“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.06.2014, 20:35
2063

Dövlət quruculuğunda azərbaycançılıq ideologiyasının rolu

A- A+

Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir, hansı istiqamətdə inkişaf edir? Bu yazıda qeyd olunan suallara, qısa da olsa, aydınlıq gətirmək istərdik...

 

 

Rövşən Rzayev

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsi sədrinin müavini

 

2013-cü ilin 9 oktyabr prezident seçkilərinin nəticələri Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı dövlətlə cəmiyyətin konstitusion dəyərlərini, ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə öz seçimini etdi. Bununla Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik xətti və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi. Azərbaycançılıq ideologiyasının mahiyyəti nədən ibarətdir, hansı dəyərləri əhatə edir, hansı milli, mənəvi ənənələrə köklənir, hansı istiqamətdə inkişaf edir? Bu yazıda qeyd olunan suallara qısa da olsa aydınlıq gətirmək istərdim.

Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında iştirak etməlidir. Bu, iştirak müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsində, ümumilikdə vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan və insanların şüurunda formalaşan ictimai dəyərlər dövlətin inkişafına və güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq ideyasıdır. 

Dövlətin vahid ideologiyası vətəndaşın təbii maraqlarını nəzərə almadıqda cəmiyyətlə dövlət arasında boşluq yaranır. Hətta totalitar dövlətlər demokratik inkişaf yoluna qədəm qoyduqdan sonra bir müddət əxlaq, mənəviyyat kimi ənənəvi ictimai dəyərlər insanlar tərəfindən fərqli qəbul edilir. Azərbaycanın müstəqilliyinin ilk illərinin təcrübəsi də buna sübutdur. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi.

Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.

Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 90-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır. Ulu Öndər çıxışlarının birində bu barədə belə demişdir: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana Vətəni unutmayasan”[1].

Cəmiyyəti birləşdirən, onun inkişafına zəmanət verən dəyərlər sistemi mövcud olmalıdır. Onların Əsas Qanunda əks edilməsi ilə bərabər, insanların şüurunda, düşüncələrində, qəlbində olmaları vacibdir.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.   

Azərbaycançılığın mahiyyəti

Azərbaycançılıq termini ictimai elmlər dövriyyəsində nisbətən yeni yaranan anlayışdır. Bununla belə, son illər alim və tədqiqatçılar, ictimai xadim və yazarlar tərəfindən bu mövzuda bir sıra dəyərli məqalələr, monoqrafiya və dərsliklər yazılmış, azərbaycançılığın əsasları, mahiyyəti və konseptual tərəfləri şərh edilmişdir. Akademik Ramiz Mehdiyev qeyd edir ki, azərbaycançılıq “ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”[2].

Buradan belə nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.        

Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: “Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”[3]. Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir.

Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Professor Nizaməddin Şəmsizadə qeyd edir ki, “Azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır”[4]. Azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətində milli birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin və onun dövlətinin mövqeyini izah, təsdiq və inkişaf etdirmək məqsədini daşıyır.

Beləliklə, azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.   

Azərbaycançılıq məfhumunun təhlil etmək, onun mahiyyətini dərk etmək, tərkib elementlərini səciyyələndirmək metodoloji cəhətdən çətindir. Bu da təbiidir. Çünki ictimai elmlərdə əksər kateqoriya və anlayışların dəqiq çərçivələrini aşkar etmək çətindir. Neotomizmin yaradıcısı fransız filosofu J.Mariten qeyd edirdi ki, “müasir tarixin faciəsi əsas anlayışların sistematik ümumiləşdirməsindədir”[5].

İslam nəzəriyyəçiləri də etiraf edirlər ki, İslam dinində əsas anlayışlar fərqli şərh olunurlar, lakin ümumi fəlsəfə kimi təqdim olunur[6]. İctimai elmlərin əsas vəzifəsi sosial reallıq haqqında sistemləşmiş bilik yaratmaqdır. Avstriyalı sosioloq A.Şyus nəzəriyyəsində göstərir ki, “ictimai elmlərdə bir anlayışa vahid yanaşma yoxdur, bu tədqiqatlarda ən əsası elmi məntiqdən çıxış edərkən obyektivliyə doğru getməkdir”[7]. Ona görə azərbaycançılığın mahiyyətinin açıqlanmasında vahid yanaşma olmasa da, elmi məntiqə əsaslanaraq onun tərkib elementlərini müəyyənləşdirməyə cəhd etmək olar.

Hər bir halda politoloji, sosioloji, hətta etimoloji cəhətdən azərbaycançılıq termininə müxtəlif yanaşmalar mövcud olsa da, onun əsas fəlsəfəsi dəyişməzdir.      Azərbaycançılıq - özündə “vətəndaşlıq”, “vətənpərvərlik”, “loyallıq”, habelə cəmiyyət və dövlət qarşısında vətəndaşın məsuliyyətini birləşdirir.

Beləliklə, Azərbaycançılıq milli dövlət ideologiyası kimi Konstitusiya əsaslarına söykənən, insanlarda vətəndaşlıq, vətənpərvərlik, loyallıq və vətəndaş məsuliyyətini formalaşdıran, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.                              

Azərbaycançılıq və konstitusionalizm ideologiyalarının nisbəti

Azərbaycançılıq ideologiyası geniş əhatə dairəsi ilə yanaşı, konkret məqsədlər də güdür. Bu ideologiya Azərbaycanda azad vətəndaş cəmiyyətinin inkişafına və güclü dövlət quruculuğuna xidmət edir. Azərbaycanda insanların düşüncələrində azərbaycançılıq ideologiyasının formalaşması, onların fəaliyyətlərində bu ideoloji dəyərlərin rəhbər tutulması konstitusiya quruluşunun əsaslarının sabitliyinə də zəmin yaradır. Digər tərəfdən, bu ideologiyanın mövcudluğu Azərbaycanda yaranmış sosial birliyi kənardan qiymətləndirməyə imkan verir.

Azərbaycançılıq nisbətən yeni ideologiya olsa da, uzun müddət hüquqi dövlət və demokratik rejimin formalaşmasında rol oynayan, azad xalqları birləşdirən, hüquq elmində kifayət qədər təhlil olunan konstitusionalizmin elementlərini cəmləşdirir. Konstitusionalizmin əsas elementlərinə bunları aid etmək olar: demokratik və hüquqi rejim, insan hüquqlarının aliliyi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti, yerli özünüidarə və s. Təbiidir ki, konstitusionalizm ideologiyasının hakimiyyət strukturunda, vətəndaş cəmiyyəti institutlarında dərk edilməsi konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlıdır. Konstitusionalizmin çox lakonik və əhatəli tərifini macar professoru A.Şayo vermişdir: “konstitusionalizm - ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir”[8].

Bu ideologiyanın əsas məqsədi hakimiyyətin şəffaf və effektiv hüquq çərçivəsində idarəçiliyini təmin etməkdir. Ona görə hüquqi cəmiyyətdə konstitusionalizmin mahiyyəti və Əsas Qanunun fəlsəfəsi aydın təsəvvür olunmalıdır. Cəmiyyətin hər bir üzvü, xüsusilə dövlət qulluqçuları konstitusionalizmin məqsəd və vəzifələrini dərk edərək onları gündəlik fəaliyyətində rəhbər tutmalıdır. Belə olan halda hakimiyyət sistemi, dövlət idarəçiliyi institutları Konstitusiya əsasında sabit fəaliyyət göstərir və cəmiyyətdə ali dəyər olan insan hüquqlarının təminatına real imkan yaradırlar.

Azrərbaycançılığın və konstitusionalizmin məqsədlərində böyük oxşarlıq var. Hər ikisi ideoloji funksiyalarına görə fərdlə dövlət arasında ədalətli bərabərhüquqlu münasibətlər və dəyərlər sistemi yaradır, habelə demokratik və hüquqi dövlətdə idarəçiliyin effektiv təşkilinə xidmət edir. Azrərbaycançılıqla konstitusionalizmin oxşarlığını aşağıdakı fikirlə ifadə etmək olar: azərbaycançılıq ideologiyası hüquqi və demokratik Azərbaycan dövlətini möhkəmləndirməyə, müstəqil Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxarmağa xidmət edir.

Konstitusionalizm də dövlət quruculuğunda analoji məqsədləri güdür. Bu iki ideologiyaların fərqli xüsusiyyətləri də var. Təsir etdikləri obyektlərin predmeti eyni olsa da, öz əhatə dairəsinə görə konstitusionalizm qlobal xarakter, azərbaycanşılıq isə konkret bir xalqı birləşdirən lokal xarakter daşıyır.

Azərbaycançılığı neokonservatizmlə də müqayisə edirlər. Neokonservativizm nisbətən yeni ideoloji cərəyandır və Qərbin sivil dəyərlərini təbliğ edir. Neokonservativizmin banisi Leo Ştraus olsa da bu nəzəriyyənin müasir əsasları ətraflı şəkildə Vilyam Kristal və Robert Kaqan tərəfindən 1996-cı ildə şərh edilmişdir[9].

Neokonservativizmin tərəfdarları hesab edirlər ki, demokratiyanı, bazar iqtisadiyyatını və söz azadlığını cəmiyyətə imperativ şəkildə çatdırmaq lazımdır. Azərbaycançılıq sivil cəmiyyət quruluşunu inkar etmir, əksinə, bunun üçün dəyərlər sistemini yaradır. Beləliklə, azərbaycançılığın müəyyən hallarda neokonservativizm xarakterli imperativ olması, digər hallarda isə qloballaşma baxımından konstitusionalizmin vahid dəyərlər sisteminə inteqrasiyası vacibdir.   

Hər bir xalq inkişafa doğru gedir. Bu inkişaf vahid prinsiplərə əsaslanır. Düzdür, sivilizasiya baxımından xalqların inkişaf yolları bir qədər fərqlidir. Məsələn, Şərq sivilizasiyasının adət-ənənələri Qərb sivilizasiyasının dəyərlərindən fərqlidir. Lakin insanlar universal dəyərlərin daşıyıcılarıdırlar. Hər bir kəs arzulayır ki, o yaşadığı cəmiyyətdə hüquqi bərabərlik, hakimiyyətin ədalətliyi, azad bazar iqtisadiyyatı, söz və vicdan azadlığı, işgəncələrə məruz qalmamaq, şəxsi toxunulmazlıq, ədalət mühakiməsi və s. təmin olunsun. Bu dəyərlər insan hüquqları üzrə beynəlxalq standartlarda universallaşıb. Onların təminatı üçün demokratik rejim və hüquqi dövlət quruculuğu tələb olunur.

Hərçənd müəyyən tarixi zaman və şəraitdə hətta Avropada demokratiyanın tənqidçiləri, bu idarəçilik rejiminin mənfi fəsadlarını müşahidə edənlər olub. Məsələn, Uunston Çörçill II Dünya müharibəsindən sonra çıxışların birində qeyd etmişdir ki, “Demokratiya - idarəetmə formasının ən pisidir, ancaq digər formalar ondan da pisdir”[10].

Zaman göstərdi ki, demokratik rejim və hüquqi dövlət xalqların rifahının artmasına, qlobal konstitusionalizm ideyası isə ədalətli cəmiyyət quruluşuna aparan inkişaf yoludur. Ona görə Azərbaycanda dövlət quruculuğu prosesində konstitusionalizm, azərbaycançılıq ideologiyalarının dəyərləri üstün tutulur. 

Azərbaycançılıq və qloballaşma

Müasir dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri milli mənsubluğa təsir göstərir. Qloballaşan dünyada bəzən vətənpərvərlik hissi daha çox vətəndaşlıq, loyallıq və tolerantlıq hissləri ilə əvəz olunur (bu barədə bir qədər sonra). Müəyyən hallarda isə sənayeləşmə, demokratikləşmə, məlumat mübadiləsi dairəsinin genişlənməsi və s. qloballaşma prosesləri etno-milli mənsubiyyətə təsir edərək münaqişələrə də səbəb olur. Bunu nəzərə alan bır sıra təhlilçilər qloballaşmanın milli ideologiya ilə ziddiyyət təşkil etdiyini önə çəkir, onları antaqonist dəyərlər sistemi kimi xarakterizə edirlər.

Məhz ona görə çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir.

İstənilən cəmiyyət dünya iqtisadi məkanın bir hissəsi olmadığı halda ümumi rəqabətə dözümsüz olur. İqtisadi uğursuzluq isə öz növbəsində sosial problemlərin həllini mümkünsüz edir, sosial gərginliyə səbəb olur və nəhayət, insan hüquqlarının həyata keçirilməsini çətinləşdirir. Müasir dünyada ölkələr iqtisadi inkişafa, milli təhlükəsizlik və hüquqi rejimin qorunmasına beynəlxalq iştirakçılıq olmadan tam olaraq zəmanət yarada bilməzlər. Bu baxımdan dövlətlər daha çox qloballaşma proseslərinə üstünlük verərək öz daxili problemlərinin həllini beynəlxalq əməkdaşlıqda görürlər.

Bu nöqteyi-nəzərdən azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlaması müstəsna əhəmiyyət kəsb edir: “Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər”[11].

Azərbaycançılıq ideyası qloballaşma şəraitində universal dəyərlərin qorunmasını önəmli hesab edir və ölkəmizin müasir milli modernləşmə yolunu bu dəyərlərin bərqərar olduğu Avropa məkanına inteqrasiyada görür. İnkişaf etmiş Avropa ölkələrinin tarixi göstərir ki, baş verən hər hansı siyasi, iqtisadi kataklizmlərə, hakimiyyətlərin bir-birini əvəzləməsinə, dövlət quruluşunda dəyişikliklərə baxmayaraq, bu ölkələrdə müstəqillik və demokratik inkişaf yolu dönməz və sarsılmazdır. Azərbaycançılıq ideyası da universal dəyər olan insan hüquqlarının qorunması, vahid Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin edilməsi, eyni zamanda ölkələrin ərazi bütövlüyü prinsipi və digər vacib dəyərləri nəzərdə tutaraq qloballaşmanı müasir dünyanın təbii inkişaf prosesi hesab edir.

Vətəndaşlıq azərbaycançılığın əsas elementi kimi

Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Azərbaycan dilində vətəndaşlıq bir neçə məna daşıyır. Məsələn, 30 sentyabr 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ insanın ölkədə hüquqi statusunu müəyyən edən norma kimi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır”. Vətəndaşlıq ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. İdeoloji baxımdan fərdin cəmiyyətə münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb edir. Beləliklə, vətəndaşlıq azərbaycançılıq kontekstində fərdin öz hüquq və vəzifələrini dərk edərək ölkədə yaranan ictimai-siyasi münasibətlərə mövqeyi kimi başa düşülür.

Vətəndaşlıq anlayışının konseptual analizi metodoloji cəhətdən mürəkkəb məsələdir. Ona görə ki, ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini müəyyən etmək çətindir. Bu kateqoriyalar müxtəlif aspektlərdən təhlil olunur və ictimai münasibətlər kontekstində nisbətən fərqli təqdim olunur. Azərbaycanın müasir inkişaf mərhələsində vətəndaşlıq insanların şüurunun qiymətləndirici əsasını, cəmiyyətdə davranışının motivasiyasını təşkil edən və onların siyasi maraqlarını əks etdirən amildir. Vətəndaşlıq anlayışı nəzəri cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi insanların ictimai-siyasi proseslərdə iştirakı zamanı asanlıqla müşahidə olur. Məsələn, seçki prosesində iştirak etmə mütləq olmadığından hər bir vətəndaşın bu siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq mövqeyi olur.

Cəmiyyətdə vətəndaşlıq fenomeninin zəif inkişaf etməsi ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər bir vətəndaş dövlət quruculuğunda iştirak edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə həyata keçirilə bilər. Seçki hüququ vətəndaşın hüquqi vəzifəsi deyil. Hər bir kəs öz seçki hüququndan istifadə edə bilər. Seçki hüququnun istifadəsində fərd öz vətəndaşlıq mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidir. Vətəndaşın bu mövqeyindən dövlətin gücü, dövlət quruluşunun sabitliyi, fərdlə dövlət, cəmiyyətlə hakimiyyət arasındakı sıx əlaqə, nəhayət insanların sosial rifahı asılıdır.

Vətəndaşlığın əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti, fərdin öz şəxsiyyətini dərk etməsi, daxili azadlığı, dövlət hakimiyyətinə münasibəti, cəmiyyət və dövlət qarşısında məsuliyyəti və ən əsası öz vəzifələrini yerinə yetirmək bacarığını aid etmək olar. Beləliklə, demək olar ki, vətəndaşlıq özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.  

Vətəndaşlıq azərbaycançılığın əsasını təşkil edir. Vətəndaşlıq kollektiv qərarların qəbul olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata keçirilən uzunmüddətli sosial proqramların, irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə imkan yaradır. Azərbaycançılığın tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin bir xalq kimi birləşməsinə və dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli zəmin yaradır.      

Azərbaycançılığın daşıyıcısı olan vətənpərvərlik

Vətəndaşlıq mövqeyindən çıxış edərək hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Pedaqoji baxımdan hesab olunur ki, “siyasi mədəniyyət, hüquqi mədəniyyət, vətənpərvərlik və millətlərarası münasibətlər mədəniyyəti dövlətin hər bir üzvünə məxsus olan vətəndaşlıq əhəmiyyətli keyfiyyətdir”[12]. Ona görə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Vətənpərvərlik öz vətənini sevmək, onu qorumaq deməkdir.

Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsaslarını təşkil edir. Ulu öndər milli ideologiya barədə çıxışlarının birində bu fikri çox aydın şəkildə ifadə etmişdir: “Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”[13].

Deməli, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli problemi olan ərazi bütövlüyümüzün bərpa edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkəmizin məruz qaldığı işğala son qoyulması bütün vətəndaşlarımızın, eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl müddəalarından birini təşkil edir. Təsadüfi deyil ki, bu gün siyasi baxışından, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Dağlıq Qarabağ məsələsində həmrəydir.

Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətənpərvərlik dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.

Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Ulu öndər Heydər Əliyev çıxışlarının birində bildirmişdir: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”[14].

Qeyd edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən daha çox vətəndaşlıq, loyallıq və tolerantlığa üstünlük verirlər. Əksər halda “vətənpərvərliyi” kor-koranə bir ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir.              

Dövlət quruculuğu prosesində loyallıq prinsipi

Azərbaycançılıq ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın siyasi loyallıq mövqeyini təbliğ edir. Siyasi loyallıq “dövlətin sabitlik faktoru”[15] kimi də göstərilir. Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə prosesidir. İlk növbədə insan özü özünə loyal yanaşır, sonra isə onun maraqlarını təmin edən dövlətə. Müasir dövlət insanın təhlükəsizliyini və sosial rifahını təmin edirsə, deməli hər bir kəs dövlətə hörmətlə yanaşaraq ona qulluq etməyə hazırdır. Məsələn, ABŞ vətəndaşlarının 70 % özlərini “dünya vətəndaşları” sayırlar[16]. Bilmək olmaz, onların torpaqlarında münaqişə baş verdikdə onlar özlərini necə aparacaqlar. Ancaq ölkənin inkişafı, dövlət quruluşunun və siyasi vəziyyətin sabitliyi, sosial rifahın artması üçün onlar siyasi loyallıq mövqeyini tuturlar.

Azərbaycançılıq ideologiyası çərçivəsində siyasi loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət münasibətləri hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri İ.İlin qeyd edir ki, “güclü hakimiyyət – aşağıların ləyaqətli və düzgün yuxarılara azad loyal münasibəti əsasında qurulur”[17]. Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının artması ilə bağlıdır. 

Loyallıq ingiliscə “loyal” sözündən yaranıb, qanuna riayət edən, qanuna sadiqlik kimi tərcümə edilir. Loyallıq prinsipi J.J.Russo, Ş.Monteskye, T.Hobss və digər Qərb mütəfəkkirlərin əsərlərində təhlil edilib. Loyallıq mövqeyi müəyyən bir sosial qrupun və ya ümumilikdə xalqın hakimiyyətə münasibəti kimi göstərilir. Ancaq müəyyən zamanlarda loyallıq prinsiplərindən çəkinmə vətəndaşlıq mövqeyini heç də inkar etmir, hətta bu mövqeyə sadiqliyi göstərir. Heç bir xalq dövlətinin ərazi bütövlüyünə, müstəqilliyinə təhlükə yarandığı halda loyal qala bilməz. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür.          

Vətəndaşlıq məsuliyyəti

Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir kəs hüquq münasibətlərin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində göstərilir ki, “Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”. Konstitusiyanın bu tələbi Vergi Məcəlləsində də öz əksini tapmışdır. Beləliklə, vergi ödəməkdən yayınma inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.

Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.

Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir.

Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.    

İstinadlar:

[1] Heydər Əliyev İsveçrədə yaşayan soydaşlarımızla görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Bern, 29 yanvar 1995-ci il // http://library.aliyev-heritage.org/az/9389127.html

[2] Mehdiyev R. Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi // https://www.azerbaycanli.org/az/page55.html

[3] Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin parlamentin 15 iyun 1993-cü il tarixli iclasında çıxışı - //http://library.aliyev-heritage.org/print.php?lang=az&page=3857190

[4] Şəmsizadə N. Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır //http://www.xalqqazeti.com/public/print.php?lngs=aze&ids=312

[5] Маритен Ж. Человек и государство. Пер. с англ. М.: 2000. – С.14.

[6]Просветительское исламоведение: энциклопедия ислама + новый перевод  Корана//www.tatmir.ru/article.shtml?article=690§ion=&heading=

[7] Шюц А. Формирование понятия и теории в общественных науках // http://studlib.ru/article/print-189.html

[8] Шайо А.Самоограничение власти (краткий курс конституционализма): Пер. с венг. – М.:  - 1999. - C.20

[9]  Kagan R. Toward a Neo-Reaganite Foreign Policy //http://www.carnegieendowment.org/

publications/index.cfm?fa=view&id=276

[10] Гражданственность, патриотизм и ответственность http://www.unb.ca/democracy/russia/4workarea/rus/a009.html 

 [11]  Prezident İlham Əliyevin Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında nitqi. - http://meclis.az/tarix/index.php?id=16

[12] Педагогика: Учебник/ под ред. Л.П.Крившенко. – М.: 2004. – С.11.

[13] Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqi. Respublika sarayı, 21 noyabr 1998-ci il. //http://lib.aliyev-heritage.org/az/94827291.html

 [14] http://lib.aliyev-heritage.org/az/94827291.html

 [15] Политическая лояльность как фактор стабильности государства // http://bankrabot.com /work/work_7287.html

[16] Новиков В., Лузан С. Управление суверенитетом в интересах граждан // http://www.prompolit.ru/146676

[17] Ильин И.А. О сильной власти. М.: 1992. – С.21.

 

Xəbərlər
Redaktorun seçimi