Azərbaycan tarixi günbəgün: 7 iyun
7 iyun 1992 - Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Beş namizədin iştirak etdiyi seçkidə Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy prezident seçilib...
7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssam Qeysər Seyfulla qızı Kaşıyeva (1893 - 17.4.1972) Tiflisdə anadan olub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq sinfində (1907-1908) oxuyub. Akvarel, tuş, karandaşla rəsm, portret və mənzərə çəkib (“Azərbaycan ziyalısı", 1912, "Göl sahili" və s.). "Şərq qadını" jurnalında rəssam işləyib. Əsərləri Dövlət İncəsənət Muzeyində saxlanılır.
7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
7 iyun 1946 – Tanınmış ssenarist, rejissor, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev anadan olub. “Rəqiblər” (“Ömrün səhifələri”, 1974) , “Birisigün, gecəyarısı...” (1981), “Sizi dünyalar qədər sevirdim” (1985), “Yaramaz” (1988, Vaqif Mustafayevlə birgə), “İstanbul reysi” (2010, Eldar Quliyevlə birgə) və s. filmlərin ssenari müəllifidir.
7 iyun 1992 - Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi məlumata görə, prezidentliyə beş namizədin iştirak etdiyi seçkidə ölkə üzrə seçicilərin 76,3 faizi iştirak etmiş və Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy 59,4 faiz səslə qalib gəlmişdi. İyunun 17-də Elçibəy andiçmə mərasimindən sonra prezident vəzifəsinin icrasına başladı.
7 iyun 1993 - Gəncədə baş vermiş faciəli olaylarla bağlı Prezident Aparatında dövlət və hökumət qurumları rəhbərlərinin geniş müşavirəsi keçirilib. Qarşılıqlı ittihamlarla müşayiət olunan gərgin iclasda baş nazir Pənah Hüseynov vəzifəsindən istefa verib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: