“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.07.2013, 14:47
518

Azərbaycanın uğurunu qəbul edə bilməyən qüvvələr fəallaşıb

“Bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz”
A- A+

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair Nazirlər Kabinetinin iclası keçirilib.

İclasda çıxış edən dövlət başçısı Avropa qurumları ilə münasibətlərə də toxunub: “Keçən rübdə mənim Avropa İttifaqına səfərim oldu. Bu səfərin çox böyük əhəmiyyəti var. Baxmayaraq ki, mənim prezident kimi Avropa Komissiyasına beşinci səfərimdir. Son on il ərzində mən beş dəfə səfər etmişəm. Yəni bu səfərlər özlüyündə münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür.

Ancaq bu səfər də çox önəmli idi. Xüsusilə nəzərə alsaq ki, son bir il ərzində bəzi Avropa qurumları tərəfindən Azərbaycana qarşı çirkin kampaniya aparılır. Deyə bilərəm ki, bu kampaniya heç səngimirdi. Son on il ərzində vaxtaşırı bu kampaniya gah canlanır, gah səngiyir. Ancaq bir trend kimi, bir istiqamət kimi daim biz bunu müşahidə edirdik. Son bir il ərzində əlbəttə, bu kampaniya çox eybəcər formalara gəlib çatıb. Təkcə onu demək kifayətdir ki, son bir il ərzində Avropa Parlamenti üç anti-Azərbaycan qətnamə qəbul edib. Düzdür, bu qətnamələrin qəbul edilməsində eyni adamlar iştirak edir. Avropa Parlamenti 750 deputatdan ibarətdir. Bu qətnamələrin qəbulunda təqribən 20, 30, 40 nəfər iştirak edir. Əlbəttə ki, onların rəyi Avropa Parlamentinin rəyini əks etdirmir. Ancaq onlar müəyyən prosedur boşluqlardan istifadə edərək bu qətnamələrin qəbul edilməsinə nail olurlar.

Əslində bu barədə heç danışmağa da dəyməz, çünki Azərbaycanda bu kimi qətnamələrə heç kim fikir vermir və onlar bizim işimizə təsir edə bilməz. Ancaq bir tendensiya kimi biz bunu qeyd etməliyik. Prezident Administrasiyası, Milli Məclis onlara tutarlı cavab verib. Mən bu barədə çox danışmaq istəməzdim. Sadəcə olaraq onu demək istəyirəm ki, son bir il ərzində anti-Azərbaycan qüvvələri, Azərbaycanın uğurlu inkişafını qəbul edə bilməyən və ermənipərəst qüvvələr Azərbaycana qarşı fəaliyyətini gücləndirib. Bu da yəqin ki, təbiidir. Çünki ölkəmizin uğurlu inkişafı, xüsusilə böhranlı illərdə inkişafı, ölkəmizin müstəqil siyasəti və hər bir beynəlxalq məsələ ilə bağlı bizim konkret mövqeyimiz heç də hamını qane edə bilməz. Eyni zamanda Azərbaycanın daxilində hökm sürən sabitlik, xoş əhval-ruhiyyə, xoş ovqat bu gün böhran içində yaşayanları yəqin ki, sevindirmir.

Ona görə mənim Avropa İttifaqına budəfəki səfərimin xüsusi əhəmiyyəti var idi. Nəzərə alsaq ki, Avropa Şurasında da anti-Azərbaycan qüvvələr var. Düzdür, onlar azlıq təşkil edirlər. Son illər ərzində Azərbaycanın fəal işləri və beynəlxalq nüfuzunun artması bir çox beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı dolğun məlumatın formalaşmasına gətirib çıxarıb. Ancaq yenə də qərəzli insanlar, Azərbaycanın uğurlarını qəbul edə bilməyən deputatlar var ki, onlar mütəmadi qaydada Azərbaycana hücum etməyə cəhd göstərirlər.

Avropa Şurasında sonuncu cəhd bu ilin yanvarında baş verib. Qondarma siyasi məhbuslar üzrə məruzənin müzakirəsində Avropa Şurası Parlament Assambleyasının üzvlərinin mütləq əksəriyyəti bu çirkin təşəbbüsə yox dedi, bu çirkin məruzəni rədd etdi. Avropa Şurası Parlament Assambleyasının deputatları həqiqəti, haqq-ədaləti müdafiə etdilər, ikili standartlara qarşı öz səslərini ucaltdılar. Çünki bu qondarma məruzənin ortaya çıxması sırf ikili standartlar prinsipinin əlaməti idi. Biz görürük ki, bəzi ölkələrdə islamofobiya meylləri həddindən artıq güclənib. Əfsuslar olsun ki, bu meyllər yüksələn xətlə gedir, mənfi istiqamətdə cərəyan edir. Mən müxtəlif görüşlərdə bu məsələləri daim qaldırıram. Çünki bu bizi narahat edir.

Biz Avropa qurumları ilə uzun illərdir ki, əməkdaşlıq edirik. On ildən çoxdur ki, Avropa Şurasına üzv olmuşuq. Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edirik. Ancaq bu meyllər var. Yəni gələcəkdə bu əməkdaşlığın hansı formalarla davam etməsi bu gün müəyyən edilməlidir. Biz görürük ki, ümumi mənzərə müsbətdir və dediyim hallar fərdi xarakter daşıyır. Ancaq tendensiyalar var və biz bunu görməliyik, bu barədə danışmalıyıq. Ona görə mənim Avropa İttifaqına budəfəki səfərim xüsusi əhəmiyyət daşıyırdı. Biz bir çox məsələləri aydınlaşdırmalı idik. Biz aydınlaşdırmalı idik ki, gələcəkdə necə əməkdaşlıq edəcəyik? Əməkdaşlığın formatı nədən ibarət olacaq? Azərbaycanın maraqları necə təmin ediləcək? Hesab edirəm ki, Avropa İttifaqına səfərim və Avropa İttifaqının rəhbərləri ilə apardığım səmimi görüşlər çox müsbət idi. Mən bu səfərdən çox razıyam. Bir çox məsələ aydınlaşdı və hesab edirəm ki, gələcək əməkdaşlıq üçün daha da gözəl zəmin yaradıldı.

Çünki hər bir ölkə əgər hansısa quruma inteqrasiya edirsə, o bilməlidir ki, nə üçün inteqrasiya edir. Kortəbii şəkildə inteqrasiya etmək mümkün deyil. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. İstənilən cəhətdən. Siyasi cəhətdən tam müstəqildir, müstəqil xarici siyasət aparır. İqtisadi cəhətdən tam müstəqildir. Enerji resursları baxımından zəngindir. Yəni bizim gələcək illərdə inteqrasiya addımlarımız ölçülüb-biçilməlidir. Nə üçün biz bunu edirik? Hansı məqsədlər üçün edirik? Biz bunsuz da yaşaya bilərik və yaşayırıq da. Biz öz hesabımıza yaşayırıq. Ona görə də Avropa İttifaqı ilə apardığım danışıqlar, bir daha demək istəyirəm ki, müsbət nəticələrlə tamamlandı və növbəti illər üçün hesab edirəm ki, hər iki tərəfdə gələcək əməkdaşlıqla bağlı çox ciddi baxışlar var. Hesab edirəm ki, növbəti illərdə Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr inkişaf edəcək və bu əlaqələr strateji xarakter alacaq. Hər halda bizim istəyimiz bundan ibarətdir. Ancaq yenə də demək istəyirəm ki, bu əlaqələr qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulmalıdır”.

Xəbərlər
Redaktorun seçimi