Rusiyanın yeni sülh təşəbbüsləri
Dmitri Medvedev Qarabağla bağlı Azərbaycan prezidentinə məktub göndərib
Azərbaycan prezident İlham Əliyev iyulun 8-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Dövlət başçısı Rusiya xarici işlər nazirinin bu səfərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Kazan görüşü zamanı müzakirə edilən məsələlərlə əlaqədar olmasının önəmini qeyd edib.
İkitərəfli əlaqələrin inkişaf səviyyəsinin çox böyük razılıq doğurduğunu deyən prezident İ. Əliyev bu münasibətlərin ölkələrimiz və region üçün vacib olduğunu vurğulayıb. Dövlət başçısı dinamik və uğurla inkişaf edən ikitərəfli münasibətlərin gündəliyini bir daha müzakirə etmək üçün səfərin yaxşı imkan yaratdığını deyib.
Öz növbəsində Sergey Lavrov iyunun 24-də Kazanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun Rusiyadan, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə keçirilən görüşün nəticəsi olaraq Qarabağ məsələsinin həlli ilə bağlı Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycan və Ermənistan prezidentlərinə müraciət hazırladığını deyib və həmin müraciəti dövlət başçısına çatdırıb.
“Kazan görüşünün nəticələri əsasında Rusiya prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflər hazırlayaraq Sizə və Ermənistan prezidentinə göndərib. Ümid edirəm ki, məktubda əks olunmuş təklifləri öyrəndikdən sonra mövqeyinizi bildirəcəksiniz”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
S. Lavrov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdiyini deyərək, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bir neçə gündən sonra Rusiyaya rəsmi səfər edəcəyini diqqətə çatdırıb: “Səfər zamanı Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası haqqında sənəd mübadiləsi aparılacaq, xarici siyasət sahəsində əməkdaşlığımızın daha da möhkəmləndirilməsini nəzərdə tutan bir sıra qərarlar qəbul olunacaq”.
Qeyd edək ki, analoji təklifləri S. Lavrov iyulun 8-də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyana da təqdim edib.
* * *
Azərbaycanın xarici işlər naziri iyulun 17-də Rusiyaya rəsmi səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərinin vaxtı məlum olub. E. Məmmədyarov jurnalistlərə verdiyi açıqlamasında Rusiyaya iyulun 17-də səfər edəcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq səfər iki gün çəkəcək.
Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı durumu müzakirə ediləcək, Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası haqqında sənəd mübadiləsi aparılacaq, iki ölkə arasında xarici siyasət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini nəzərdə tutan bir sıra qərarlar qəbul olunacaq.
APA