“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.12.2010, 14:07
465

UNESCO-nun yaradılmasının 65 illiyi ilə qeyd olunub

A- A+

Mehriban Əliyeva Parisdə keçirilən yubiley tədbirində iştirak edib

Dekabrın 14-də Parisdə UNESCO-nun yaradılmasının 65 illiyi ilə bağlı yubiley mərasimi keçirilmişdir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tədbirdə iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəldi.

Mehriban xanım Əliyeva əvvəlcə UNESCO-nun Yunanıstandan olan xoşməramlı səfiri Marianna Vardinoyannisin “Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər” kitabının təqdimat mərasimində iştirak etdi.

UNESCO-nun xoşməramlı səfirlərinin də qatıldığı tədbirdə təşkilatın baş direktoru İrina Bokova Azərbaycanın birinci xanımı, qurumun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşdü.

Sonra mərasim iştirakçıları birlikdə nahar etdilər. UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva naharda iştirak etdi.

Marianna Vardinoyannisin “Qadın fərdiliyi ilə bağlı problemlərin istiqamətində səylər” kitabının təqdimat mərasimində çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova bütün qonaqları və xoşməramlı səfirləri salamladı. Azərbaycanın birinci xanımı, xoşməramlı səfir Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə İrina Bokova bu kitabın məhz UNESCO ailəsinin üzvü olan bir şəxs tərəfindən yazılmasını yüksək dəyərləndirdi. Bildirdi ki, qadınların cəmiyyətin həyatındakı roluna həsr olunan kitab UNESCO dəyərlərinin təbliği baxımından da mühüm addımdır.

UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis mərasimə gəldiklərinə görə hamıya təşəkkürlərini bildirdi. O dedi ki, qadınlar bəşər sivilizasiyasının inkişafında hər zaman mühüm rol oynayıblar və bu kitab da sivilizasiyanın yaranmasında, inkişafında zərif məxluqların iştirakına və əməyinə həsr olunmuşdur.

Qeyd olundu ki, qədim dövrlərdən bu günə qədər qadınların cəmiyyətdəki sosiomədəni fəaliyyətinin araşdırıldığı bu kitab UNESCO irsinə dəyərli töhfədir. 

* * *  

Daha sonra UNESCO-nun 65 illiyinə həsr olunan yubiley mərasimi keçirildi. Mərasim UNESCO-nun fəaliyyətinə həsr olunan videofilmin nümayişi ilə başladı. Filmdə qurumun keçdiyi yola nəzər salındı, UNESCO-nun həyatında baş verən hadisələr illər üzrə fotoşəkillər vasitəsilə diqqətə çatdırıldı.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadənin fortepianoda ifası mərasim iştirakçıları tərəfindən maraqla qarşılandı.

Tədbirin aparıcısı qonaqları və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamladı. Digər aparıcı, Rusiyanın populyar müğənnisi Alsu da təbriklərə qoşuldu, mərasimdə keçmiş baş direktorlardan bəzilərinin iştirak etməsindən məmnun olduğunu dedi.

BMT-nin baş katibi Pan Gi Mun UNESCO-nun 65 illiyi münasibətilə təbriklərini çatdırdı. O dedi ki, dünyada sülhün yaranmasına töhfə verən UNESCO bu gün də öz ənənəsinə sadiq qalır, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun əldə olunmasında yaxından iştirak edir.

Tədbirə Tailanddan qatılan sənətçi öz rəqsi ilə təbriklərə qoşuldu.

Sonra 1974-1987-ci illərdə UNESCO-nun baş direktoru vəzifəsində çalışmış Amadou-Mahtar Mbou çıxış etdi. O, UNESCO-nun kollektivini və bu təşkilatın dəyərlərinin həyatda təsdiqini tapması uğrunda yorulmadan fəaliyyət göstərən hər bir kəsi təbrik etdi. Keşmiş baş direktor dünyada elm, təhsil və mədəniyyət məsələlərinin həllində iştirak edərək planetimizdə sülhün əldə olunmasına yardım göstərən UNESCO-nun öz missiyasını bu gün də uğurla davam etdirdiyini bildirdi.  

Sonra Kamerundan olan sənətçilər UNESCO-nun yubiley mərasimində çıxış etdilər.

1987-1999-cu illərdə qurumun baş direktoru işləmiş Federiko Mayor da mürəkkəb dünyamızda UNESCO dəyərlərinin hər zaman aktual olduğunu dedi. Bildirdi ki, dünyada sülhün əldə olunmasına böyük töhfələr verən UNESCO yarandığı gündən bu ali məqsəd uğrunda çalışmışdır.

Mərasimə Boliviyadan dəvət alan müğənni də öz maraqlı ifası ilə təbriklərə qoşuldu.

1999-2009-cu illərdə UNESCO-nun baş direktoru olmuş Koişiro Matsuura çıxış edərək dedi ki, II Dünya müharibəsindən sonra yer üzündə sülhün əldə olunması üçün belə bir təşkilatın yaradılmasına ehtiyac var idi. UNESCO-nun yaradılması ilə bu sahədə mövcud olan boşluq dolduruldu və onun fəaliyyəti bütün dövrlərdə sülh məqsədlərinə xidmət etdi. Koişiro Matsuura XXI əsrdə də UNESCO-nun bu missiyasının davam etdiyini bildirdi.

Türkiyə, Yunanıstan və Kanadadan gələn musiqiçilərin də ifası maraqla qarşılandı.

“65 ildə UNESCO bizim dünyanın bir parçasına çevrilmişdir”, - deyən UNESCO-nun baş konfransının sədri Devidson Həpbörn qurumun fəaliyyətində humanizm ideyalarının hər zaman hakim olacağını vurğuladı.

UNESCO-nun icra şurasının sədri Eleanora Mitrofanova təşkilatın həyata keçirdiyi proqramlar sırasında əsas diqqəti təhsillə bağlı layihələrin icrasına yönəltdi.

Mərakeş və Livandan dəvət olunan musiqiçilər ərəb ritmləri ilə salona xüsusi ovqat gətirdilər.

Sonra UNESCO-nun XXI əsrdəki fəaliyyətində prioritet elan etdiyi sahələrdən bəhs edən filmin nümayişi oldu.

Yubiley mərasiminə UNESCO-nun baş direktoru İrina Bokova yekun vurdu. Baş direktor dedi ki, “UNESCO dünyanın yaddaşıdır, bəşəriyyətin maddi-mədəni irsini qoruyan ən mötəbər təşkilatdır. Bu təşkilatın fəaliyyəti dünyada sülhün qorunmasının təməl prinsiplərini təşkil edir. UNESCO-nun tarixinin böyük ideallara söykəndiyini deyən İrina Bokova bu dəyərlərin yaranmasında UNESCO ailəsinin mühüm səylər göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, dünyada təhsilin, elmin, mədəniyyətin qorunmasında və inkişafında yaxından iştirak edən UNESCO bu yüzillikdə də həmin prinsiplərinə sadiq qalacaq, müxtəlif ölkələrdə və regionlarda mədəni irsin təbliğinə mühüm töhfələr verəcəkdir. Sonda baş direktor bir daha yubiley münasibətilə təbriklərini çatdırdı.

* * *

Qeyd edək ki, UNESCO 1945-ci ilin noyabrında yaradılmışdır. Mərkəzi qərargahı Parisdə yerləşən təşkilata dünyanın müxtəlif bölgələrində yerləşən 67 büro və altbölmələr daxildir. Hazırda 191 ölkə bu təşkilatın üzvüdür. UNESCO-nun əsas məqsədi irqindən, dilindən və dinindən asılı olmayaraq xalqların təhsil, elm və mədəniyyət sahələri üzrə əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə yardım etməkdir. UNESCO bu məqsədlərini təşkilata üzv ölkələrdə qurulan Milli Komissiyalar vasitəsilə reallaşdırır.

Azərbaycan da BMT-nin ən mötəbər qurumlarından olan UNESCO-nun fəal üzvlərindəndir. Azərbaycan-UNESCO əməkdaşlığında ölkəmizin birinci xanımı Mehriban Əliyevanın böyük əməyi vardır. Məhz Mehriban xanımın xidmətləri sayəsində 2003-cü ildə muğam UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına daxil edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır.

2004-cü ildən UNESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın UNESCO dəyərlərinə sadiqliyinin nəticəsidir ki, bu gün ölkəmizin bir çox mədəniyyət abidələri bu qurumun maddi-mədəni irs siyahısına daxil edilmişdir. Müxtəlif vaxtlarda UNESCO-nun baş direktorları ölkəmizə gəlmiş və Azərbaycanın tarixi, mədəniyyəti, milli dəyərləri ilə tanış olmaq imkanı qazanmışlar. Bir sözlə, Azərbaycan-UNESCO əməkdaşlığı hazırda özünün inkişaf dövrünü yaşayır.

AzərTAc.

 

 

Xəbərlər
Redaktorun seçimi