“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.02.2017, 19:29
1411

Qarabağı bizə qaytaracaq yeganə qüvvə Azərbaycan ordusudur (2008)

A- A+

Azərbaycan Silahlı Qüvvələrinin artan güc və potensialı bunu hər ötən gün daha əminliklə söyləməyə əsas verir...

⇔ ⇔ ⇔ 

Bu günlər Azərbaycan tarixinin əlamətdar günlərini qeyd edir. 90  il öncə dünyaya bəyan edilən milli istiqlalımızın, müsəlman Şərqinin ilk demokratik, parlamentli respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi salnaməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Çünki bugünkü Azərbaycan həmin Cümhuriyyətin varisidir, 90 il əvvəl təməli qoyulan, lakin ömrü qısa olan milli dövlətçiliyimiz müstəqil Azərbaycan Respublikasının timsalında uğurlu inkişaf yolu qət edərək öz nüfuzunu dünyaya tanıtmaqdadır. Bunun bariz misallarından biri də Azərbaycan ordusunun keçdiyi inkişaf yolu, Silahlı Qüvvələrimizin bugünkü güc və potensialıdır.

Hər bir dövlət üçün dünyada, yerləşdiyi regionda söz sahibi olmağın başlıca şərtlərindən biri məhz güclü ordu faktorudur. Azərbaycan kimi müstəqilliyi çətin sınaqlardan keçmiş, hərbi təcavüzə məruz qalmış dövlət üçün həmin faktor xüsusilə müstəsna önəm kəsb edir. Milli ordumuzun yaradılmasının 90 illik yubileyinin bu günlərdə böyük təntənə ilə qeyd edilməsi də bizim təcavüzkar düşmənə ən sərrast mesajımız oldu. Paytaxtın Azadlıq meydanında düzənlənən möhtəşəm hərbi parad, bir tərəfdən, Silahlı Qüvvələrimizin gücünün nümayişi idisə, digər yandan, Azərbaycan dövləti və onun rəhbərliyinin hərbi quruculuğa verdiyi diqqətin, onun real nəticələrinin və irəlidəki perspektivlərin göstəricisi idi.

Mübaliğəsiz demək olar ki, 26 iyun hərbi paradı ən yeni tariximizin əlamətdar hadisəsi kimi yaddaşlarda qalacaq. Həmin gün Azərbaycanın xalqı ilk dəfə olaraq öz ordusunu, onun qüvvə və bacarığını, maddi-texniki imkan və üstünlüklərini əyani şəkildə gördü və əminliklə demək olar ki, bu təəssüratdan dərin fəxarət hissi keçirdi. Paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi tədris müəssisələrinin şəxsi heyətinin göz oxşayan keçidi, ən müasir hərbi texnika, artilleriya və raket qurğuları, döyüş vertolyotları, təyyarələr, gəmilərədək hər bir element güclü, nizami, müzəffər yürüşə hazır olan ordunun nümayişi idi.

Bu parad, eyni zamanda, Azərbaycanda hərbi kadr hazırlığı, ordu quruculuğu yoluna nəzər salmaq, Silahlı Qüvvələrimizin bugünkü qürurverici səviyyəyə hansı mərhələlərdən keçərək gəldiyini xatırlamaq üçün əlamətdar bir imkan idi. Özü də söhbət Azərbaycanın müstəqilliyini bərpa etməsindən - 1991-ci ildən sonrakı mürəkkəb dövrdən deyil, daha arxadakı tarixdən - sovetlər dönəmindən 70-ci illərindən gedir. Çünki bugünkü Azərbaycanın sənaye-iqtisadi, elmi-texniki potensialının önəmli bir hissəsi kimi, respublikada hərbi quruculuğun faktiki təməli də məhz o dövrdə qoyulub. Hərçənd bunu indi fakt olaraq konstatasiya etmək bəlkə də çoxlarına asan görünə bilər, gerçək tarix isə belə deyildi.

Təkcə bir məqamı nəzərə alaq ki, Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu illərdə o vaxtkı mərkəzi hakimiyyət «velikorus» şovinizminin ənənəsini örtülü şəkildə davam etdirərək milli (ələlxüsus müsəlman-türk) respublikalarda hərbi kadr hazırlığına həddən artıq qısqanclıqla yanaşırdı. Azərbaycanın da bolşevik Rusiyası tərəfindən işğalından sonra  müstəqilliyin ən mühüm atributu olan milli ordu hissələri ləğv edilmiş, Cümhuriyyət dövrünün milli zabit heyətinin böyük qismi 20-30-cu illərin repressiyalarının qurbanı olmuşdu. Azərbaycanlılar SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmətə cəlb edilsələr də, onların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılırdı.

Bir sözlə, sovet dövlətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu da məlum siyasi-ideoloji prinsiplərə köklənmişdi, İttifaq ərazisində ali hərbi məktəblər, əsasən, slavyan respublikalarında - Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi. «Bunları görəndə, düşünürdüm, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq, səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq?», - deyə sonralar böyük lider Heydər Əliyev həmin dövrü belə xatırlayırdı. Onilliklərdən bəri davam edən bu vəziyyəti dəyişmək üçün, mərkəzi hakimiyyəti Azərbaycanda hərbi kadr hazırlığı məktəbinin açılmasına razı salmaq üçün cəsarətli siyasət, diplomatik bacarıq lazım idi.

Heydər Əliyev respublikaya rəhbərliyə başlayandan sonra bu məsələni bir neçə dəfə İttifaq hökuməti qarşısında qaldırmış, Azərbaycandan ildə təxminən 60 min gəncin ordu sıralarına göndərilməsinin, amma onların tam əksəriyyətinin inşaat batalyonlarında xidmət keçməsinin qeyri-normal olduğunu nəzərə çatdırmışdı. Bundan sonra Moskvadan Bakıya təşrif buyuran komissiyalar Azərbaycanda hərbi məktəbə  ehtiyac olmadığını "əsaslandırmağa" çox çalışsalar da, Heydər Əliyev istəyinə nail oldu və 1973-cü ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təlim-tədris ocağı - Cəmşid Naxçıvanski adına hərbi məktəb fəaliyyətə başladı. Bu, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidməti, uzaqgörən addımı idi.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə məhz həmin məktəb respublikada hərbi quruculuğun əsas kadr bazasına çevrildi, onun yetirmələri Silahlı Qüvvələrin zabit heyətində yer aldılar. Təəssüf ki, Azərbaycanın müstəqilliyinin ilk illərində, dövlət quruculuğunun bütün sahələlərində olduğu kimi, hərbi sahədə də sərişitəsiz idarəçilik acınacaqlı vəziyyət yaratmışdı. Ermənistanda milli ordunun yaradılması faktiki olaraq 1991-ci ilin yanvarından qurulsa da, Azərbaycanda bu proses formal olaraq 1991-ci ilin sonunda başlanmışdı. Üstəlik 1992-1993-cü ilin məlum prosesləri, başıpozuq özünümüdafiə dəstələrindən «ibarət olan» ordunun ifrat siyasiləşməsi, bunun nəticəsi olaraq 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər Silahlı Qüvvələri də iflas həddinə gətirmişdi. Dövləti və onun ordusunu bu iflasdan çıxarmaq üçün bacarıqlı liderə, komandana ehtiyac vardı.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə gerçək ordu quruculuğu faktiki olaraq sıfırdan başlandı. Lakin bu prosesi fundamental həyata keçirmək üçün Azərbaycan dövlətinin dövlətin toparlanması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ən əsası isə, hərbi gücün təməli olan iqtisadiyyatın dirçəldilməsi zəruri idi. Məhz bu amilləri nəzərə alaraq Heydər Əliyev 1994-cü ilin mayında Qarabağ müharibəsində atəşkəsə nail oldu. Böyük öndər atəşkəsə razılıq verərkən Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu da gözəl bilirdi.

Azərbaycan dövlətinin, onun Silahlı Qüvvələrinin sonrakı inkişaf yolu bu uzaqgörənliyin real təsdiqi oldu. Bu, eyni zamanda, Heydər Əliyevin 70-ci illərdə başladığı hərbi quruculuq yolunun davamı idi. Tarix elə gətirdi ki, böyük öndər 1973-cü ildə təməlini qoyduğu hərbi məktəbin 30 il sonrakı yubileyində də şəxsən iştirak edərək həmin anın xoşbəxtliyini yaşadı. «Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm», - deyə Heydər Əliyev 2003-cü il aprelində keçirilən yubiley toplantısında bildirmişdi.

2003-cü ildən sonrakı dövrü, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində  olduğu kimi, Silahlı Qüvvələrimizin tarixində də yeni inkişaf mərhələsi kimi xarakterizə etmək olar. Bu dövrdə Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişaf ölkənin hərbi-müdafiə potensialının möhkəmlənməsinə, ordunun maddi-texniki bazasının güclənməsinə, şəxsi heyətinin sosial  qayğılarının daha geniş həcmdə həllinə imkanlar yaradıb. Təkcə bir faktı qeyd etmək yetər ki, 2003-cü ildə Azərbaycanın 135 milyon dollar həcmində olan hərbi büdcəsi bu müddətdə 11 dəfədən çox artaraq 2008-ci ildə 1,5 milyard dollara çatıb.

Müqayisə üçün qeyd edək ki, Ermənistan 2008-ci il üzrə hərbi xərcləri 400 milyon dollara yaxın nəzərdə tutulub və bu ölkə həm iqtisadi, həm də bilavasitə hərbi sahədə Azərbaycanla ayaqlaşmaq gücündə olmadığını hər ötən gün daha dərindən hiss edir. Son bir neçə il ərzində Azərbaycanda həmçinin müasir hərbi sənaye kompleksi yaradılıb, bu sahədə ən yeni texnologiya tətbiq olunur, silah, sursat və hərbi avadanlığın istehsalına başlanılıb.

Bu gün Azərbaycan ordusunun texniki təchizatı regionda ən yüksək səviyyədədir. Bir vaxtlar Ermənistan xarici dövlətlərdən aldığı hərbi yardımlar sayəsində özünü Azərbaycandan üstün hiss edirdisə, artıq bu vəziyyət kökündən Azərbaycanın xeyrinə dəyişib. Prezident İlham Əliyev 26 iyun paradındakı çıxışında bunu bir daha nəzərə çatdırdı: «Vaxtilə Ermənistanla Azərbaycan arasında hərbi sahədə olan balans, tarazılıq artıq pozulub.

Bu gün Azərbaycan Ordusu bölgənin ən güclü ordusudur və bu proses davam etdirilir, ordunun güclənməsi üçün nə lazımdırsa, biz bundan sonra da edəcəyik. Çünki Azərbaycan müharibə şəraitində yaşayır və müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Biz hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. Əlbəttə, biz sülh danışıqlarını davam etdirəcəyik. Ancaq, eyni zamanda, güclü ordunun yaranması həm danışıqlar prosesinə müsbət təsir göstərir və göstərəcəkdir, həm də bizə imkan verir ki, biz istənilən yolla ədaləti bərpa edək və öz doğma torpaqlarımızı işğalçılardan azad edək».

Bəli, Qarabağ müharibəsində artıq 14 ildir ki, atəşkəs rejimi olsa da, nə savaş bitib, nə də sülh danışıqları bir nəticəyə gətirib. Eyni zamanda, bir gerçək hər kəsə bəllidir ki, sülh danışıqları, diplomatiya o vaxt səmərəli olur ki, onun arxasında güclü və düşmənin hesablaşdığı ordu dayanmış olsun. Azərbaycan ordusu da Qarabağ savaşında hələ son sözünü deməyib və mütləq deməlidir.

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu

«525-ci qəzet», 02.07.2008

 

Xəbərlər
Redaktorun seçimi