“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2015, 20:37
1609

Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır

A- A+

Angela Merkel: “Münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də bu ölkənin federal kansleri Angela Merkel ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Angela Merkel səmərəli müzakirələr apardıqlarını bildirib. O, deyib ki, Azərbaycanın Avropanın, həmçinin Almaniyanın enerji təhlükəsizliyində böyük rol oynayır: "Biz bunu yüksək qiymətləndiririk. Biz "Cənub qaz dəhlizi" layihəsini dəstəkləyirik".

Merkel bildirib ki, Azərbaycan prezidenti ilə bir çox məsələlər ətrafında fikir mübadiləsi aparıblar, geosiyasi vəziyyəti müzakirə ediblər: "Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışdıq. Avropa Şurasının, Avropa İttifaqının bu məsələdə töhfə verə biləcəyini müzakirə etdik. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs rejiminin vaxtaşırı pozulması faktı bizi məyus etməyə bilməz. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

Almaniya kansleri görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını davam etdirməsi, Şərq Tərəfdaşlığı çərçivəsində münasibətlərin genişləndirilməsi barədə də müzakirələr apardıqlarını qeyd edib.

“Azərbaycanla Almaniya arasında 2,5 milyard avro həcmində ticarət dövriyyəsi mövcuddur”, deyə federal kansler bildirib. O əlavə edib ki, Almaniya Azərbaycanın infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak edə bilər: “Münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”.

* * *

Prezident İlham Əliyev Azərbaycanla Almaniya arasında münasibətlərin çox uğurla və geniş şəkildə inkişaf etdiyini vurğulayıb. O, qeyd edib ki, iki ölkə arasında mövcud siyasi və iqtisadi əməkdaşlıq bundan sonra da davam edəcək: “Bu səfər münasibətlərə daha güclü təkan verəcək. Azərbaycanda çoxsaylı alman şirkətləri fəaliyyət göstərir və biz onların fəaliyyətini dəstəkləyirik. Alman şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu davam etdirilməlidir”.

Qarabağ məsələsinə toxunan İlham Əliyev deyib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri 20 ildən artıqdır, Ermənistan tərəfindən işğal edilib, 1 milyondan çox insan doğma yurd-yuvasından didərgin düşüb: “BMT Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilir. Ermənistan isə 20 ildən çoxdur, buna məhəl qoymur və mövcud “status-kvo” vəziyyətini saxlamaqda maraqlıdır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır, başqalarından da bunu gözləyir. Azərbaycanın ərazi bütövlüyü mütləq təmin edilməlidir”.

Azərbaycandakı daxili proseslər, demokratiya və insan haqları sahəsində vəziyyət barədə alman jurnalistlərin sualını cavablandıran prezident İlham Əliyev deyib ki, Azərbaycan son 11 ildə iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkəsi olub: "İqtisadiyyat 3 dəfədən çox artıb, işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Belə nəticələrlə, əlbəttə ki, hər bir rəhbəri reytinqi yüksək olmalıdır. Mənim reytinqimdə heç bir problem yoxdur. Azərbaycanda keçirilən sorğulara görə, reytinqim 90 faizə yaxındır. Bu da son illər ərzində Azərbaycanda aparılan islahatlarla bağlıdır".

Prezident qeyd edib ki, Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz və sərbəst toplaşma azadlıqları təmin edilib: "Azərbaycanda yüzlərlə mətbu orqan var, senzura yoxdur, internetə çıxış sərbəstdir. İnternet istifadəçilərinin sayı 72 faizə yaxındır. Eyni mənzərə sərbəst toplaşma azadlığına da şamil edilə bilər. Müxtəlif siyasi partiyalar mütəmadi olaraq aksiyalar keçirirlər. Bütövlükdə Azərbaycanda son illər demokratiyanın inkişafı istiqamətində böyük addımlar atılıb. Çünki biz inanırıq ki, siyasi islahatlar iqtisadi islahatlar paralel aparılmalıdır. Yalnız o halda bu islahatların dayanıqlılığı təmin oluna bilər".

Dövlət başçısı əlavə edib ki, Azərbaycanda dini zəmində də heç bir qarşıdurma yoxdur: "Biz ümumbəşəri dəyərlərə sadiqik və onları qoruyuruq”.

“Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü tanıyırıq” - deyən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan BMT Baş Assambleyasında keçirilən səsvermədə də Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib: “Biz hesab edirik ki, bu, beynəlxalq hüququn əsas prinsipidir. Ölkələrin ərazi bütövlüyü ölkələrin razılığı olmadan dəyişdirilə bilməz. Əgər pozulubsa, əlbəttə ki, bərpa olunmalıdır”.

APA

 

Xəbərlər
Redaktorun seçimi