Sədi Sani Qarabaği (1854-1879)
Sədi Ocaqqulu oğlu Sani Qarabaği 1854-cü ildə Qarabağın Cinli kəndində (Ağdam rayonu) doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. Mir Möhsün Nəvvabın yaratdığı "Məclisi-Fəramuşan" ədəbi birliyinin üzvləri, xüsusilə Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir.
Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, bədii irsinin bir hissəsi qalmışdır. İtedadlı və məhsuldar şaır Sadi Sani qısa ömür yaşamış, 1879-cu ildə 25 yaşında vəfat etmişdir.
Aşağıda verilen örnəklər və şair haqqında məlumat "Poetik məclislər" (1987) kitabından götürülmüşdür.
* * *
Qəzəllər
Sən güllər ilə gül, gözəlim, gülşən içində,
Bülbüllər ilə mən də gəzim şivən içində.
Bir mərtəbədir kəsrəti-tirin ciyərimdə,
Guya görünür mərdü-şəci cövşən içində.
Çak etdin giribanını qönçə həsədindən,
Gördü məgər əndamını pirəhən içində?
Sinəm sitəmi-navəki-qəmzənlə dəmadəm,
Bir kürəyə bənzər ki, yanar ahən içində.
Zülffindən ol İsanəfəsin oylə zəifəm,
Bir riştəyə bənzər bədəninı suzən içində.
Haşa ki, qoyam damənin əldən yerə, bəlkə,
Kəssən əlimi bil ki, gedər damən içində.
Bir güzgüdür aləm ki, anın əksi fənadır,
Sədi, nə bəqa istərəm anın mən içində?.
* * *
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,
Bu xumarı rəf edib məxmurləndir məclisi.
Abi-tiğin təşnəsidir Kərbəlayi-sinələr,
Qana çalxa aləmi, aşurləndir məclisi.
Can edir çoxdan təcəllayi-camalın arzu,
Məhv qjl Musayi-əqli, Turləndir məclisi.
Hər "ənəlhəq" naləsi bir tari-zülfündən gəlir,
Eylə bir dar aləmi, Mənsurləndir məclisi.
İxtilat et cami-Cəmdən, kaseyi-Kavusdan,
Xələti, xaqani göy, fəğfurləndir məclisi.
Gəl, gəl ey ruhi-mücəssəm, məclisə bir ruh ver,
Zülməti rəf et aradan, nurləndir məclisi.
Gəh ləbinlə qıl xitabı, gah gözünlə qıl itab,
Gəh şəfa bəxş eylə, gəh rəncurləndir məclisi.
Qoy dağılsın zülfün üzrə, qoy yığılsın cəmini,
Marlandır sehr ilə, gəh murləndir məclisi.
Mütrüb, Allahı sevirsən, bir sürudi-eşq ilə,
Hər kəsə bir ruh nəfx et, surləndir məclisi.
Bülbüli-gülzari-Cəfərdir xülusi-sidqimiz,
Türfətül-eynilə bir teyfurləndir məclisi.
Saqi, ol meydən ki, ol mey kafərə olsun həram,
Hər kəsə bir kasə sun, kafurləndir məclisi.
Gəlməsə bu məclisə zahid, cəhənnəm, gəlməsin,
Sən qədəm bas, cənnət olsun, hurləndir məclisi.
Daş atar, məclis şikəst olmasın istər, Sədiya,
Zahidi-bədbin gözündən durləndir məclisi.
* * *
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçək,
Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Kirpiyin çaldı, nəzər eylədi süzgün-süzgün,
Batdı tiri-müjəsi qanıma göyçək-göyçək.
Dağılıb daireyi-arizə zülfün, zülfün,
Baisi-səbri-pərişanıma göyçək-göyçək.
Dəstə-dəstə tökülüb gül yüzə tellər, tellər.
Çəkdi ləşgər dili-viranıma göyçək-göyçək.
Nola insafa gələ ol şəhi-xuban, xuban,
Tutub ərzim, yetə divanıma göyçək-göyçək.
İstərəm bir şəhi-zərtəxt Qarabağ üzrə,
Basmağa möhrünü fərmanıma göyçək-göyçək.
Gövhəri-şerə mütəlla edərəm mədh içrə,
Gəlsə kim, təbi-gühərkanıma göyçək-göyçək.
Ey səba, eylə güzər töhfeyi-canı, canı,
Ərz qıl xidməti-cananıma göyçək-göyçək.
Bir şəhin dərgəhi-kuyində gəda olmağım,
Verdi artıqlıq əcəb şanıma göyçək-göyçək.
Küfri-zülfün məni zünnarpərəst qıldı, qıldı,
Saldı qəm rəxnəsnı imanına göyçək-göyçək.
Ruzi-əvvəldə fəda eyləmişəm, ey Sədi,
Canımı boylə gözəl xanima göyçək-göyçək.
* * *
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,
Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Almağa al ilə bülbüllərin əqlin əldən,
Gül yanağında qızıl gül kimi al olmalıdrr.
Adəmin əqlini aldatmağa cənnət quşu tək,
Danə-danə ağ üzündə qara xal olmalıdır.
Əli nazik, beli nazik, dili nazik gözəlin,
Ozü şirin, sözü şirin, ləbi bal olmalıdır.
Kimə rast olsa edə əqli başından zail,
Qüvveyi-qəmzədə bir Rüstəmi-Zal olmalıdır.
Bu gözəllikdə kimin olsa gözəl məşuqu,
Ona dünyada nə dərdü, nə məlal olmalıdır,
Deyirəm: - Doğrusu, dünyadə o ev cənnətdir,
Onda kim, bir sənəmi-hurimisal olmalıdır.
Vaiza, boş yerə hökm eyləmə, biz bildiyimiz
Aşiqə busi-ləbi-yar həlal olmalıdır.
Yetər, ey tuti, nəbati bu qədər etmə tələf,
Çox danışdım, dəxi bir ləhzə də lal olmalıdır.
Sədiya, eydi-səadət sənə bir dilbərdir,
Adəm olsan, sənə nə mülk, nə mal olmalıdır.
* * *
Mənbə:
XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005, 424 səh.