“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.11.2009, 08:02
440

«Nabucco» qaz kəməri Azərbaycandan yan keçəcək?

A- A+

Avropa bir yana qalsın, biz hələ Türkiyəyə qaz satışı ilə bağlı da yekun məxrəcə gələ bilməmişik

2006-cı ildən söz-söhbəti gedən və hələlik formal təfərrüatla dolu bir hökumətlərarası sazişdən (13 iyul 2009, Ankara) savayı ortada real razılaşma sənədi olmayan «Nabucco» qaz kəməri layihəsi yenidən gündəm mövzusu olub. «Nabucco»nun bu dəfə gündəmə gəlməsinə İranın layihəyə qoşulmaqla bağlı Avropa Birliyi ilə danışıqlar aparması barədə xəbərlər rəvac verib.

Xatırladaq ki, Avropa Birliyinin yeni enerji strategiyasında önəmli yer ayrılan «Nabucco» layihəsi Xəzər hövzəsi və Mərkəzi Asiyadan, eləcə də Yaxın və Orta Şərq (İraq, Misir və s.) regionundan təbii qazın Türkiyə üzərindən Avropa bazarına nəqlini nəzərdə tutur. Avropa bununla hazırda ciddi şəkildə möhtac olduğu Rusiya qazından asılılığı qismən azaltmaq istəyir.

Regionun və dünyanın ən iri qaz hasilatçılarından olan İranın «Nabucco»da iştirakından indiyədək açıq söz edilməsə də, bu ölkə əvvəldən Avropaya qaz təchizatı üçün perspektivli mənbə kimi gözdən keçirilib. Sadəcə, İranın nüvə tədqiqatları ilə bağlı məlum problemlər Avropa dairələrini bu ölkədən qaz ixracı perspektivini hələlik kənarda saxlamağa vadar edir.

Lakin «Nabucco»nun təchizat mənbələri ilə bağlı məsələnin qeyri-müəyyən qalması, özəlliklə Xəzər hövzəsindən Avropaya alternativ (Rusiyadan yan keçməklə) qaz daşınmasının yaxın dövr üçün mümkün görünməməsi, İraq və Misir kimi ölkələrdən qaz nəqli üçün isə real infrastruktur olmaması İran variantını gündəmə daşıyıb.

Avropa Birliyinin Tehranla «Nabucco» layihəsinə danışıqlar aparması barədə xəbərlər İran mediasında bu ölkənin Milli Qaz İxrac Şirkətinin rəhbəri Rza Kasaizadəyə istinadən yayılıb. «Bir daha təsdiq olunub ki, «Nabucco» İran qazı olmadan fəaliyyət göstərə bilməz. Ona görə də bəzi Avropa şirkətləri ilə İran arasında qeyri-formal danışıqlar başlayıb», - deyə İran təmsilçisi bildirib.

Qeyd edək ki, hələlik bu xəbəri Avropa Birliyi dairələri və Avropanın «Nabucco»da yer alan qaz şirkətləri təsdiqləməyiblər.

«Nabucco Gas Pipeline International GmbH» konsorsiumunun mətbuat katibi Xristian Doletsal isə konsorsium adından İranla hər hansı danışığın aparılmadığını bildirib. Onun sözlərinə görə, kəmər layihəsinin gerçəkləşmə şansları İranın qaz ehtiyatlarından da asılı deyil. «Konsorsium bu məsələdə əsas diqqətini Azərbaycan, Türkmənistan və İraqa yönəltmişdir», - deyə «Nabucco» təmsilçisi bildirib. 

«Nabucco» layihəsinin iştirakçılarından olan Avstriyanın OMV şirkətindən də bildirilib ki, hazırda layihə iştirakçılarının diqqəti əsas qaz təminatçısı kimi Azərbaycan və İraq üzərinə cəmlənmişdır.
Layihənin digər iştirakçısı - Almaniyanın RWE konsorsiumundan da İranla nə layihədə üzv qismində iştirak, nə də qaz təminatı ilə bağlı heç bir danışıqlar aparılmadığı bəyan edilib.

Bununla belə, «Nabucco» təmçilçilərinin İranla qaz müzakirələrini təkzib etməsi bu müzakirələrin, İran tərəfin iddia etdiyi kimi, qeyri-rəsmi şəkildə aparılmadığını deməyə hələ tam əsas vermir. Ən azı ona görə ki, qeyri-rəsmi (məxfi) danışıqlar barədə bir qayda olaraq rəsmən heç nə bildirilmir.

Digər tərəfdən, «Nabucco» konsorsiumunun iştirakçıları (qaz şirkətləri) arasında İrandan qaz alınmasına elə də mənfi deyil. Çünki son nəticə bu həmin şirkətlər üçün kommersiya məsələsidir və onlar qazı maksimum rahat və əlverişli şərtlərlə almaq (nəql etmək) istəyirlər.

Qeyd edək ki, «Nabucco» kəmərinin inşası məqsədilə yaradılan konsorsiuma OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), BOTAŞ (Türkiyə) və RWE (Almaniya) şirkətləri daxildir. Hər tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir.

«Nabucco»nun digər iştirakçılarının İrana münasibəti açıq bəlli olmasa da, Türkiyə tərəfi İranın layihəyə qoşulmasına nəinki müsbət yanaşır, hətta bunu hər vəchlə təşviq edir. Səbəb isə tamamilə sadədir. İranla Türkiyə arasında irihəcmli (ildə 14-16 mlrd. kub metr nəql) qaz kəməri mövcuddur. 2001-ci ildə istifadəyə verilən qaz kəməri tam gücü ilə işləməyib, odur ki, Türkiyə bu kəmərin tam doldurulmasında vəç onun «Nabucco»ya da yaramasında maraqlıdır.

İranla Türkiyə arasında qaz satışı ilə yanaşı, qaz yataqlarının işlənməsi və hasilatı ilə bağlı da iri razılaşmalar var. Türkiyənin dövlət şirkəti olan TPAO bir qədər əvvəl İranın «Cənubi Pars» yatağından qaz hasilatında iştirakla bağlı İran tərəfi ilə razılaşma əldə etmişdi. Bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri zamanı (27 oktyabr) isə bu yöndə müvafiq sənədlər imzalanıb.

Razılaşmaya görə, Türkiyə «Cənubi Pars» yatağından ildə 35 mlrd. kubmetr qaz hasil etmək hüququ qazanır. Həmçinin həmin yataqlardan hasil olunacaq İran qazın bir qismi Türkiyə üzərindən Avropaya nəql ediləcək. Türkiyənin enerji naziri Taner Yıldız açıqlayıb ki, müqaviləyə görə İrandan hasil edilən qazın yarısını satmaq hüququ Türkiyəyə verilir. Digər tərəfdən, İran-Türkiyə qaz kəməri Türkmənistan qazının İran üzərindən Türkiyəyə, oradan Avropaya nəqlini mümkün edir.

Azərbaycana gəldikdə isə, bizim üçün Avropa bazarı əvvəldən perspektivli istiqamət olaraq gözdən keçirilib. Üstəlik 2007-ci ildə işə salınan Türkiyə-Yunanıstan qaz kəməri Azərbaycan qazının elə günü bu gün Avropa bazarına çıxmasına imkan yaradır. Amma problem də ondadır ki, biz hələ Avropaya qaz təchizatı bir yana qalsın, Türkiyənin özü ilə qaz satışının yeni qiymətləri ilə bağlı yekun nəticəyə vara bilməmişik. Halbuki bu danışıqlar artıq ilyarımdır (2008-ci ilin yazından) aparılır.

Xatırladaq ki, «Şahdəniz»dən qaz tədarükü ilə bağlı 2001-ci ildə əldə olunmuş Azərbaycan-Gürcüstan-Türkiyə anlaşmalarına əsasən, Türkiyə 15 il ərzində ümumilikdə 91 mlrd kubmetr qaz almalıdır. «Şahdəniz» layihəsinin birinci fazası üzrə maksimal hasilat ildə 8 mlrd. kub metr nəzərdə tutulur ki, bunun da ildə 6,6 mlrd. kubmetri Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə nəql olunmalıdır.

«Şahdəniz»dən Türkiyəyə qaz tədarükü 2007-ci ildə başlanıb. Türkiyəyə qazın satış qiyməti isə birinci ildə hər 1000 kubmetrə 120 dollar nəzərdə tutulmuşdu. Müqavilədə o da göstərilib ki, qazın qiyməti tədarükə başlandığı vaxtdan bir il sonra yenidən nəzərdən keçirilə bilər. Lakin hələlik ortada nəticə yoxdur.

Əslində Türkiyə tərəfi də 1000 kubmetr qaza görə 120 dolların mövcud reallıqlara uyğun olmadığını qəbul edir, lakin qiymətin ciddi artımına etiraz edir. Hələlik Azərbaycan tərəfdən qazın yeni qiyməti ilə bağlı nə təklif etdiyi dəqiq bilinmir. KİV-də yer alaq xəbərlərə görə, söhbət 250-300 dollardan gedir.

Qeyd edək ki, Türkiyənin hazırda Rusiyadan qazı 320-360 dollara aldığı bildirilir. Lakin Türkiyə üçün Azərbaycan qazını da Rusiya qiymətinə almaq qəbuledilməz hesab olunur. Ankaraya görə, bu, iki ölkə arasında strateji tərəfdaşlığa tərsdir.

Digər tərəfdən, Azərbaycanla Türkiyə arasında qaz anlaşmasının nəticəsi «Şahdəniz» layihəsinin ikinci mərhələsinin icrasına da təsirsiz olmayacaq. «Şahdəniz»də 2-ci fazanın 2013-2015-ci illərdə başlanması gözlənilir və bu mərhələdə hasilat 20 mlrd. kubmetrə çatacaq.

Hələlik isə Azərbaycan Türkiyə qaz anlaşmazlığı fonunda Rusiyaya qaz nəqli imkanlarını sınayır. Bir qədər əvvəl əldə olunan razılaşmaya görə, Azərbaycan 2010-cu ildə Rusiyaya 500 mln. kubmetr qaz satacaq. İki ölkə arasında mövcud kəmər ildə 5 mlrd. kubmetr qaz satılmasını da mümkün edir.

Əslində Türkiyənin də Rusiyadan və İrandan qaz idxalı onun daxili tələbatını ödəməyə imkan verir. Nəzərə alsaq ki, Türkiyənin illik qaz idxalı 40 mlrd. kub metr həcmindədir, bu sırada 6-7 mlrd. kubmetr «Şahdəniz» qazının elə də kritik önəm kəsb etmədiyini görmək olar.

Yəni Türkiyə Azərbaycan qazı olmadan da ötüşə bilər. Biz də özümüzə qaz satışı üçün başqa bazar tapa bilərik. Lakin ortada Azərbaycan-Türkiyə münasibətlərinin hər iki tərəf üçün strateji önəmi var. Hər halda Bakı və Ankarada səslənən son bəyanatlar qaz məsələsində ortaq məxrəcin tapılacığına ümid verir.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız noyabrın ortalarınadək ARDNŞ-lə BOTAŞ arasında danışıqların davam edəcəyini bildirib. «Türkiyə qardaş Azərbaycanla təbii qaz nəqli şərtlərinə dair danışıqlara hər zaman müsbət, konstruktiv mövqedən yanaşıb. Əlbəttə, bütün bu məsələlərin kommersiya çərçivəsində və ölkələrin maraqlarına uyğun həll edilməsi zəruridir», - deyə o vurğulayıb.

«Nabucco» layihəsinə gəldikdə isə, Taner Yıldız bildirib ki, bu kəməri kifayət qədər qazla təmin etmək təkcə Türkiyənin deyil, bütün konsorsium ölkələrinin işidir: «Azərbaycan, Türkmənistan və İranın təbii qazı bu alternativlər arasındadır».

Vüqar Orxan, “525-ci qəzet”, 04.11.2009.

Xəbərlər
Redaktorun seçimi