“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2014, 17:02
1840

İlyas Əfəndiyev (1914-1996)

A- A+

Görkəmli yazıçı-dramaturq İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir.

Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.

Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri «xalq düşməni» kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə «kulak» damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, «səs hüququndan» məhrum olunmuşdur.

Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. «Kulak» damğası vurulmuş bu ailənin üzvləri hərə bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı.  

Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir. Ağır xəstələnərək «səksən yaşlı qocaya dönmüş» Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.

İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, anası Bilqeyis xanım geniş dünyagörüşünə malik, savadlı, şifahi xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və dastanları sinələrində gəzdirən el ağbiçəkləri olmuşlar. İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra, müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir. Atası ilə o qədər də «dil tapa» bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi.

Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənmiş, çoxlu kitablar mütaliə etmişdir. 1921-ci ildə birinci sinifə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir. Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi.

Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə kifayətlənməyən İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə tərcümə olunmuş əsərlərini mütaliə etmiş, eyni zamanda riyaziyyat və fizika elmlərinə böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi adamların həyatını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırırdı.

İ.Əfəndiyev yazır: "Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum".

Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir.

Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. Düzdür, 30-cu illərdə rayondakı mühit haqqında əlimizdə geniş məlumat yoxdur. Lakin yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon ziyalıları haqqında əldə etdiyimiz məlumatlar, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir.  

İlyas Əfəndiyev 1996-cı ildə Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

* * *

Yaradıcılığı 

Pyeslər

 

«İntizar»

«İşıqlı yollar»

«Bahar suları»

«Atayevlər ailəsi»

«Sən həmişə mənimləsən», yaxud «Boy çiçəyi»

«Mənim günahım»

«Odlu səhradan gəlmiş şeytan»

«On manatlıq lüstr»

«Bizə inan»

«Unuda bilmirəm»

«Məhv olmuş gündəliklər»

«Mahnı dağlarda qaldı»

«Qəribə oğlan»

«Bağlardan gələn səs»

«Xurşidbanu Natəvan»

«Billur sarayda»

«Şeyx Xiyabani»

«Bizim qəribə taleyimiz»

«Sevgililərin cəhənnəmdə vüsalı»

«Tənha iydə ağacı»

«Ağıllılar və dəlilər»

«Hökmdar və qızı»

 

Uşaq hekayələri

 

«Ceyran ovu»

«Maraqlı hadisə»

«Qoruqlarda»

«Yasəmən ağacı»

«İz ilə»

«Ovçunun nağılı»

«Zəmidə bir turac səslənirdi»

 

Müxtəlif illərin hekayələri

 

«Berlində bir gecə»

«Qəhrəmanımın nişanlısı»

«Balıqçılar»

«Gül satan»

«Cavan yolçu»

«Bahar buludları»

«Xəncər»

«Yaylaq qonşumuz»

«Şəhərdən gələn ovçu»

«Yun şal»

«Qırçı və qırmızı çiçək»

«Tufandan sonra»

«Səməd Vurğun haqqında hekayə»

«Daş hasar»

 

Hekayələr

 

“Kənddən məktublar” kitabından

 

«Qızbəz xala»

«Qarımış oğlan»

«Mirzə İman»

«Uxajor»

 

“Aydınlıq gecələr» kitabından

 

«Gözlənilməyən sevgi»

«Apardı sellər Saranı»

«Durna»

«Qəhrəman ilə bülbülün nağılı»

«Kiçik bir poema»

«Qoca tarını çaldı»

«Yarımçıq qalmış portret haqqında mahnı»

«Qarı dağ»

 

“Hekayələr» kitabından

«Görüş»

«Gülaçar»

«Su dəyirmanı»

 

“Sən ey böyük yaradan» kitabından

 

«Yusif və Esfir»

«Vəzir Allahverdi xan və Bəhlul Danəndə»

«Sən ey böyük yaradan»

«Abidin yuxusu»

«Həyatın əbədi ahəngi»

«Sağsağan»

«İsa-Musa»

 

Povestlər

 

«Kənddən məktublar»

«Aydınlıq gecələr»

«Torpağın sahibi»

«Qaçaq Süleymanın ölümü»

«Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı»

 

Romanlar

 

«Söyüdlü arx»

«Körpüsalanlar»

«Geriyə baxma, qoca»

«Üçatılan»

«Xan çinar»

«Dağlar arxasında üç dost»

«Sarıköynəklə Valehin nağılı»

* * *

Mənbə: 

http://ilyasafandiyev.az/az/

* * *

Mövzuya dair:

 

İlyas Əfəndiyevin Qarabağ mövzusundakı dramlarının sənətkarlıq xüsusiyyətləri

                                                

Dramaturgiya əsrlər boyu insanların mənəvi təkamülündə, ictimai-estetik tərbiyəsində mühüm rol oynamış, güclü emosional təsirə malik bədii yaradıcılıq sahələrindən biridir. Bu janrın başqa ədəbi növlərdən əsas fərqi odur ki, burada təsvir olunan hadisələr tərənnüm və ya təhkiyə yolu ilə deyil, hərəkətdə və əyani şəkildə təqdim olunur.

Qarabağ mövzusunda yazılan İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramı son dərəcə bədii sənətkarlıq baxımından güclüdür. Dram əsərlərinin daxili strukturu, bədii sxemi dialoq, monoloq və remarkalardan ibarətdir. Remarkalar dramın əvvəlində verilir. “Mahnı dağlarda qaldı” dramında remarka birinci pərdədə verilir. “Şuşa qalasının Cıdır düzü... Xəzinə, qayası. Daha o yanda isə Şərqə karvan çəkən buludlar altında Topxana meşəsi görünür. Bu mənzərənin fonunda sanki uzaq əsrlərdən gələn bir mahnı eşidilir:

 

Deyirlər, Qarabağ bir cənnət imiş,

Bəslərmiş qoynunda mələklərini.

Məndə qüdrət hanı qələm çalmağa,

Tərif eləməyə ancaq birini...”.

 

Digər pyesi “Xurşidbanu Natəvan” da proloq hissəsi belə başlayır: “Qafqaz canişinin malikanəsi. Pərdə açılan geniş otaqda Xurşidbanu ilə Mirzə Ruhulla sükut içində dayanıb zala baxırlar. Knyaz Xasay iti addımlarla gəlib. Xurşidbanun qarşısında dayanır”.

“Hökmdar və qızı” faciəsində proloq belə başlayır: “Şuşa qalası. İbrahim xanın iqamətgahı. Ağaməhəmməd şahın Şuşanın istilası zamanı Baləkənə qaçmış İbrahim xanın Ağaməhəmməd şah öldürüləndən sonra təkrar sağ-salamat Şuşaya qayıtması münasibəti ilə sarayda şadyanalıq. Musiqi. Cavanlar rəqs edirlər. Xanın qızları Ağabəyim ağa və Səltənət bəyim də, Cavad xanın oğlu Hüseynqulu xan da, Qarabağ atlılarının gənc sərkərdəsi Saday Şirxan oğlu da onların arasındadır. Axund Mirmöhsün ağa zərif parçadan tikilmiş ağ libasda, ağ əmmamədə səhnənin yuxarısında gö­rünür”.

Dram əsərlərində remarkalar, ilk növbədə, əsəri tamaşaya qoyan rejissor və aktyor kollektivinə məsləhət, tövsiyə xarakteri daşıyır. Dialoqlara gəldikdə Şahnazla Nicatın dialoqunda kəndli və bəy sinfinin arasındakı ziddiyyət görünür. Şahnaz nə qədər Nicatı sevsə də onu pulu-qızılı ilə öz iradəsinə tabe edib başqa yerə qaçmağı təklif edir. Ancaq Nicat razı olmur, çünki o zəhmət çəkib pul qazanmağı üstün tutur. Monoloqların əksəriyyəti psixoloji xarakter daşıyır. Hər bir surətin nitqi onun xarakterinin açılmasına kömək edir.      

“Hökmdar və qızı” faciəsində erməni Vanyanın əsl məqsədi onun dilində açıq şəkildə verilir: “Rus padşahı ilə dinimiz, məzhəbimiz birdir. Türklər isə bizim düşmənimizdir”.

Beləliklə, buradan belə nəticəyə gəlmək olar ki, monoloq, həm də dialoqlar surətlərin məqsədini, xarakterinin açılmasında mühüm vasitədir. Buradan əsərin ideyasını da aydın şəkildə görmək mümkündür.

Dil – bədii ədəbiyyatın əsas vasitədir. Kamil obrazlı bədii dilin rəngarəng parıltısı, işığı, ahəngi, musiqisi olmasa bədii yaradıcılıqdan söhbət açıla bilməz. Dildən səmərəli istifadə və onun obrazlı ifadəyə çevirmək bacarığı təkcə yaradıcının istedadı, istəyi, arzusu ilə deyil, həm də onun dünyagörüşü, ictimai-estetik məramı, xalq dilinə olan dərin məhəbbəti, milli qeyrəti, zövqü və bütünlükdə sənətkarlıq qüdrəti ilə bağlı bir məsələdir. Yazıçılar bədii əsər yazarkən zəruri olaraq ümumxalq dilinə və onun əsas lüğət fondu sayılan arxaizm (köhnə sözlə), neologizm (yeni sözlər), varvarizm (əcnəbi sözlər), dialektizm (ləhcəçilik), jarqonizm (xüsusi təsərrüfat sahəsilə bağlı sözlər), provisializm (məhəlləçilik), vulqarizm (biədəb sözlər) və s. kimi dil vahidlərinə müraciət edirlər.

Dildə leksik vahidlərin arxaikləşməsi, köhnəlməsi tarixən, illərin, əsrlər boyu xalqların həyatında baş verən ictimai, mədəni hadisələrlə bağlı qanunauyğun prosesdir.

“Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?”, “Mən suçlu adamlar kimi heç kimin üzünə baxa bilmirəm” (“Mahnı dağlarda qaldı”), “Şahın ərbabları Azərbaycan qızlarının namusunu ayaqlar altına salıb tapdalayırlar” (“Xurşidbanu Natəvan”), “Yaxşı, Vanya yüzbaşı, sən bu sözlərin mənə çox ərz eləmisən” (“Hökmdar və qızı”). Burada “pud”, “misqal”, ”suçlu”, ”ərbab”, “yüzbaşı” sözləri arxaizmdir. Pud, misqal ölçü vahidləridir, suçlu günahkar, ərbab ağa, yüzbaşı rütbə mənasında işlənmişdir.

Varvarizm – dili zənginləşdirən, dil tərkibini genişləndirən, başqa xalqların dillərindən alınan sözlərdir. Hər bir xalq tarixi inkişaf boyu daima başqa xalqlarla təmas edir, siyasi, iqtisadi, mədəni əlaqələrə girir. Xalqlar arasında mədəniyyət, elm, texnika müdalisi olur, adətlər, vərdişlər, məfhumlar təsir edir. Məsələn:

“Bəy, söhbət dananı qurda verər, qızımızı verin, mürəxxəs olaq”, “Dünən müsavat nazirləri hökuməti bolşeviklərə təhvil veriblər”, “Bəli, yoldaş komissar, Şahnaz xanımın padruqası” (“Mahnı dağlarda qaldı”), “Mən varisiyektayam!”, “Yaxşı madmazel, mən sizin xahişinizi olduğu kimi əlahəzrət imperatora çatdıraram” , “Arzu edirəm, knyaginyanın təşkil etdiyi bu gecəki balda siz də vaxtınızı xoş keçirəsiniz”, “Lakin bizimlə dədə-baba ədavətləri olan kübarlar çara danos verdilər ki, guya, mən millətçilik eləyirəm, Şeyx Şamil yolu ilə gedirəm” (“Xurşidbanu Natəvan”), “Sən bu gün təğyiri-libas olub, xəlvətcə Əbülfət xanım qərargahına gedib, ona deyərsən ki, mən təcili onu görmək istəyirəm”, “Astvas du bahi, astvas du bahi” (“Hökmdar və qızı”).

Bununla yanaşı, yazıçılar obrazları fərdiləşdirmək, onlarla bağlı emosionallığı, koloriti artırmaq üçün şivələrdən yerli-yerində istifadə edirlər. Bu da sənət əsərlərinə xüsusi təbilik, şirinlik, bədiilik gətirdiyi üçün ədəbi ictimaiyyət və oxucular tərəfindən yaxşı qarşılanır, yüksək qiymətləndirilir.

“Sənə qurban olum, ay Allah, tez ol dayna”, “Eyzən fikir-xəyal içində” (“Mahnı dağlarda qaldı”), “Kor kamançaçı çalırız eyzən Muradalıya baxa-baxa oxuyub oynayırdı”, “Naşına nə gələcək... yenə də göbəyini əsdirə-əsdirə oynayıb, pul yığacaqsan dayna...”, “Sən ölmüyəsən, yəqin heylədi...” (“Xurşidbanu Natəvan”).

Burada işlədilən dialektlər Qarabağ dialektinə məxsusdur.

Yazıçı yeri gələndə mənfi tipləri fərdiləşdirmək, onların simasında köhnə cəmiyyəti, nadanlığı, cəhaləti, mənəvi geriliyi ifşa etmək üçün kifayət qədər vulqar söz və ifadələrdən istifadə etmişdir.         

“Qələt eyləyirlər. Şahnaz təhsil görmüş açıqtəbiətli bir qızdır” ,“Axmağın biri. Qoca nənən gecənin bu vaxtı niyə yadına düşüb?”, “Yalan deyirsən, küçük”, “bu məlun kəndlinin sözlərində həqiqət vardır” (“Mahnı dağlarda qaldı”).

Məcazlar – sözün sadəcə lüğəti mənasında deyil, həm də çoxmənalı, sətiraltı, bədii, poetik, xüsusilə obrazlı formada işlədilməsinə deyilir. Bədii yaradıcılıqda məcazlardan istifadə yazıçıdan, sənətkardan yüksək profesionallıq, obrazlı təfəkkür, sənətkarlıq, sözlərin üzərində səbirlə, təmkinlə işləmək, onlara yeni məzmun, məna çalarları vermək, poetik təsvir və ifadə vasitələrindən yüksək səviyyədə faydalanmaq bacarığı tələb edir. Aydın məsələdir ki, yazıçının bədii zövqü, həyat təcrübəsi, idrak və müşahidə qabiliyyəti nə qədər güclüdürsə, onun dili də o qədər güclü, təsirli, əlvan və poetik olur.

Bədii təsvir vasitələrinin sadə növlərindən biri epitetdir. Bədii əsərdə mənanı qüvvətləndirmək, müəyyən bir cəhəti diqqətə daha qabarıq çatdırmaq üçün həmin fikri ifadə edən sözə qüvvətləndirici təyinedici söz artırılır.

“Min bir gecə qəhrəmanlarının xəyalları dolaşan yerlərə...”, “Görünür ikibaşlı qartalın caynaqları korlaşmışdır”, “Qiymətli adamlardır” (“Mahnı dağlarda qaldı”), “Xurşidbanu həqiqətən şahanə xanımdır”, “İztirablar çəkmiş qəlbimin sənin sevginə, səmimiyyətinə o qədər ehtiyacı var ki...” (“Xurşidbanu Natəvan”), “Ağabəyim ağa, siz dünyanın ən nəcib xanımısınız”, “Sənin qəhrəman təbiətin məni düşmənlə vuruşa tələsidirir” (“Hökmdar və qızı”).

Bədii yaradıcılıqda sadə və ən çox işlənən məcazlardan biri təşbeh-bənzətmədir. Bədii ədəbiyyatda bir əşyanın və ya hadisənin müəyyən əlamətə görə özündən daha qüvvətli əşya və hadisəyə oxşadılmasına təşbeh, yaxud bənzətmə deyilir.

“Böyük bəy ildırım vurmuş kimi sarsılır”, “ O qədər gözəldir ki, deyirsən, bəs, oğlan paltarı geymiş qızdır” (“Mahnı dağlarda qaldı”), “Quduz it kimi öldürəcəm onu”, “Sənin boyun sərv kimi ucadır, Sənin gözün şəvə kimi qaradır”, “Ürəyim Savalandır, canım da Savalandır” (“Xurşidbanu Natəvan”), “Gedək , qumral ürgənin üstündə qızıl quş kimi uçacam” (“Hökmdar və qızı”).

Bir əşya yaxud hadisənin müəyyən əlamətinin başqa əşya və yaxud hadisənin üzərinə köçürülməsinə metofora deyilir.

“Kişi səhərdən-axşamacan oturub arvadı tumarlamayacaq ki...”, “Ovçu oğlanı görəndə qızın gözləri od tutub yanırdı”, “Mənim də bəxtim bir gün açılacaq”, “Kübarlar, ağalar sinfinə olan nifrəti sənin qəlbində mənim məhəbbətimi də məhv etmişdir” (“Mahnı dağlarda qaldı”), “Tale özü qəsdən məni indiyə qədər dayandırmış, knyaz həzrətləri”, “Sənin məhəbbətin mənim köməyim, dayağım olacaq!”, “Yox, sənin, nə isə, bir sirrin var... Bəs, nə vaxt ürəyini açacaqsan?”, “Məqsədim odur ki, min illərdən bəri əkilməyən torpaqlar camaata xeyir versin”, “Musiqi birdən-birə susdu...” (“Xurşidbanu Natəvan”), “Yerlər, göylər bu dəhşətə necə dözdü, necə?” (“Hökmdar və qızı”).

Metonimiya – bədii dildə tez-tez rast gəlinən və danışığı, mənanı qüvvətləndirən, şirinləşdirən məcaz növlərindən biridir.

“Ətraf dərin sükut içindədir” (“Mahnı dağlarda qaldı”), “Muradalı əmioğlu, Banu bəyim buyurdu ki, qala rəisinin yavəri zabit Mixaylov onun sevimli atı “Meymunu” minib bir neçə saat gəzmək istəyir” (“Xurşidbanu Natəvan”), “Doğrudanmı, mən Azərbaycana xəyanət edərəm!” (“ Hökmdar və qızı”).

Bədii ifadə vasitələrindən təzad ziddinə, əksinə olmaq deməkdir. Bədii əsərdə məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılıqlı şəkildə verilməsinə təzad deyilir.

“Zəif ağıllılara güclü ağıllara tabe olmalıdır”, “Biz öz vətənimizdə vətənsiz idik”, “Mən dörd il bundan əvvəl ailəmi, qohum-əqrəbamı, bütün var-dövlətimi atıb adi bir nökər olan səninlə qaçanda heç nə fikirləşmədiyim kimi, indi də fikirləşmirəm” (“Mahnı dağlarda qaldı”), “Dünyaya Nizami Gəncəvi kimi, Füzuli kimi dahilər vermiş Azərbaycanın bu gün dünya mədəniyyətindən bu qədər geri qalması izzəti-nəfsimi yaralayır”, “Bir könüldən min könülə aşiqəm sənə”, “Cənab knyaz da, o biri ağalar kimi, çörəklərini halal zəhmətlə qazanan adamlara yuxarıdan aşağı baxır, amma sizin kasıb adamlarla rəftarınız məni fərəhləndirir, banu bəyim, həqiqəti söyləyən şairlərin taleyi həmişə faciəli olmuşdur”, “Dünyada qəribə təzadlar olur, əlahəzrət, şer-sənət nəcib hisslərin, nəcib fikirlərin tərcümanı olduğu halda, bəzən qəddar hökmdarlar da onu sevir”, “Ancaq mən Cavad xan kimi xalq qəhrəmanını, yenilməz Azəri igidlərini, arvadları, körpə uşaqları top atəşinə tutub güllə­baran etdirən cəllad bir generalın görüşünə getməyi, onun şadlıq məclisində iştirak etməyi Azərbaycan xalqına qarşı dəhşətli bir xəyanət hesab edirəm”, “Siz Azərbaycanı, gözəl Qarabağı müstəmləkə etməyə gələn rus generallarını duz-çörəklə qarşıladınız” (“Hökmdar və qızı”).

Mübaliğə – bədii təsvirdə və ya adi danışıq dilində hadisələrin, faktların, insanın əməl, fikir və duyğularının həddində artıq böyüdülməsinə, şişirdilməsinə deyilir.

“Siz ki, kübar salonlarının pələngisiniz”, “Mənə elə gəldi ki, vətənim üçün dağı dağ üstünə qoya bilərəm!”, “And içirəm ki, sənin sirrini xəncərlə də mənim ürəyimdən çıxara bilməzlər” (“Xurşidbanu Natəvan”), “Mənə elə gəlirdi ki, sən bizi xilas etmək üçün Allah tərəfindən göndərilmiş fövqəlbəşər bir məxluqsan”, “Xan ata, o oğlan adi tərəkəmə içindən çıxmış bir igiddir. Sənin kimi qüdrətli hökmdarın istəkli qızı olan mənim onu istəməyim mənim öz gözümdə göylərə qaldırmışdır” (“Hökmdar və qızı”).  

Bədii əsərdə mübaliğənin əksi olan ifadə vasitəsindən də istifadə olunur ki, ədəbiyyatşünaslıqda buna litota deyilir. Litota yunan sözü olub, kiçiltmək, əhəmiyyətsizləşdirmək mənasını bildirir. Söz sənətkarı müəyyən hadisəni, əşyanı əsərin ideyasına uyğun, əslində olduğundan zəif, kiçik şəkildə nəzərə çatdırır.

“Lakin onun qılıncı nə qədər iti olsa da, iki divin pusqusunda dayandığı bu tilsimi qan tökməklə sındıra bilər” (“Hökmdar və qızı”).

Kinayə – insana, onun işinə, əməlinə, hadisə və faktlara istehzalı, rişxəndli, ifşaçı münasibətdən doğan, mətləbi birbaşa deyil, əksinə, dolayı yolla bildirən sözə, mühakiməyə və ya fikrə kinayə deyilir.

“Yəni Bəhmənmirzənin nəvəsi, Böyükbəyin bacısı, o günə qalıb ki, gədənin birinə aşiq olsun?” (“Mahnı dağlarda qaldı”), “O!..Nə böyük nəzakət... Niyə gəlmirsiniz?”, “İnanmaq lazımdır! Yoxsa, azərbaycanlıları sən Zahir bəydən, Fərəc bəydən yaxşı tanıyırsan? Kim səni vəkil eləyib ki, bu qaçaq-quldur tuzemləri müdafiə eyləyəsən?” (“Xurşidbanu Natəvan”).

İnversiya – sözlərin müəyyən sırasının pozulmasıdır. Qrammatikanın tələbi baxımından nöqsan sayılmasına baxmayaraq, sənətkar bədii əsərdə sözlərin sırasını bəzən bilə-bilə pozaraq inversiya yaradır, ondan bədii ifadə vasitəsi kimi istifadə edir.

“Yığışdır şələ-şüləni, İnsan!” (“Xurşidbanu Natəvan”), “Vurdur mənim boynumu, xan ata! Hər halda, bu, bütün xalqı yadelli bir qəsbkarın çəngəlinə keçirmək qədər ağır cinayət deyil” (“Hökmdar və qızı”).

Pyeslərdə Qarabağın müxtəlif bölgələrinin adları da çəkilir. Dilçilikdə buna terminlər deyilir. Kürdmahmudlu, Dumu, Tuğ, Hadrut, Xankəndi, Daşaltı və s. yerlər Qarabağın müxtəlif kəndlərinin adlarıdır.         

İ.Əfəndiyevin pyeslərində xalq dilinin ruhu aydın şəkildə duyulur. Xalq ədəbiyyatının müxtəlif janrlarında istifadə edərək gözəl şeirlər yaratmışdır. “Mahnı dağlarda qaldı” pyesində xalq mahnısı oxunur:

 

                                                       Aman ovçu, vurma məni,

                                                       Mən bu dağın maralıyam...

                                                       Yaralıyam, yaralıyam...

                                                       Mən bu dağın maralıyam.

 

Digər pyesində “Xurşidbanu Natəvan” da bayatı janrının nümunəsinə rast gəlirik:

 

                                                     Araz axar lil ilə,

                                                     Dəstə-dəstə gül ilə.

                                                     Mən yarımı sevirəm,

                                                    Şirin-şirin dil ilə.

 

“Məclisi-üns” poetik məclisi şeir, sənət dünyası ilə bağlı olmasına baxmayaraq, Mamayın söylədiyi şeir bu məclisi öz məcrasından döndərir. İ.Əfəndiyev dramaturq kimi Natəvanın qəzəllərindən misallar gətirir:

 

                                          Səni kimdir sevən bica, qərənfil?

                                          Sənə mən aşiqi-şeyda, qərənfil?

 

İ.Əfəndiyev yaradıcılığı öz mənəvi əsasları ilə qədim tarixə malik Azərbaycan ədəbiyyatına bağlı olmuş, onun əsərlərində mifik təfəkkürün, folklor ədəbiyyatının, klassik şairlərin, sənətkarların həmişəyaşar ruhu duyulur.

Aynurə Niyaz qızı Paşayeva

 

Xəbərlər
Redaktorun seçimi