Türkiyə qəzeti Azərbaycanın dövlət qəzetinin ittihamlarına cavab verib
“Today’s Zaman”ın baş redaktoru: “Bizi Azərbaycanın düşməni elan etmək insafa sığmaz”
Azərbaycanın rəsmi dövlət qəzeti “Azərbaycan”ın 16 may 2009-cu il tarixli sayında Türkiyənin ən böyük media quruluşlarından olan “Zaman” qəzetinə və onun ingilisdilli nəşri “Today's Zaman"a qarşı irəli sürdüyü ittihamlara bu nəşrin baş redaktoru tərəfindən cavab verilib.
“Today's Zaman"ın baş redaktoru Bülent Keneşin cavab məqaləsi nəşrin 20 may 2009-cu il tarixli sayında (www.todayszaman.com/tz-web/detaylar.do?load=detay&link=175778) dərc olunub.
Qeyd edək ki, “Azərbaycan” qəzetində dərc olunmuş "Today's Zaman"ın, onun sahiblərinin erməni sevgisi və Azərbaycana nifrəti haradan qaynaqlanır?” başlıqlı məqalədə Türkiyə qəzeti Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərilə uzlaşmayan mövqe tutmaqda, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı kimi çıxış etməkdə ittiham olunub. “Azərbaycan”ın etirazına səbəb olan əsas məqam isə "Today's Zaman"ın 8 may 2009-cu il tarixli sayında yer almış "Şərq tərəfdaşlığı: daha çox üçün çox və ya daha az üçün çox?" sərlövhəli məqalə olmuşdur.
Avropa Birliyinin 6 postsovet ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) ilə imzaladığı (7 may 2009) “Şərq Tərəfdaşlığı” proqramından bəhs edən məqalədə sözügedən ölkələrdə, o cümlədən Azərbaycanda demokratiya ilə bağlı vəziyyət tənqid olunub. Türkiyəli yazarın bu tənqid sırasında Azərbaycana xüsusilə yer ayırması, Ermənistandan isə söz etməməsi “Azərbaycan” qəzetinin etirazını doğurub.
“Görəsən, “Şərq Tərəfdaşlığı”na qoşulan 6 ölkədən 4-ü barəsində qismən loyal tənqid, Azərbaycan haqqında isə ən şərəfsiz formada böhtan yazan bu qəzetin Ermənistanda dinc mitinqçilərin gülləbaran edilməsindən, yüzlərlə insanın həbsə atılmasından, onlarla siyasi məhbusun mövcudluğundan, jurnalistlərin öldürülməsindən, bütün seçkilərin total saxtakarlıq şəraitində keçirilməsindən və bunun beynəlxalq birlik tərəfindən elan edilməsindən, ən nəhayət, bu terrorçu ölkənin Türkiyənin ən böyük düşməni olmasından həqiqətənmi xəbəri yoxdur?!”, - deyə “Azərbaycan” qəzetindəki məqalədə müəllif İ.Hüseynli sual edir. Müəllfə görə, "Today's Zaman"dakı məqalə “erməni lobbisinin təsiri altında ərsəyə gəlib”.
Müəllif həmçinin “Zaman” media qrupunun və ona bağlı təhsil ("Çağ Öyrətim” şirkəti), eləcə də biznes şəbəkəsinin Azərbaycanda geniş fəaliyyət göstərdiyini xatırladaraq "Today's Zaman"dakı məqalənin bu fəaliyyətə kölgə saldığını və “erməni dəyirmanına su tökdüyünü” yazır.
Bununla bağlı “Today's Zaman"ın 20 may 2009-cu il tarixli sayında nəşrin baş redaktoru Bülent Keneş böyük məqalə ilə çıxış edib. Baş redaktor “Azərbaycan” qəzetində səslənən ittihamların haqsız və qəbuledilməz olduğunu bildirib.
“İxtiyar Hüseynlinin qələmə aldığı son dərəcə ümumiləşdirilmiş və ləkələyici bir yazını Azərbaycan dövlətinin rəsmi mətbu orqanında nəşr etmək iki ölkə arasında həqiqi qardaşlığı arzulayanların edə biləcəkləri bir şey deyil”, - deyə “Today’s Zaman”ın baş redaktoru yazır.
Baş redaktor həmçinin 8 may 2009-cu il tarixdə “Today’s Zaman”ın analiz səhifəsində Yeliz Hacıosmanoğlu tərəfindən qələmə alınan yazıdakı fikirlərin tamamilə müəllifin şəxsi mövqeyini ifadə etdiyini və “Today’s Zaman”ın yayım prinsipləri ilə heç bir bağlılığı olmadığını vurğulayır.
Baş redaktor “Today’s Zaman”ın səhifələrində müntəzəm olaraq Türkiyənin problemləri, Türkiyədəki demokratik vəziyyət barədə də tənqidi müəllif yazılarının, analizlərin dərc olunduğunu nəzərə çatdırır.
“Today’s Zaman”ın baş redaktorunun məqaləsinin Azərbaycan türkcəsinə tərcüməsi “Zaman”ın Azərbaycandakı nəşri olan “Zaman-Azərbaycan” qəzetinin 21 may 2009-cu il tarixli sayında dərc olunub. Qəzetdə həmçinin "Zaman-Azərbaycan"ın baş direktoru Enes Cansevərin mövzu ilə bağlı yazısı dərc edilib.
Bax: “Zaman-Azərbaycan”, 21 may 2009-cu il.