Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəraitdə keçib
Rusiya prezidentinin köməkçisi: "Görüş zamanı açıq qalan bir sıra məsələlər müzakirə olunub"
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında iyulun 18-də Moskvada baş tutan görüş konstruktiv keçib. “RİA-Novosti”nin xəbərinə görə, bu barədə Rusiya Federasiyası prezidentinin köməkçisi Sergey Prixodko bəyan edib.
"Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş zamanı Dmitri Medvedev Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qarşılıqlı məqbul həll yollarının axtarılmasına gələcəkdə də səy göstərməyə hazır olduğunu bildirib", - deyə Prixodko əlavə edib.
Azərbaycan və Ermənistan prezidentləri isə Dmitri Medvedevə hər iki tərəfin mövqelərinin yaxınlaşdırılmasında göstərdiyi səylərə görə məmnunluqlarını ifadə ediblər.
"Olduqca kostruktiv keçən görüş zamanı açıq qalan bir sıra məsələlər müzakirə olunub", - deyə Prixodko vurğulayıb.
Onun sözlərinə görə, prezident Dmitri Medvedev Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər iki tərəfi qane edəcək qərarın qəbul edilməsi üçün səyləri davam etdirməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, prezidentlər iyulun 18-də səhər saatlarında Rusiya prezidentinin mükafatı uğrunda Moskvanın Mərkəzi Hippodromunda keçirilən at yarışını izləyiblər, sonra isə görüş restoranlardan birində üçtərəfli formatda davam etdirilib.
Bundan bir gün öncə - iyulun 17-də Moskvadakı “President-Hotel”-də Azərbaycan və Ermənistan dövlət başçılarının Qarabağ nizamlanması üzrə növbəti (sayca 6-cı) görüşü keçirilmişdi.
Mövzuya dair:
Türkiyə XİN başçısı: “Dağlıq Qarabağdakı hazırkı vəziyyətin heç bir tərəfə xeyiri yoxdur”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TRT-nin “Eninə boyuna” proqramında sualları cavablandırarkən bildirmişdir ki, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağda 17 ildir erməni təcavüzü davam edir və bu, 170 il də davam etsə belə, bu bir işğal olaraq qalacaqdır.
Nazir demişdir: ”Ermənilərin arasında Qarabağın işğalının davam edəcəyi halda bir status qazanılacağına inananlar vardır. Lakin unutmaq lazım deyil ki, bu, bir işğaldır. Beynəlxalq hüquq normalarının pozulmasıdır”.
Əhməd Davudoğlu onu da əlavə etmişdir ki, Azərbaycan-Ermənistan danışıqlarında Türkiyənin verəcəyi töhfə də nəzərə alınmalıdır. Hazırda Dağlıq Qarabağda mövcud vəziyyət nə Türkiyənin maraqlarına, nə də Azərbaycan-Ermənistan münasibətlərinə heç bir xeyiri yoxdur.