Həştərxanda Xəzər sammiti keçirilib
Sahili boyunca hər bir ölkənin 25 dəniz mili enində milli zonası olacaq
Sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib. Sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
Əvvəlcə dövlət başçıları birgə foto çəkdirdilər. Sonra IV Xəzər Sammitində iştirak edən dövlət başçılarının məhdud tərkibdə görüşü oldu.
Geniş tərkibdə davam etdirilən görüşdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış edərək bildirdi ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti Sammiti ənənəvi olaraq etimad, qarşılıqlı anlaşma və işgüzar şəraitdə, konkret nəticələr əldə etmək niyyəti ilə keçirilir. Ən başlıcası odur ki, dövlət başçıları tərəfindən ilk dəfə beştərəfli əməkdaşlığın əsas prinsiplərini müəyyən edən siyasi Bəyanat razılaşdırılıb.
Rusiya Prezidenti Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, balıqçılıq, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli Vladimir Vladimiroviç!
Hörmətli prezidentlər!
Hörmətli Sammit iştirakçıları!
İlk növbədə göstərilən qonaqpərvərliyə və Sammitin uğurlu təşkilinə görə Rusiya Federasiyasının Prezidentli Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istəyirəm. Bakıya tarixən mehriban dostluq və əməkdaşlıq münasibətləri ilə bağlı Həştərxan şəhərində yenidən olmağıma şadam.
2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusən milli zonanın eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların işlənib hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar prosesinə yeni təkan verdi.
Bakı Sammitinin yekunlarına əsasən imzalanan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaratdı.
Ötən dövrdə Xəzər dənizində əməkdaşlığın hüquqi bazasının möhkəmləndirilməsi üzrə xeyli iş görülüb. Tərəflər “Xəzər dənizində fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”in razılaşdırılmasını başa çatdırıb, imzalanması üçün təklif ediblər. Xəzəryanı dövlətlərin bu sahədə əməkdaşlığının və qarşılıqlı fəaliyyətinin möhkəmlənməsi Xəzərdə daha səmərəli və təhlükəsiz fəaliyyətə xidmət edəcək.
Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxıstan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli sazişlərin, habelə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı dövlətlər arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər.
“Biz Xəzəri dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik”
Biz Xəzər dənizini dostluq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir.
Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti regional təhlükəsizliyə başlıca təhdiddir. Əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi rayonu iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan həmin qətnamələrə məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təəssüf ki, Ermənistandakı mövcud diktator rejimi müasir dünyanın reallıqlarını ayıq-sayıq qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil. Ermənistan rejimi öz cəmiyyətində Azərbaycana qarşı mağara insanı səviyyəsində nifrət hissi yaymaqla, azərbaycanofobiyanı dövlət siyasəti səviyyəsinə qaldırmaqla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dinlərarası münaqişə kimi səciyyələndirməklə bu münaqişənin uzanmasının mümkün nəticələrinə görə birbaşa məsuliyyət daşıyır.
Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi bizim üçün mühüm prioritet olaraq qalır. Xəzər dənizi nəqliyyat dəhlizlərinin inkişafı üzrə bir sıra beynəlxalq və regional layihələrdə əlaqələndirici elementdir.
Azərbaycan Xəzərdə qonşuları ilə neft-qaz sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir. İran və Rusiya şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz ehtiyatlarının işlənilməsində sərmayədarlar kimi uğurla iştirak edirlər. Azərbaycan həm də Qazaxıstan və Türkmənistan şirkətləri üçün öz ərazisindən keçməklə neftin və neft məhsullarının tranzitini həyata keçirir. Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq çərçivəsində elektroenergetika və nəqliyyat sahəsində də yaxşı perspektivlər vardır. Bu il sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Azərbaycanda bərə terminalı istifadəyə verilib. Bu limanın yükaşırma qabiliyyəti birinci mərhələdə on milyon ton yük və ildə əlli min konteyner olacaq. İki ildən sonra həyata keçirilməsi planlaşdırılan üçüncü mərhələ başa çatandan sonra limanın yükaşırma qabiliyyəti 25 milyon ton yükə və bir milyon konteynerə bərabər olacaq.
Həmkarlarıma bildirmək istəyirəm ki, keçən il Azərbaycanda yüksək dünya standartlarına cavab verən və bütün növlərdən olan gəmilər istehsal edə bilən yeni gəmiqayırma zavodu istifadəyə verilib. Bu zavod bizim ölkələrə nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin həyata keçirilməsi üzrə iqtisadi məsələlərin həlli üçün yeni imkanlar yaradır. Bizim yaratdığımız müasir logistika infrastrukturu ümumi işimizə böyük töhfədir və Xəzər dənizində əməkdaşlığı daha da dərinləşdirir.
Üçüncü Bakı Sammitinin protokol qərarının icrası üçün razılaşdırılmış “Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadə edilməsi haqqında Saziş”i xüsusi vurğulamaq istəyirəm.
Azərbaycan ekologiya sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin ümumi narahatlığına şərik çıxır. Biz daha səmərəli əməkdaşlığa ümumi səyi yüksək qiymətləndirir və Xəzər dənizinin ətraf mühitinin qorunmasına dair Çərçivə Konvensiyası üzrə işlərə öz töhfəmizi veririk.
Biz Bakı Sammitində qəbul edilmiş uzlaşdırılmış qərara sadiqliyimizi təsdiqləyərək, sahilyanı dövlətin suverenliyinin şamil edildiyi su məkanı da daxil olmaqla 25 dəniz mili ölçüsünü əsas götürərək milli zonanın eninin müvafiq şəkildə razılaşdırılmasına tərəfdarıq.
Biz dənizin dibinin həmhüdud sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edir, dənizçilik, Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk.
Azərbaycan həm də Xəzərdəki qonşularımızla hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Hesab edirik ki, Xəzər dənizində tərəflərin silahlı qüvvələrinin iştirakı və hərbi fəaliyyəti bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsi prinsipi əsasında həyata keçirilməlidir. Bu, region dövlətləri arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcək. Xəzər dənizi bundan sonra da sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmalıdır.
Sonda, heç şübhəsiz, bizim qarşımızda duran mühüm məsələlərin qəti həlli üçün Xəzəryanı dövlətlərin mövqelərinin daha da yaxınlaşmasına xidmət edəcək bu Sammitin təşkilinə görə Rusiya tərəfinə bir daha təşəkkürümü bildirirəm. Həmçinin əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzər dənizinin hüquqi statusuna aid məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə tərəfdar olduğumu təsdiq etmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
* * *
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Xəzərin bioloji resurslarından istifadə ilə yanaşı, Xəzərətrafı ərazilərdə turizmin inkişafı, dəniz gəmiçiliyinin genişləndirilməsi və bütövlükdə Xəzər dənizinin imkanlarından istifadədə sahil ölkələrinin birgə investisiya qoyuluşunun əhəmiyyətinə diqqəti çəkdi. O, xalqlarımız üçün sülh və sabitlik dənizi olan Xəzərin sahillərində yerləşən ölkələrin hazırda dünyanı təhdid edən ekstremizm və terrorizmə qarşı mübarizədə birgə səylərinin də zəruriliyinə toxundu. Həsən Ruhani bu Sammitdə müzakirə olunan məsələlərin və imzalanacaq sənədlərin əhəmiyyətindən də danışdı.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Bakı Sammitindən sonrakı dövr ərzində Xəzərin statusunun müəyyən edilməsi ilə bağlı aparılan danışıqlar prosesindəki irəliləyişlərdən söhbət açdı və bunun sayəsində təhlükəsizlik sahəsində razılaşmanın imzalandığını vurğuladı. Xəzər dənizində təhlükəsizlik və əməkdaşlıq şəraitinin getdikcə gücləndiyini qeyd edən Qazaxıstan Prezidenti dövlət başçılarının bu gün imzalayacağı birgə Bəyanatın əsas məqsədə - yaxın zamanlarda Xəzərin hüquqi statusuna dair konkret sənədin qəbul olunacağına təkan verəcəyinə əminliyini ifadə etdi.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu Sammiti Xəzərin statusunun müəyyən edilməsində hüquqi bazanın yaradılmasına yeni töhfə verəcəyinə inamını bildirdi. O qeyd etdi ki, Türkmənistan beştərəfli əməkdaşlığın Xəzəryanı ölkələrin inkişafına təsirini yüksək dəyərləndirir. Türkmənistanın dövlət başçısı Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı sənədin imzalanması üçün tərəflərin mövqelərinin yaxınlaşmasını müsbət hadisə kimi dəyərləndirdi.
Sammitdə beştərəfli sənədlər imzalanıb və Bəyanat qəbul edilib
Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalandı.
Xəzəryanı dövlətlərin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidrometeorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında Saziş imzalandı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını imzaladılar.
Sahil boyu 25 dəniz mili enində milli zonalar olacaq
Xəzəryanı dövlətlərin prezidentləri Xəzər hövzəsində əməkdaşlığın prinsiplərini razılaşdırıb və bu, birgə bəyanatda da əksini tapıb. Bəyanatda bildirilir ki, tərəflər sahil sularında 25 dəniz mili məsafədə bioehtiyatların hasilatı hüququ əldə edirlər. 19 maddədən ibarət sənəddə deyilir ki, tərəflərin Xəzər dənizində fəaliyyəti razılaşdırılmış prinsiplər əsasında olacaq: “O cümlədən hər tərəfin 15 mil məsafədə dəniz məkanının suverenliyi və əlavə 10 mil məsafədə də bioloji resursların hasilatı hüququ təsdiqlənir”.
Bəyanatda Xəzər dənizinin dibinin və səthinin hamı tərəfindən qəbul olunmuş prinsiplər əsasında bölüşdürülməsi vacib prinsiplərdən hesab olunur.
Liderlər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiq etməklə hədələməmək barədə razılığa gəliblər. Həmçinin Xəzər dənizində silahlanmada stabil balansa riayət edilməsi və hərbi təyinatlı obyektlərin inşasının məntiqli və yetərli şəkildə gerçəkləşdirməyin vacibliyi vurğulanıb.
Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib ki, “Xəzər beşliyi” birgə layihələrin koordinasiyası üçün vahid struktur formalaşdıra bilər: “Çoxtərəfli layihələr maliyyə təminatından başqa, həm də daimi təşkilati dəstək tələb edir. Buna görə də, tərəfdaşlarla beştərəfli bir strukturun yaradılması barədə razılaşdıq”
Dövlət başçıları nərə balıqlarının Volqaya buraxılması mərasimində iştirak ediblər
Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, İran prezidenti Həsən Ruhani, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Volqa çayı sahilində gəziblər. Sonra prezidentlər Həştərxanda yetişdirilən nərə balıqlarının Volqa çayına buraxılması mərasimində iştirak ediblər.