı çağırram, yetişər dada,

   Bir gözəl seçmişəm işıq dünyada,

   O pəri salıbdı çöllərə məni.   

Aşıq Qurbani tezliklə həm lirik şair, həm dastançı kimi xalq arasında tanınıb sevilir. Üstündəki Tanrı nəzəri, fərqli düşüncəsi və ilahi eşqi onu imtahana çəkir.    

Ədəbiyyatımızın solmayan “Bənövşə”si   

İnsan və təbiət gözəlliklərinin vəhdəti Qurbani yaradıcılığında bir-birini tamamlayır. Bu baxımdan Qurbaninin “Bənövşə” şeiri ədəbiyyatımıza yeni bir mövzu gətirdi. Bənövşəyə yüzlərlə şeir həsr olunsa da, heç bir şeirin ömrü Aşıq Qurbaninin “Bənövşə”sinin ömrü qədər uzun və ətirli olmadı.   

   Tanrı səni xoş camala yetirmiş,

   Səni görən aşiq ağlın itirmiş,

   Mələklərmi dərmiş, göydən gətirmiş?

   Heyf ki, dəriblər az bənövşəni.  

Tarixi mənbələrə görə, Aşıq Qurbani Şah İsmayıl Xətainin hakimiyyəti dövründə yaşamış, 1500-cü ildə gənc Şah İsmayıl Xətai Xudafərin körpüsündən keçib Şirvana yürüş edərkən Qurbani onunla tanış olmuş və bu görüşü ömrü boyu unutmamışdır. Sonralar Qurbani hökmdara yaxın olmuş, şeirlərində onu vəsf etmişdi.   

   Bu dünyada bir haqq divan,

   O dünyada cənnət-məkan.

   Qoy var olsun, türki zəban,

   Şah Xətai, Şah Xətai.

Səfəvi dünyagörüşünün tərkib hissəsi olan türkçülük, millətçilik duyğuları Qurbani yaradıcılığında qabarıq şəkildə hiss olunur. 1535-1537-ci illərdə Osmanlı qoşunlarının Azərbaycana yürüşü zamanı Qurbani yerli hakimin təhriki ilə Türkiyəyə aparılmış, Sultan Səlim tərəfindən 11 ildən artıq Qars qalasında qürbətdə qalmış, Vətən həsrəti ilə ağrılı-acılı günlər yaşamışdı.  

   Ayrı düşdüm vətənimdən, elimdən.

   Başı çənli, qarlı dağlar qal indi.

   İçən ölməz dərdə dərman suyundan,

   Axar sular, tər bulaqlar qal indi.   

1548-ci ildə şah Təhmasibin ordusu Qarsı ələ keçirərkən, Qurbani azad edilir. Vətənə dönən aşıq Xətainin xatirəsinə böyük kədər, qüssə ilə dolu “Ola” rədifli mərsiyə divanını yazır.    

   Fələk, sənlə vuruşmağa bir qabil meydan ola,

   Tut əlimi, fürsət sənin, kaş belə ehsan ola.

   Getmiş idim mürşüdimə dərdimə dəva qıla,

   Mən nə bilim, mən gəlincə xak ilə yeksan ola.   

Ustad aşıqlar belə güman edirlər ki, Qurbani Şah İsmayıl Xətaiyə - “Şah Xətai”, “Şahsevəni”, “Şahsarayı”, “Baş divani”, “Heydəri”, “İbrahimi” və “Sultani” kimi yeddi saz havası həsr etmişdi.   

Qurbani” dastanı   

Qurbani irsini nəsillərdən nəsillərə, yaddaşlardan yaddaşlara ötürüb yaşadanlardan biri də Aşıq Qurbaninin həyatından və yaradıcılığından bəhs edən “Qurbani” dastanıdır. Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib “Qurbani” dastanını şərti olaraq Gəncə, Diri, Zəncan versiyalarına ayırmışdı. “Qurbani” dastanı xalqın çox sevdiyi məhəbbət dastanlarından biridir.    

   Qurbani der: Diriliyəm mən, diri,

   Yolunda qoymuşam can ilə səri,

   Axtardığım yardı, şikarım Pəri,

   Mətləbimdi, Pəri üçün gəlmişəm.   

“Qurbani” dastanında 61 qoşma ustadnamədən, 8 gəraylıdan, 2 divani, 5 deyişmə və bir müxəmməsdən istifadə olunub.

Dirili Qurbani haqqında gəzən rəvayətlər, əfsanələr isə bu gün də bitib-tükənmir. Sevgilisi yolunda min-bir əzab-əziyyətə tuş gələn, həyatı qüssə-kədər içində keçən Qurbanini ov zamanı ilan çalır, sevgilisi Pərinin qolları arasında canını tapşırır. Ayrılığa dözməyən Pərinin ürəyi partlayır. Başqa bir rəvayətdə isə Qurbanini ilan çalır, haraya gələn atasının qolları üstündə can verən aşıq belə bir bayatı çağırır:   

   Vurdu bir talxa məni,

   Şəms etdi xalxa məni,

   Apar, qəbrim gendə qaz,

   Göstərmə xalxa məni.   

Qurbaninin günümüzə gəlib çatan şeirləri gəraylı, qoşma, bayatı, divani, deyişmə, bayatı və qitələrdən ibarətdir. Qoşmalar içərisində qıfılbənd-qoşmalar, təcnis qoşmalar və 20 bəndlik cahannamə vardır.   

   Qurbanidi mənim adım,

   Adəm atadı bünyadım,

   Şeş atdım, çahar oynadım,

   Axır fələk uddu məni.    

Qurbaninin ən böyük xidmətlərindən biri isə ilk dəfə aşıq şeirində divani yazmasıdır. O dövrdə divani el şerinin qəzələ qarşı duran ən mükəmməl forması idi və bu janrı yaratmaqla Qurbani köhnə ənənəni dağıdaraq, yeni bir cığır açdı.

Qurbani zaman-zaman tarixin yaddaşına, xalqın ruhuna hopdu. Hər il bahar gəlib bənövşələr torpaqdan baş qaldıranda, saz dil açıb danışanda, “Ustadnamə”lər oxunub ustadlar yada düşəndə Dirili Qurbaninin şeiriyyatı əvvəlcə ruhumuzu, sonra yaddaşımızı, keçmişimizi dirildir.

Təranə Vahid 

“Mədəniyyət” qəzeti, 04.03.2011

* * *  

Əsərlərindən seçmələr

Gəraylılar

Dolana-dolana

 

Alçaq yerdən duman qalxar,

Dağı dolana-dolana.

Göy üzünü bulud alar,

Mahı1 dolana-dolana.

Kimi ağa, kimi nökər,

Nökər olan cəfa çəkər,

Bülbül ağlar, qan-yaş tökər.

Bağı dolana-dolana.

Qurbani murada yetdi,

Canan gəldi burdan ötdü,

Nobat gəldi, mana yetdi,

Saqi dolana-dolana.

 

Olmaz

 

Fənd eləmə, felli dərviş,

Belə kar eyləmək, olmaz!

Yıxıbsan könlüm evini,

Mürğü zar eyləmək olmaz!

Söylə dərdin bilənlərə,

Dərd başına gələnlərə,

Hər üzünə gülənlərə,

Etibar eyləmək olmaz!

Qurbaniyə gətirir məzə,

Dərd üstündə dərdim təzə,

Dərd biləni dərdbilməzə,

Giriftar eyləmək olmaz!

 

Aldatdı məni

 

Ay ağalar, ay qazılar,

Yar yaman aldatdı məni.

Əl atdım yarın dəstinə,

Yar kənara atdı məni.

Tor qurdum çeşmim gölünə,

İlişdi sonam telinə,

Düşdüm dilbilməz əlinə,

Aldı, ucuz satdı məni.

Qurbanidi mənim adım,

Adəm atadı bünyadım,

Şeş atdım, çahar oynadım,

Axır fələk uddu məni.

 

Pərim gəlsin

 

Nə əcəb sevdaya düşdüm,

Deyin bundan Pərim gəlsin!

Əcəl şərbətini içdim,

Deyin bundan Pərim gəlsin!

Dağların başı dumandı,

Didəmin yaşı ümmandı,

Bu gələn Şahi-xubandı,

Deyin bundan Pərim gəlsin!

Yolunda qoymuşam canı,

Kirpikləri tökər qanı,

Bu gələndi Şəhrəbanı,

Deyin bundan Pərim gəlsin!

Əyninə geyib qırmızı,

Yalav1 kimi yanır üzü,

Bu gələn vəzirin qızı,

Deyin bundan Pərim gəlsin!

Mən ağlaram zarı-zarı,

Bu zülmü götürməz tarı,

Bu gələn Qurbani yarı,

Əcəb gəlsin, Pərim gəlsin!

 

Dilbər!

 

Durum dolanım başına,

Aşiqindən küsən dilbər!

Gözlərini dik gözümə,

Nə mən dinim, nə sən dilbər!

Mina qəddin zəbərcəddi,

Nə desən cana minnətdi,

El köçüb, otaq xəlvətdi,

Gəlsin alam busən, dilbər!

İtirmişəm maralımı,

Bir sinəsi yaralımı,

Gündüz səbri qəralımı,

Gecə yuxum kəsən dilbər!

Qurbani özünə bəydi,

Yar həsrəti qəddim əydi,

Nə dedim xətrinə dəydi,

Bu mən dilbər, bu sən dilbər!

* * *

Qoşmalar

 

Kənarında

 

Bu gün bir gözəlin seyrinə vardım,

Əlində şanası tel kənarında.

Halqa-halqa, qıvrım-qıvrım, çinbəçin,

On dörd hörük gördüm bel kənarında.

Qapına gəlmişəm, sayılam, sayıl,

Haqq verən paylara olmuşam qayıl,

Pərimin boynunda heykəl-həmayıl,

Ləl bazubənd düzüb qol kənarında.

Qurbani der: mənim sözüm düzgündü,

Yar əlindən yazıq canım üzgündü,

Baxdım, yarın gözü mənə süzgündü,

Bir cüt öpüş aldım yol kənarında.

 

Dəyər sənə

 

Sallana-sallana gedən salatın,

Gəl belə sallanma, göz dəyər sənə,

Al-yaşıl geyinib qarşıda durma,

Yayın bəd nəzərdən, söz dəyər sənə.

Getmə, getmə görüm, kimin yarısan,

Hansı bəxtəvərin vəfadarısan?

Kölgədə bəslənmiş quzey qarısan,

Səhərin yelləri tez dəyər sənə.

Qurbani der: heç kəs yarın öyməsin,

Düymələ yaxanın çarpaz düyməsin,

Dəstələ zülflərin, yerə dəyməsin,

Yollar qubarlanar, toz dəyər sənə.

 

Nədəndi?

 

Ey nazənin, bu gen, geniş dünyada,

Namusu əğyara satmaq nədəndi?

Gər adına deyilmişsə şahibaz,

Söylə görüm, onu atmaq nədəndi?

Eylərəm hər yerdə sənin sorağın,

Gündən-günə artar bil, iştiyağım,

Öz əlinlə yandırdığın çırağın,

Şöləyi-fəraqla yaxmaq nədəndi?

Hifz eyləsin Tanrı səni bəladan,

Tapsın canın səhhət, ey gül, şəfadan,

Hər ikimiz vəslə yetək duadan,

Hicranın oduna yanmaq nədəndi?

Nə gözəldi sənin şirin sözlərin,

Zail etdi məni ala gözlərin,

Ey sevdiyim, qaydasıdı qızların,

Gahi-gahi bu söz atmaq nədəndi?

Sənə əyanmı, ey dilbər, sevdiyim,

Qurbanidi, bir şey istər, sevdiyim,

Ay üzünü görmək istər sevdiyim,

Söylə görüm, bəs bu yaşmaq nədəndi?

 

Pərim

 

Özü xoşsifətli, adı xoşnişan,

Yeriyir qabaqca Mikayıl, Pərim!

Firiştə zülfləri tarimar olmuş,

Asılıb gərdəndən həmayıl, Pərim!

Qapına gəlmişəm, sayılam, sayıl,

Haqq verən paylara mən oldum qayıl,

Qızıl qıtmığından tökdür həmayıl,

Dünya olsun sana naqail, Pərim!

Qurbani qurbandı şahın dərinə,

Dərviş bilər, xirqə nədi, dəri nə?

Ağam qıya baxdı, atdı dərinə,

Yetmiş il bənd etdi Cəbrayıl, Pərim!

 

Sənə qurban

 

Dindirirəm niyə dinmirsən, ay qız?

Bir zaman lal olur dil, sənə qurban!

Gülüb neştər ilə tökdün qanımı,

Nazik əllərinlə sil, sənə qurban!

Maral gedər otlar dağın içində,

Piltə şölə verər yağın içində,

Bağbanı dindirdim bağın içində,

Açılan lalələr, gül sənə qurban!

Yazıq Qurbaniyəm, ay güli-xəndan,

Bir cüt ay baş verib çıxıb yaxandan,

Bir busə istədim ağ üzdə xaldan,

Acıqlandı dedi: al, sənə qurban!

* * *

Mənbə:

Azərbaycan aşıq şerindən seçmələr. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005, 376 səh.

 

Xəbərlər
Redaktorun seçimi