“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.10.2011, 16:49
423

Azərbaycan dünyanın dialoq və əməkdaşlıq mərkəzidir

A- A+

Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum keçirilib

Oktyabrın 10-11-də Bakı daha bir mötəbər beynəlxalq tədbirə - “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Foruma ev sahibliyi etdi. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedevin təşəbbüsü ilə gerçəkləşən Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilib. 

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edib.

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak ediblər. Açılış mərasimində çıxış edən dövlət başçısı Forum çərçivəsində aparılacaq fikir mübadiləsinin humanitar sahədə əməkdaşlığın genişlənməsinə yeni töhfələr verəcəyini bildirib. “2008-ci ildə humanitar əməkdaşlıqla bağlı başlayan Bakı prosesi uğurla inkişaf edir və növbəti illərdə bu proses davamlı olacaq”, - deyən prezident İlham Əliyev 2009-cu ildə ölkəmizdə İslam Əməkdaşlığı Təşkilatının üzvü olan ölkələrin toplantısının, 2010-cu ildə Bakıda Dünya Dini Liderlərinin Zirvə Görüşünün keçirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu tədbirlər sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfə vermişdir. Bu ilin aprelində Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixə düşüb. Beynəlxalq Humanitar Forum isə bundan sonrakı arzuların reallığa çevrilməsində mühüm rol oynayacaq.

“Azərbaycanın coğrafi vəziyyəti ölkəmizin inkişafına da təsir edib və bizim gücümüz birliyimizdədir”, - deyən prezident ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havasının Azərbaycanı daha da gücləndirdiyini vurğulayıb. Azərbaycanda davamlı inkişafın humanitar sektorun da inkişafına təsir göstərdiyini bildirən dövlət başçısı bu sahədə təhsil sektorunda aparılan islahatların və “qara qızıl”ı insan kapitalına çevirmək ideyasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. “Ölkəmizin əldə etdiyi uğurlar bizi daha da ruhlandırır”, - deyən prezident Azərbaycanın siyasi və iqtisadi təşəbbüslərinin xalqımızın daha yaxşı yaşamasına xidmət etdiyini və qonşu ölkələrlə əlaqələrin güclənməsi məqsədi daşıdığını bildirib. “Bundan sonra çalışaq ki, xalqlararası münasibətlər daha da güclənsin, bu, zərurətdir”, - deyən prezident İlham Əliyev bildirib ki, cəmiyyətdən gələn sifariş onu diktə edir ki, bu sahədə daha çox işləmək lazımdır. Dövlət başçısı multikulturalizm ənənələrinin cəmiyyətdə daha dərin kök salmasının vacibliyini diqqətə çatdırıb.

* * *

Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Bakı Forumunun dünya elitasının diqqət mərkəzində olduğunu vurğulayıb, plenar iclas və panellərdə müzakirə ediləcək mövzuların aktuallığına toxunub. O, Rusiya prezidenti Dmitri Medvedevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbirin fəxri qonaqlarından olan Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl çıxışında qeyd edib ki, dünyada baş verən bir çox hadisələr insan həyatına təsirsiz ötüşmür və odur ki, humanitar məsələlərlə bağlı bütün təşəbbüslər təqdirəlayiqdir. S.Dəmirəl dövlət müstəqilliyimizin bərpa edilməsinin 20-ci ildönümü ərəfəsində Bakıya gəlməkdən şad olduğunu bildirib. O, ötən illər ərzində Azərbaycanın inkişaf etdiyini və güclü icmanın üzvünə çevrildiyini, bunun ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün olduğunu vurğulayıb.

Birləşmiş Ştatların Azərbaycandakı səfiri Mətyu Brayzə ABŞ-ın sabiq prezidenti Bill Klintonun Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda prezidentlər İlham Əliyevə və Dmitri Medvedevə bu təşəbbüsə verdikləri dəstəyə görə minnətdarlıq edilib.

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bugünkü dünyada ən böyük humanitar çağırış olan birgəyaşayış məsələsinə diqqət çəkib. Bildirib ki, mədəniyyətlərarası dialoqun təşviqi indi dünyada ən çox ehtiyac duyulan prinsiplərdən biridir və bununla bağlı planların həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

UNESCO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanes Karklins Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun təşkilinə görə təşkilatın baş direktoru İrina Bokovanın təşəkkürlərini prezident İlham Əliyevə çatdırıb.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri isə Bakıda tez-tez beynəlxalq tədbirlərin keçirilməsinin Azərbaycanın və prezident İlham Əliyevin dünyada yüksək nüfuzunun nəticəsi olduğunu deyib.

Çıxışlardan sonra Forum iştirakçıları xatirə şəkli çəkdirib.

* * *

Oktyabrın 10-da Bakı Beynəlxalq Humanitar Forumunun ikinci və üçüncü iclası keçirilib. 

İkinci plenar iclasda çıxış edən Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi dövlətlər və xalqlar arasında humanitar əməkdaşlıq məsələlərinin belə bir möhtəşəm forumda artıq beynəlxalq miqyasda müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan və Rusiya arasında əməkdaşlığın çoxtərəfli xarakter daşıdığını bildirən rektor ölkələrimiz arasında xüsusilə təhsil sahəsində əlaqələrin inkişafını yüksək qiymətləndirib.

Elmi, mədəni, sosioloji, humanitar məsələlərin müzakirəsi üçün Forumun yaxşı fürsət olduğunu deyən Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsinə onun mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qeyd edib ki, biz xalqlar və dövlətlər arasında humanitar məsələlərin həllində ortaq məxrəcə gəlmək üçün daha çox görüşməliyik.

Kimya üzrə Nobel mükafatı laureatı Əhməd Zeveyl çıxışında informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafından söz açaraq dünyada iki milyard insanın internetdən istifadə etdiyini diqqətə çatdırıb, problemlərin həllində dünyanın müxtəlif bölgələrində yaşayan insanların səylərini birləşdirməyin əhəmiyyətini qeyd edib. İqtisadiyyat sahəsində Nobel mükafatı laureatı Ceyms Mirrlis bildirib ki, iqtisadiyyatın məqsədi insanların həyat səviyyəsini yaxşılaşdırmaqdır. Lakin hazırda bəzi ölkələr iqtisadi baxımdan çox böyük problemlərlə üzləşmişlər. Biz iqtisadi inkişafın təmin olunmasına diqqət yetirməklə yanaşı, sağlamlıq, ətraf mühit, təhsil və s. amilləri də nəzərə almalıyıq. Cəmiyyətdəki problemlərin diqqətə çatdırılmasında, humanitar əməkdaşlığın inkişafında yazıçıların rolunu yüksək qiymətləndirən ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadhar Suracprasad Naypol onların bu məsələlərdə daha asan dil tapa bildiklərini vurğulayıb.

Forumda iştirakından məmnun olduğunu bildirən Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev ölkəmizin dinamik inkişafını yüksək qiymətləndirib. Slovakiyanın sabiq prezidenti Rudolf Şuster də belə bir möhtəşəm tədbirin yüksək səviyyədə təşkilinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov Azərbaycan rəhbəri İlham Əliyevin “multukulturalizm üçün heç bir alternativ yoxdur” sözlərini xüsusi vurğulayaraq bildirib ki, biz yanlış anlaşmalardan qaçmalı, aramızda qarşılıqlı etimad yaratmalıyıq. 

* * *

Beynəlxalq Humanitar Forumun üçüncü plenar iclasında çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycanın qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Forumun əsas məqsədlərindən biri humanitar dəyərlərin səfərbər edilməsi yolu ilə cəmiyyətin sosial-mədəni həyatının bu amillər əsasında inkişaf modelinin müzakirəsidir.

Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktoru Vitali İqnatenko, yüksək texnologiyalar şəraitində ənənəvi medianın və xəbər agentliklərinin çərçivəsində məlumatların sosial şəbəkələrə ötürülməsində balans yaradılmasının vacibliyini vurğulayıb. Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramaci müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, bunun üçün yüksək peşəkarlığa sahib olan mütəxəssislərin hazırlanmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, qarşıya qoyulan məqsədlərə çatmaq üçün biz müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməliyik.

Çıxışında polietniklik və çoxmədəniyyətlilik amillərinə xüsusi yer verən Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Yefim Pivovar bu amillərin müasir dünyada daha çox aktuallıq kəsb etdiyini bildirib. Azərbaycanın və Rusiyanın polietniklik və çoxmədəniyyətlilik sahəsində böyük təcrübəyə malik olduqlarını vurğulayan natiq ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsində təhsilin inkişafının əhəmiyyətini nəzərə çatdırıb.

Elmin cəmiyyətin inkişafına çox böyük təsir etdiyini deyən Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, bununla yanaşı, həyatımızın təməl problemlərini təkcə elmi-texniki tərəqqi, iqtisadi modellərlə həll etmək mümkün deyil. Forumun postmodernist mədəniyyətlərdə ənənəvi dəyərlərlə bağlı olduğunu deyən natiq xarici ölkələrdən müxtəlif sahələri təmsil edən alimlərin və yazıçıların bir araya gələrək bu məsələləri müzakirə etməsinin vacibliyini vurğulayıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akinci dünyanın qloballaşdığı bir şəraitdə prezident İlham Əliyevin təşəbbüsü ilə belə bir Forumun keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü Mixail Kovalçuk müasir dünyada elmlərin konvergensiyasından söhbət açıb, texnosferanın mədəni dəyərləri zənginləşdirən əsas amillərdən biri olduğunu bildirib.

Rusiya Elmlər Akademiyasının akademiki, gen mühəndisliyi və biotexnologiya üzrə alim Konstantin Skryabin son illərdə biotexnologiyaların sürətlə inkişaf etdiyini deyərək cəmiyyətin həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsində Forumun əhəmiyyətini qeyd edib.

* * *

Forum oktyabrın 11-də işini panel iclaslarında davam etdirib. Forum iştirakçıları plenar iclaslardan başqa yeddi paneldə “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Sosial jurnalistika və yüksək texnologiyalar”, “Elmlərin konvergensiyası” mövzularında da diskussiyalar aparıblar.

* * *

Beynəlxalq Humanitar Forumda yekun bəyannamə qəbul olunub

Oktyabrın 11-də “XXI əsr: ümidlər və çağırışlar” devizi altında Bakıda keçirilən Beynəlxalq Humanitar Forum başa çatıb. Forumun sonunda Bəyannamə qəbul edilib. 
Bəyannamədə müxtəlif ölkələrin dövlət siyasətində multikulturalizmin mövqe və imkanlarını bir daha təhlil etməyə, etnik və mədəni özünüdərk arasında azad seçimi təmin etməyə çağırış əks olunub. Sənəddə vurğulanır ki, qloballaşma kontekstində inkişafın iqtisadi modellərinin gerçəkləşdirilməsinin humanitar aspektlərinin qiymətləndirilməsi üçün kulturoloji yanaşma müstəsna əhəmiyyət kəsb edir.

”BMT, UNESCO və digər beynəlxalq strukturları və bu beynəlxalq qurumlara üzv olan dövlətlərlə birgə mədəniyyətlərin və dəyərlər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaq şərti ilə bəşəriyyətin gələcək inkişafı naminə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real imkan və mexanizmləri müəyyən etməyə çağırırıq. Bu qəbildən forumların vaxtaşırı keçirilməsinin zəruriliyinə inamımızı ifadə edir və Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına, Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan hökumətinə göstərdikləri dəstəyə, qonaqpərvərliyə görə dərin minnətdarlığımızı bildiririk”, - deyə Bəyannamədə bildirilir.  

Forum xalqlar arasında dialoqun inkişafına zəmin yaradır
   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu sülh naminə çalışan insanlara dünyada təhlükəsizliyin təmin olunması və xalqlar arasında dialoqun inkişafı üçün zəmin yaradır. Bu sözləri Forumda iştirak edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib. İSESCO-nun baş direktoru Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini yüksək qiymətləndirib: “Bu cür forum və konfransların təşkili ilə Azərbaycan dünyada sülhə, əmin-amanlığa öz töhfəsini verir”.    

Azərbaycan Avropa ilə Asiya arasında körpüdür
   
Forumun beynəlxalq formatı çox vacib olan əsas mövzu ilə tam uzlaşır. Ölkələrin hərtərəfli inkişafı və müasirləşməsi zamanı biz unutmamalıyıq ki, insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev deyib. O, bildirib ki, belə bir Forumun məhz Azərbaycanda keçirilməsi çox əlamətdardır. Azərbaycan doğrudan da Avropa ilə Asiya arasında körpüdür. A.Avdeyev vurğulayıb ki, Azərbaycan prezidentinin müdrikliyi, düşünülmüş siyasəti Forumu başlıca məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün gərəkli bir məkana çevirib. 

AzərTAc

 

 

Xəbərlər
Redaktorun seçimi