Azərbaycan tarixi günbəgün: 9 may
9 may II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu müharibədə Azərbaycandan 300 mindən çox insan həlak olub.
Faşizm üzərində Qələbə günü Avropada mayın 8-də qeyd olunur. Çünki faşist Almaniyası rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.
9 may 1909 - Görkəmli ədəbiyyatşünas-alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov, 1909 - 11.5.1992) Naxçıvanda anadan olub. Ədəbiyyat tarixi və nəzəriyyəsinə dair əsərlərin, dərsliklərin, estetik və pedaqoji problemlərə aid kitabların müəllifidir.
9 may 1994 - Faşizm üzərində Qələbə günü bir neçə illik fasilədən sonra Azərbaycanda rəsmi şəkildə qeyd edilib. SSRİ dağılandan sonra bu tarixi gün respublikada qeyd olunmamışdı. Prezident Heydər Əliyevin göstərişi ilə faşizm üzərində Qələbənin qeyd olunması İkinci Dünya müharibəsində həlak olmuş 300 mindən çox azərbaycanlının xatirəsinə hörmət və ehtiram əlaməti idi.
9 may 1995 - Prezident Heydər Əliyev Moskvada dünya liderlərinin iştirakı ilə faşizm üzərində Qələbənin 50 illik yubiley tədbirlərində iştirak edib. Prezident bundan öncə (7-8 may) analoji tədbirlərdə iştirak etmək üçün London və Parisə səfər etmişdi. Azərbaycan rəhbəri səfər gedişində dünyanın bir sıra ölkələrinin rəhbərləri ilə görüşlər keçirib.
9 may 2003 - Azərbaycanla Haiti dövləti arasında diplomatik münasibətlər qurulub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: