Azərbaycan tarixi günbəgün: 9 iyul
9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramıdır. 1919-cu il iyulun 9-da Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi təsdiq edib...
9 iyul 1821 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Aşıq Ələsgər bütün Cənubi Qafqazda, Dağıstanda, bir sıra türkdilli xalqlar arasında şöhrət qazanmışdı. 1918-ci ildə Andranikin quldur dəstələrinin törətdiyi qırğınlardan sonra bir müddət el-obasından qaçqın düşmüş, sonra yenidən doğma kəndə qayıtmış və orada dünyasını dəyişmişdir.
9 iyul 1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi diplomatik fəaliyyət haqqında ilk normativ sənədi - XİN-in katibliyi haqqında müvəqqəti təlimatı təsdiq edib. Bu, Azərbaycanda peşəkar diplomatiya fəaliyyətini tənzimləyən ilk sənəddir. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il sərəncamı ilə 9 iyul Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.
9 iyul 1994 – Prezident Heydər Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfərə gedib. Səfər gedişində Azərbaycan prezidenti kral Fəhd ibn Əziz əl-Səudla, Səudiyyədə fəaliyyət göstərən yerli və beynəlxalq biznes dairələri ilə görüşlər keçirib, ikitərəfli sənədlər imzalanıb. Səudiyyə Ərəbistanının rəhbərliyi Ermənistanın Azərbaycana qarşı işğalını pisləyən Birgə bəyanata imza atıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: