Azərbaycan tarixi günbəgün: 17 sentyabr
17 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb...
17 sentyabr 1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin «Bakı Kommunası»nın və eser-menşevik-daşnak «Sentrokaspi» hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
17 sentyabr 1929 - Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın akademiki Cəlal Eyvaz oğlu Allahverdiyev Şuşa şəhərində anadan olub. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1972), Əməkdar elm xadimidir.
17 sentyabr 1988 – Dağlıq Qarabağın inzibati mərkəzi olan Stepanakertdə (Xankəndi) erməni dəstələrinin azərbaycanlı əhalinin evlərinə kütləvi basqınları başlayıb. Şəhərin azərbaycanlı məhəlləsində onlarla ev yandırılıb, partlayış və qırğıınlar törədilib. Moskvanın və Azərbaycanın o vaxtkı rəhbərliyi faktiki laqeydliyi fonunda azərbaycanlı əhaliyə qarşı aşkar etnik təmizləmə həyata keçirilirdi. Sentyabrın 21-də SSRİ rəhbərliyi Xankəndidə xüsusi vəziyyət elan etdi, lakin bu müddətədək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşmüşdü.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: