Azərbaycan tarixi günbəgün: 13 sentyabr
13 sentyabr 1826 – İkinci Rusiya-İran müharibəsinin gedişinə əhəmiyyətli təsir edən Gəncə döyüşü olub. İran qoşunları ağır məğlubiyyətə uğrayıb...
13 sentyabr 1826 – İkinci Rusiya-İran müharibəsinin (1826-1828) gedişinə əhəmiyyətli dərəcədə təsir edən Gəncə döyüşü olub. İran qoşunlarının bu döyüşdə ağır məğlubiyyətə uğraması müharibənin taleyini faktiki olaraq həll etdi. Bundan bir qədər əvvəl isə (3 sentyabr) şahzadə Abbas Mirzənin qoşunları Şəmkir döyüşündə ruslara məğlub olmuşdu. Bu arada Gəncədə Rusiya işğalçılığı əleyhinə üsyanın başlaması da İranın işinə yaramadı, ruslar üsyanı yatırdılar. Bunun ardınca ruslar Şəki və Lənkəranda meydana gələn üsyanları da yatırdılar, həmçinin Lənkəran xanlığını ləğv etdilər. Bundan sonra isə Rusiya qoşunlarının Naxçıvan, İrəvan xanlıqları üzərinə və Arazdan cənubdakı Azərbaycan ərazisinə hücumlara başlandı.
13 sentyabr 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli parlamentə müraciət edərək hökumət kabinetinin istefa verdiyini bildirib. Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 4-cü koalisiya hökuməti həmin ilin aprelində qurulmuşdu. İstefaya səbəb isə yenə hökumətdaxili (parlamentdə fraksiyalararası) ixtilaf, o cümlədən iqtisadi məsələlərlə bağlı fikir ayrılıqları idi. Parlament yeni koalisiya qurulanadək Nazirlər Şurasına rəhbərlik etməyi N.Yusifbəyliyə həvalə etdi. N.Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 5-ci hökumət kabineti isə 1919-cu ilin dekabrında formalaşdı.
13 sentyabr 1933 – Görkəmli bəstəkar, SSRİ-nin və Azərbaycanın xalq artisti Arif Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı «Məhəbbət əfsanəsi» baleti ona dünya şöhrəti gətirib, bir çox ölkələrin teatrlarında səhnəyə qoyulub. Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir sıra filmlərə musiqi yazıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: