Gürcüstanın erməni problemi (2005)
Bu problemin arxasında dayanan məqamlar bizə çox tanışdır⇔ ⇔ ⇔
Son günlər Cavaxetiya bölgəsindəki ermənilərin radikal çıxışları və burada yerləşən Rusiya hərbi bazasının çıxarılması ilə bağlı Tbilisi-Moskva danışıqlarının düyünə düşməsi bütövlükdə Gürcüstan dövlətçiliyi üçün tarixən təhdid rolunu oynamış bir problemi yenidən aktuallaşdırıb. Gürcüstanın zaman-zaman qarşılaşdığı erməni probleminin bizə də yaxşı tanış olduğunu diqqətə alaraq onun mahiyyətinə, arxasında hansı faktorların dayandığına bir qədər geniş nəzər salmaq istərdik.
Gürcüstanın cənub-qərbində yerləşən Samsxe-Cavaxeti quberniyasının tərkibinə 6 rayon daxildir - Adıgen, Aspindz, Borjomi, Axaltsixa, Axalkalaki və Ninosminda. Sonuncu üç rayonun əhalisi əsasən ermənilərdən ibarətdir. Eyni zamanda, bölgənin 5 rayonu (Borjomi istisna olmaqla) Türkiyə ilə, Hinosminda və Adıgen rayonları isə Ermənistanla həmsərhəddir. Gürcüstanın Türkiyə ilə iki əsas gömrük qapısından biri (Vale), həmçinin Ermənistanla gömrük-keçid məntəqəsi (Bavra) bu bölgədə yerləşir. Beləliklə, Samsxe-Cavaxeti geosiyasi nöqteyi-nəzərdən Gürcüstan üçün olduqca önəmli bir bölgədir. Lakin bu bölgənin Gürcüstan üçün önəmini xüsusilə artıran və hazırkı vəziyyətdə müəyyən mənada rəsmi Tbilisi üçün başağrısı edən iki mühüm faktor da var.
Birincisi, yuxarıda qeyd etdiyimiz demoqrafik faktor, yəni bu bölgədə erməni əhalisinin kompakt yaşaması, ikincisi isə burada (Axalkalaki rayonunda) Rusiyanın keçmiş SSRİ-dən qalan 62-ci hərbi bazasıdır. Əslində bu faktorların hər ikisinə ümumi kontekstdə nəzər salmaq lazımdır. Çünki erməni əhalisinin Cavaxetiyada çoxluq təşkil etməsi ilə burada rus hərbi bazasının təşəkkül tapması bir-biri ilə bilavasitə bağlıdır. Bunu izah etmək üçün isə tarixə ekskurs etmək lazımdır.
Əslində Cavaxetiyadakı hərbi baza Rusiyaya keçmiş SSRİ-dən deyil, onun sələfi çar imperiyasından miras qalıb. Çar Rusiyası isə bu hərbi istehkamı özünün əzəli düşməni olan Osmanlı ilə müharibədə ondan qopırmışdı. Hecə ki, bu ərazilərdə 19-cu əsrin əvvəlinədək məhz Osmanlı dövləti hökmranlıq edirdi. 1828-ci il iyulun 24-də general Paskeviçin komandanlıq etdiyi rus qoşunları Axalkalakini tutdular və oradakı türk qarnizonunun yerində çar imperiyasının hərbi bazası yaradıldı. Ötən təxminən iki əsr ərzində bu baza Rusiya (sovet) imperiyasının cənub cinahındakı ən mühüm forpostlardan biri olub.
Lakin ruslar Cənubi Qafqazdakı ekspansiya siyasətini sadəcə hərb yolu ilə həyata keçirməyib. Bu siyasətin mühüm tərkib hissələrindən biri də işğal edilmiş ərazilərin demoqrafik düzəninin dəyişdirilməsi olub. Tarixən bütün imperiyalar bu üsuldan istifadə ediblər və işğal edilmiş koloniyalara metropoliyanın hakim əhalisi köçürülüb. Amma Rusiya bu məlum siyasəti bir qədər korrektə edib. Çünki çar imperiyasına Cənubi Qafqazda istədiyi siyasəti yeritmək üçün buraya rus əhalisini köçürmək o qədər də vacib deyildi (hərçənd bu həyata keçirilirdi), bu işi ermənilər daha yaxşı və ruslara sədaqətlə görə bilərdilər.
Odur ki, I Hikolay babası Pyotrun vəsiyyətinə uyğun olaraq ermənilərdən bacarıqla istifadə etmək qərarına gəldi və 1830-cu ildə Osmanlı ilə sülh sazişinin müddəalarına uyğun olaraq Türkiyənin şimal-şərq bölgələrindən, özəlliklə Ərzurumdan Cavaxetiyaya 30 min erməni köçürüldü. Həzərə alsaq ki, indinin özündə Cavaxetiya ermənilərinin sayı 120 minə yaxındır, həmin rəqəmin o dövr üçün nə qədər böyük olduğunu təsəvvür etmək mümkündür. Cavaxetiyada məskən salan ermənilər orada tarixən yaşamış etnik türkləri, ahıskalıları sıxışdırmağa başladı və bu proses sovet dövründə daha da intensiv şəkil aldı və nəhayət, 1944-cü ildə Stalin tərəfindən ahıskalıların deportasiya edilməsi ilə ermənilər Cavaxetiyanın faktiki hakiminə çevrildilər.
Bu faktların bizim üçün nə qədər tanış olduğunu, yəqin ki, xüsusi qeyd etməyə gərək yoxdur. Həmin general Paskeviç elə həmin 1830-cu ildən başlayaraq İrandan (o da çar Rusiyası ilə müharibəni uduzmuşdu) şimali Azərbaycana, o cümlədən Qarabağa və İrəvan xanlığına on minlərlə erməni köçürmüşdü. Ermənilər isə özlərini bu ağası kimi görərək bölgənin səngiməyən münaqişə və ixtilaf mənbəyinə çevrildilər. Yeri gəlmişkən, Paskeviçin vaxtilə ermənilərə xitabən dediyi "Bu torpağa hakim ol, qorxma, rus ordusu sənə arxa duracaq!" sözləri bu gün də Axalkalakidəki Rusiya hərbi bazasında kazarmanın girişinə həkk olunub. Beləliklə, Rusiya hələ iki əsr öncə ermənilərin simasında Cənubi Qafqazın altına uzunmüddətli və məsafədən idarə olunan bomba qoymuşdu və onun partlayışları zaman-zaman həm Azərbaycanda, həm də Gürcüstanda, özü də kifayət qədər sinxron şəkildə özünü gəstərib.
Ermənilərin Gürcüstana qarşı ərazi iddiaları və rusların hesabına sakini olduqları bölgənin Ermənistana birləşdirmək yönündə aktiv fəaliyyəti 20-ci əsrin əvvəlinə gedib çıxır və bu gün çoxlarının bəlkə də xatırlamadığı 1918-ci ilin erməni-gürcü müharibəsinin də kökündə bu məsələ dururdu. Ermənilərin Cavaxetiyada "ikinci Qarabağ" (yəni ilkin mərhələdə orada ən azı muxtariyyətə nail olmaq, sonra isə məlum kampaniyanı başlamaq) yaratmaq cəhdi heç vaxt onların gündəmindən çıxmayıb. 1948-ci ildə azərbaycanlıların Ermənistandan deportasiyasına dair Stalinin "dobro"suna nail olmuş Mikoyan "ata"nın köməyi ilə Cavaxetiya ermənilərinə muxtariyyət statusu verilməsini də həll etmək əzmində idi. Lakin gürcü Stalin ermənilərin bu təşəbbüsünün qarşısını almışdı və bu məsələ yenə "donduruldu". Həhayət, ermənilərin Qorbaçovun "dobro"su ilə 1988-ci ildə Dağlıq Qarabağda başladıqları avantüra Cavaxetiya ermənilərinin də qırışığını açdı.
Ermənilərin Dağlıq Qarabağda kütləvi çıxışlarından bir neçə gün sonra, 1988-ci il fevralın 25-də Axalkalakidə bir qrup erməni "Cavaxk" (ermənilərə görə, bu bölgənin qədim erməni dilində əsl adı belə olub) adlı komitə ("Qarabağ" komitəsinin analoqu) yaratmışdı. Qurumun üzvləri məqsədlərinin guya "Qarabağdakı erməni qardaşlarına maddi yardım göstərmək" olduğunu bəyan etsələr də, gerçək niyyət tezliklə özünü büruzə verdi. Artıq 1988-ci ilin aprel-mayında sözügedən qurum "Cavaxk Xalq Hərəkatı"na çevrildi, 1990-cı ilin yanvarında isə özünün rəsmən qurultayını keçirdi və Gürcüstan hakimiyyəti qarşısında ilk tələblərini qoymağa başladı. Tələblər isə Cavaxetiyada yerli icra hakimiyyəti və digər postlara ermənilərin təyin edilməsi ilə bağlı idi.
Qeyd etmək lazımdır ki, o vaxt Gürcüstanda hakimiyyətdə millətçi Zviad Qamsaxurdia qeyri-gürcülərə qarşı sərt siyasət yeridirdi və ermənilərin bu iddialarını ilk vaxtlar qulaqardına vurdu. Lakin Cavaxetiya ermənilərin həm Yerevandan, həm də Rusiya dairələrə tərəfindən dəstəklənən çıxışları davam edirdi, üstəlik Gürcüstanın özündə daxili hərbi-siyasi gərginlik dərinləşmiş, Qamsaxurdianın başı isə həm də Cənubi Osetiya münaqişəsinə qarışmışdı. Odur ki, Qamsaxurdia 1991-ci ilin noyabrında (yəni devrilməsindən bir ay öncə) xüsusi sərəncamla Cavaxetiya ermənilərinin ilkin tələblərinə qismən əməl etdi və "Cavaxk" hərəkatının lideri Samvel Petrosyan Axalkalaki rayonunun prefekti (icra başçısı) təyin edildi.
Şevardnadze hakimiyyətə gələndən sonra ermənilərin iddiaları daha da gücləndi və o, Cavaxetiyada bir sıra mühüm postlara erməniləri təyin etdi, bölgədə erməni məktəblərinin, erməni dilində mətbuat orqanlarının sayı artdı. Ermənilər isə Gürcüstanı parçalamaq yönündə fəaliyyətlərini daha da genişləndirməkdə idilər və 1992-1993-cü ilin Abxaziya müharibəsində bu separatçı bölgədə yaşayan ermənilərin Gürcüstan dövlətinə qarşı vuruşması bunun bariz nümunəsi idi. Eyni zamanda, Cavaxetiya kartı daha intensiv şəkildə işə salınırdı. Şevardnadzenin Gürcüstanın ərazi-inzibati sistemində başladığı islahatlar (rayonların quberniyalarda birləşdirilməsi) erməniləri daha da ruhlandırmışdı və onlar Cavaxetiyanın ermənilərin kompakt yaşadığı üç rayonunu (Axaltsixa, Axalkalaki və Ninosminda) bir quberniyada birləşdirilməsi təklifi ilə çıxış etdilər.
Qeyd etmək lazımdır ki, həmin rayonların ilk ikisində erməni əhalisi mütləq çoxluq (90 faiz) təşkil edirdi, Hinosmindanın isə əhalisinin yarısı erməni idi. Belə olan halda yaradılacaq yeni quberniyanın demoqrafik tərkibi və vahid inzibati qurumda birləşmiş ermənilərin gələcək iddialarının hara gedib çıxacağı rəsmi Tbilisi üçün anlaşılan idi. Odur ki, Gürcüstan rəhbərliyi bu bölgədə quberniya yaratdı, amma ermənilərin istədiyi kimi üç rayondan ibarət deyil, qonşu Samsxe bölgəsinin üç rayonu da qatılmıqla ümumilikdə 6 rayondan ibarət Samsxe-Cavaxeti inzibati vahidi yaradıldı. Yeni inzibati vahiddə erməni əhalisinin faiz göstəricisi isə ümumi əhalinin (240 min nəfər) yarısını təşkil etdi.
Bununla belə, ermənilərin Cavaxetiyadakı separatçılıq meylləri davam etməkdə idi və 1998-ci ildə Ermənistanda Koçaryanın hakimiyyətə gəlməsi və daşnakların siyasi fəaliyyət arenasının (Ter-Petrosyanın dövründə bu fəaliyyətə faktiki qadağa qoyulmuşdu) genişlənməsi Cavaxetiya ermənilərini də ruhlandırdı. Təsadüfi deyil ki, məhz həmin vaxtdan başlayaraq Cavaxetiya erməniləri guya sosial vəziyyətlərinin ağırlığını vurğulayaraq bu problemlərin bölgəyə veriləcək muxtariyyət statusu ilə çözülə biləcəyi barədə açıq çıxışlara başladılar. Gürcüstan parlamentinin erməni deputatları isə Şevardnadzeyə müraciət edərək Cavaxetiyanın istər iqtisadi, istərsə də coğrafi baxımdan daha çox Ermənistana bağlı olduğunu və bu səbəbdən quberniyanın Ermənistanla ikitərəfli əlaqələrinin daha da genişlənməsini təklif edirdilər. Bu tezis də bizə çox tanışdır. Ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini "əsaslandırmaq" üçün məhz bu məqamı önə çəkirdilər.
Axalkalakidəki 62-ci bazanın çıxarılmasına dair Gürcüstan-Rusiya danışıqlarının başlanması isə ermənilərin çıxışlarını daha da radikallaşdırdı. Artıq onlar sosial tələblərlə pərdələnən çıxışlar deyil, sırf siyasi tələblər səsləndirməyə və sözügedən bazanın çıxarılmasına imkan verməyəcəklərini bəyan etməyə başladılar. Ermənilərin arqumentlərinə görə, baza ətrafındakı infrastuktur yerli ermənilər üçün mühüm gəlir mənbəyi (iş yeri) rolunu oynayır. Həmçinin hərbi hissədə əslən Cavaxetiyadan olan, amma Rusiya vətəndaşlığı daşıyan xeyli erməni hərbçisi qulluq edir və bazanın ləğvi ilə onlar da ailələri ilə birlikdə bölgəni tərk etməyə məcbur olacaqlar.
Xatırladaq ki, 1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində qəbul edilmiş qərara əsasən, Rusiyanın Gürcüstan ərazisindəki 4 hərbi bazasından 2-si (Vaziani və Qudauta) 2001-ci ilin iyulunadək ləğv edilməli, habelə həmin vaxtadək digər 2 bazanın (Axalkalaki və Batumi) çıxarılması qrafiki razılaşdırılmalı idi. Ötən müddət ərzində birinci məsələ qismən həllini tapsa da, Axalkalaki və Batumi bazaları ilə bağlı müzakirələr nəticə verməyib. Xüsusilə Axalkalaki məsələsində Rusiya daha sərt tutum nümayiş etdirir və bu məsələdə erməni faktorundan istifadə edir.
Öz növbəsində Gürcüstan rəhbərliyi Cavaxetiya ermənilərinin radikallığını səngitmək üçün dəfələrlə Ermənistan rəhbərliyini bölgəyə dəvət edib və hər dəfə prezident Koçaryan, digər erməni rəsmiləri bəyan ediblər ki, onlar bunu Gürcüstanın daxili işi hesab edirlər, o cümlədən Axalkalaki bazasının ləğvi məsələsinə də müdaxilə etmək fikrində deyillər. Bənzər ifadə bu günlərdə Koçaryanla Saakaşvilinin Qudauridəki danışıqlarından sonra da səslənib.
Lakin bu bəyanatlara baxmayaraq Ermənistan rəhbərliyinin Gürcüstandakı erməni separatizmindən məsafədə dayanması yalnız görüntüdür və bu gün Cavaxetiyada cərəyan edənlər 17 il öncə Dağlıq Qarabağda başlanan erməni ssenarisinin variantıdır. Bu variantın nə dərəcədə reallaşacağı isə ilk növbədə Gürcüstan rəhbərliyinin aparacağı siyasətdən və bu ölkənin vaxtilə Azərbaycanın buraxdığı səhvlərdən nəticə çıxarıb-çıxarmamasından asılı olacaq...
Vüqar Orxan
Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu
«525-ci qəzet», 9 aprel 2005-ci il