“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.09.2009, 09:28
425

Türkiyə-Ermənistan razılaşmalarında Azərbaycanın maraqları qismən nəzərə alınıb

A- A+

İmzalanacaq protokollarda dövlətlərin ərazi bütövlüyü, BMT və ATƏT sənədlərindəki öhdəliklərə riayət olunması prinsipləri əksini tapıb

Türkiyə və Ermənistan arasında əldə olunan son razılaşmalar hər iki ölkədə olduğu kimi, Azərbaycanda da geniş diqqət mərkəzindədir. Çünki Ankara-Yerevan mükaliməsindəki başlıca düyün nöqtəsi - iki ölkə arasında sərhədlərin açılması Azərbaycanın bilavasitə dövlət maraqlarına toxunur. Türkiyə Ermənistanla sərhədi bu ölkənin Azərbaycan torpaqlarını işğal etməsinə etiraz olaraq bağlayıb. 

Ötən 16 ildə çeşidli beynəlxalq təşəbbüslərə rəğmən Türkiyənin bu sərhədi açmamasının əsas səbəbi də həmin işğala son qoyulmamasıdır. Təsadüfi deyil ki, Azərbaycan XİN də Türkiyə-Ermənistan razılaşmalarına rəsmi münasibətini ifadə edərkən bu məqamı məxsusi diqqətə çatdırıb.

Öz növbəsində Türkiyə tərəfi də Ermənistanla “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında müzakirələr sürəcində Azərbaycanın narahatlığının başa düşüldüyünü və nazərə alınacağını bəyan edib. Türkiyə XİN başçısı Əhməd Davudoğlunun sözlərinə görə, bu prosesdə heç bir digər məsələ Türkiyə-Azərbaycan tərəfdaşlığından önə keçə bilməz. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə bu il mayın 14-də Bakıda olarkən Ermənistanla sərhədin açılmasının Qarabağ məsələsinin həllinə bağlı olduğunu birmənalı şəkildə vurğulamışdı.

Odur ki, Türkiyə və Ermənistan arasında əldə olunmuş son razılaşmaların da bu bəyanatı kölgə altına alacağını düşünməyə əsas yoxdur. Baxmayaraq ki, Türkiyədəki müxalifət qüvvələri Ərdoğan hökumətini bu məsələdə kəskin tənqid hədəfinə tuturaq baş naziri Bakıda verdiyi bəyanatdan geri durmaqda ittiham edirlər.

Türkiyə baş naziri isə Ermənistanla əldə edilən son razılaşmalardan söz edərkən bu məsələdə qəti fikir söyləməyin hələ erkən olduğunu nəzərə çatdırıb. Ərdoğan deyib ki, Türkiyə, Ermənistan və İsveçrə xarici işlər nazirlikləri adından yayılan birgə bəyanat prosesin bir hissəsidir. «Bu, bizim Ermənistanla başladığmız proses daxilində atdığımız addımlardan biridir. Tərəflər daxili siyasi məsləhətləşmələrə başlamaq haqda addım atırlar. Lakin parlamentdə təsdiq olunmadan bu sənədlər işləməyəcək», - deyə o vurğulayıb.

Türkiyə baş naziri dolayısı ilə nəzərə çatdırıb ki, Ermənistanla paraflanan razılaşmalar və imzalanacaq protokollar hələ onların birmənalı şəkildə qüvvəyə minəcəyi və dərhal icra olunacağı anlamına gəlmir. Başqa sözlə, Türkiyə tərəfi Ermənistanla dialoq sürəcinin real tempini Azərbaycan-Ermənistan sülh danışıqlarına, Qarabağ nizamlanmasına paralel şəkildə nizamlamağı düşünür.

Eyni zamanda, Türkiyə Qarabağ sülh prosesinin irəliləməsi üçün imkan daxilində öz səylərini davam etdirir. Ermənistanla razılaşmaların açıqladığı gün Türkiyə XİN başçısı Əhməd Davudoğlu bu məsələni ABŞ dövlət katibi Hillari Klintonla müzakirə etmişdi. Ertəsi gün (1 sentyabr) isə Türkiyə XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrova zəng edərək Ermənistanla münasibətlər məsələsində atılan son addımlarla bağlı onu məlumatlandırıb. Türkiyə xarici işlər naziri Rusiya tərəfdən Qafqaz regionunda davamlı sülhə nail olunması üçün Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı səyləri artırmağı xahiş edib.

Bu arada Rusiya XİN Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinə münasibət bildirib. Rəsmi Moskva Ermənistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair gedən prosesi pozitiv qiymətləndirib. «Ermənistan və Türkiyə bizə dost ölkələrdir. Onlar arasında münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişləri təbii və gözlənilən proses kimi qəbul edirik. Ölkədaxili məsələ olan bu məsləhətləşmələr müqavilələrlə yekunlaşsa, çox şad olarıq», - deyə Rusiya XİN-in açıqlamasında deyilir.

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali komissarı Havyer Solana da Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımları alqışlayıb: “Mən bu tarixi prosesi irəli aparan hər iki tərəfin cəsarətinə və uzaqgörənliyinə hörmətlə yanaşıram. Ümidvaram ki, hər iki protokol imzalanacaq, paraflanacaq və yaxın zamanlarda həyata keçiriləcək”.

 

             Türkiyə Ermənistanla yunan Kipri ilə davrandığı kimi davrana bilər

Qeyd edək ki, Türkiyə-Ermənistan münasibətləri AB-nin də müntəzəm gündəmdə saxladığı mövzulardandır. Avropa Parlamenti hər il Türkiyə ilə bağlı qəbul etdiyi qətnamələrdə Ankaranı Ermənistanla sərhədləri açmağa çağırır. Hərçənd Avropa dairələrində də başa düşürlər ki, Türkiyə həmin sərhədin bağlanmasını zəruri etmiş səbəb aradan qalxmayınca bu çağırışları yerinə yetirməyəcək.

Necə ki, Türkiyə indiyədək AB-nin bütün təzyiq və təşviqlərinə rəğmən yunan Kipri ilə də münasibətlər qurmayıb, öz sərhəd qapılarını bu ölkənin gəmi və təyyarələrinə açmayıb.

Xatıpladaq ki, Türkiyə hələ 2005-ci ildə Avropa Birliyi ilə «Gömrük birliyi haqqında» əlavə protokol imzalayıb və həmin sənədə görə, AB-yə üzv olan ölkələrlə, o cümlədən Kipr (yunan) Respublikası ilə qeyd-şərtsiz ticarət (gömrük) əlaqələri qurmalıdır. Lakin Türkiyə Kipr (yunan) Resrublikasını müstəqil dövlət olaraq tanımır. Odur ki, Türkiyə tərəfi həmin protokolu imzalayandan sonra bəyan etmişdi ki, bu addım yunan Kipri ilə əlaqələr qurulması anlamına gəlmir.

İndiyədək də həmin protokol Türkiyə parlamentində ratifikasiya olunmayıb. Ankara bəyan edib ki, yunan Kipri ilə münasibətlər yalnız Şimali Kipr Türk Cümhuriyyətinə qarşı tətbiq edilən təcrid aradan qalxandan sonra mümkün ola bilər.

Bu üzdən Türkiyənin AB ilə 2005-ci ilin oktyabrında imzaladığı üzvlük müzakirələri də dalana girib. 2006-cı ildə AB yunan Kiprinin tələblərinə əsas gətirərək Türkiyə ilə üzvlük müzakirələrinin bir sıra bəndlərini dondurub. Digər yandan, Türkiyə sözügedən protokolu ratifikasiya edib yunan Kipri ilə əlaqə qurmayınca AB ilə heç bir müzakirə paraqrafı (cəmisi 35 bənd) bağlanmış sayılmayacaq.

Bu presedenti diqqətə alaraq Türkiyənin Ermənistanla münasibətlərdə də Azərbaycanın milli maraqlarını gözardı etməyəcəyini söyləmək olar. Odur ki, 6 həftədən sonra (12 oktyabr) müzakirələr tamamlansa və ardınca protokollar imzalansa belə, onların Türkiyə parlamentindən tezliklə keçməyəcəyi yəqindir. Baxmayaraq ki, Türkiyənin hakim partiyası parlamentdəki səs çoxluğundan yararlanaraq bunu bir günün içində təmin edə bilər.

Digər tərəfdən, Türkiyə ilə Ermənistan arasında imzalanacaq protokolların mətni ilə tanışlıq həmin sənədlərdə Azərbaycanın da maraqlarının qismən nəzər alındığını deməyə əsas verir.

Belə ki, “İkitərəfli münasibətlərin inkişafına dair protokol”da bildirilir ki, tərəflər BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı və Yeni Avropa üçün Paris Xartiyasında əksini tapan öhdəliklərini xatırladaraq ikitərəfli və beynəlxalq əlaqələrində bərabərhüquqluluq, suverenlik, digər ölkələrin daxili işlərinə müdaxilə etməmək, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşacaqlarını və bu prinsiplərə hörmət göstərilməsini təmin edəcəklərini bir daha vurğulayırlar.

Sənəddə həmçinin tərəflərin bölgədə sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəkləri, güc tətbiq etmək və güc tətbiq etməklə hədələməkdən imtina edəcəkləri, anlaşılmazlıqların dinc yolla həlli, insan haqları və təməl azadlıqların qorunmasının önəmi qeyd olunub. Sənədə əsasən, tərəflər iki ölkə arasındakı mövcud sərhədləri beynəlxalq müqavilələrdə göstərildiyi şəkildə tanıyırlar.

Yeri gəlmişkən, məhz sənəddəki bu məqam, eləcə də «soyqırımı» məsələsinin tarixçilərin müzakirəsinə verilməsi Ermənistanda müxalifətin ciddi etirazını doğurub.

Müxalif “İrs” Partiyası bəyan edib ki, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması ilə bağlı irəli sürdüyü hər 3 şərtini protokollara saldırmağa nail olub. Partiyanın parlamentdəki deputatı Stepan Safaryanın sözlərinə görə, Ermənistan ilk şərt kimi Qars müqaviləsini de-fakto tanıyır və ikinci şərt olaraq “erməni soyqırımı”nın tarixçilərin müzakirə müstəvisinə keçirilməsinə de-yure razılaşır: “Bu, faktiki o deməkdir ki, erməni tərəfi soyqırımın nəticələri ilə barışıb, hətta Türkiyənin ünvanına tənqiddən vaz keçib”.

Safaryan qeyd edib ki, Ankaranın Qarabağla bağlı üçüncü şərti də protokollarda əksini tapıb. Belə ki, tərəflər zorakılıq və radikalizmi təşviq etməmək barədə öz üzərinə öhdəlik götürür.

Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Konqresinin nümayəndəsi, sabiq xarici işlər naziri Aleksandr Arzumanyan da tarixi məsələlərin öyrənilməsi üçün alt komissiyanın yaradılması barədə bəndin xüsusi narahatlıq doğurduğunu deyib. O, 1915-ci il hadisələrinin araşdırılması üçün bu cür komissiyanın yaradılmasının qəbuledilməz olduğunu bildirib.

Ermənistan mətbuatının xəbərlərinə görə, müdafiə naziri Seyran Ohanyan da yaxın ətrafı ilə söhbətdə prezident Sarkisyanın Türkiyə ilə dialoqda güzəştli mövqe tutacağından, Qarabağ məsələsində geri addım atacağından narahatlığını ifadə edib.

Ermənistan prezidenti isə bir Qarabağ ermənisi kimi həmyerlilərinə sədaqətini nümayiş etdirmək üçün dünən Xankəndinə səfər edib. Sarkisyan burada «Dağlıq Qarabağ Respublikası»nın elan olunmasının 18-ci ildönümü (1991-ci il 2 sentyabr) ilə bağlı tədbirlərdə iştirak edib.

Vüqar Orxan, “525-ci qəzet”, 03.09.2009.

Xəbərlər
Redaktorun seçimi