QHT Şurası Qarabağ mövzusunda layihələrin nəticələrini müzakirə etdi
Azay Quliyev: “Qarabağ münaqişəsilə bağlı layihələr gələn il də prioritet istiqamət olacaq”
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı mövzular üzrə maliyyələşdirdiyi layihələrin nəticələrini müzakirə etdi.
QHT və layihə rəhbərlərinin, ekspert və mütəxəssislərin, eləcə də medianın iştirakı ilə keçən tədbiri Şura sədri Azay Quliyev açaraq, layihələr, onların icrası və effektivliyi barədə danışdı.
A.Quliyev bildirdi ki, 2010-cu ildə Şura bu istiqamətli 52 layihəyə 302,349 manat vəsait ayırıb. Eyni mövzu üzrə keçən 21 layihəyə 2009-cu ildə Şuranın 185,612 manat vəsait xərclədiyini deyən A.Quliyev Dağlıq Qarabağ münaqişəsilə bağlı layihələrin gələn il də prioritet istiqamət olaraq qalacağını vurğuladı.
Şura sədri A.Quliyev layihələrin əhatə dairəsinin genişliyini qeyd edərək dedi: “Layihələr Azərbaycanın 18 rayon və şəhərində - Ağdam, Ağcabədi, Ağstafa, Bakı, Bərdə, Beyləqan, Qax, Goranboy, Quba, Göygöl, Füzuli, Lənkəran, Sumqayıt, Tərtər, Şirvan, Şəki, Xaçmaz və Zaqatala rayonlarında, habelə 6 xarici ölkədə - Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilmişdir.”
2010-cu ildə Dağlıq Qarabağ mövzusu üzrə maliyyələşən layihələr çərçivəsində yerinə yetirilmiş işlər belə təsnifatlandırıldı:
• 14 müxtəlif kitab, buklet, broşur və ya jurnal dərc edilmişdir: bunlardan 8 nəşr məhsulu xarici dillərdə buraxılmışdır;
• 9 internet səhifəsi hazırlanmış, yeniləşdirilmiş və ya xarici dilə tərcümə edilmişdir;
Bunlardan 5 internet səhifəsi aktivdir, digər 4-ü isə hazırlanır:
• 7 sənədli film çəkilmiş, və ya xarici dillərə tərcümə edilmişdir; bunlardan “Soyqırım” filmi ABŞ-da nümayiş etdirilmişdir;
• Materiallar əsasən 9 dildə Azərbaycan, ingilis, rus, türk, alman, fransız, yapon, bolqar və gürcü dillərində hazırlanmışdır;
• 5 QHT tərəfindən 4 beynəlxalq, 1 yerli səviyyəli konfrans keçirilmişdir: bunlardan 2-si xarici ölkədə Belçika və Türkiyədə olmuşdur;
• 9 QHT beynəlxalq mətbuatda erməni yalanlarının ifşa edilməsi, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işlər görmüş, bu tədbirlərdən dördü Belçika, Bolqarıstan, Türkiyə və Almaniyada həyata keçirilmişdir.
• 5 QHT Erməni təcavüzünün ağır nəticələri, qaçqın və köçkünlərin, minadan zərər çəkənlərin problemlərinin öyrənilməsi və ictimailəşdirilməsi işini həyata keçirmişdir;
• 4 QHT Qarabağ mövzusunda seminar, maarifləndirmə işini təşkil etmişdir;
• 6 QHT qaçqın və köçkünlər üçün müxtəlif peşə təlimi və kursları, 4 QHT isə onlar üçün yeni iş yerlənin yaradılması və hüquqi yardımın göstərilməsini işlərini təşkil etmişdir.
Tədbirdə A.Quliyev Avropa Parlamenti xarici əlaqələr komitəsinin Azərbaycan, Gürcüstan və Ermənistanla Avropa İttifaqı arasında parlament əməkdaşlığı komitəsinin sədr müavini Tomaş Porebanın bu günlərdə rəsmi Bakıdan icazəsiz Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərini qəti şəkildə pisləyərək, ölkə QHT-lərini belə qanunsuz hərəkətlərə etiraz etməyə çağırdı.
Tədbirdə çıxış edən QHT və layihə rəhbərləri Faiq İsmayılov, Vahid Qazi, Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Vahid Abbasov, Seymur Verdizadə, Akif Nağı, Vüqar Qədirli, Elçin Nəsirli, Vüqar Tofiqli, Xanlar Məmmədov (Effektiv Təşəbbüslər Mərkəzinin direktoru), Azad Məsiyev, Kəmalə Paşayeva, İlqar İlkin, Məmmədhəsən Həsənov, Xalid Kazımov, Əzizağa Atakişiyev, Xanoğlan Əhmədov, İlkin Ağayev, Əkrəm Bəydəmirli və başqaları yerinə yetirilmiş layihələrin nəticələrilə bağlı öz fikir və təkliflərini bildirdilər.
Təklif olundu ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı layihə yerinə yetirən QHT-lərin Şura nəzdində əlaqələndirici qurumu yaradılsın və birgə tədbirlərin həyata keçirilməsi üzrə koordinasiya işi aparılsın. QHT təmsilçiləri, həmçinin Dağlıq Qarabağ mövzusu ilə bağlı layihələrin maliyyələşdirilməsinə ölkənin özəl sektorunda çalışan sahibkarların da cəlb edilməsi üçün əməli tədbirlər görülməsinin zəruriliyini vurğuladılar.
QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidməti