Molla Zeynalabdin Sağəri Qarabaği (1791-1854)
XIX əsrdə Azərbaycanın qədim Şuşa şəhərində yaşayıb-yaratmış Molla Zeynalabdin Sağəri Qarabaği Məhəmməd Füzuli ədəbi məktəbinin istedadlı davamçılarından idi.
Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə dünyaya gəlmişdi. Ibtidai təhsilini atasından almışdı. Sоnra mədrəsədə охumuşdu. Şuşa şəhər məscidlərində aхund оlmuşdu. Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə “nərmünazik” şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir.
M.Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığını bildirir.
Molla Zeynalabdinin Həmid, Əli adlı oğulları vardı.
Mənbə:
Ənvər Çingizoğlu, Axundovlar: Mirzə Məhəmməd Qarabağinin törəmələri, "Soy" dərgisi, Bakı, 2010.
* * *
“Ey Sagəri, ah eylə, bu viranə dağılsın”
Molla Zeynalabdinin atası axund Molla Sadıq və babası Mirzə Məhəmməd Qarabağın tanınmış din xadimələrindən idilər. O, gözünü açandan əzan səsi, Quran səsi eşitmiş, lap kiçikliyindən dini tərbiyə ruhunda böyümüşdü. Uşaqkən atası onu özünün dərs dediyi mollaxanaya qoymuşdu.
Zeynalabdin dövrünün bir çox din alimlərindən dərs almış, tez bir zamanda Quranı oxuyub başa çatmışdı. Mollaxanada oxuyarkəndini kitablarla yanaşı, poeziya və musiqi ilə də maraqlanır. Sədini, Hafizi, Nizamini, Füzulini, Vaqifi və sair Şərq şairlərinin əsərlərini də mütaliə edir və bu söz ustalarının yaradıcılığı onun kiçik qəlbinə poeziya qığılcımları səpirdi. Hələ o vaxtlardan şeirə, sənətə vurulan Zeynalabdin ilk qələm təcrübələrini də mollaxana şagirdi ikən sınamışdı.
Ucaboylu, xoşgörkəmli, xoşsifət, mavi gözlü bir gənc olan Zeynalabdin məclislər yaraşığı idi. Azərbaycan və Şərq muğamlarını gözəl bildiyindən və məlahətli səsi, xoş avazı olduğundan o, Şuşa ruhanilərinin nəzər-diqqətini tezliklə cəlb etmiş və bu din xadimləri də onu tez-tez dini mərasimləri aparmaq üçün məsçidə, dini bayramlara dəvət edirdilər.
Ömrü boyu din sahəsində çalışan Axund Molla Zeynalabdin düz qırx il mollaxanada ərəb dilindən, İslam qaydalarından, Qurandan dərs demiş və rövzəxanlıq etmişdir. Musiqidə də böyük səriştəsi olduğundan həm də dostu Xərrat Qulu ilə birlikdə Şuşada musiqi məclislərinin təşkilində mühüm rol oynayır və istedadlı gəncləri bu məclislərə cəlb edirdi.
Qeyd etdiyimiz kimi, Molla Zeynalabdin həm də poeziya həvəskarı, şair idi. Özünün dediyi kimi, Məhəmməd Füzuli onun qibləgahı idi. Şeirlərini də bu qəlb şairinin təsiri altında yaradırdı. Özünə “Sağəri” təxəllüsü götürən şair həm klassik, həm də xalq şeiri üslubunda yazırdı.
Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab”da onun azərbaycanca və farsca iki şeir divanı və bu divanlarda toplanmış qəzəl, qasidə, rübai, müxəmməs və s. şeirlərin sayının mindən artıq, eyni zamanda, qəzəllərinin əksəriyyətinin yeddi beytdən ibarət olduğunu qeyd edir.
Vasif Quliyev,
yazıçı-jurnalist
* * *
M.Mustəhidzadə isə "Riyazul-aşiqin" kitabında Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir ki, buradakı nümunələr onun əsasında verilir.
* * *
Qəzəllər
Ey könül, məhv eylə dildən vəsli-canan surətin,
Nəqş qıl qəlbində bundan boylə hicran surətin.
Adət eylə, ey Könül, hicranu dinə yanmağa,
Gəl fəramuş eylə ol mehri-dirəxşan surətin.
Yox vəfası dilbərin, hərgiz vəfa etməz sənə,
Eyləmə hərgiz təmənna mehri-canan surətin.
Kafır oldun zulfı-purcinindən, ey dil, tovbə qıl,
Gəl cıxar dildən bu gun zulfi-pərişan surətin.
Ey Könül, eşqi-həqiqətdən dəm ur, bir həqqi tap,
Xatirindən məhv qıl ol mahi-Kənan surətin.
Yandı pərvanə tək balu-pərin hicr oduna,
Etməyə hər kəs cahanda şəmi-suzan surətin.
Gəl həyatından gotur əl, Sağəri, xoşdur məmat,
Arizu qılma ləbu ləli-zənəxdan surətin.
Tərəhhum eyləməz hərcənd gulruxi-yarə yalvarram,
Nedim, bir guldən otru hər zaman min xarə yalvarram.
Vüsalından olub məhrum, hicran atəşi uzrə,
Fəğan, nalə ilə yaş tokub əğyarə yalvarram.
Səni görmək mənə mümkun deyil, bir rəhm yox səndə,
Səri-kuyində hər ləhzə dəri-divarə yalvarram.
Salıbdır əqrəbi-zulfun qəmər dovrundə seyr eylər,
Qılıb könlüm pərişan, zulfi-ənbərbarə yalvarram.
Könül murğini seyd etdi iki cəllad cadusu,
Xilas etməz, nədim, ol qəmzeyi-xunxarə yalvarram.
Səbahu şamımı qılmış bərabər zulfu ruxsan,
Gəhi ol subhə, gahi turreyi-tərrarə yalvarram.
Doyubdur Sağəri cana deyin dərdini cananə,
Olubdur xanə viranə, gedib kuffarə yalvarram.
* * *
Könül murğini mən ol turreyi-tərrarə tapşırdım,
Dili-divanəni ol zulfi-ənbərbarə tapşırdım.
Ze bəs fəryad qıldı, murği-dil sinəmdə qan oldu,
Könül pərgaləsin ol qəmzeyi-xunxarə tapşırdım.
Mənim cani-dilim hərgiz cahanda gormədi rahət,
Təriqi-eşqdə canu-dili mən yarə tapşırdım.
Könül, gəl tovbə qıl kim, butpərəstlikdən səmər yoxdur,
Dəxi bəsdir səni mən necə il dildarə tapşırdım.
Mənə muşkil ki, bundan belə qalmaq dari-dunyadə,
Gulimi oz əlimlə mən verib bir xarə tapşırdım.
Atanda qəmzə oxun sinəmə min naz ilə canan,
Xədəngi-tiri-peykanın dili-bimarə tapşırdım.
Alıbdır dini-imanımı əldən, Sağəri, ol but,
Edib qəflət, əcəb, imanı kuffarə tapşırdım.
* * *
Gözün tək, gozlərim nuru, mənim bimardır könlüm,
Camalın gulşənində əndəlibi-zardır könlüm.
Həzər qıl, vurma şanə zulfı-purcinə sən, ey Leyli,
Musəlsəl zulfı-purcinində Məcnun vardır könlüm.
Ləbi-ceşmin xəyali qanə dondərmiş könül mülkün,
Əyaği-badə tək qandan dolub, sərşardır könlüm.
Xəyali-turreyi-purcin ilə şamım səbah olmaz,
Qəsəm ol türreyi-mişkinə, daim tardır könlüm.
Səri-ku itlərimə hər nə var təqsim qıldım raən,
Təsəvvur eyləmə, ey dilruba kim, vardır könlüm.
Gozumdə xabilə bir istirahət yox mənə hər dəm,
Sənin fikri-xəyalınla əcəb bıdardır könlüm.
Qocalıq yayə döndərdi qədin, ey Sağəri, likən
Könül hərgiz qocalmaz, aşiqi-didardır könlüm.
* * *
Vur şanəni ol zulfı-pərişanə dağılsın,
Tellər tokulub cumlə biyabanə dağılsın.
Gəl vermə mənə vədeyi-vəsli, həzər eylə,
Qorxum budu kim, xalqa əfsanə dağılsın.
Cak eyləmə qətlimdə giriban uzarım,
Acma o qədər ruyini, biganə dağılsın,
Cəm eyləmə zulfu uzunə, eylə pərişan,
Qoy əbr kimi mehri-dirəxşəndə dağılsın.
Beyti-məhəni-hicridə yandı dili-zarım,
Ey vəsl, mədəd qıl ki, bu kaşanə dağılsın.
Min dil cəm olub zulfı-pərişanına mənsiz,
Qoy ah cəkim, hər biri bir yanə dağılsın.
Hicran ələmi qıldı fəramuş vusalı,
Ey Sağəri, ah eylə bu viranə dağılsın.
* * *
Vay o gündən kim, nəzərdən mahruxsarım gedə,
Vəsl evin viran edib qəhr ilə dildarım gedə.
Beylə kim yoxdur qərarım bir zaman dildarsız,
Qət olur, biliah, həyatım tərk edib yarım gedə.
Cıxsa canım cismidən müşkül deyil hərgiz mən,
Bir qiyamətdir mənə gər zülfı-zünnarım gedə.
Ey konul, kam al vusalından, məqami-vəsldir,
Qorxuram dovri-fələkdən yari-qəmxarım gedə.
Dur, qənimətdir, dolan başına, ey dil, dilbərin,
Xofum ondandır, könül, bu sərvi-rəftarım gedə.
Ey gozum, eylə nəzər ruxsari-yarə, qorxuram
Kim, məni tənha qoyub ol ceşmi-xummarım gedə.
Sağari oldu kabab hicran evində atəşə,
Tərsim ondandır konuldən naleyi-zarım gedə.
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.
* * *
Əlavə bax:
Molla Zeynalabdin Sağəri Qarabaği. Divan (Həyatü məmat). Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu. Nəşrə hazırlayanı, ön sözün, şərhlərin müəllifi və lüğətin tərtibçisi: Gülər Əmirəhmədova. - "Şuşa" nəşriyyatı, Bakı, 2005.