Vasif Quliyev (1954)
Tanınmış yazıçı-jurnalist, publisist, tərcüməçi Vasif Xosrov oğlu Quliyev 40 ilə yaxındır ki, Qarabağın tarixi, mədəniyyəti, o cümlədən Qarabağ ədəbiyyatı barədə dəyərli tədqiqatlar aparır.
Vasif Quliyev 1954-cü il yanvarın 17-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Şuşa rayonunun Malıbəyli kəndində anadan olmuşdur. Orta təhsilini Xankəndidə 4 saylı məktəbdə başa vurmuşdur (1969-1971).
Əmək fəaliyyətinə Xankəndidə elektrotexnika zavodunda yığıcı-çilingər kimi başlamış, burada üç il (1971-1974) işləmişdir. Bakı soyuducular zavodunda fəhlə olmuşdur (1974). Ordu sıralarında xidməti borcunu yerinə yetirmişdir (1974-1976).
1977-1982-ci illərdə Azərbaycan (Bakı) Dövlət Universitetinin juralistika fakültəsində ali təhsil almışdır.
Ədəbi yaradıcılığa tələbəlik illərindən başlamışdır. "Ulduz", "Qobustan", "Müxbir" jurnallarında və qəzetlərdə publisist məqalələrlə çıxış etmişdir.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışmışdır (1982-1984).
Hazırda "Günəş" uşaq jurnalının baş redaktoru və "Şuşa" nəşriyyatının direktorudur.
2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıdır (1989).
* * *
Əsərləri:
1. Ucalığa gedən yol. Bakı: Gənclik, 1988, 88 səh.
2. Maarif fədaisi. Bakı: Gənclik, 1992, 72 səh.
3. Enək İsa bulağına. Bakı: Gənclik, 1993, 184 səh.
4. Əgər Şuşalısansa. Bakı: Şuşa, 1996, 184 səh.
5. Vətən bağı al-əlvandır. Bakı: Şuşa, 1998, 184 səh.
6. Dünənə uzanan cığır. Bakı: Şuşa, 2000, 160 səh.
7. Ən yaxşı dost. Bakı: Şuşa, 2001, 336 səh.
8. Ötən günlərimi qaytaraydılar. Bakı: Şuşa, 2001, 400 səh.
9. Mənim babam kim olub? Bakı: Şuşa, 2001, 400 səh.
10. 180 yaslı Susa məktəbi. Bakı: Şuşa, 2010.
Tərcümələri (rus dilindən):
1. Afrika nağılları. Bakı: Gənclik, 1988,
2. Qular Q. Mafiya tarixi. Bakı: Şuşa, 1993
3. Veliçko B. Qafqaz. Bakı: Şuşa, 1995
4. Qlinka S. Ermənilərin Azərbaycana köçürülməsi. Bakı: Şuşa, 1995
5. Çavçavadze İ. Erməni alimləri və fəryad edən daşlar. Bakı: Şuşa, 1995.
* * *
► Mövzuya dair:
“Qarabağ tarixi neft quyusuna oxşayır”
Tədqiqatçı-jurnalist Vasif Quliyev: “40 ildir mən bu bölgənin tarixini arxivlərdə araşdırıram, amma görürəm ki, ömrüm buna çatmayacaq
Gözəl qələm sahibi, “Şuşa” qəzetinin redaktoru Vasif Quliyevi həm də Qarabağ tarixinin yorulmaz tədqiqatçısı kimi təqdim etmək olar. 40 ilə yaxındır ki, Vasif müəllim arxivlərdə Qarabağ haqqında işıq üzü görməyən tarixi materiallar toplayır. Özünün dediyinə görə, hələ tələbə olanda Tiflisə gedərək dövlət arxivlərində Qarabağla bağlı sənədləri araşdırıb. Heç bir dövlət sifarişi gözləmədən müharibə veteranı olan atasının aylıq təqaüdü, qəzetlər, radio və televiziyalardan aldığı qonorarlar Tiflis arxivlərində işləmək üçün yeganə maddi dəstəyi olub.
Amma ötən 40 il hədər getməyib. Vasif Quliyevin müəlliflik etdiyi Qarabağ haqqında 100-dən artıq kitab çap olunub. Amma çap olunmayalar da çoxdur. “Şuşa”nın redaktorunun sözlərinə görə, arxivlərdə elə sənədlərə rast gəlirsən ki, bu günə qədər heç yerdə onun barəsində eşidilməyib. Bu mənada V.Quliyevin özünü də canlı arxiv hesab eləmək olar.
Həmsöhbətimiz hələ də arxivlərdə çoxlu sayda öz sirrini qoruyan tarixi materialların olduğunu deyir: “40 ildir arxivlərdə Qarabağın tarixini araşdırıram. Bir neçə əsəri, ö cümlədən klassiklərin əsərlərini çapa hazırladım. Bunların bir hissəsi mənim yazdıqlarım, yerdə qalanı isə tərcümələr və tərtib etdiklərimdir.
Dövlət arxivlərində Qarabağ haqqında demək olar ki, hər şey var. Qarabağın rus işğalına qədər olan arxivləri İranda və Türkiyədədir, sonrakı dövrə aid sənədlərin isə demək olar ki, hamısı Tiflisdə cəmlənib. Sonrakı illərə aid sənədlər quberniya mərkəzləri olan Şamaxı, Bakı və Gəncədə olub. 1920-ci ildə Nəriman Nərimanovun dekreti ilə Gəncədəki arxiv Bakıya köçürülür. Hazırda həmin sənədlərin hamısı Bakıdakı müxtəlif arxivlərdədir. Sovet hakimiyyətinin son illərində bəzi qeyrətli, vətənpərvər tədqiqatçılar Sankt-Peterburq və Tiflis arxivlərində olan sənədlərin surətlərini çıxarıb Bakıya gətirirdilər. Yəni bu gün arxivlər çox zəngindir, amma təəssüf ki, bu arxivlərlə işləyən yoxdur. Heç yoxdur da deyə bilmərik, amma çox azdır".
Vasif Quliyevin fikrincə, azərbaycanlı alimlər bir qayda olaraq arxivlərdə konkret mövzu üzrə araşdırmalar aparır və buna görə də bir çox hallarda çox qiymətli tarixi sənədlər diqqətdən kənarda qalır. Ümumilikdə isə arxivdə işləmək istəyənlərin sayı azdır: “Bizim arxivdə işləyəndə alimlər bir qayda olaraq öz sahələri üzrə araşdırma aparırlar. Məsələn, Azərbaycanda Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və başqaları haqqında onlarla tədqiqat işi var, amma arxivlərdə onlar barəsində elə faktlar var ki, hələ işıq üzü görməyib. Ancaq mən arxivlərdə işləyəndə konkret sahəni deyil, bütövlükdə Qarabağla bağlı materialları araşdırırdım. Buna görə də Qarabağ haqqında olan bütün sənədlərlə tanış olmağa çalışıram. Çünki adam ora bir dəfə daxil olur, bir dəfə rastlaşdığın məlumatla başqa vaxt rastlaşmaya bilərsən, mən isə Qarabağla bağlı bütün sənədlərlə maraqlanıram.
Azsaylı Qarabağ tədqiqatçıları var ki, onlar əhatəli araşdırmalar hazırlayırlar. Xarici tədqiqatçılar da az deyil. Məsələn, ötən ilin yayında Amerikadan iki gənc gəlmişdi, Azərbaycan tarixindən yazırdılar. Onlardan biri işini tamamlayıb getdi, biri isə hələ də arxivdə işlərini davam etdirir. Amma bizim gənc alimlər, tədqiqatçılar burdan bura gəlib maraqlanmırlar. Yəni bizdə arxivlərlə işləməyə maraq zəifdir".
Vasif Quliyev deyir ki, arxivlərdə ən çox materiallar Qarabağ haqda olsa da və ən çox bu bölgə barədə kitablar çap olunsa da, yenə də yetərincə işlər görülməyib. “Şuşa”nın redaktoru çap olunası hələ çox materialların olduğunu deyir: “Azərbaycanda haqqında ən çox yazılan bölgə Qarabağdır. Yəni, bu gün dövlət arxivlərində olan sənədlərin təxminən yarısı Qarabağ haqqındadır. Ancaq bu günə qədər Qarabağ haqqında tarixi sənədlərin hətta 10 faizi belə çap olunmayıb. Məsələn, bir maraqlı fakt deyim. MTN arxivində olan məlumatlara görə, repressiya illərində Azərbaycanda təxminən 13500 nəfər güllələnib, onun da tən yarısı Qarabağdan olub. Yalnız təkcə Şuşadan mənim araşdırdığım məlumatlara əsasən təxminən 1000 nəfərdən çox repressiya qurbanı olub, bəziləri güllələnib, digərləri isə həbs olunublar. Bunların çoxu ziyalı idi. Bütün Azərbaycanda repressiyaya məruz qalanların böyük əksəriyyəti ziyalılar olub”.
Vasif Quliyevin sözlərinə görə, Azərbaycan arxivlərində 1915-ci il hadisələri ilə bağlı, qondarma erməni soyqırımını təkzib edəcək materiallar da var.
Arxivlərimizdə Qarabağ tarixinin şərəfli səhifələri haqda kifayət qədər materiallar var. Bunlardan biri də Difai Partiyasının gördüyü işlərlə bağlıdır. V. Quliyev deyir ki, Difai Partiyası ilə bağlı son dövrlərdə yeni maraqlı faktlar tapıb: “Mən təxminən 15 il əvvəl Difai haqqında məqalə yazanda bu təşkilatın yarandığı yerin Gəncə şəhəri olduğu qeyd olunurdu. Ancaq son əldə etdiyimiz məlumatlarda Difainin ilk dəfə yarandığı yerin Şuşa şəhəri olduğu qeyd olunur. Əhməd bəy Ağayev Şuşada Difaini yaradır. Yeri gəlmişkən, bir faktı deyim ki, uzun illər sonra 1947-ci ildə Daşnaksütun Partiyası Bakıda gizli iclas, Tehranda isə açıq şəkildə öz qurultayını keçirir. Bu qurultayda başda Əhməd bəy olmaqla Difainin ən əsas 15 üzvü haqda xüsusi qərar qəbul olunur. Həmin vaxt 15 nəfərin heç biri sağ olmasa da qərarda göstərilir ki, bu adamlar vaxtilə ermənilərə qarşı vuruşub onlara ağır zərbələr vurduqları üçün nəsli yer üzündən silinməlidir. Halbuki repressiya dövründə həmin adamların və onların ailə üzvlərinin çoxu məhv edilmişdi. Amma erməni nifrəti tükənməz idi.
1906-cı ildə Tiflis Qafqaz canişinliyinin iqamətgahında ermənilər, gürcülər və azərbaycanlıların iştirakı ilə toplantı keçirilir. Həmin toplantıda Əhməd bəy Ağayev çar hökumətini və erməniləri sərt tənqid edir və ilk dəfə muxtariyyət məsələsini qaldırır. Əhməd bəy ruslara deyir ki, əgər siz daşnakların hərəkətlərinin qarşısını almasanız biz də müvafiq tədbirlər görəcəyik. Bu, mənim bildiyim ilk muxtariyyət tələbidir. Tiflis iclasında bir nəticənin olmadığını görən Əhməd bəy geriyə qayıtdıqdan sonra Difai təşkilatını yaradır. O zaman Difai təşkilatının Bakıda, Gəncədə, Şuşada, Qaryagində, Naxçıvanda, yəni ermənilərin fəallıq göstərdiyi bütün bölgələrdə şöbələri yaradılır. Amma Difainin ən güclü təşkilatı, ən böyük silahlı qüvvə Şuşada idi. Mən arxivlərdə bu istiqaməti araşdırdım, Difainin yaradıldığı 1906-cı ildən 1909-cu ilə qədər ermənilər Qafqazda milli zəmində qarşıdurma yaratmağa cəsarət edə bilməyiblər. Bu Difainin qüdrətini göstərən faktdır".
Vasif Quliyevin arxivlərdə tapdığı materiallarda göstərilir ki, Şah Abbasa qədər Qarabağda erməni məliklikləri olmayıb. Araşdırmaçı-yazar tarixi faktların ermənilərin Qarabağa ilk dəfə kütləvi şəkildə Şah Abbas zamanında gətirildiyini və Xaçın məlikliyi istisna olmaqla - Xaçın məlikliyi albanlar idi - digər məlikliklərin də Şah Abbasın hədiyyəsi olduğu haqda məlumatların olduğunu xatırladır.
V. Quliyev arxivlərdə görüləcək işlərin çoxluğu, ancaq bu sahəyə marağın az olduğundan şikayətçidir: “Mən düşünmürəm bu məsələdə əsas yük dövlətin üzərindədir. İnsanlar özləri fəallıq göstərməlidirlər, alimlər, yazıçılar özləri bir qədər daha çox fədakarlıq edib tarixi həqiqətləri araşdırmağa çalışmalıdırlar.
“Qarabağ 18 rayon üstəgəl Zəngəzur deməkdir və böyük bir dəryadır. Mən həmişə demişəm ki, Qarabağ tarixi neft quyusuna oxşayır, qazdıqca artır. Bilmirsən nə var. Arxivdə işlədikcə qarşına yeni materiallar çıxır, hansılar ki, indiyə qədər çap olunmayıb. Ona görə də bu, tək bir nəfərin işi ola bilməz, bunun üçün böyük bir yaradıcı elmi qrup çalışmalıdır. 40 ildir mən Qarabağ tarixini arxivlərdə araşdırıram, amma görürəm ki, ömrüm buna çatmayacaq”. Bunları da V. Quliyev deyir və gəncliyində, tələbə olanda heç bir sifariş olmadan, yarıac arxivlərdə Qarabağ tarixini araşdırdığını xatırladır, “hər şey pulla ölçülmür. Adamda gərək bir az da fədakarlıq və qeyrət olsun” deyir: “Tələbəlik vaxtlarımdan başlayaraq 6 il hər yay Tiflisə gedərək orada arxivlərdə işləmişəm, gecələr parkda, kiçik diplomatımı başımın altına qoyub yatırdım. O zaman bu işə kimsə yardım etmirdi. Bu iş üçün ya dövlət öz köməyini göstərməlidir, ya da ayrı-ayrı imkanlı şəxslər irəli çıxıb dəstək verməlidirlər. Bunlar da hələ ki, heç birisi yerində deyil. Mən hər kəsə, xüsusən də gənc yazarlara, jurnalistlərə tövsiyə edirəm, arxivlərə getsinlər. Onlara kömək eləməyə mən də hazıram”.
Kənan Rövşənoğlu,
“Yeni Musavat”, 30.03.2011