“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.01.2011, 18:01
433

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyannamə yayıb

A- A+

“Ötən 10 ildə Avropa Şurası tribunasından Azərbaycan həqiqətləri dünyaya çatdırılıb”

Yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başlayıb. Yanvarın 28-dək davam edəcək sessiyada Azərbaycan parlamentinin 12 nəfərlik əsas və ehtiyat üzvlərdən ibarət heyəti iştirak edir.

Altı nəfərlik əsas heyətə Səməd Seyidov, Əli Hüseynov, Rövşən Rzayev, Rafael Hüseynov, Sabir Hacıyev və Qənirə Paşayeva daxildir. Ehtiyat heyətdə isə Fəzail İbrahimli, Elxan Süleymanov, Aydın Abbasov, Sevinc Fətəliyeva, Sahibə Qafarova və Fazil Mustafa yer alıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik edir.

Qeyd edək ki, AŞPA-nın bu sessiyası həm də Azərbaycanın Avropa Şurasına üzvlüyünün 10 ilinin tamam olması ilə əlamətdardır. Azərbaycan 2001-ci il yanvarın 25-də quruma üzvlüyə qəbul olunub.

Bu əlamətdar tarixlə bağlı yanvarın 25-də. AŞPA-nın qış sessiyasının ikinci iş günü Azərbaycan nümayəndə heyəti adından, deputat Rafael Hüseynovun hazırladığı “Azərbaycanın Avropa Şurasında on ilinin qarşılıqlı faydalı nəticələri və perspektivləri” adlanan bəyannamə yayılıb.

Millət vəkili qeyd edib ki, ümummilli lider Heydər Əliyev 2001-ci ilin yanvarında Azərbaycan nümayəndə heyətini Avropa Şurasına yola salarkən tapşırmışdı ki, Azərbaycanın nailiyyətlərini və həqiqətlərini Avropa Şurası tribunasından istifadə edərək dünyaya çatdırılsın və ən vacibi ərazilərimizin işğal edilməsi, yüz minlərlə insanımızın qaçqın və köçkünə döndərilməsi faktını AŞ-nın daim diqqətində saxlanılsın. Biz Avropa Şurasında olduğumuz on il boyunca həmişə bu düstura riayət etmişik.

Böyük Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniya və digər ölkələrdən olan 20-dən artıq deputatın imza atdığı sənədin əsas mövzusunu Azərbaycan - AŞPA əməkdaşlığı, tərəflərini bir-birlərinə verdiyi töhfələr olsa da, burada yenə ölkəmiz üçün birinci dərəcəli əhəmiyyət daşıyan Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması son on beş il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklərə gətirib çıxarıb.

“Yeni müstəqil dövlətlərin və o sıradan Azərbaycanın Avropa Şurasının tərkibinə daxil olması nəticəsində son on beş il ərzində həm bu təşkilatda, həm də və yeni üzv dövlətlərdə ciddi dəyişikliklər baş verib. 2011-ci ilin yanvarında qurumda üzvlüyünün 10 ili tamam olan Azərbaycanın nümunəsi bu əməkdaşlığın nəticələri və gələcək imkanları barədə əyani təsəvvür yaradır. 70 il qapalı rejim içərisində yaşamağa məcbur olmuş Azərbaycan Avropa Şurasına həqiqi üzv kimi qəbul edildikdən sonra bu təşkilatın bilavasitə təsiri və zəngin təcrübəsinin tətbiqi ilə ölkədə demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, azad mətbuat məkanının formalaşdırılması, insan hüquq və azadlıqlarının daha geniş ölçüdə təmin edilməsi istiqamətində sürətli inkişafa nail olub. Azərbaycanın dövlət başçısının Avropa Şurasını dəyərlərinə sadiqliyi əməkdaşlığın səmərəliliyi və intensivliyini şərtləndirən başlıca amillərdəndir.

Eyni zamanda, Azərbaycan da Avropa Şurasının bütövləşməsi və zənginləşməsi üçün bu müddət ərzində öz layiqli töhfələrini verib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri təşkilatın bir sıra strukturlarında rəhbərlikdə təmsil olunmuş, ümumavropa əhəmiyyətli ondan çox məruzə hazırlamış, yüzlərlə çıxış etmiş, istisnasız olaraq on ilin bütün sessiyalarında fəallıqları ilə seçilmişlər. Parlament Assambleyasının bir sıra komitə və alt komitələrinin iclasları və kollokviumları da Azərbaycanda keçirilib”.
Sənəddə habelə AŞ-də Azərbaycanın ərazilərinin işğal faktına dair sənədlərin qəbul olunduğu vurğulanır.

“Qarşılıqlı əməkdaşlığın ən mühüm tərəflərindən biri Assambleyanın Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsinə Avropa Şurasının həssas, obyektiv münasibət göstərməsi, bu haqda ayrıca qətnamə (1416) qəbul etməsidir. Azərbaycan AŞPA-nın bu məsələdə gələcəkdə daha qətiyyətli mövqe tutacağı, problemin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə səy göstərəcəyi inamındadır”

* * *

Səməd Seyidov: “Bu gün Avropa Şurasında Azərbaycanla hesablaşırlar”  

“Azərbaycan bayrağının Avropa Şurasının qarşısında yüksəlməsindən 10 il keçir. Bu 10 il ərzində Avropa Şurasının ən yüksək tribunalarından Azərbaycan gerçəkliklərinin, Azərbaycanla bağlı bütün məsələlərin, ən əsası Dağlıq Qarabağ həqiqətlərinin bütün Avropa ölkələrinə çatdırılmasında böyük iş görülüb, görülür, bundan sonra da görüləcək”.

Bunu Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Sənəd Seyidov deyib. O, 2005-ci ildə AŞPA-da Dağlıq Qarabağla bağlı qətnamənin qəbulunu tarixi hadisə adlandırıb: “1416 saylı bu sənəd Azərbaycanın ən ağrılı məsələsini - Dağlıq Qarabağ problemini bütün real, həqiqi xüsusiyyətləri və nüansları ilə dünyaya çatdırıb. Avropa Şurası tərəfindən hazırlanan və qəbul edilən qətnamə Azərbaycanın işğal edilmiş torpaqları və qaçqınlar barədə həqiqətlərdən bəhs edir”.

Azərbaycanın ötən 10 il ərzində böyük inkişaf yolu keçdiyini qeyd edən S. Seyidov ölkəmizin iqtisadi cəhətdən güclü, təhsilli, mədəniyyətini ən yüksək səviyyədə inkişaf etdirmiş və etdirən ölkə kimi tanındığını bildirib: “Ona görə də bu gün Avropa Şurasında Azərbaycanla hesablaşırlar, Azərbaycandan dəstək istəyirlər, bizim mövqeyimizə diqqətlə yanaşır, Azərbaycanla dost, yaxın olmaq üçün yaxşı mənada mübarizə aparırlar. Bu, Azərbaycan rəhbərliyinin apardığı məntiqli siyasətin nəticəsidir. Görülmüş işlər ona gətirib çıxarıb ki, bu gün Avropa Şurasında Azərbaycanın nümayəndəsinin hər bir hərəkəti, hər bir sözü xüsusi səviyyəyə, xüsusi diqqətə malikdir. Hesab edirik ki, Azərbaycanın AŞ-dəki mövcudluğu həm Azərbaycan üçün həddindən artıq vacibdir, həm də AŞ-ni zənginləşdirir. Azərbaycan həm AŞ-yə yeni fəlsəfə, yeni dəyər gətirir, həm də özü bundan bəhrələnir”.

* * *

Azərbaycan deputatı AŞPA-nı Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıb  

AŞPA-nın qış sessiyasının plenar iclasında Fransalı məruzəçi Jan-Klod Minyonun “Avropa Şurasında islahatlar” adlı hesabatı ətrafındakı keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edib.

Deputat çıxışında qeyd edib ki, artıq bir neçə ildir ki, Avropa Şurasında müəyyən dəyişiklər, yeniləşmələr, islahatlar aparılması zərurəti haqqında müzakirələr gedir və bu çox təbiidir: “Avropa Şurasının həm Avropaya, həm dünyaya deyiləsi sözü, görə biləcəyi işlər hələ çoxdur və bu təşkilatın həm zəngin təcrübəsi, həm də tarixin sınağından keçmiş dəyərli iş üsulları var. Lakin bir sıra məqamlar da var ki, onlardan qətiyyətlə imtina edilməli, bir sıra köhnəlmiş iş üsulları da var ki, onlar mütləq dəyişməlidir. Əks təqdirdə bu mühüm təşkilat yalnız özü deyib özü eşidən və əhəmiyyətini, təsir gücünü itirən formal bir quruma dönə bilər”.

Avropa Şurasının işin effektivliyindən danışan deputat bildirib ki, bəzən son dərəcə ciddi qətnamə qəbul edilir, hətta həmin qətnamənin icrasına nəzarət məqsədilə ayrıca yardımçı komitə təsis edilir - ortadasa iş olmur: “Bu söylənənlərə illüstrasiya olacaq bir nümunə - 2005-ci il yanvarın 25-də Parlament Assambleyası Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı 1416 saylı qətnaməsini təsdiqləyib, bu qətnamədəki müddəaların həyata keçirilməsi ilə əlaqədar müvəqqəti komitə yaradıb. Avropa Şurasının Nizamnamə tələblərini bu quruma üzv olduğu 10 il ərzində mütəmadi olaraq pozan, təcavüzkar olduğunu həm Avropa Şurasının, həm BMT-nin rəsmən elan etdiyi Ermənistan isə qətnaməyə əməl etmir, yaradılmış alt komitənin işinə mane olur, Avropa Şurası da bu özbaşınalığa sərt reaksiyasının vermir, sanksiyalar tətbiq etmir. Bununla da başqalarının oxşar hərəkətlərinə, Avropa Şurası qətnamələrinə biganə münasibətinə əsas yaranmış olur”.

APA

 

Xəbərlər
Redaktorun seçimi