Rusiya Gürcüstan üzərindən Ermənistana yol açmaq istəyir
Türkiyə-Ermənistan sərhədinin düyünə düşməsi Rusiyanı köhnə yolu gözdən keçirməyə vadar edir
Rusiya Gürcüstanla 2008-ci ilin avqustundakı müharibədən sonra bağlanmış sərhədlərin açılmasına çalışır.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib ki, Rusiya ötənilki hərbi toqquşmadan sonra ilk dəfə Gürcüstanla sərhədlərin açılması ilə bağlı təşəbbüslə çıxış edib: «Rusiya bizə özü nota ilə müraciət edərək, sərhədin açılmasının mümkünlüyünü müzakirə etmək üçün ekspertlərin iclasının keçirilməsini təklif etmişdi».
Gürcüstan XİN rəhbərinin bildirdiyinə görə, artıq belə bir görüş keçirilib, lakin hələlik heç bir razılığa gəlməyiblər. «Tərəflər yalnız biri-birilərini dinləyiblər», - deyə Vaşadze qeyd edib.
Eyni zamanda, gürcü nazir rəsmi Tbilisinin hazırkı şəraitdə Rusiya ilə sərhədin açılmasında elə də maraqlı olmadığını nəzərə çatdırıb.
Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında sərhədlər açılsa, bu, daha çox Azərbaycan və Ermənistan üçün faydalı olacaq: «Əgər belə bir razılıq əldə olunsa, bunun Gürcüstana heç bir xeyri olmayacaq. Ona görə ki, bütün bizim məhsullara embarqo qoyulub. Həm də Gürcüstan vətəndaşının Rusiyaya daxil olması Rusiya qanunverciliyinə görə qadağandır».
Qeyd edək ki, Rusiya hələ 2001-ci ildən Gürcüstanla vizalı gediş-gəliş rejiminə keçib. Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze rus hərbçilərinin Çeçenistandakı hərbi əməliyyatlarda Gürcüstan ərazisindən istifadə etmək istəyini rədd elədikdən sonra Moskva gürcülərə qarşı viza cəzası tətbiq etmişdi. 2003-cü ilin sonunda Gürcüstandakı dövlət çevrilişi və Mixail Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra isə Moskva-Tbilisi münasibətləri gərginliyi yüksələn xətt üzrə cərəyan edib.
2005-2006-cı illərdə Gürcüstan mallarının idxalına qadağa qoyan Rusiya 2007-ci ildə iki ölkə arasındakı əsas nəqliyyat xəttini - Cənubi Osetiyadan keçən «Yuxarı Lars» sərhəd keçidini bağladı. Rusiya sərhəd qapısının texniki təmir adı ilə müvəqqəti bağlandığını bildirsə də, bu siyasi bir qərar idi və 2008-ci ilin avqust müharibəsi bunu bir daha təsdiqlədi.
Öz növbəsində Tbilisi artıq 2007-ci ildən başlayaraq özünün xarici ticarətini əsaslı şəkildə diversifikasiya etdi. Gürcüstan Rusiyadan qaz idxalından imtina edərək mavi yanacağı Azərbaycandan almağa başladı, xarici ticarət və tranzit idxal-ixrac dövriyyəsində isə əsas ağırlığı qonşu Türkiyəyə verdi. Bir sözlə, Gürcüstan artıq Rusiya ilə ticarətə və sərhəd qapısına ehtiyac duymur.
Gürcüstan-Rusiya sərhədinin bağlı qalmasından ən çox zərər çəkən isə, gürcü nazirin də qeyd etdiyi kimi, Ermənistandır. Bu sərhədin açılmasının Azərbaycana yararı olacağı barədə fikri XİN başçısı Vaşadze, güman ki, sözgəlişi deyib. Çünki Azərbaycanın özünün Rusiya ilə geniş sərhədi və sıx iqtisadi əlaqələri var.
Ermənistana gəldikdə isə, Gürcüstan tranzitinin bağlanması bu ölkənin əsas ticari tərəfdaşı olan Rusiya ilə əlaqələrinə ciddi maneədir. Məlum olduğu kimi, Rusiyadan Ermənistana dəmir yolu nəqliyyatı (Soçi-Suxumi-Tbilisi-Yerevan xətti) Abxaziya münaqişəsi üzündən 1993-cü ildən bağlıdır. Erməni tərəfi Rusiya və Gürcüstanla xeyli müzakirələrdən sonra 2005-ci ildə dəniz vasitəsilə bərə-qatar nəqliyyatının açılmasına dair razılaşmaya nail olmuşdu.
Rusiyanın Qara dənizdəki «Qafqaz» portundan (Krasnodar vilayəti) Gürcüstanın Poti limanına bərə nəqliyyatı 2007-ci ildə işə düşmüşdü və Ermənistan ona böyük ümid bəsləyirdi. Lakin Rusiya-Gürcüstan müharibəsindən sonra bu yol, eləcə də Cənubi Osetiyadan keçən əsas avtomobil yolu («Yuxarı Lars») tamamilə bağlanmış oldu.
Təsadüfü deyil ki, bu məsələ Ermənistan və Rusiya rəhbərlərinin son illər gerçəkləşən bütün görüşlərinin başlıca mövzusudur. Ermənistanın ümumilikdə xarici ticarətinin 80-90 faizi məhz Gürcüstan tranziti ilə həyata keçirilir və son illərdək bunun yarısını Rusiya ilə ticarət təşkil edirdi.
2008-ci ilədək Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi ildə 40-50 faiz artaraq 1 milyard dollara çatmışdı. Lakin 2008-ci ilin avqustunda Gürcüstan yolunun bağlanması, üstəlik 2009-cu ildə başlanan ümumi iqtisadi böhran Ermənistan-Rusiya ticari dövriyyəsini yarıyadək azaldıb.
Hazırda Ermənistanın Rusiya ilə ticarəti əsasən enerji idxalı hesabına gerçəkləşir. Rusiyadan Gürcüstan tranziti ilə Ermənistana qaz nəqli davam edir, Rusiya həmçinin Metsamor AES-i nüvə yanacağı ilə təmin edir.
Digər tərəfdən, Gürcüstan üzərindən Ermənistana yolun bağlanması Rusiyanın Ermənistandakı iqtisadi layihələrinə əsaslı zərər vurur. Ermənistanın qaz, elektrik və dəmir yolu şəbəkələri Rusiya tərəfindən idarə olunur.
Təkcə 2007-2008-ci illərdə Rusiyanın «Qazrom» dövlət şirkəti Ermənistanın qaz-energetika sektoruna 100 milyon dollardan çox sərmayə qoyub. İran-Ermənistan qaz kəmərinə də şərik çıxan «Qazmprom» Ermənistanda İranla birgə neftayırma zavodunun inşasını da nəzərdən keçirir.
Bütün bu və digər layihələrin icrası üçün isə Rusiyaya Ermənistanla işlək nəqliyyat əlaqələri lazımdır. Məhz buna görə Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasına dəstək verir. Rusiya bununla Türkiyə (Qara dəniz üzərindən) vasitəsilə Ermənistana çıxış əldə etmək istəyir.
Lakin Türkiyə-Ermənistan sərhəd məsələsinin hələlik düyünə düşdüyü görünür. Qarabağ münaqişəsinin çözümündə irəliləyiş olmadan bu yolun açılacağı sual altındadır.
Odur ki, Rusiya tərəfi də bu arada Gürcüstanla mükalimədə nisbətən yumşaq tonda davranaraq öz forpostu ilə köhnə yolun açılmasına çalışır. Hərçənd Gürcüstanın buna tezliklə razılıq verəcəyi ağlabatan deyil.
Elə Rusiya özü də Gürcüstanla münasibətləri gözdən keçirmək istəyi ilə bərabər, əvvəlki sərtliyindən tam əl götürməyib. Rusiya bu günlərdə Amerikanı Gürcüstanı yeni müharibəyə hazırlamaqda ittiham edib. Rusiya kəşfiyyat xidmətinə istinadən yayılan xəbərlərdə ABŞ-dan yaxın vaxtlarda Gürcüstana texniki-iqtisadi yardım adı altında 100 milyon dollar həcmində silah-sursat və hərbi texnika göndəriləcəyi iddia olunur.
Rusiyanın «Komsomolskaya pravda» qəzeti ABŞ-ın dövlət katibi Hillari Klinton və vitse-prezidedent Cozef Baydenin «Biz gürcü xalqını müdafəisiz qoymayacağıq» kimi bəyanatlarına xatırladaraq indiki Barak Obama administrasiyasının Gürcüstana münasibətdə Corc Buş dönəminin siyasətini davam etdirdiyini yazır.
Bu arada Rusiya Türkiyə ilə Ermənistan mövzusu da daxil olmaqla regiondakı vəziyyətə dair müzakirələri də davam etdirir. Xatırladaq ki, bir qədəp əvvəl bu barədə Türkiyə və Rusiya prezidentləri arasında geniş telefon danışığı olmuşdu.
Srağagün isə (9 noyabr) Ankarada Cənubi Qafqazda vəziyyətə dair Rusiya-Türkiyə məsləhətləşmələri keçirilib. Rusiya XİN-in İnformasiya və mətbuat departamentindən bildiriblər ki, Rusiya xarici işlər nazirinin müavini V.Titov Türkiyə xarici işlər nazirinin müavinləri U.Çeviköz və X.Çeviklə danışıqlar aparıb.
Qeyd olunur ki, tərəflər aktual beynəlxalq və regional problemlər, o cümlədən Cənubi Qafqazda vəziyyətin inkişafı, Kipr münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıblar. Bununla yanaşı, tərəflər Qara dəniz regionunda əməkdaşlıq məsələlərin müzakirəsində mövqelərinin yaxın olduğunu vurğulayıblar.
Vüqar Orxan, "525-ci qəzet”, 11.11.2009.
* * *
Mövzuya dair:
Türkiyə-Ermənistan münasibətlərini Avropa Birliyi də diqqətlə izləyir
Piter Semnebi: «Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycanın da xeyrinə olacaq»
«Türkiyə-Ermənistan danışıqları prosesinin ölü nöqtədən tərpənməsi yaxşı əlamətdir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması qeyri-normal situasiyanın, regionun 3 ən uzun məsafəli sərhədi- Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan, Rusiya və Gürcüstan sərhədlərinin bağlı olduğu vəziyyətin aradan götürülməsi üçün ilk addım ola bilər. Bu, regionun normal inkişafına mane olur".
Bunu Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.
"Ermənistan-Türkiyə sərhədi Qarabağ münaqişəsi həll edilmədən açıla bilərmi?" sualına cavabında Semnebi qeyd edib ki, bu gün Türkiyə-Ermənistan münasibətləri elə həddə çatıb ki, sıçrayış ola bilər. "Ratifikasiya prosesi əlbəttə çətin olacaq. Amma bu, Ermənistanın və Türkiyənin marağındadır». Piter Semnebi bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin inkişafı Azərbaycanın da xeyrinə olacaq: «Mən əminəm ki, perspektivdə bu, həmçinin Azərbaycanın marağında olacaq. Çünki o da regionda sərhədlərin açılmasında maraqlıdır".
AB nümayəndəsi vurğulayıb ki, 2008-ci ilin avqustunda Gürcüstandakı müharibə Cənubi Qafqaz ölkələrinin kövrək olduğunu göstərib və bu kövrəkliyi yalnız bu məsələləri həll etməklə aradan götürmək olar. "Əminəm ki, Ermənistan rəhbərliyi də belə düşünür. Və Qarabağın hazırkı status-kvosu Ermənistanın marağında deyil - o daimi olaraq qeyri-müəyyən vəziyyətdə qala bilməz", deyə Semnebi vurğulayıb.
O, hesab edir ki, bütün bunların həll edilməsi üçün Qafqazda daha çox inam yaranmalıdır. Bunun üçün isə hər üç tərəfin, Rusiyanın və AB-nin də aktiv olması lazımdır.
"Rusiyanın Cənubi Osetiyanı və Abxaziyanı tanımasından sonra Qarabağ probleminin həllini çətinləşdirən presedent yaranıb. AB bunu necə görmək istəyir" sualını isə Piter Semnebi belə cavablandırıb:
"Bu münaqişələr arasında əlaqələri böyütmək lazım deyil. Əlbəttə, bizim üçün Rusiyanın bu əraziləri tanıması problematikdir. Amma qarşıda o cümlədən bu məsələ ətrafında Rusiya ilə çətin danışıqlar var. Və bizim digər istiqamətlər üçün birgə prioritetlərimiz var və bizim Rusiya ilə Gürcüstan məsələsindəki fikir ayrılığımız bizə digər münaqişələrin aradan qaldırılmasında mane olmamalıdır".