“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.12.2014, 15:23
1480

Mirzə Hüseyn bəy Salar (1824-1876)

A- A+

Mirzə Hüseyn bəy Salar (Mirzə Hüseyn bəy Məhəmməd ağa oğlu Usubov) dövrünün tanınan şairi və xəttatı olub.

O, 1824-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu.

Mirzə Hüseyn bəy “Salar” təxəllüsü ilə ruh aləminə uyğun şeirlər yazırdı. Mir Möhsün Nəvvab öz təzkirəsində onun haqqında söhbət açmışdı.

Təzkirədə qeyd olunur ki, Mir Hüseyn bəy Salar Qarabağın məşhur mərsiyə yazanlarından biri olmuşdur. Mərsiyələrinin bir çoxunu Həzrəti İmam Hüseynə həsr etmişdir. Fars, ərəb və rus dillərini də yaxşı bilmişdir.

Mirzə Hüseyn Salar həm də gözəl xəttat idi.

Mirzə Adıgözəl bəy Qarabağinin “Qarabağnamə” əsərinin üzünü köçürmüşdü.

Mirzə Hüseyn bəy Salar 1876-cı ildə vəfat edib.

Onun Yusif bəy adlı oğlu vardı.

* * *

Yaradıcılığı

 

Mari-siyahi-zülfün edәr xanә könlümü,

Qıldı mәhәlli-gәnc bu viranә könlümü.

 

Tiri-bәlayә etdi hәdәf aqibәt mәni,

Ya rәb, görüm ki, seydvәş oxlanә könlümü.

 

Qәmzәn çәkib xәdәng, qaşın tir ilә kәman,

Qanlı kimi çәkәr hәrә bir yanә könlümü.

 

Qoyma ki, şanә dil uzada tari-zülfünә,

Allah üçün batırmagilәn qanә könlümü.

 

Xalın hәvası ilә könül qondu zülfünә,

Axır әsiri-dam elәdi danә könlümü.

 

Hәr sübhlәr bu xәstә dili xәstә eylәyir

Gahi nәsimi-sübh, gәhi şanә könlümü.

 

Salarını qoyub qәmi-hicranda mübtәla,

Rәhm eylәmәz, edәr yenә viranә könlümü.

* * *

Mənbə:

Ənvər Çingizoğlu. Muğanlılar. Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008, 128 səh.

* * *

►Mövzuya dair:

“Qarabağnamə”nin ilk redaktoru

Şuşalı Mirzə Adıgözəlbəyin ömrünün payız çağları idi. Gününü görüb, dövranını sürmüşdü. Ötüb-keçən illərin qanlı-qadalə Qarabağ əhvalatları tez-tez gözlərinin önündən həlib-keçir və bu əhvalatların itib-batmaması üçün şahidi və iştirakçısı olduğu ictimai-siyasi hadisələri qələmə akmaq istəyirdi. Bir tərəfdən bunu Şuşanın keçmiş dairə rəisi, Qarabağın tarixi, adət-ənənələri ilə yaxından maraqlanan dostu Mixail Petroviç Kolubyakin də xahiş eləmişdi. Nəhayət, o, özünün məşhur “Qahabağnamə” adlı kitabını yazmağa başladı. Əsərin qaralamasını yazıb başa çatdırandan sonra üzünü yaxşı xətlə köçürmək və bir az da bədiiləşdirib redəktə etmək üçün dövrün tanınmış ziyalısı, “Salar” təxəllüslü şair Mirzə Hüseyn Məhəmmədağa oğluna verdi.

Bəs Mirzə Hüseyn kim idi və nə üçün Mirzə Adıgözəl bəy özünün canından artıq sevdiyi bü qiymətli əsərinin – yeganə övladının ərsəyə gəlməsini ona etibar eləmişdi?

Hüseyn Şuşanın məşhur Hacı Yusiflilər nəslindəndir, daha doğrusu, Hacı Yusifin oğludur. Hacı Yusif ağa Qarabağın seçilib-sayılan şəxsiyyətlərindən olmuşdu və qollu-budaqlı nəsli var idi. Elə şəhərdəki qədim məhəllələrdən biri də onun adı ilə adlanırdı: Hacı Yusifli məhəlləsi. Məhəllədə yaşayanların demək olar ki, böyük əksəriyyəti Hacı Yusif övladı idi. Hüseyn də bu məhəllədə doğulub-böyümüş, təhsil almış, ərəb və fars dillərini mükəmməl bilmiş, tez bir zamanda “Mirzə” ləqəbi qazanmışdı. Sonradan isə rus dilini də dərindən öyrənmiş və bu, onun hərtərəfli inkişafına səbəb olmuşdu. Uzun illər Şuşa və Gəncə şəhərlərində rus divanxanalarında qulluq eləmişdi.

Bir sözlə, o, bütün Qafqazda gözəl və nəcib bir ziyalı kimi tanınırdı. Buna görə də Mirzə Adıhözəl bəy öz əsərinin üzünü göçürməyi və redaktə etməyi dərin hörmət və məhəbbət bəsləsiyi dostu, şair Mirzə Hüseyndən təvəqqe eləmişdi. Mirzə Hüseyn də öz dostuna bacardığı qədər kömək etməyə məmnuniyyətlə razılıq vermişdi. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sinin giriş hissəsində oxuyuruq: “...İşə başladım. Mirzə Hüseyn Məhəmmədağa oğlu Salari təxəllüsdən xahiş etdim ki, mənim söylədiklərimin hamısını eynən gözəl bir ifadə ilə yazsın. Umud edirəm ki, tarixə ail bu müxtəsər hekayət və bu nöqsanlı rəvayət xalqın ürəyinin aynasına səfa verər, xas adamların və avam camaatın bəsirət gözünün sürməsi olar”.

1845-ci ildə hər ikisi gərgin və olduqca məsuliyyətli bir işə başladı. Mirzə Adıgözəl bəyin diktəsi ilə Mirzə Hüseyn Salar təliq xəttilə salnaməni yazıb başa çatdırdı. Mirzə Hüseyn onun söylədiklərini tarixilik baxımından olduğu kimi yazdı.O, şair təxəyyülünü də əsirgəmədi. Salnamə Şərq tarixi əsərlərinə xas olan vəsflər, mübaliğələr, ifadə üsulları, müqayisələr və sair təmtəraqlı ifadələr işkədərək hadisələri sadə və anlaşıqlı bir dillə izah etməyə çalışdı, salnaməni ətə-qana doldurdu. Mirzə Hüseyn söylənilən hadisələrə uyğun, onları hardasa tamamlayan beytlər və bəndlər yazaraq əsəri daha da rövnəqləndirdi, dafa da oxunaqlı etdi. Xüsusən əsərin ilk fəsilləri öz rəvanlığı və axıcılığı ilə seçilir. Beləliklə Mirzə Huseyn Saları əsərin ilk redaktoru da adlanlırmaq olar.

Həm müəllif Mirzə Adıgözəl bəy, həm də salnamənin üzünü gözəl və səliqəli xətlə köçürən şair Mirzə Hüseyn Salar bu əsərlə mənsub olduqları xalqa öz dəyərli töhvələrini verdilər.

Uşaqlıqdan şer təbi olan Hüseyn Şuşa ədəbi mühitində get-gedə bir şair kimi formalaşmışdı. O, sonralar şair və musiqişünas Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan” ədəbi dərnəyinin ən fəal üzvlərindən birinə çevrilmiş, klassik üslubda yazdığı qəzəl, qəsidə, növhə, mərsiyə, həcv və satirik şerlər müəllifi kimi tanınmışdır. Onun ədəbiyyat aləminə müasirləri, xüsusilə, şair Məhəmməd bəy Aşiqlə deyişməsi məlumdur. Əsərlərinin çox az hissəsi bizim dövrümüzə gəlib çatmışdır.

Hələlik Mirzə Hüseyn Saların doğulduğu tarixi müəyyənləşdirməkdə və şəklini əldə etməkdə acizik. Ölüm tarixi isə Mir Möhsün Nəvvab özünün “Təzkireyi-Nəvvab” əsərində 1876-cı il kimi göstərir. Başqa mənbələr də bunu təsdiqləyir və onun həmin ildə vəba xəstəliyindən vəfat etdiyi məlum olur.

Vasif Quliyev,

yazıçı-jurnalist

 

Xəbərlər
Redaktorun seçimi