“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.12.2009, 21:54
446

Azərbaycan ABŞ-a nota verib

A- A+

Notada Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılması ilə bağlı Amerika tərəfdən izahat istənilir

Dekabrın 17-də Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim etmişdir.
 
Diplomat bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə etmişdir.

Səfir Y.Əliyev vurğulamışdır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti Birləşmiş Ştatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, bununla bağlı Azərbaycan tərəfi ABŞ hökumətindən bu məsələ ilə əlaqədar açıqlama verməyi xahiş etmişdir.

Notada qeyd olunmuşdur ki, rəsmi Bakının razılığı olmadan bu proqramların həyata keçirilməsi ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi ədalətli, tərəfsiz vasitəçi imicini sarsıdacaqdır.

ABŞ tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirmişdir.

AzərTAc.

 * * *

XİN sözçüsü ABŞ-a nota verilməsi ilə başlı məsələyə aydınlıq gətirib

ABŞ Konqresinin Nümayəndələr Palatasının 2010-cu ildə separatçı Dağlıq Qarabağa 8 milyon dollar yardım ayırması haqda qərarına etirazlar səngimir. 10 ildən artıq müddətdə ABŞ Dağlıq Qarabağ separatçılarına yardım ayırsa da, rəsmi Bakının budəfəki reaksiyası daha sərt olub.

İlk dəfə olaraq Azərbaycan bu məsələyə görə ABŞ-a nota təqdim edib. Eyni zamanda, ictimaiyyət, QHT-lər, parlament partiyaları, diaspor təşkilatları vahid mövqedən çıxış edərək ABŞ-ın addımına etiraz bildirib.

Azərbaycan ABŞ-a nota təqdim edərkən praktikada rast gəlinənlərdən fərqli mexanizm seçib. İndiyədək hər hansı ölkəylə Azərbaycan arasında problem yaranıbsa, hansısa suallar ortaya çıxıbsa, həmin dövlətin Bakıdakı səfirliyinin təmsilçiləri Xarici İşlər Nazirliyinə çağırılaraq nota təqdim olunub.

Lakin bu dəfə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmiləri nazirliyə çağırılmayıb. Rəsmi Bakının notasını Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev ABŞ Dövlət Departamentinə şəxsən təqdim edib.

Bəzi ekspertlər isə hesab edirlər ki, Barak Obama hakimiyyətə gələndən sonra Azərbaycanla ABŞ arasında əlaqələrin xarakteri dəyişib. Rəsmi Vaşinqton Azərbaycanın xarici radioların FM tezliyinə qaytarılması, jurnalistlərin və bloqçuların həbsdən buraxılması istiqamətində addımlar atmasını tələb edir. Qeyd olunan istiqamətlər üzrə heç bir irəliləyişin olmaması Obama administrasiyasının Azərbaycanla əlaqələrinə mənfi təsir edib. Bu cür düşünən ekspertlər indi Azərbaycanın ABŞ-ın Dağlıq Qarabağa yardım ayırmasından istifadə edərək ona cavab verdiyini bildirirlər.

ABŞ-a notanın verilməsi məsələsində əvvəlkindən fərqli mexanizm seçildiyini təsdiqləyən Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov “Media forum” saytına açıqlamasında deyib ki, bu, Azərbaycan tərəfinin öz suallarına daha operativ cavab almaq istəyilə bağlıdır:

“Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsilə də etmək olardı. Ancaq daha effektiv, tez həyata keçirilməsi və Azərbaycan tərəfinin ABŞ-a olan suallarına tez cavab ala bilməsi üçün səfir Yaşar Əliyev notanı Dövlət Departamentinə təqdim edib. Hələlik suallara cavab verilməyib”.

Əvvəlki illərdən fərqli olaraq Azərbaycanın budəfəki reaksiyasının sərt olmasının səbəblərinə gəlincə, E.Poluxov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hazırda aparılan danışıqlar prosesi çox vacib mərhələdədir: “Danışıqlar prosesi, münaqişə ilə bağlı məsələ çox həssas dövrdə və tərəflərin mövqeyində kifayət qədər irəliləyiş olduğu halda ABŞ-ın Dağlıq Qarabağ separatçılarına yardım ayırması danışıqların gedişinə mənfi təsir edir. Ona görə də ABŞ-ın addımı Azərbaycanın sərt reaksiyasına səbəb olub”.

E.Poluxov deyib ki, Bakı və Vaşinqton arasında əvvəllər mövcud olan əlaqələrdə heç bir dəyişiklik yoxdur: “Ən azı Azərbaycan hesab edir ki, ABŞ onun strateji tərəfdaşıdır. Ancaq ABŞ adından çıxış edə bilmərəm. İki ölkə arasında münasibətlər yüksək səviyyədədir və daimi məsləhətləşmələr həyata keçirilir. Tərəflər müxtəlif sahələrdə, o cümlədən sülhməramlı missiyaların həyata keçirilməsində, beynəlxalq təşkilatlarda əməkdaşlıq edirlər. Lakin hər bir ölkənin öz milli maraqları var, hər bir ölkənin maraqlandığı suallar var. Belə suallar ortaya çıxanda, anlaşılmazlıqlar yarananda tərəflər bunu bir-birinə bildirirlər. Bu çox normal praktikadır”.

 * * *

 

Mövzuya dair:

Amerika Azərbaycanlıları Şurası ABŞ Konqresinə etiraz edir

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Amerika Azərbaycanlıları Şurası (AAŞ) ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına öz kəskin etirazını bildirmişdir.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, ABŞ Konqresinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Məktubda kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmış, etnik təmizləmə siyasəti aparmış rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur.

Şura hesab edir ki, ABŞ Konqresinin bu qərarı ölkənin Azərbaycan və Cənubi Qafqazdakı mövqelərinə də zərbə vurmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə də xələl gətirir. Bəyanatda o da vurğulanır ki, bunlar azmış kimi ABŞ-ın qanunverici orqanı hərbi yardımda Azərbaycanla Ermənistan arasında paritetin saxlanılmasına da qərar verib, halbuki bu, ölkənin xarici siyasət kursuna ziddir.

AAŞ xatırladır ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olaraq qalır, dünyanın müxtəlif yerlərində aparılan sülhməramlı əməliyyatlara öz dəstəyini verir.

Bəyanatın sonunda Amerika azərbaycanlıları ABŞ konqresmenlərinə müraciət edərək, onları balanslaşdırılmış mövqe tutmağa, etnik lobbilərin təsiri altında Azərbaycana qarşı ədalətsiz münasibətə son qoymağa çağırmışlar.

 

 

Xəbərlər
Redaktorun seçimi