Azərbaycan tarixi günbəgün: 18 may
18 may 1992 – Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal ediblər. Laçının işğalı ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü Dağlıq Qarabağın hüdüdlarından kənara çıxdı...
18 may 1927 - Tanınmış cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə (1927-2008) anadan olub. 2008-ci il avqustun 7-də vəfat edib.
18 may 1988 - Ermənistandan azərbaycanlı əhalinin zorla deportasiyasına və ermənilərin Qarabağ iddialarına etiraz olaraq Bakıda ilk izdihamlı mitinq keçirilib.
18 may 1990 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri yaradılıb. Parlamentin qərarına əsasən, Agstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları təşkil olunub.
18 may 1992 – Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal ediblər. Rayonun (1835 kv km) 63 minə yaxın əhalisi didərgin düşüb. İşğal zamanı 300-dən çox adam həlak olmuş və itkin düşmüşdü. Rayon ərazisində 9 minə yaxın tikili, yüzlərlə tarix-mədəniyyət abidəsi talan edilib. Laçının işğalı ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü Dağlıq Qarabağın hüdüdlarından kənara çıxdı.
18 may 1992 - Ali Sovetin növbədənkənar sessiyasında Yaqub Məmmədov parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifəsindən istefa verib. Bu vəzifəyə Xalq Cəbhəsi sədrinin müavini İsa Qəmbər seçilib.
18 may 1992 - Azərbaycanla Moldova arasında diplomatik münasibətlərin qurulması barədə protokol imzalanıb.
18 may 1994 - Milli Məclis Ermənistanla əldə olunmuş atəşkəs sazişi (12 may 1994) ilə bağlı cəmiyyətdə səslənən müxtəlif fikirləri nəzərə alaraq Azərbaycan xalqına müraciət edib. Müraciətdə "Bişkek protokolu"nun məğlubiyyət aktı olması barədə iddiaların əsassız olduğu, Azərbaycan rəhbərliyinin Qarabağ məsələsində hər hansı təslimçi addım atmayacağı vurğulanırdı.
18 may 2002 - Prezident Heydər Əliyev İran İslam Respublikasının prezidenti Məhəmməd Xatəminin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib. Səfər zamanı iki ölkə arasında 11 sənəd, o cümlədən "Dostluq və əməkdaşlıq prinsipləri haqqında" siyasi müqavilə imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: