“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.09.2010, 18:57
452

Azərbaycan qazının Avropaya yeni yolu

A- A+

Bakıdaki enerji sammitində mühüm sənədlər imzalandı

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya prezidentləri və Macarıstanın baş nazirinin iştirakı ilə enerji sammiti keçirildi. Sammitdə AGRİ layihəsi üzrə (Azərbaycan-Rumıniya-Gürcüstan sıxılmış maye qaz layihəsi - red.) müzakirə olunub.

Sammitin yekunu olaraq birgə bəyannamə imzalanıb. Sammitdə Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstan Neft-qaz Korporasiyası və “Romqaz” şirkətinin rəhbərləri sıxılmış qaz layihəsi üzrə birgə müəssisənin yaradılması ilə bağlı anlaşma memorandumu və şirkətin nizamnaməsinin layihəsini imzalayıblar.

AGRİ layihəsi ilə bağlı 2008-ci ildən başlayaraq Azərbaycan ilə digər tərəfdaşlar arasında müxtəlif səviyyələrdə aparılan danışıqların mərhələlərini xatırladan yanacaq və energetika naziri Natiq Əliyev nəticədə Azərbaycan qazının Gürcüstan vasitəsilə Rumıniyaya nəqli barədə razılığın əldə olunduğunu və müvafiq sənədlərin imzalandığını dedi. Azərbaycanın sənaye və energetika naziri AGRİ layihəsinin bütün tərəflər üçün faydalı olduğunu və bazar iqtisadiyyatı prinsiplərinə əsaslandığını qeyd etdi. O bildirdi ki, Azərbaycan, Gürcüstan və Rumıniyanın AGRİ layihəsi ilə əlaqədar yaradacaqları birgə müəssisə texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq və sərmayədarların axtarılması ilə məşğul olacaqdır.

Natiq Əliyev AGRİ layihəsinin istər region ölkələri, istərsə də Avropa dövlətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini dedi. Nazir layihə çərçivəsində Gürcüstan və Rumıniyada tikiləcək terminallar, təbii qazın ötürülməsi üçün müəyyən ərazilərdə inşa olunacaq əlavə qaz xətləri, Gürcüstandakı zavodda qazın sıxılması, ixrac ediləcək sıxılmış qazın yenidən Rumıniyadakı zavodda emal edilərək təbii qaza çevrilməsi və s. proseslər barədə məlumat verdi.

Dövlət Neft Şirkətinin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin verdiyi məlumata görə, Buxarestdə yerləşəcək şirkətdə təsisçilər bərabər payla təmsil olunacaq. İdarə rəisi bildirib ki, sonradan buraya digər şirkətlər də qatıla bilər. 
Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRİ layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb.

Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli “Azadlıq” radiosuna deyib ki, üç ölkənin həyata keçirdiyi layihəyə əsasən Azərbaycan qazı Gürcüstan limanlarında mayeləşdiriləcək və daha sonra Rumıniyanın Konstansa limanına daşınacaq. Orada emal olunandan sonra Rumıniyanın qazpaylayıcı şəbəkəsinə daxil olacaq. Daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Qazımızı Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.

Mütəxəssislər isə hesab edirlər ki, enerji sammitinin Bakıda keçirilməsi mühüm hadisədir. İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, bütün hallarda bu, Mərkəzi Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun artmasından xəbər verir. Onun sözlərinə görə, sammitin Bakıda keçirilməsi yalnız iqtisadi baxımdan deyil, geosiyasi baxımdan da əhəmiyyətlidir: “Sammit Azərbaycanın öz qazını Mərkəzi Şərqi Avropa ölkələrinə Qara dəniz vasitəsi ilə ötürülməsi baxımından əhəmiyyətlidir”.

Ekspert qeyd edir ki, Dövlət Neft Şirkətinin tədqiqatlarına görə, birinci mərhələdə Rumıniyaya 2,5 milyard kubmetr mavi qazın ötürülməsi planlaşdırılır: “Növbəti mərhələdə bu həcmin 8 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Xərc-gəlir təhlilinin nəticələri göstərir ki, indiki halda AGRI layihəsinin reallaşma imkanları çox böyükdür”.

V.Bayramov hesab edir ki, AGRI layihəsi “Nabucco”ya alternativ kimi qəbul edilməməlidir: “Əvvəla, bu layihənin 2016-cı ildə deyil, xeyli əvvəl reallaşması planlaşdırılır. Başqa tərəfdən, AGRI layihəsi vasitəsilə yalnız Azərbaycan mavi qazı ötürüləcək. Nəzərə alsaq ki, ötən il ölkədə 28 milyard kubmetr mavi qaz hasil edilib ilkin mərhələdə 2,5 milyard kubmetr qazın ötürülməsinə problem olmayacaq. Xüsusilə, ”Şahdəniz" layihəsinin 2-ci fazası istifadəyə verildikdən sonra hasilatın 70 faiz artması gözlənilir. O baxımdan Azərbaycan üçün alternativ kəmərlərin olması vacib məsələdir. Ümumiyyətlə sammit Azərbaycan və digər iştirakçı ölkələr üçün əhəmiyyətlidir".

Tranzit ölkə kimi layihənin reallaşmasının Gürcüstan üçün vacib olduğunu vurğulayan mütəxəssisin sözlərinə görə, sammitdə Rumıniyanın prezident səviyyəsində təmsil olunması bu ölkənin mavi qaza olan tələbatının Azərbaycan vasitəsilə ödənilməsini təmin etmək istəyini göstərir: “Hazırda Rumıniya mavi qaza olan tələbatının 70 faizini daxili mənbələr hesabına ödəyir. Amma yaxın illərdə Rumıniyanın mavi qaza olan tələbatında daxili hasilatın payı 70 faizdən 40 faizə qədər azalacaq. O baxımdan bu ölkə üçün layihənin strateji əhəmiyyəti var. Azərbaycan bu sammitlə Avropanın enerji təhlükəsizliyinin formalaşmasında aparıcı ölkə olduğunu diqqətə çatdırır”.

* * *

Bax həmçinin:

Dövlət və hökumət başçılarının birgə mətbuat konfransı

Sentyabrın 14-də AGRİ layihəsinə dair Bakı Bəyannaməsi imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban birgə mətbuat konfransı keçirdilər.

Prezident İlham Əliyev Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkələrimiz yaxşı işləyərək müsbət nəticəyə nail olmuşlar. “Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır”, - deyən Prezident İlham Əliyev ölkəmizin malik olduğu nəhəng enerji infrastrukturundan danışdı. Dövlətimizin başçısı dedi ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir.

“Biz burada tarix yazırıq”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.

Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı yerli tələbatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğuladı. Bildirdi ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.

“Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün geniş imkanlar açacaq”, - deyən Prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışdı, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd etdi.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür etdi. Bildirdi ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir.

Rumıniya Prezidenti Trayan Besesku bildirdi ki, bu layihənin icrası Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir. “Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir”, - deyən Trayan Besesku bildirdi ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir.

Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirdi ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaqdır.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu dedi. Əmin olduğunu bildirdi ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəkdir və Macarıstan bu layihəyə sadiqdir. Viktor Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırdı və əmin olduğunu bildirdi ki, bu layihə Avropa İttifaqına töhfə verəcəkdir.

Xəbərlər
Redaktorun seçimi