Azərbaycan tarixi günbəgün: 26 may
26 may 1918 - Tiflisdə gürcü, azərbaycanlı və erməni deputatlardan ibarət Zaqafqaziya Seymi fəaliyyətini dayandırıb. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi...
26 may 1827 - Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Cənubi Azərbaycan torpaqlarına doğru irəliləyərək Naxçıvanı işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvan xanlığını, ardınca isə Təbriz, Urmiya və Ərdəbili də ələ keçirdi. Müharibə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatdı.
26 may 1877 - Azərbaycanın maarifçi-alimi Məhəmmədəli Tərbiyət (1877-1940) Təbrizdə anadan olub. Təbrizdə yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb, Təbrizin bələdiyyə rəisi olub. Qədim dövrlərdən XX əsrədək Azərbaycan mədəniyyəti haqqında "Danişməndani-Azərbaycan" ensiklopedik əsərin müəllifidir.
26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
26 may 1914 - Görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev (1914-1996) anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost" və s. romanların, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin müəllifidir.
26 may 1918 - Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxdıqlarını elan ediblər. Azərbaycan heyəti buna etiraz etməyib və Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi. Mayın 26-da Gürcüstanın, iki gün sonra isə Azərbaycan və Ermənistanın müstəqilliyi elan edildi.
26 may 1922 - Bakıda Zaqafqaziya qadınlarının I qurultayı keçirilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: