“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.03.2011, 17:43
530

Rövşən Rzayev: “Tarixi həqiqətlərin təbliği gündəlik işimiz olmalıdır”

“Qarabağ problemini dünyaya çatdırmaq üçün görülən işlər öz bəhrəsini verir”
A- A+

Tarixin gərdişi belə gətirib ki, son bir əsrdə xalqımızın çəkdiyi müsibətlərdən, yaşadığımız itkilərdən təqvimin az qala hər ayına faciəli olay, ağrı-acılı səhifə düşüb. Bir qədər əvvəl 20 Yanvar qırğınının, ardınca Xocalı faciəsinin ildönümünü qeyd etdik. Bu ay (31 mart) xalqımızın 1918-ci ildə məruz qaldığı soyqırımı yada salacaq, növbəti ayda Kəlbəcər itkisini, daha sonra Şuşa və Laçını xatırlayacağıq.  

Bu faciəli hadisələri, acılı olayları yaddaşımızda təzələmək həm də onlardan nəticə çıxarmaq, ibrət götürmək deməkdir. Bunun üçün isə həmin tarixi günləri yalnız ildönümlərində deyil, hər zaman xatırlamaq, öyrənmək, tədqiq və təhlil etmək və ən əsası, dünyaya çatdırmağı bacarmaq lazımdır.

Təqdirolunası haldır ki, son dövrlər həm ölkəmizin rəsmi qurumları, həm də qeyri-dövlət təsisatları bu məqama xüsusi diqqət verir, Azərbaycan həqiqətlərini dünya birliyinə daha geniş şəkildə təbliğ etmək, tanıtmaq üçün sistemli, əlaqəli və ardıcıl fəaliyyət həyata keçirilir. Bu yaxınlarda Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı müxtəlif ölkələrdəki səfirliklərimizin, diaspor təşkilatlarının, millət vəkillərinin, qeyri-hökumət qurumlarının iştirakı və birgə səyləri ilə keçirilən tədbirlər dedikləmizə sübutdur. Bu işdə kütləvi informasiya vasitələrinin əvəzsiz rolu var. Dünyanın 50-dən çox ölkəsində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı, konfranslar, müxtəlif mərasimlər keçirildi, faciəni əks etdirən fotosərgilər, filmlər nümayiş olundu. Dünya ölkələrinin nüfuzlu qəzetlərində Xocalı soyqırımına həsr olunmuş məqalələr çap olundu, televiziya və radio kanallarında verilişlər efirə getdi.

Bu silsilə tədbirlərin müəyyən hissəsi də azərbaycanlı diasporunun sıx təşkilatlandığı, ölkəmizin Avropadakı mühüm tərəfdaşlarından biri olan Almaniyada keçirildi. Millət vəkili, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev həmin tədbirlərinin bir qisminin iştirakçısı olub. Rövşən Rzayev Xocalı soyqırımının ildönümünün dünyanın müxtəlif ölkələrində geniş şəkildə qeyd olunmasını ölkəmizin rəsmi strukturları ilə xaricdəki diasporumuzun effektiv əlbir fəaliyyətinin nəticəsi hesab edir:

- Öncə onu qeyd etmək istərdim ki, son illər ölkəmizin sürərli inkişafı, dünyada artan nüfuzu Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsinin beynəlxalq aləmə çatdırılmasına, tarixi həqiqətlərimizin dünyada təbliğinə də əlavə imkanlar yaradıb. Xocalı soyqırımının, Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsinin acı fəsadlarının dünyaya tanıdılması ilə bağlı görülən işlər buna bariz nümunədir. Bu işdə Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etmək gərəkdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Qarabağ həqiqətləri” layihəsi, ermənilənin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri vandalizm aktları ilə bağlı nəşrlərin, disklərin, filmlərin xarici ölkələrdə yayılması hər il daha geniş miqyas alır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası uğurla davam edir, bu aksiyaya dünyanın əksər ölkələrində könüllülər qoşulur.

Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Almaniyada keçirilən tədbirlər də bu təbliğatın miqyasını bir daha nümayiş etdirdi. Bu tədbirlərin bir qisminin iştirakçısı kimi mən ölkəmizin Almaniyadakı səfirliyinin, şəxsən səfir Pərviz Şahbazovun, Almaniyada fəaliyyət göstərən azərbaycanlı və türk diaspor təşkilatlanının, xüsusilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin işini, gərgin əməyini qeyd etmək istərdim.

Almaniyada Xocalı ilə bağlı tədbirlər həm paytaxt Berlində, həm də digər şəhərlərdə keçirildi. Bu xüsusda öncə Almaniya parlamentində - Bundestaqda keçirilən “dəyirmi masa”nı qeyd etmək istərdim. Tədbirdə Alman-Azərbaycan Münasibətlərinin İnkişafı Cəmiyyətinin sədri, Bundestaqın keçmiş deputatı Eduard Lintner, Bundestaqın deputatları Aksel Fişer və Peter Beyer, səfir Pərviz Şahbazov, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzer-İsmayılova çıxış etdilər.

Bundestaqın deputatı A.Fişer çıxışında Xocalıda törədilmiş soyqırımından bəhs edərək qeyd etdi ki, ermənilərin vəhşiliyi nəticəsində Xocalı şəhəri yer üzündən silinib. O, beynəlxalq təşkilatlar, o cümlədən Almaniyanı deputat olaraq təmsil etdiyi Avropa Şurası Parlament Assambleyası tərəfindən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığını vurğuladı. Digər almaniyalı deputat P.Beyer hərbi təcavüz nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırdı. O, münaqişənin həllində Avropa Birliyinin daha fəal rola oynamasının vacibliyini bildirdi.

Berlində fəaliyyət göstərən Türk Evində Azərbaycan və türk diasporları üzvlərinin iştirakı ilə keçirilən tədbir də yaddaqalan oldu. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, professor Kərim Şükürov, Almaniya Bundestaqının keçmiş deputatı, Türk-Azərbaycan Birliyinin sədri Hakki Kəskin Xocalı faciəsi barədə fikirlərini bölüşdülər.

Berlin Filarmoniyasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş konserti xüsusi qeyd etmək istəyirəm. Azərbaycan və alman bəstəkarlarının musiqisi səslənən konsertdən öncə dirijor Ulrix Rayl tamaşaçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.

Xocalıya həsr olunmuş daha iki tədbir Frankfurt və Hannoverdə keçirildi. Frankfurtda “Sağalmayan yara: Xocalı soyqırımı və Qafqazda barışın gələcəyi” mövzusunda konfrans Avropa Azərbaycanlıları Konqresi və Rayn-Mayn Türk Toplumunun birgə təşkilatçılığı ilə keçirildi. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Rayn-Mayn Türk Toplumunun sədri Şener Sargut Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması üçün Almaniyada işçi qrupunun yaradılmasının zəruriliyini vurğuladılar. Siegen Universitetinin tarix fakültəsinin əməkdaşı Johannes Henrich Qarabağ münaqişəsi, Azərbaycana qarşı erməni təcavüzünün tarixi kökləri haqqında danışdı. Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Hannoverdə fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə Hannover, Hamburq, Berlin və digər şəhərlərdən həmyerlilərimiz, türklər və alman qonaqlar iştirak edirdilər.

Bütün bu tədbirlərin iştirakçısı kimi bir daha yəqin etdim ki, Azərbaycanın Qarabağ həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlər artıq öz nəticəsini verir. Alman cəmiyyətində məsələyə obyektiv münasibətin yaranması bunu bir daha göstərir.

Tədbirlərdəki çıxışlarımda mən də bu məqamı önə çəkərək qeyd etdim ki, Azərbaycanın Qarabağ məsələsində mövqeyi haqlı və ədalətlidir, dünya uzun müddət erməni yalanlarına qulaq versə də, artıq tarixi həqiqət öz yerini tutur. Milli Məclisin Azərbaycan-Almaniya deputat qrupunun üzvü kimi Bundestaq tərəfindən 2009-cu ildə qəbul edilmiş Cənubi Qafqaza dair qətnaməyə və Qarabağ münaqişəsi ilə bağlı tutduqları ədalətli mövqeyə görə alman deputatlara təşəkkürünü bildirdim.

Çıxışlarımda Xocalı faciəsinin siyasi, hüquqi və psixoloji aspektlərini nəzərə çatdırmağa çalışdım. Bildirdim ki, hüquqi cəhətdən Xocalı faciəsi bir soyqırımı cinayətidir. Beynəlxalq hüquqa görə, milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etməyə yönəlmiş hərəkətlər soyqırımı hesab edilir. Xocalının 600-dən sakini məhz azərbaycanlı olduğu üçün erməni silahlı dəstələri tərəfindən planlı şəkildə qətlə yetirilib. Beynəlxalq hüquqda insanlıq əleyhinə cinayətlərə görə zaman məhdudiyyəti qoyulmur, bu əməlləri törədənlər əvvəl-axır cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Psixoloji cəhətdən Xocalı faciəsi yüzlərlə insanın yaddaşında silinməz izlər qoyub. Bu gün biz Xocalı faciəsinin, ümumilikdə Qarabağ münaqişəsinin psixoloji fəsadlarını iki tərəfin icma təşkilatları vasitəsilə araşdırmaq istəyirik. Bunun üçün ilk növbədə Ermənistan işğal etdiyi əraziləri azad etməli, azərbaycanlı köçkünlər doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdır. Azərbaycan prezidenti bütün beynəlxalq tribunalardan açıq bəyan edib ki, ölkəmiz münaqişənin beynəlxalq hüququn normaları əsasında, ədalətli həllini istəyir. Eyni zamanda, biz torpaqlarımızın bir hissəsinin qəsb edilməsinə heç zaman razı ola bilmərik və bütün mövcud imkanlardan istifadə edərək ərazi bütövlüyümüzün bərpasına nail olacağıq.

Bu işdə təbii ki, bizim dünya miqyasında apardığımız təbliğatın daha güclü və ardıcıl olması lazımdır. Çünki hələ də dünyanın ayrı-ayrı yerlərində ermənilərin saxta "tarixi" ayaq açıb yeriyir. Ən əsası isə odur ki, tarix boyu xalqımızın çəkdiyi müsibətlərin gerçək miqyas və mahiyyətini özümüz dərindən dərk etməliyik. Bunun üçün isə həmin tarixi, faciəli günləri yalnız ildönümündə deyil, hər zaman xatırlamağa, öyrənməyə və dünyaya çatdırmağa borcluyuq.

Vüqar Orxan

 

Xəbərlər
Redaktorun seçimi