12 dekabr
12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatov anadan olub...
Azərbaycan
12 dekabr 1893 - Görkəmli, aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda anadan olub. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə sənətkara bəraət (ölümündən sonra) verilib.
12 dekabr 1905 - İranda Məşrutə (Konstitusiya) inqilabı başlanıb. 1908-ci ildən inqilab Cənubi Azərbaycanda Səttərxanın başçılığı ilə milli hərəkata çevrildi.
12 dekabr 1926 – Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Əlipənah Ələsgər oğlu Pənahov (Aşıq Pənah; 1926-1978) Nеftçаlа rаyоnunun Аşаğı Surrа kəndində doğulub. Sаlyаn Dövlət Drаm Tеаtrındа çаlışıb. Yaratdığı “Kür” аşıqlаr аnsаmblı keçmiş SSRİ-də məşhir olub. “Böyük dayaq” filmində aşıq havasını (partkom Şirzadın ifası) səsləndirib.
12 dekabr 1937 - Şair, tərcüməçi Əhəd Muxtar (Əhəd Muxtar oğlu Qənbərov; 1937-23.5.1998) аnаdаn оlub. Özbək, qırğız, qazax, türkmən şairlərinin çox sayda şeir və poemalarını Azərbaycan dilinə çevirib, türkdilli ölkələrin ədəbi əlaqələrinin güclənməsinə mühüm töhfələr verib.
12 dekabr 1945 - Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında inqilab qələbə çalıb. Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçib və hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak olub.
12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. 1894-cü ildə Cənubi Azərbaycanda, Mərənddə dünyaya göz açıb, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
Dünya
12 dekabr 1198 - Məşhur ərəb filosofu Əbu Valid Məhəmməd ibn Əhməd Rüşd (1126-1198) vəfat edib. İspaniyada (Kordova) yaşayıb, Avropada Averroes adı ilə tanınıb.
12 dekabr 1766 - Böyük rus yazıçısı və tarixçisi Nikolay Mixayloviç Karamzin (1766-1826) anadan olub.
12 dekabr 1799 - Rus rəssamı Karl Pavloviç Bryullov (1799-1852) anadan olub.
12 dekabr 1821 - Məşhur fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo”, “Hisslərin tərbiyəsi” və s. romanların müəllifidir.
12 dekabr 1860 - Polyak şairi, dramaturq, ədəbiyyatşünas Yan Kasproviç (Jan Kasprowicz, 1860-1926) anadan olub.
12 dekabr 1863 - Norveç rəssamı Edvard Munkun (Edvard Munch, 1863-1944) doğum günüdür.
12 dekabr 1905 - Rus yazıçısı Vasili Semyonoviç Qrossman (1905-1964) anadan olub. Stalin rejimini ifşa edən məşhur “Həyat və tale” romanının müəllifidir.
12 dekabr 1915 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
12 dekabr 1925 – Tanınmış rus bəstəkarı Vladimir Şainski anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin tələbəsi olub. Uşaqlar üçün populyar mahnıların, çizgi filmlərinə (“Çeburaşka”, “Timsah Gena”) musiqilərin müəllifidir.
12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatov (1928 - 10.6.2008) anadan olub. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Üz-üzə”, “Torpaq ana”, “Ağ gəmi”, “Əsrə bərabər gün”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
12 dekabr 1941 – Rusiyanın Xalq artisti, məşhur aktyor Vitali Mefodyeviç Solomin (1941-2002) anadan olub. Filmləri: “Şerlok Holms və doktor Vatson” (doktor Vatson), “Qaratoxmaq qadın”, “Qış albalısı” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: