Qarabağ danışıqlarında əsas məsələ - status problemi gündəmə gəlib
Yuri Merzlyakov: “Prezidentlərin Moskva görüşündə indiyədək toxunulmamış məsələlərin müzakirəsinə start verildi”Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın iyulun 17-də Moskvada keçirilmiş görüşündə sülh danışıqlarının əsas və ən mürəkkəb mövzusu – Dağlıq Qarabağın gələcək statusu ilə bağlı məsələ müzakirə olunub.
Görüşdən sonra vasitəçilərin verdikləri açıqlamalar əsasında bu qənaətə gəlmək olar.
“Sankt-Peterburq görüşü ilə müqayisədə prezidentlərin bugünkü görüşündə hansısa uğurun əldə olunması ilə öyünə bilmərik”. Bu sözləri ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra bildirib.
“Bununla belə, bizim fikrimizcə, görüşdə qalan məsələlərlə bağlı nəzərəçarpacaq yaxınlaşma oldu”, - deyə vasitəçi qeyd edib.
Merzlyakovun sözlərinə görə, prezidentlərin görüşündə indiyədək toxunulmamış məsələlərin müzakirəsi başlanıb: “Prezidentlərin də, bizim də təəssüratımız bu oldu ki, qərara gəlmək mümkündür, ona görə də danışıqlar davam etdiriləcək”.
Diplomat bildirib ki, amerikalı həmkarı Metyu Brayza avqustda regiona səfər etmək niyyətindədir. Sentyabrın əvvəllərində fransalı həmsədr Bernar Fasienin, sentyabrın sonunda isə həmsədrlərin regiona birgə səfəri nəzərdə tutulur: “Bu səfərlərin nəticəsi olaraq oktyabrda yeni görüş təşkil etmək istəyirik”.
Merzlyakov Moskva görüşündə separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda iştirakı məsələsinin müzakirə olunmadığını deyib: “Biz ancaq gündəlikdə olan məsələləri müzakirə etdik ki, bu da baza prinsipləri ilə bağlıdır. Dağlıq Qarabağın danışıqlarda iştirakı isə bugünkü görüşün ümumiyyətlə gündəliyində olmayıb. Biz hesab edirik ki, Dağlıq Qarabağ təmsilçilərinin prosesdə iştirakına baza prinsipləri razılaşdırıldıqdan sonrakı mərhələdə baxmaq olar”.
Bernar Fasie: “Biz indiyə kimi prezidentlərin mürəkkəb məsələlərlə bağlı bu qədər açıq və birbaşa danışdığını görməmişik”
“Biz iki il əvvəl təklif etdiyimiz “Madrid prinsipləri” ilə bağlı prezidentlərin razılığına nail olmaq üçün iş aparırıq”. Bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie deyib.
Ötən müddət ərzində xeyli tərəqqiyə nail olunduğunu bildirən diplomat lakin bunun hələlik prezidentlərin razılığa gəlməsi üçün kifayət etmədiyini söyləyib.
Fasie Moskva görüşünün ciddi və konstruktiv diskussiya şəklində keçdiyini qeyd edib: “Prezidentlər və biz geniş əhatəli məsələləri müzakirə etdik. Prezidentlərə bu müzakirələri qiymətləndirmək üçün vaxt lazımdır. Xoşbəxtlikdən bugünkü danışıqları qiymətləndirməyə imkan verəcək pauza olacaq”.
Vasitəçi onu da əlavə edib ki, Moskva görüşü 13 ay ərzində keçirilmiş altıncı görüşdür: “Bu o deməkdir ki, hər iki prezident çox danışıb. Biz indiyə kimi prezidentlərin mürəkkəb məsələlərlə bağlı bu qədər açıq və birbaşa danışdığını görməmişik. Praqa, Sankt Peterburq və bu görüş belə deməyə əsas verir ki, “Madrid prinsipləri”ni razılaşdırmaq məqamına yaxınlaşmışıq”.
Metyu Brayza: “Moskva görüşündə yeni qərarların qəbul olunmamasından məyusam”
“Danışıqlar dərin, konkret və ciddi oldu. Mən əlbəttə ki, yeni qərarların qəbul edilməməsindən məyusam, lakin digər tərəfdən, biz elə mərhələyə çatmışıq ki, çox ciddi və kifayət qədər mürəkkəb məsələlərin müzakirəsi başlayıb”.
Bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra deyib.
Brayza bildirib ki, prezidentlər ilk dəfə olaraq mürəkkəb məsələləri bu qədər açıq müzakirə edib, fikir mübadiləsi aparıblar: “Lakin deyə bilmərəm ki, hər şey yaxşıdır və onlar konsensusa gəliblər, yox. Bununla belə, proses davam edir və çox ciddi mərhələdədir”.
Separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar prosesində iştirakının mümkünlüyü məsələsinə toxunan Brayza vasitəçilərin belə rəylərdən xəbərdar olduğunu söyləyib: “Təbii ki, danışıqlarda Dağlıq Qarabağın da nəzər nöqtəsi diqqətdən kənarda saxlanmır. Qarabağdakı dostlarımızın narahatlığı bizim diqqətimizdədir. Bunsuz razılaşma mümkün deyil”.