Azərbaycan tarixi günbəgün: 4 may
4 may 1994 – Azərbaycan Respublikası NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulub.
4 may 1994 – Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən MDB Parlamentlərarası Assambleyasının iclası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsə nail olmaq yönündə danışıqlar başlanıb. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda Azərbaycanı vitse-spiker Afiyəddin Cəlilov, Ermənistanı parlamentin sədri Babken Ararksyan təmsil edirdi. Rusiya tərəfindən (Minsk qrupunda nümayəndə Vladimir Kazimirov) hazırlanmış atəşkəs sənədində Dağlıq Qarabağın erməni icmasının ayrıca tərəf kimi yer almasına etiraz edən Azərbaycan tərəfi onu imzalamaqdan imtina edib. Gərgin danışıqlardan sonra Bişkek sənədi mayın 8-də imzalandı və ayın 12-də qüvvəyə mindi.
4 may 1994 – Prezident Heydər Əliyevin Brüsselə (Belçika) səfəri gedişində NATO-nun mənzil-qərargahında Azərbaycanın alyansın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasına dair çərçivə sənədini imzalayıb. Postsovet və postsosialist ölkələri üçün nəzərdə tutulmuş proqram NATO tərəfindən 1994-cü ilin yanvarında elan edilmişdi. Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan SNT proqramını imzalamış 15-ci dövlət oldu.
4 may 1995 – Prezident Heydər Əliyevin iştirakı ilə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin binasının (Azadlıq küçəsi 83) rəsmi açılışı keçirilib. ABŞ səfirliyi binaya 1993-cü ildə köçsə də, onun rəsmi açılışı olmamışdı.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: