“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.04.2015, 14:28
1790

İkili standartlar və siyasi üzgörənlik

A- A+

Avropa Parlamentinin “erməni soyqırımı” ilə bağlı qətnaməsi bunun bariz nümunəsidir

Aprelin 15-də Avropa Parlamenti növbəti dəfə aşkar siyasi üzgörənlik göstərərək qondarma “erməni soyqırımı” ilə əlaqədar qətnamə qəbul etmişdir. Türkiyə Cümhuriyyətini qondarma "soyqırımı”nı tanımağa çağıran, Avropa Birliyi ölkələrinə 24 apreli üzdəniraq “soyqırımı günü” kimi qeyd etməyi tövsiyə edən  sənəd tarixi gerçəkliklərin inkarı, tarixi siyasi konyuktur və maraqlar baxımdan yenidən yazmağa iddia edən bir mövqenin nümayişidir.

Qətnamə Avropadakı erməni lobbisinin təsiri altında olan, Türkiyəyə və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən dairələrin təsiri və təşviqi ilə qəbul olunmuşdur. Avropa Parlamentinin bu addımı eyni zamanda Qərbdə, o cümlədən Avropa Parlamentində özünü büruzə verən islamofobiya əhval-ruhiyyəsinin bir nümunəsidir. 100 il bundan əvvəl, 1915-ci ildə baş vermiş hadisələrə öz siyasi maraqları prizmasından yanaşan ermənipərəst dairələr uzaq keçmişdəki hadisələrdən antitürk, antiazərbaycan, antiislam əhval-ruhiyyəsini qızışdırmaq məqsədi güdürlər.

Tarixi məsələlərlə siyasətçilər deyil, tarixçilər məşğul olmalıdır. Təəssüf ki, avropalı deputatların tarixi həqiqətlərdən uzaq, faktlara əsaslanmayan bu cür mövqe nümayiş etdirməsi birinci dəfə deyil. Ən yeni tariximizdə, 1992-ci ilin fevralında Xocalıda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktına, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan çox insanın hüquqlarının pozulmasına biganə qalan siyasətçilərin belə qeyri-ciddi davranışı dərin təəssüf və təəccüb doğurur. Lakin bir gerçək hər kəs üçün aydındır ki, belə konyuktyur addımlar və qətnamələrlə tarixi həqiqətləri dəyişdirmək olmaz.

Biz Avropa Parlamentinin 15 aprel 2015-ci il tarixli qətnaməsini reallıqdan uzaq, qeyri-ciddi, ikili standartların və siyasi üzgörənliyin nümunəsi kimi dəyərləndirir və qətiyyətlə rədd edirik.

 

“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi

17 aprel 2015-ci il  

Xəbərlər
Redaktorun seçimi