5 sentyabr
5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar yaratmış görkəmli aktyor Səyavuş Aslan anadan olub...
Azərbaycan
5 sentyabr 1892 – Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892-26.3.1973) anadan olub. Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaratmış görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan (1935 - 27.6.2013) anadan olub. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”); televiziya tamaşaları – “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”; filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.
5 sentyabr 1942 – Yazıçı-dramaturq Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Müdirin aqibəti”, “Əlvida köhnə dünya”, “Əgər sevirsənsə”, “Şəhərli kürəkən” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
5 sentyabr 1944 - Şair, dramaturq Hidayət Xuduş oğlu Orucov Qərbi Azərbaycanda, Zəngəzurun Mığrı bölgəsinin Maralzəmi kəndində doğulub. C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib (1968-1984). Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri (1992-2006), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (2006-2012) işləyib. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Sözün vaxtı», «Burdan min atlı keçdi» və s.
5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, KİV-in sərbəst inkişafının təmin edilməsi, iqtisadi və siyasi asılılığının aradan qaldırılması, maddi-texiniki və maliyyə bazasının daha da gücləndirilməsi məqsədilə maliyyə vəsaiti ayrılıb.
5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə ( “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.
Dünya
5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub.
5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Fredi Merkyuri (Freddie Mercury, əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
5 sentyabr 1951 - Amerika kinoaktyoru Maykl Kiton (Michael Keaton - Michael John Douglas) anadan olub. Filmləri: “Betmen”, “Fövqəladə tədbirlər”.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: