İlham Əliyev: “Bu görüş də nəticəsiz olsa, bizim başqa yolumuz qalmır”
“BMT-nin Nizamnaməsi bizə öz torpağımızı hərbi yolla işğalçılardan azad etməyə imkan verir”
“Ermənistan prezidenti ilə növbəti görüş də nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcək, o zaman isə bizim başqa yolumuz qalmır. Bu ədalətsizlik davam edə bilməz. Bu, beynəlxalq hüququn normalarının pozulması nə vaxta qədər davam edəcək?”.
Azərbaycan prezidenti İlham Əliyev bu sözləri noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində çıxışı zamanı deyib (AzərTAc).
Prezident Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun 1992-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məqsədilə yaradıldığını xatırladıb:
“Minsk Qrupu ona görə yaradılmadı ki, əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyada BMT Təhlükəsizlik Şurasından üstün heç bir başqa qurum yoxdur. Əgər bu qurumun qərarları icra olunmursa, deməli, ya Təhlükəsizlik Şurasının təsiri aşağı səviyyədədir, ya da ki, beynəlxalq hüquq normaları ümumiyyətlə işləmir. Belədirsə, onda hər kəs öz işini bilsin. Əgər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək. Biz heç bir qanun pozuntusu etməmişik. Biz hər şeyi qanun çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində etməyə çalışırıq. Ondan sonra ATƏT-in zirvə görüşləri olub, qərarlar qəbul edilib, lakin icra olunmur.
Biz nə etməliyik? Gözləməliyik? Nə vaxta qədər? Niyə Azərbaycanın vətəndaşları öz doğma torpaqlarına qayıda bilməsinlər? Niyə kəlbəcərlilər Kəlbəcərə qayıda bilməsinlər? Ona görə ki, ermənilər bunu istəmir. Nə üçün? Onların nə ixtiyarı var? Bu məsələlər artıq öz həllini çoxdan tapmalı idi, çoxdan. Sadəcə biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Amma digər tərəfdən bu vəziyyətlə də barışmaq düzgün deyildir. Nə vaxta qədər barışmalıyıq?”
Prezident İlham Əliyev yaxın günlərdə yenə Ermənistan prezidenti ilə görüş keçirəcəyini bildirib: “Bu görüşlər bəzən uğurlu olur. Bəzən isə Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur. Son görüşlər heç bir nəticə vermədi. Çünki Ermənistan tərəfi tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bunun səbəbi nədir? Ola bilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi onları bir qədər ruhlandırdı. Onlarda yanlış fikir oyatdı ki, Türkiyə-Ermənistan sərhədi açılacaq, Qarabağ məsələsi isə kənara qoyulacaq.
Ancaq gedən proseslər onu göstərir ki, bu, baş verməyəcək. Həm Azərbaycanın qətiyyətli mövqeyi, həm Türkiyə ictimaiyyətinin qətiyyətli mövqeyi, həm Türkiyə rəhbərlərinin verdikləri bəyanatlar və bizə verdikləri sözlər - bütün bunlar göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsi həll olunmadan həll edilə bilməz. Ermənistan tərəfi bunu dərk etməlidir”.
Dövlət başçısı Azərbaycan güclü iqtisadi inkişaf getdiyini bildirib: “Amma Ermənistanda iqtisadiyyat, demək olar ki, iflic vəziyyətindədir. Bu iqtisadi, siyasi, diplomatik uğurlarımız, hərbi potensialın gücləndirilməsi, bütün bu amillər mövqelərimizi gücləndirir. Amma bizə nəticə lazımdır. Bizə lazımdır ki, onlar torpaqlarımızdan tezliklə öz xoşu ilə çıxsınlar. Onda sülh yaranar. Onda artıq heç kim deməyəcək ki, Azərbaycan niyə öz hərbi potensialını gücləndirir? Bəzən biz bəzi beynəlxalq dairələrdən eşidirik ki, Azərbaycan niyə silahlanır. Kimin nə işi var? Biz başqasının pulu ilə silahlanmırıq ki? Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq. Bəs nə etməliyik? Biz elə etməliyik ki, bu məsələ birdəfəlik və hərtərəfli həll olunsun”.
Prezident İlham Əliyev danışıqlar prosesinin mahiyyəti barədə də məlumat verib: “İndi deyə bilərəm ki, Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. Bu Araz çayı boyunca, dəmir yolunun üstündə yerləşən rayonlardır. Qalan rayonlar da müəyyən olunmamış vaxtadək onların təsiri altında, onların sərəncamında qalacaq. Danışıqlar prosesində birinci mərhələdə 5 rayonun, sonra isə Kəlbəcər, daha sonra Laçının azad edilməsi nəzərdə tutulur. Amma bu da hələ məsələnin tam həlli deyil.
Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar. Şuşa bizim tarixi şəhərimizdir. Əgər bu olmasa, məsələ birdəfəlik həll oluna bilməz. Elə etməliyik ki, əldə olunacaq razılaşmalar bundan sonra hansısa xoşagəlməz hadisənin başlanması üçün əsas olmasın. Əgər əldə olunacaq razılaşma bizi tam şəkildə qane etməsə, nə vaxtsa bu məsələ istər-istəməz yenidən qalxa, yenidən təhlükə yarana bilər. Mən Ermənistan tərəfinə həmişə deyirəm ki, siz elə edin ki, bu sazişdən biz razı olaq. Çünki biz razı olmasaq, bu gün də olmasa sabah, 10 ildən sonra bu məsələ yenə də qalxacaq”.
Dövlət başçısı növbəti illər ərzində də məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasının nəzərdə tutulduğunu deyib: “Ancaq bu, məsələnin həlli demək deyildir. Məsələnin həlli Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsidir. Bu məqsədə çatmaq üçün biz nə lazımdırsa, onu edirik. Həm danışıqlar prosesində gedən işlər, həm iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir.
Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır. Bəzən başqa ölkələrdə işğalçı ölkələr beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal olunanda beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi. Ona görə, biz öz gücümüzə arxalanmalıyıq, güclü olmalıyıq ki, məsələni ədalətli, Azərbaycanın milli maraqlarına uyğun və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək. Mən şübhə etmirəm ki, buna nail olacağıq”.
Azərbaycan prezidenti noyabrın 22-də Münhendə Ermənistan prezidenti ilə keçiriləcək görüşə öz proqramı ilə gedəcəyini bildirib:
“O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcəkdir. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi vardır.
Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz sadəcə istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın.
Amma, əgər Ermənistan fikirləşir ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, bu, yanlış bir fikirdir. Danışıqlar ümidimiz tükənməyənə qədər davam edəcək. Amma Ermənistan tərəfi sadəcə vaxt uzatmaqla məşğul olsa və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaq. Başqa yerlərdə 30-40 ildir heç bir nəticəsiz danışıqlar gedir. Yəni o vəziyyət burada heç vaxt təkrarlanmayacaq”.
Prezident İlham Əliyev həm beynəlxalq, həm siyasi, həm diplomatik amillərin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib:
“Beynəlxalq təşkilatların qərarları, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi bizə imkan verir ki, öz torpağımızı hərbi yolla işğalçılardan azad edək. Öz torpaqlarımızı. Biz başqa ölkələrin ərazi bütövlüyünə müdaxilə etmək istəmirik. Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün bunlar Azərbaycan torpaqlarıdır.
1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni ərazi iddiası qaldırırlar. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı, indi ikinci erməni dövlətini yaratmaq istəyirlər. Bu, heç bir məntiqə sığmır, Azərbaycan xalqı, Azərbaycan dövləti heç vaxt buna razı ola bilməz.
Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq. Bunu biz də deyirik və bunu beynəlxalq birlik də deyir. Bizim razılığımız olmadan Dağlıq Qarabağ heç vaxt müstəqil ola bilməz. Biz isə buna heç vaxt razılıq verməyəcəyik. Ona görə də Ermənistan danışıqlar prosesində ciddi addımlar atmalıdır. Onlar addımlar atmalıdır, biz yox. Biz nəyi güzəştə gedəcəyik?! Nəyi zəbt etmişik ki, güzəştə gedək? Biz heç bir güzəştə getməyəcəyik. Bizim güzəştimiz məsələnin sülh yolu ilə həll edilməsidir”.