Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması müxtəlif ölkələrin mediasında
"Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır..".
“Atəşkəsin ilk günü qanlı qırğına çevrildi”. Almaniyanın nüfuzlu “Bild” nəşrində bu gün dərc edilən bir materialın sərlövhəsi belədir (bax: https://www.bild.de/politik/ausland/politik-ausland/hunderte-tote-und-verletzte-erster-tag-der-waffenruhe-wird-zum-massaker-73358678.bild.html).
Müəllifi jurnalist Pol Rontshaymer olan bu materialda oktyabrın 10-dan 11-nə keçən gecə dinc Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasından danışılır, hücumdan zərər çəkən uşaqların, qadınların, dağıdılmış binaların fotoşəkilləri təqdim edilir. Hücum nəticəsində həlak olanların və yaralananların ümumi sayı təqribən 40 nəfər olub.
Müəllif yazır ki, atəşkəsə olan ümidlər özünü doğrultmadı. Erməni ordusunun hücumu, görünür, əvvəlcədən planlaşdırılmışdı.
Raket texnologiyaları üzrə almaniyalı ekspert Fabian Hints raketin düşdüyü yerin təsvirini “Bild” üçün təhlil edib. O deyib: “Bu, ballistik raket idi. Gəncə erməni reaktiv artilleriyasının vura biləcəyi hüdudda yerləşir. Ziyan o dərəcədə böyükdür ki, bu, yəqin, iriçaplı raket olub”.
***
Rusiyanın “Kommersant” qəzetinin müxbiri Kiril Krivoşeyevin Qarabağda münaqişə zonasından və Gəncədən hazırladığı məqalə “Atəşkəsə “Toçka” qoyulur. Azərbaycana yenidən raketlər uçur” sərlövhəsi ilə dərc edilib.
Oktyabrın 11-də səhər Ermənistan ordusunun Gəncəyə raket atmasını eşidərək şəhərə gələn rusiyalı müxbir raketin yaşayış binasına düşməsi nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların olduğunu, su anbarı və su elektrik stansiyasının yerləşdiyi Mingəçevirin də atəşə tutulduğunu yazır. Gəncədə yaşayış evinin tamamilə dağıldığı, ətraf tikililərə də ciddi ziyan dəydiyi bildirilir.
Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin brifinqdə Ermənistan tərəfinin atəşkəsi pozması, işğaldan azad edilmiş Cəbrayıl və Hadrutu geri qaytarmaq cəhdləri, Ağdamı atəşə tutması barədə fikirləri yer alıb.
***
Fransa mediasında “Le Dauphine”, “Le Monde”, “Ouest France” kimi portallar “Dağlıq Qarabağ: gecə erməni bombardmanı nəticəsində 9 azərbaycanlı həlak olub” adlı məqalələr dərc olunub.
Fransa mətbuatı ermənilərin gecə mülki yaşayış zonası olan Gəncəni bombalanması nəticəsində 9 nəfərin öldüyünü və 30-dan çox yaralının olduğunu qeyd edib.
Bildirilib ki, humanitar məqsədlər üçün razılaşdırılmış atəşkəs rejiminə riayət olunmayıb və Ermənistan gecə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin dinc sakinlərini bombardman edib.
Məlumat Azərbaycan Xarici İşlər nazirinin “Twitter” hesabına istinadən dərc edilib.
***
Özbəkistanın “Interpress.uz”, “tnews.uz”, “fikr.uz”,”human.uz”, “interfax.uz”, “islamonline.uz” portalları Ermənistanın Gəncəni və Mingəçeviri raket atəşinə tutması ilə əlaqədar özbək və rus dillərində materiallar çap edib.
“Interpress.uz” portalı bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazır ki, Gəncə şəhəri humanitar atəşkəs rejimini pozan Ermənistanın Vardenis rayonundan raket atəşinə tutulub. Bu, hərbi cinayətdir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Erməni tərəfinin məqsədi Azərbaycan ərazilərini yenidən işğal etməkdir.
“tnews.uz” portalı Azərbaycan Xarici İşlər Nazirliyinin Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı bəyanatından sitat gətirir: “Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılığından sonra dinc insanları və şəhərləri atəşə tutması barbarlığın növbəti bariz nümunəsidir və Ermənistan rəhbərliyinin atəşkəs çağırışlarının riyakarlıqdan başqa bir şey olmadığını göstərir”.
“islamonline.uz” portalı isə bəyanata istinadla bildirir ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan dərhal sonra Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub.
***
Çilinin “Infogate” xəbər agentliyində “Azərbaycan XİN Ermənistanın Ağdam və Tərtər rayonlarına atəşkəs şəraitində hücumlarını pisləyib” sərlövhəli məqalə dərc edilib.
Məqalədə bildirilir ki, oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən xeyli uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutub. Bu hücum nəticəsində 9 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ağır yaralanıb.
Çili xəbər agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin və kəndlərin atəşə tutulmasını vandalizmin daha bir açıq əlaməti olduğunu və Ermənistan rəhbərliyi tərəfindən atəşkəs çağırışlarının ikiüzlülükdən başqa bir şey olmadığını yazır.