“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.02.2017, 18:59
1181

BMT-nin Qarabağ qətnaməsi ortaya hansı sualları çıxardı? (2008)

A- A+

Bu suallardan ən mühümü, sözsüz ki, Azərbaycanın beynəlxalq vasitəçilərlə bundan sonrakı münasibətləri ilə bağlıdır...

⇔ ⇔ ⇔ 

BMT Baş Assambleyasında «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» qətnamənin qəbulu (14 mart), şübhəsiz ki, ölkəmizin üzləşdiyi hərbi təcavüzə beynəlxalq diqqətin artırılması və 20 ilini arxada qoyan Qarabağ münaqişəsinin ədalətli həllinin təmin olunmasına töhfə verəcək bir hadisədir. Eyni zamanda, Qarabağ məsələsi ilə bağlı bundan öncə beynəlxalq təşkilatlarda qəbul edilən digər sənədlər kimi, bu qətnamənin də mahiyyəti və əhəmiyyəti barədə çeşidli mülahizələrin olması təbiidir. Ən azı ona görə ki, həmin mülahizələrin hər birinin müvafiq arqument və motivləri (o cümlədən sırf siyasi səciyyəli) var.

Lakin, zənnimizcə, bu qətnaməni fakt olaraq nə ifrat dərəcədə şişirtməyə, nə də önəmini heç endirməyə gərək var. Bu baxımdan BMT müstəvisində əldə olunan nəticəyə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çeşidli faktorlar fonunda diqqət yetirmək daha məqbul olardı. Üstəlik bu qətnamə ərsəyə gəlməsi ilə ortaya o qədər çox suallar çıxarıb ki, onların üzərində dərindən düşünmək lazımdır.

Öncə ondan başlayaq ki, «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» məsələ hələ 2004-cü ildə BMT Baş Assambleyasısının 59-cu sessiyasının gündəliyinə salınmışdı və bu prosedur heç də asan başa gəlməmişdi. Qarabağ nizamlanmasında yeni mərhələnin (2004-cü ilin yazında start götürən «Praqa prosesi») başlanmasından sonra Bakının bu addımı sülh prosesinə vasitəçilik edən «Minsk üçlüyü» tərəfindən mənfi qarşılanmışdı. Həmsədrlər bildirmişdilər ki, «Praqa prosesi»ndə müəyyən irəliləyişə ümid bəslənildiyi bir şəraitdə Azərbaycanın problemi BMT-nin müzakirəsinə çıxarması sülh imkanlarına zərər vuracaq.

Öz növbəsində Azərbaycanın bu addımı atmağa əsaslı səbəbləri vardı. Çünki Ermənistan, bir tərəfdən, konstruktivlik görüntüsü yaradaraq Azərbaycanla danışıqlar aparır, digər yandan isə, işğal olunmuş ərazilərdə erməni əhalinin məskunlaşmasını genişləndirirdi. 2004-cü ilin sentyabrında Ermənistan mediasında yer alan xəbərlərdə də bildirilirdi ki, atəşkəsin 10 ilində Dağlıq Qarabağ və ətraf rayonlarda 23 min erməni məskunlaşıb və növbəti mərhələdə bu rəqəmin 2-3 dəfə artırılması üçün Ermənistan hökuməti xüsusi proqram qəbul edib.

Təbii ki, Azərbaycan buna seyrçi qala bilməzdi və erməni tərəfin sülh prosesini tərk edəcəyi barədə şantaj bəyanatlarına, eləcə də həmsədrlərin çağırışlarına baxmayaraq məsələni BMT-nin müzakirəsinə çıxarmağa nail oldu. Beləliklə, Qarabağ problemi 1993-cü ildən sonra ilk dəfə BMT-nin gündəminə gəldi. Bu həm də ATƏT-in vasitəçilik formatı olan Minsk qrupunun ötən müddətdə göstərdiyi səmərəsiz fəaliyyətin təsdiqi idi.

Yeri gəlmişkən, 2004-cü ilin oktyabrında məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınması ilə bağlı səsverməyə Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) qatılmamışdı. Fransa nümayəndəsi hər üç həmsədr adından çıxış edərək, bu mövqeyi belə əsaslandırmışdı ki, Azərbaycanın Baş Assambleyanın müzakirəsinə təklif etdiyi məsələ  «münaqişənin ədalətli həllinin axtarışı üzrə səylərə mane ola bilər». O vurğulamışdı ki, həmsədrlər Azərbaycanın verdiyi təklifin səmimiliyinə şübhə etmirlər, lakin hesab edirlər ki, Baş Assambleya belə diskussiyalar üçün uyğun olan forum deyil. Bu mövqedən həm də o  nəticəyə gəlmək olardı ki, həmsədr dövlətlər əslində Qarabağ münaqişəsi üzrə vasitəçilikdə inhisarçılığı əldən vermək istəmirlər.

Həmin səsvermədə 143 dövlət iştirak etmiş, məsələnin gündəliyinə salınmasının lehinə 43, əleyhinə 1 (Ermənistan) dövlət səs vermiş, 99 dövlət bitərəf qalmışdı. Azərbaycanın təşəbbüsünü əsasən müsəlman ölkələri və GUAM-dakı tərəfdaş dəstəkləmişdi. 2004-cü ildəki səsverməni bu günlərdə Baş Assambleyada keçirilmiş səsvermə ilə müqayisə etsək, belə görünə bilər ki, o vaxt Azərbaycanın BMT-dəki mövqeləri indikindən güclü olub. Çünki budəfəki səsvermədə Azərbaycanı 38 ölkə dəstəkləyib, o vaxt təklikdə qalmış Ermənistana isə bu dəfə 6 ölkə qoşulub.

Lakin bu cür müqayisə əslində yanlışdır. Ən azı ona görə ki, 2004-cü ildəki səsvermə, sadəcə, Azərbaycanın təklif etdiyi məsələnin Baş Assambleyanın gündəliyinə salınması ilə bağlı idi. İş konkret qətnamənin qəbuluna gəldikdə kimin hansı mövqe tutacağını söyləmək çətin idi və sonrakı proseslərdə ortaya çıxan mənzərə də bunu təsdiq etdi.

O cümlədən həmsədr ölkələrin Azərbaycanın hazırladığı qətnaməyə qarşı çıxacaqları elə o vaxt qismən aydınlaşmışdı. Belə ki, məsələnin gündəliyə salınması ilə bağlı səsverməyə qatılmayan Minsk «üçlüyü» bilavasitə müzakirələrdə (23 noyabr 2004) fəal iştirak etmişdilər. Motiv isə aydın idi. Həmsədrlər Baş Assambleyada elə bir kompromis qərarın qəbuluna çalışırdılar ki, bir tərəfdən, sülh prosesi əvvəlkitək vasitəçi kimi onların inhisarında qalsın, digər yandan, bu müzakirələrdən sonra danışıqları davam etdirmək mümkün olsun. Nəticədə həmsədrlərin təklifi ilə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın göndərilməsi və məsələ üzrə qətnamənin qəbulunun sonraya saxlanılması barədə kompromis əldə olundu.

Əlbəttə, rəsmi Bakı buna razılıq verməyərək Ermənistanın işğalçı hərəkətlərini təsbit edən qətnamənin qəbulunda israr edə bilərdi. Amma reallıqda belə bir qətnamənin qəbulu o vaxt mümkün görünmürdü. Bir də ki, Azərbaycan həmin müzakirələrdə ilkin nəticəyə nail olmuşdu: Qarabağ münaqişəsi tarixində ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin nəticələri ilə tanış olmaq üçün bölgəyə beynəlxalq missiya göndəriləcəkdi. Düzdür, bu missiyanın səfəri (fevral 2005) və hazırladığı hesabat növbəti dəfə beynəlxalq dairələrin Qarabağ məsələsinə «ikili standartlar»la yanaşdığını göstərdi. Hesabatda işğal olunmuş ərazilərdə məskunlaşma faktları qeydə alınsa da, Ermənistanın dövlət səviyyəsində bu prosesə dəstək vermədiyi bildirilirdi.

Digər tərəfdən, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ Baş Assambleyanın gündəliyində qalmaqda idi və rəsmi Bakı daha əlverişli şəraitdə onun təkrar müzakirəsinə və müvafiq qətnamənin qəbuluna nail ola bilərdi. Nəticədə bu, 2008-ci ilin 14 martında gerçəkləşdi.

İndi isə gələk bilavastə qətnamənin üzərinə.

Qətnamənin preambulasında ötən müddətdə BMT müstəvisində Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən bütün qərarlara - Təhlükəsizlik Şurasının 822 (30 aprel 1993), 853 (29 iyul 1993), 874 (14 oktyabr 1993) və 884 (12 noyabr 1993) saylı qətnamələrinə, Baş Assambleyanın 1993-cü il 20 dekabr tarixli «Azərbaycandakı qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım haqqında» və 2006-cı il 7 sentyabr tarixli «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət haqqında» (işğal olunmuş ərazilərdəki yanğınlarla bağlı) qətnamələrə, həmçinin ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərindəki məskunlaşma faktları ilə bağlı hesabatına istinad edilir.

Doqquz bənddən ibarət qətnamədə aşağıdakılar vurğulanır:

1. Baş Assambleya Azərbaycanın suverenliyinə hörmət edir və onun ərazi bütövlüyünü beynəlxalq qanunlar tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində tanıyır;

2. Baş Assambleya tələb edir ki, işğal olunmuş ərazilərdə mövcud olan Ermənistan hərbi birləşmələri təcili, tam və şərtsiz şəkildə ərazini tərk etsinlər;

3. Baş Assambleya münaqişə dövründə ərazidən qovulmuş sakinlərin geri qaytarılması hüququnu tanıyır və bu qayıdış üçün lazımi şəraitin yaradılmasının, o cümlədən münaqişədən zərər çəkmiş ərazilərin hərtərəfli bərpasının vacibliyini qeyd edir;

4. Baş Assambleya Azərbaycanın tərkibində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarına təhlükəsizlik şəraitinin yaradılmasını təmin etməklə onlar üçün effektiv demokratik özünüidarə sisteminin qurulmasını dəstəkləyir;

5. Baş Assambleya bir daha bəyan edir ki, heç bir ölkə Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyəti qanuni saya bilməz və bu vəziyyətin qalmasına yardım edə bilməz;

6. Baş Assambleya beynəlxalq hüquq normaları çərçivəsində ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və sülhün əldə olunması üçün onların səylərinin artırılmasını arzulayır;

7. Baş Assambleya üzv dövlətləri və beynəlxalq və regional təşkilatları öz səlahiyyətləri çərçivəsində bu münaqişənin həllinə səmərəli yardım etməyə çağırır;

8. Baş Assambleya BMT-nin baş katibindən xahiş edir ki, 62-ci sessiyada qəbul olunan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı” qətnamənin icra olunması ilə bağlı 63-cü sessiyada hesabat hazırlasın;

9. Baş Assambleya «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı bəndin növbəti, 63-cü sessiyanın gündəliyinə salınmasını qərara alır.

Beləliklə, məsələyə dair qətnamə qəbul olunsa da, o, gündəlikdə qalmaqdadır və irəlidə Azərbaycan onunla bağlı təkrar müzakirələrə nail ola bilər. Çünki bu müzakirələri zəruri edən başlıca səbəb - Azərbaycan ərazilərinin işğalı da hələ fakt olaraq qalmaqdadır.

Nəhayət, bu qətnamənin doğurduğu suallar barədə. Birincisi, qətnamə sülh prosesinə hansı təsiri göstərə bilər?

Təxminən 4 illik siyasi-diplomatik səylərin nəticəsi olaraq ərsəyə gələn qətnamə ötən müddətdə Qarabağ nizamlanması üzrə aparılmış çoxsaylı və nəticəsiz danışıqların müəyyən yekunu olmaqla yanaşı, Azərbaycanın bundan sonra izləyəcəyi prinsipial xətti də özündə ehtiva edir. Rəsmi Bakı bir daha bəyan edib ki, Qarabağ nizamlanması üzrə danışıqları BMT Baş Assambleyasının 14 mart 2008-ci il tarixli qətnaməsində əks olunmuş prinsiplər əsasında aparacaq. Yəni Dağlıq Qarabağa yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünüidarə statusundan söhbət gedə bilər.

Ermənistanın buna qarşı olduğu bəllidir. Bəs həmsədr ölkələr necə?

Baş Assambleyadakı səsvermənin nəticələri və Minsk «üçlüyü»nün son bəyanatı belə düşünməyə əsas verir ki, həmsədr dövlətlər əvvəlkitək ikibaşlı dirlomatiyanı davam etdirlər: bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər yandan isə, Dağlıq Qarabağı bu çərçivəyə salmaqdan faktiki boyun qaçırır və bu məsələni «sülh danışıqlarının öhdəsinə» buraxırlar. Həmsədr dövlətlərə görə, Azərbaycanın təqdim etdiyi qətnamə layihəsi Dağlıq Qarabağın statusunu bəri başdan konkret çərçivəyə salmaqla sülh prosesinə və «tarazlı həll imkanlarına» yer qoymur və bu üzdən onlar sənədin əleyhinə səs veriblər.

Hərçənd normal məntiqə əsaslansaq, həmsədrlərin bu səsvermədə bitərəf qalması, yaxud səsverməyə qatılmaması daha düzgün olardı. Yəni onlar da, Avropa Birliyi ölkələri, yaxud BMT TŞ-nin daimi üzvü Çin kimi bitərəf qala, ya da heç olmasa, İran kimi, səsverməyə qatılmaya bilərdilər. Bu, onların daim vurğuladıqları neytrallıq statusuna da uyğun gələrdi.

Lakin onlar qətnamənin əleyhinə çıxmaqla faktiki olaraq Ermənistana tərəfkeşlik etdiklərini ortaya qoyublar. Onlar indi bunun belə olmadığını izah etməyə çalışsalar da, BMT Baş Assambleyasındakı səsvermənin «monitoru» hər şeyi açıq-aydın göstərir: orada ABŞ, Rusiya və Fransa Ermənistanın yanında yer alıb.

Bu, gerçəkdən üzərində ciddi düşünüləsi bir mənzərədir. Burada ortaya daha bir sual çıxır. Bu həm də o deməkdirmi ki, Azərbaycan günün birində nəticəsiz sülh danışıqlarından əl çəkib işğal altındakı torpaqlarını öz gücü ilə azad etməyə başlasa, bu dövlətlər onda da bitərəf (seyrçi) qalmayacaq və nəticə etibarilə Ermənistanın yanında yer alacaqlar? 

Vüqar Orxan

Effektiv Təşəbbüslər Mərkəzinin Analitik qrupu 

«525-ci qəzet», 20.03.2008

 

Xəbərlər
Redaktorun seçimi